Fazil Məmmədov buna görə məsuliyyət daşıyır
2-02-2018, 16:57
Əgər müəyyən edilsə ki, sabiq vergilər naziri Fazil Məmmədov qohumlarını Vergilər Nazirliyində vəzifələrə sırf qohum olduğuna görə təyin edib, belə olduğu təqdirdə o, intizam məsuliyyətinə cəlb edilə bilər.
Bu sözləri Axar.az-a hüquqşünas Fərhad Mehdiyev Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsi olan “yaxın qohumların birgə işləməsinə yol verilməməsi”ni nəzərə alaraq, sabiq vergilər naziri Fazil Məmmədova qarşı onun nazir olduğu müddətdə həmin qurumda vəzifə tutan qohumlarına görə hər hansısa ittiham irəli sürülmə ehtimalı barədə danışarkən deyib.
F.Mehdiyevin sözlərinə görə, hər hansı yüksək vəzifəli şəxs məsul olduğu qurumun hər hansı şöbəsinə müvafiq namizədlər arasından həmin namizədlərin xüsusiyyətlərini qiymətləndirərək seçim etməlidir. Yəni onun təhsili, keçmiş vəzifələri, iş təcrübəsi, elmi dərəcəsi, nailiyyətləri, bundan öncəki çalışmaları nəzərə alınmalıdır. Bu proses nəticəsində həmin yüksək vəzifəli şəxs öz qohumunu da seçmiş ola bilər:
“Ancaq heç bir iş təcrübəsi, nailiyyətləri, elmi dərəcəsi, bu vəzifə üçün uyğun olan heç bir göstəricisi olmadan sırf qohum olduğuna görə kimsə vəzifəyə təyin edilərsə, onda bu, həmin vəzifəli şəxsi intizam məsuliyyətinə cəlb etmək üçün bir səbəbdir. Əgər müəyyən edilsə ki, məsələn, sabiq vergilər naziri Fazil Məmmədov qohumlarını həmin vəzifələrə sırf qohum olduğuna görə təyin edib, belə olduğu təqdirdə o, intizam məsuliyyətinə cəlb edilə bilər”.
Hüquqşünas indiki qanunvericilikdə bunun cinayət məsuliyyətinə səbəb olmadığını bildirib:
“Həmin şəxslər tutduqları vəzifələrdən çıxarılmalı, buna yol vermiş şəxsə inzibati tənbeh növlərindən biri tətbiq edilməlidir. Cinayət məsuliyyətinin yaranması üçün həmin şəxs müəyyən zərərə səbəb olmalıdır. Ancaq hər hansısa zərər müəyyən edilməyibsə, korrupsiya faktı qeydə alınmayıbsa, cinayət məsuliyyəti daşımır”.
Qeyd edək ki, Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 7-ci maddəsinə görə, vəzifəli şəxslərin yaxın qohumları - seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla - bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
Qanunun tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
Yeri gəlmişkən xatırladaq ki, F.Məmmədov vergilər naziri vəzifəsindən azad edildikdən sonra onun bacısının həyat yoldaşı Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini, sabiq nazirin qudası Namiq Əliyev vergilər nazirinin müavini, F.Məmmədovun bacısı oğlu, mayor (kiçik vergi xidməti müşaviri) Elnur İsgəndərov isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr idarəsində direktor müavini vəzifəsindən azad ediliblər.