Oğuzlar və Türk kimliyi - Cahandar Bayoğlunun elmi məqaləsi
10-08-2019, 17:49
“Oğuz” sözünün mənşəyinin əski türklərdə “ok” (ox) kimi anlamının mövcud olması indi heç kimə sirr deyil
Oğuz etnoniminin adı bizim eradan öncə II yüzillikdə əski Çin qaynaqlarında “O-kut”, yəni Türklər kimi qeyd olunmuşdur. Bu, təbii ki, çin dilinin qrammatik şərtləri əsasında belə qeyd edilib. Əski türkcədə isə “Oqur kimi” xatırlanır. Doğu Türküstandakı əski türk qaynaqlarında, özəlliklə də Tarbaqatay və Kobdo bölgəsində “z” hərfi çox zaman “r” hərfi ilə əvəzlənir. Çinlilərin düşüncəsinə görə, “O-kut” deyimi, həm də “türklərin ərazisi” olaraq başa düşülür.
“Oğuz” sözünün mənşəyinin əski türklərdə “ok” (ox) kimi anlamının mövcud olması indi heç kimə sirr deyil. “Ok” sözü həm də əski türklərdə elat mənasını daşıyırdı. Misal üçün “Onok” deyimi on boy, yəni “on elat” demək idi. Beləliklə, “z” hərfinin də əlavə olunması sayəsində “Oğuz” sözü formalaşıb. Türk dilinin qrammatik şərtləri daxilində sözün əsas hissəsinə əlavə edilən şəkilçi həm də və hüquqi anlamda yeni məna qazanmış olur. Bu söz də beləcə etnik qavrama çevrilib.
“Oğuz” kəlməsinə Güney Sibir bölgəsində də rast gəlinir. Burada Barlık və Ulu Kem dağ çaylarının Yenisey çayına töküldüyü ərazilərdə tapılan daşlar üzərindəki yazılı abidələrdə “Altı Oğuz boyu” kəlməsi qeyd edilib. Bu vadidə yaşayan yerli türk toplumları olaraq, şor, telengit, mişar, çulum, barabinlər indinin özündə belə, öz xalq
inanclarında bölgənin əski oğuzlara aid olduğunu qeyd edirlər.
Orhun abidələrində oğuzlar və gök türklər haqqında çox geniş mənada qeydlərə rast gəlmək mümkündür. Bir çox əski türk qaynaqlarında əslində gök türklərin elə oğuzların özləri olduğu da qeyd olunub. Əski Çin qaynaqlarında, özəlliklə də Tansülaləsinin yazılı abidələrindəki “Tanq Su” və “Kiy Tanq Şu” kitablarında bizim eranın VI-VII yüzilliklərinə aid nümunələrdə belə yazılır: “Gök Türklər elə Oğuz boyunun bir parçasıdır. Gök Türklər 9 boydan ibarət olsalar da, onların hamısı oğuzlardırlar”.
Elə həmin Çin qaynaqlarında oğuzlar “toles” kimi də xatırlanırlar. Deməli, toleslər də oğuz boyunun bir adı olaraq qeyd edilib. Oğuzlarla bağlı Çin qaynağında “kui-sin” yəni 9 boy haqqında yazılan salnamədə onların hamısının “tu-kyue”, yəni türklər kimi ifadə olunması xüsusilə diqqət çəkir. Daha sonra isə qeyd olunur ki, oğuzlar, yəni türklər Aşin Xaqanlığını yaratmaqla, bütün türk etnik qruplarını vahid bir dövlətdə birləşdirə bildilər. Çin qaynaqları Aşin Xaqanlığını həm də Oğuzların dövləti kimi qeyd edir.
Tarixi qaynaqlarda bizim eranın VI yüzilliyində Gök Türk Xaqanlığının yaranmasında əsas dominant rolu oğuzların oynadığını qeyd olunur. 630-cu ildən başlayaraq, Tolqa və Selenqa çaylarının vadiləri boyunca, çox geniş bir coğrafi məkanda İlteriş Xaqanın komandanlığı altında oğuzlar tarixdə ilk dəfə olaraq qüdrətli dövlət quruluşunu yaratdılar. Bu barədə İlteriş Xaqanın və Baz Xaqanın məzarları üzərindəki daş balbal abidələrində də xüsusi qeydlər var.
