Prezidentliyə hansı namizədlər “yoxa çıxıb”? – Foto / Reportaj

26-03-2018, 13:31           

Qabaqlar seçkilərin təbliğat-təşviqat dövründə namizədlərin şəkillərinə hər yerdə rast gəlmək olardı: divarlarda, küçələrin tinlərində, mağazaların qapılarında, binaların bloklarında…

Deputatlığa və ya prezidentliyə namizədlərin də şüarları cəlbedici idi, maraqlı çağırışlar edirdilər.



► Alayarımçıq, səliqəsiz, qopmuş…

Ancaq götürək elə sonuncu prezident seçkisini , artıq 11 aprelin təbliğat-təşviqat kampaniyası başlanıb. Gəl ki, yalnız xüsusi lövhələrdə namizədlərin plakatları yapışdırılıb.

Onlar da alayarımçıq, səliqəsiz, bəziləri qoparılıb, bəzi cırılıb, bəzi namizədlərin heç şəkilləri yoxdur, hətta elə lövhə qarşımıza çıxdı ki, hakim partiya namizədinin plakatı vurulmayıb.

Məsələn, bəzi yerlərdə Razi Nurullayevin, bəzi yerlərdə Qüdrət Həsənquliyevin, bəzi ünvanlarda Sərdar Cəlaloğlunun şəkilləri yoxdur.

Təbii ki, bu da hər namizədin təşviqat qrupunun üzərinə düşən məsuliyyətdir. Bundan əlavə, Bakıda və regionlarda təbliğat lövhələrinin sayı da azdır.

Seçki afişaları isə dükanların, obyektlərin girişində yapışdırılıb. Namizədlərin isə şəkillərini mağazaların, blokların qapısına vurmaq qanunvericiliklə yasaqlanıb.

► Adilik, uğursuz texnologiya…

Lakin seçki kampaniyasının əsas tərkib hissəsi olan və özündə çox vacib piar elementini əks etdirən təbliğat plakatlarındakı adilik gözdən yayınmır.

Şüardan və namizədin vizual formasından, eləcə də onun müəyyən ideyalarını daşıyan arxa fonun adiliyi və bir-birinə bənzərliyi açıq-aşkar görünür.

Hətta bəzi namizədlərin istifadə etdiyi seçki şüarları sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.



Əslində, namizədin plakatda yazılan şüarı və vizual görkəmli seçki texnologiyasının vacib elementlərindən biridir.

Məsələn, əgər seçki plakatındakı namizədin baxışı eyni nöqtəyə zillənirsə, bu istər-istəməz seçicidə, yaxud hər hansı şəxsdə neqativ təəssürat yaradır.

Çünki plakatın geniş sahəsində boşluğu saxlayaraq onu şüara sərf edən zaman, namizədin fotosu küncə sıxışdırılır.



Bu zaman avtomatik olaraq küncə sıxışdırılan namizədin gözləri də bir küncə dirənəcək. Deməli, hər yerdə namizədi təmsil edən seçki plakatı artıq öz əhəmiyyətini xeyli azaldır.

Bu cür siyasi marketinqin tələb etdiyi seçki texnologiyası ilə sırf peşəkarların məşğul olması çox vacibdir.

Namizədin plakatdakı hər bir kiçik mimikası onun seçici yanında təmsilçisidir. Bu artıq şüuraltına işləyəcək bir məsələdir. Odur ki, seçki texnoloqları jest və mimikalara hər zaman diqqət göstərməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.