Yevlax polisindən “əndrabadi” addım

27-07-2015, 23:03           
Yevlax polisindən “əndrabadi” addım
Keçmişi “taksi şoferi” olan və təqribən ilyarım bundan əvvəldən başlayaraq, qanunçuluğun mövqeyində “sərasər” dayanan Fərid Ələsgərovun atdığı addımlara, görəsən nə ad vermək olar?

Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin, qeyri-konstusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında hər zaman önəmli xidmətlər göstərmişdir. Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyyəti, bütün bu kimi proseslərdə Azərbaycan xalqının, hər bir vətəndaşının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidməti mənafeyini hər şeydən üstün tutmuşdur.

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

Bir neçə gün bundan öncə, daha dəqiq desək 16 iyul 2015-ci il tarixdə Yevlağın Dəmiryolu Vağzalında Fərid Ələsgərov adlı və soyadlı sıravi polis əməkdaşının atdığı addım haqda məlumat əldə etdikdə, biz heç də təəccüblənmədik. Çünki, keçmişi “taksi şoferi” olan və bu gün isə qanunçuluğun mövqeyində “sərasər” dayanmaqla, onun “göz bəbəyi” kimi qorunmasına çalışan Fəriddən, hansısa başqa bir addımı gözləmək olardımı? Əsla yox!

Yaşanan problemin mahiyyəti haqda belə bir məlumat əldə edə bilmişik ki, həmin gün “Region Xəbər” internet televiziyasının əməkdaşı Mübariz Nağıyevi, Bakı şəhərinə yola salmaq üçün Yevlağın Dəmiryolu Vağzalına gedən “Azərbaycan İnformasiya Agentliyi”nin əməkdaşı Ramilə xanım, vağzal polisinin sıravi əməkdaşı Ələsgərov Fərid Əliş oğlunun “basqın”ına məruz qalır. Diqqəti cəlb edən hal o olur ki, hər iki KİV nümayəndəsindən əlavə onlarla birlikdə Azerinfo.az informasiya agentliyinin sürücüsünün də olmasına baxmayaraq, Fərid onlara deyil, məhz Ramilə xanıma “basqın” etməyə qərar verir. Buna səbəb, hər iki şəxsin qatarın gəlişinin gözləyərkən bir az zarafat edib ucadan gülmələri olur. Bu zaman Fərid Ələsgərov onları görür və qəflətən Ramilə xanıma yaxınlaşaraq onun qolundan tutub “sən burada nə gəzirsən və nə vaxtdan jurnalist olmusan, indi səni şöbəyə aparıb jurnalist fəaliyyətini araşdıracağıq” deməklə, ona “basqın” edir. Polis əməkdaşının etdiyi hərəkəti götür-qoy etdikdə o da bəlli olur ki, əslində Fərid Ələsgərov ictimai yerdə vəzifə səllahiyyətindən sui-istifadə etməklə əndazəni aşır və Ramilə xanıma qarşı olduqca alçaldıcı addımını da atır. Məhz ona görə ki, ölkədə fövqəladə vəziyyətin, komendat saatının tətbiq olunmadığı, hər hansı ciddi bir stiuasiyanın yaranmadığı bir vaxtda, görəsən sıravi polis əməkdaşına kim ixtiyar verib ki, o, Ramilə xanımın qolundan tutub və şöbəyə getməsini də təkid edib? Əslində, Fərid Ələsgərovun atdığı addım birbaşa özbaşınalıq, Azərbaycan polisinin adıyla uzlaşmayan, onun şərəf və ləyaqətinə xələl gətirən addımdır. “Sənin kimi biri də var idi, indi o, həbsdədir” deməklə, Ramilə xanımı kiməsə bənzədən polis əməkdaşının belə bir yanaşması da, ortaya soxsaylı sualların çıxmasına səbəb olur. Çünki, heç bir polis əməkdaşına ixtiyar verilmir ki, hansısa bir şəxsi, xüsusilə də KİV nümayəndəsinə qarşı alçaldıcı yanaşma nümayiş etdirsin.

Bir məqama da toxunaq ki, problemin yaşandığı an Mübariz Nağıyev 9 manata almış olduğu bileti (hansı ki, həmin biletin dövlət qiyməti 7 manatdır) geri qaytarmağa məcbur olur. Çünki, Ramilə xanıma edilən “basqın” təkcə ona qarşı deyil, onunla birlikdə olanlara qarşı da yönəlik hörmətsizlik hesab olunduğundan, o, biletini geri qaytarmağa məcbur olur və Bakı şəhərinə getmək fikrindən daşınır. Məhz ona görə ki, ictimai yerdə hər hansı hərəkətlərə yol verməyən, yalnız həmkar yoldaşını Bakı şəhərinə yola salmaq məqsədilə vağzala gedən Ramilə xanıma edilən “basqın”, həm Fərid Ələsgərovun səviyyəsini, həm də onun qanunçuluğun qorunmasında oynadığı rolu müəyyən etməyə tam əsas verir.

Bütün bunlardan sonra inanırıq ki, Fərid Ələsgərovun Ramilə xanıma qarşı bəslədiyi alçaldıcı münasibət, etdiyi “basqın” və digər addımları, diqqətdən kənarda qalmayacaq. Çünki, bu cür düşüncə sahiblərinin atdığı addımlar, əslində Azərbaycan polisinin adına, şərəfinə xələl gətirən addımlar hesab olunur. Belə bir əməl sahiblərinin də, Daxili İşlər Nazirliyinin yerli qurumlarında çalışmaları, polis adına xələl gətirmələri, yəqin ki, onların polis sıralarından uzaqlaşdırılmalarına tam əsas verir. Odur ki, bu haqda bir qədər düşünmək, bir qədər də götür-qoy etmək gərəkdir ki, əksər mətləblərdən xəbər tutmaq mümkün olsun.

Problemin varlığını diqqətdə saxlayacağıq.

mediaxeberleri.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.