Bakının vətəndaşı çökdürən ev bazarı - Şişirdilmiş qiymətlər sektoru çökdürür
1-02-2018, 10:18
Daşınmaz əmlak bazarında soyğunçuluq davam edir. Ev sahibi olmaq istəyənlər qiymətlərin bahalığından şikayət edir.Pafoslu çıxsa da, qiymətlər evin öz dəyərindən, çəkisindən də ağırdır.Halbuki, evlərin qiyməti xarici ölkələrdə qat-qat ucuzdur. Bu səbəbdən son zamanlar məhz ev almaq üçün xaricə üz tutanların sayında da artım var. İnsanları narahat edən əsas məqam soyğunçu ev bazarındakı vəziyyətin ildən-ilə gərginləşməsi və bir sözlə, “çökməsi”dir.
Qiymətlər son həddə...
Əslində daşınmaz əmlak alqı-satqısı dünyada ciddi bir sahə olaraq qəbul olunur.Xüsusən bu sahədə şəffaflığın həyata keçirilməsi daha vacibdir.Amma Azərbaycanda bu sahə kimlərinsə əlində alətə çevrilib.Həmin şəxslər mənzil bazarında real qiymətlərin yerinə süni qiymətlər müəyyənləşdirərək, bu sahəni bir növ inhisara alıblar.Bu gün Azərbaycanda evlərin qiyməti ağılasığmaz dərəcədə bahadır.Bir ucdan inşası davam edən bu hündürmərtəbəli evlərin qiymətlərinə yaxın düşmək mümkün deyil.İstər nağd, istərsə də ipoteka şərtləri ilə təklif olunan mənzillər “cib yandıran” səviyyədədir.Soyğunçu kimi tikilməsi davam etdirilən və bitən binaların çoxu boş qalıb. Buna səbəb isə ilk növbədə təklif edilən ev qiymətlərinin həddindən artıq baha olmasıdır. Bundan əlavə ev bazarında başqa özbaşınalıqlar da hökm sürür ki, bu da ev sahibi olmaq istəyənlərin qarşısını əngəlləyir. Bu gün bir mənzilin bir neçə nəfərə satılması danılmaz faktdır.İnsanlar aylarla bununla bağlı məhkəmələrdə süründürülür, haqlarını tələb etmək üçün çəkişmələrdə olur.Amma yenə də haqsız duruma aldadılan müştərilər düşür.
Bazar iştirakçılarının “işgüzarlığı”
Müstəqil ekspertlərin fikrincə, əslində mənzil bazarında gedən proseslərin heç bir əsası yoxdur.Çünki bu gün istər qiymətlərin kəskin şəkildə artması, istərsə də azalması süni şəkildə aparılan prosesin nəticəsidir.Qiymətlərin real bazarda olanlardan qat-qat yüksək olması, bazar iştirakçılarının “fəaliyyətinin” nəticəsidir.Müqayisə üçün qonşu Türkiyə ilə təxminən eyni vəziyyətdə olan evlərdə qiymət Bakıda olandan dəfələrlə ucuzdur.Bu da Azərbaycan bazarında MTK və digər bazar iştirakçılarının yarıtmaz fəaliyyətinin nəticəsidir.Xüsusilə, yeni tikililərdə qiymət fərqi daha açıq şəkildə hiss olunur.Bunu aradan qaldırmağın müxtəlif yolları olsa da, görünür ki, MTK-lar bu vəziyyətdən narazı deyillər.Mənzili dəyərindən dəfələrlə yüksək qiymətə alıcıya təqdim edən alqı-satqı agentləri rabitəli şəkildə işlədikləri üçün qiymətləri öz istədikləri kimi tənzimləyə bilirlər. Məhz bu cür fəaliyyətin nəticəsidir ki, bu gün ev bazarında durğunluq hökm sürür. Qiymətlərin yüksək olması, alıcı qıtlığı vəziyyətə heç bir müsbət təsir göstərmir.Əslində real bazar qaydalarına istinad etsək, alıcı qıtlığı olduğu halda, bu, ilk növbədə qiymətlərin ucuzlaşmasına səbəb olmalıdır. Ancaq görünən odur ki, bu proses qeyri-şəffaf aparılır və bazarda alıcının olub-olmaması MTK rəhbərlərini maraqlandırmır. Bu və bu kimi problemlərdir ki, hələ də kifayət qədər kirayədə qalan gənc nəsil yetişir. Ekspertlər hesab edir ki, hökumətin bu məsələyə müdaxiləsi vacibdir və bu istiqamətdə ciddi tədbirlərin görülməsinə ehtiyac var. Əks halda, ev bazarı yenə də soyğunçu MTK-ların əlində əlavə gəlir vasitəsinə çevriləcək, necə ki, çevrilib.
