“Sən məni aldın, Mən sənə verdim”- Elza Seyidcahandan yeni şeir
22-07-2019, 22:01
Əməkdar artist Elza Seyidcaha yeni şeirini təqdim edib.
Sozcu.az xəbər verir ki, sənətçinin “Instagram” səhifəsində paylaşdığı şeiri maraqla qarşılanıb.
E.Seyidcahan “Adamsız evlər” adlı şeirində yenə fərqli üslubunu hiss etdirib.
Həmin şeiri təqdim edirik:
Elə bilirsən,
Səni məndən soruşmurlar?
-Hanı o?
O hanı?
-Danışmıram.
Eşqimizin faydasıdır,
susuram.
Elə adamları sevdim ki,
Səni sevdiyimdən betər.
Görürsən?
Heç yadıma düşmürlər,
Unuduram.
Gəlmirlər, getmirlər,
Öpmürlər,sevirlər.
Sən də elə öləcəksən
dərdimdən.
Çıxacaqsan
yaddaşımın ruhundan
birdəfəlik.
İki dəfəlik olmur,
Sevgi olur birdəfəlik.
Gəldi, gördü, sevdi, oldu, bitdi.
Bitdi, oldu, bitdi.
Sən məni sevdin,
Mən səni seçdim.
Sən məni aldın,
Mən sənə verdim.
Könlümü verməsəydim,
Ömrüm getməliydi qəmə.
Gəlmişdim birdəfəlik
Yar baxçasından sənə.
Xal yanaqlı, bal gəlini,
fəda olan xar dəlini,
Əlində ətri qalan,
Qolunda boynu quruyan,
Yolunda başı əyilən,
Mən, mən, mən!
Yolda qalan gözlərim
Necə yatsın?
Dilimə hopan öpüşlərin
gecə vaxtı
Dodağımızda susan pıçıltılara
cığır deyib,
Ürəyimizdə şişən sözlərimizi
necə ovutsun?
Ay adamsız evlər,
Dərd çəkməyin siz.
Evsiz adamlar partlayır.
Adamsız evlər çatlayır.
Ərsiz arvadlar ağrıyır.
Arvadsız ərlər sızlayır.
Qardaşsız bacılar neyləyir?
Bacısız qardaşlar kef eləyir…
Bəs qardaşsız torpaq?
Ey dilsiz zamanlar,
Susuz amanlar,
Ey haqlı gumanlar,
Haqsız umanlar.
Bu atamsız anam
Anamsız yaman.
Düşməyəcəyəm yadına,
Düşməyəcəksən yadıma.
Gəlməyəcəksən yanıma,
Qaçmayacağam qucağına.
Qolların həsrət qalacaqsa
əgər,
Bunun günahını axtarmağa
məgər,
Ürəyini üzüb sızıldatmağa
dəyər?
Həsrət səni əyər.
Baxma mənə.
Səni gözlərim məğlub
edər.
Nə etsin bədənimiz?
Sözlər nə desin?
Möhtacıdır onlar
Saf eşqimizin.
Cəhənnəm.əzabıdır
Yolunu gözləmək.
Bizi yaratdı yenidən
Güclü sevişmək.
Ömrünün dəyəri mənəm
Quyuda olan sutək.
Ruhumun dəyəri sənsən
Evin dəyəri insan kimi.
Adamsız evlər qarıyır
Ərsiz arvadlar kimi.
Adamsız evlər quruyur,
Heyvansız meşələr kimi.
Çəkilir suyu qurumuş çaylar kimi.
Sonudur
Balıqsız dənizlər kimi.
arısız pətəklər kimi.
Son beşiklər
evdə qalsa,
Yurdda yatsa,
Ocağımıza köz atsa,
Evlər adamsız qalmasa,
Çırağımız sönməsə,
Qəbirlər ağlamasa,
Eşidin məni.
Evdən gedən, evə dönən,
Evdə yatan, evdə ölən, qalan.
Evdən qaçan insanlar…
Evdən adam iyi gələr,
Yaqlı badam iyi gələr,
Evdən adam iyi gələr.elza
(22.. 07. 2019) Elza Seyidcahan