Psixoloji problem...
İqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, Azərbaycanda doğrudan da evlərin qiyməti bahadır və bu obyektiv deyil:
“Əslində belə demək mümkündürsə, şişirdilmiş qiymətlərdir. Sadəcə, Azərbaycanda 10-12 il ərzində neft gəlirləri çoxaldı və buna görə pul çoxaldığı üçün evlərin, torpaqların qiyməti qaldırıldı. Əslində evlərin, torpağın qiyməti çoxdan düşməliydi. Sadəcə, çox adam ona məxsus olan əmlakı bu dəqiqə satmır. Baxırsan, deyir ki, bu qədər borcum var. Mənim yanıma çox sayda belə adamlar gəlib. Tutaq ki, deyir - banka 500 min manat borcum var. Amma 1 milyonluq əmlakı, obyekti var. Məsləhət görürəm ki, obyekti və ya əmlakı sat, borcundan çıx... Deyir - axı indi 2 milyon manata onu heç kim almır, heç 1 milyon manat da verən yoxdu. Ona izah edirəm ki, bu o deməkdir qiymətlər düşüb.Sadəcə, bir növ insanlarda psixoloji problem var. Həmin şəxsdən soruşuram ki, 90-cı illərin sonu, 2000-ci ilin əvvələrində həmin evin, yaxud obyektin qiyməti neçəyə idi? Deyir, uzağı 200-300 min, deyirəm axı niyə o zaman sən o illərdəki qiymətləri ədalətli hesab edirsən, amma 4-5 il əvvəlki qiyməti ədalətsiz sayırsan. Bu adamın əmlakı vaxtilə çox aşağı olub, indi şişib-şişib qalxıb.İndi qiymət düşüb heç 1 milyon manat da verən yoxdu.Tutaq ki, həmin əmlaka 700 min manat verirlər, amma şəxs satmır. Borcun içində üzür, əmlakı satmır ki, əmlakın əsl qiyməti bahadır, niyə ucuz satım ki...Eynilə ev tikənlər də bundan zamanında istifadə etdilər. Bilirik ki, əslində onları rəsmi və qeyri-rəsmi xərcləri var. Məmurlar da onları soyur.Bu səbəbdən də qiymət bir qədər artır.Amma əsas səbəb bu deyil.Əsas odur ki, o tikinti şirkətləri acgözlük edib qiymətləri aşağı salmaq istəmirlər.Əslində qiymətlər obyektiv olsaydı, çoxdan düşərdi.Hamı bilməlidir ki, bu vəziyyət çox davam etməyəcək”.
2-3 ilə qiymətlər kəskin düşəcək...
Ekspertin sözlərinə görə, uzağı üç ilə Azərbaycanda bütün evlərin, əmlakların, obyektlərin, hətta torpağın qiyməti kəskin şəkildə düşəcək:
“Sadə bir misal çəkək: 90-cı illərin sonunda Azərbaycanda bu qədər ev yox idi. Amma qiymətlər çox ucuz idi.İqtisad elmi deyir ki, hansısa maldan, əmtəədən azdırsa, qiyməti baha olmalıdı. Son 20 ilərzində Azərbaycanda bu qədər bina tikilir, amma evlərin qiyməti düşmür.
Əslində isə qiymətlər çoxdan düşməliydi. Sizə deyim ki, ev tikən şirkətlərin sahiblərinin özlərinin də borcları var. Hətta bu borclar həddindən çoxdur. Onlara pul lazımdır.Sağlam məntiqlə onlar çoxdan tikdikləri mənzilləri ucuz təklif etməliydilər.Yəni satılıb getsin və pul əldə etsinlər. Amma bunlarda qəribə bir əminlik var. Hesab edirlər ki, Bakının mərkəzində ev tikirsə, qiymətlər baha olmalıdır. Anlamırlar ki, o qiymətlər artıq getdi... Bunlar da vəziyyəti süni şəkildə beləcə saxlayıblar.İnsanların da psixologiyasında qalıb ki, tutaq ki, 1 kvadratmetr -5-10 min manatdır.Əvvəllər belə idi.İndi həmin qiymət 4 minə və ya 3, 5 min manata gəlib çıxıb.Anlamırlar ki, əslində onun qiyməti, yəni 1 kvadratmetri 1000 manatdır.Bir sözlə, ev bazarında qiymətlər süni şəkildə şişirdilərək eyni vəziyyətdə saxlanılır”.