682-ci ildə Selenqa bölgəsində Kutluq Xaqanla oğuzlar daha geniş mənada ittifaq yaratmaqla Çinə məxsus orduların qarşısında daha güclü mövqe nümayiş etdiriblər. Özəlliklə də çinlilər və kitanlara qarşı bütün döyüşlərdə birgə iştirak ediblər. 682-ci ildə Tonyukuk Xaqanın dövlətin başına gəlməsi sayəsində Korov Gölü çevrəsində çinlilərə qarşı tarixin ən böyük savaşlarından biri oldu və demək olar ki, oğuzlar onlara ən ağır
cəzanı verdilər. IX yüzilə kimi Selenqa şəhəri oğuzların paytaxt olmaqla özünün siyasi və hərbi qüdrətlərini qorumuş oldu.
Oğuzların bu möhtəşəm gücünü görən çinlilər hər zaman olduğu kimi zərif və incə taktika ilə mümkündür qədər fərqli türk boylarını üz-üzə qoymaqla, onların arasına nifaq toxumunu səpmək istəyiblər. Özəlliklə də 691-ci ildən başlayaraq, uyğurlarla oğuzlar arasında mövcud olan bir sıra qarşıdurmalar məhz bu səbəbdən baş verib.
Uyğurların Moen-Çur adlı tegini Uyğur Xaqanlığı dönəmində dəfələrlə çinlilərin yağlı
vədlərinə inanaraq, oğuzlara qarşı Börgü və Selenqa şəhərlərinə yürüşlər etməklə
savaşlar aparmışdır. 716-cı ildə Gültekin Xaqan, daha sonralar isə Bilgə Xaqan, 717-ci
yüzildə Kapaqan Xaqan, daha sonralar isə Tonyukuk Xaqan və İlteriş Xaqan oğuzların
ən güclü savaşçı boyu olan bayrıkların sayəsində çinlilərin türk boyları arasında
apardığı incə və zərif siyasətlərin qarşısını almaq üçün onlara dərin və sarsıdıcı
zərbələr vurublar. Özəlliklə də Ötükən vadiləri boyunca tarixdə Üç Oğuz və ya
Karluklar adlanan boylar bu savaşların əsil qəhrəmanlarına çevriliblər. Çünki çinli
döyüşçülərin sayı bu savaşlarda oğuzlardan ən azı on dəfələrlə çox olub. 717-718-ci
illərdə Çinin sınırlarına kimi oğuz boyları onları təqib edib.
775-ci ildə Orxon bölgəsindən Talas bölgəsinə kimi ərazilər tamamilə oğuzların
nəzarətində idi. Daha sonra oğuzlar Sır Dərya çayının vadilərinə qədər öz
hakimiyyətlərini genişləndirdilər. Bunun əsas səbəbi isə, ərəblərin islam bayrağı
altında bu dini qəbul edən bütün toplumları bir araya gətirməklə türkləri ya
ərəbləşdirmək, ya da tamamilə soyqırımı etmək niyyəti idi. Belə bir durumun
yaranmasında farslara məxsus əski əhəməni və sasani ideyasının daşıyıcısı olan,
çinlilər qədər zərif və incə siyasətə üstünlük verən indiki farsların da mühüm rolu
olmuşdur. Tarixi qaynaqlar da təsdiq edir ki, IX yüzillikdə oğuzların siyasi
hakimiyyətinə qalxan səlcuqlulara qədər, bölgədə Oğuz El Birlikləri tərəfindən islam
bayrağı altında hərbi yürüşlər edən ərəb-fars qoşunları darmadağın edilmişlər. 820-
821-ci illərdə Sır Dərya və Səmərqənd arasındakı savaşların özü belə bu gerçəklikləri
təsdiq edir.
X yüzillikdə oğuzların təsir dairəsi altında Karacuk (indiki Fərab), Sayram, Sabran,
Ürgenc kimi inkişaf etmiş böyük şəhərlər, Aral dənizinin hövzəsi, Cit və Börütekin
bozkırları oğuzların tam nəzarətində olmuşdur. Ərəb-fars birlikləri məhz oğuzların
sayəsində Türküstana daxil ola bilmirdilər. Xəzər dənizinin sahillərindəki Karacuk
bölgəsini ərəb qaynaqları “Məfəzül Ğuziyə”, yəni Oğuz bozkırları adlandırmışlar.
975-ci ildə karluklar, yaqmamlar və oğuzlar Türküstanın doğusunda, batısında isə
toksullar və çigilmanlar 9 Oğuz El Birliyi düzənini yaratmış oldular. IX-XI yüzilliklərdə
Xəzər dənizinin quzeyi boyunca Oğuzların ən yüksək səviyyədə dominantlıq təşkil
edən boylarından biri kimi – Uzlar – Doğu Avropadan Balkanlara qədər olan coğrafi
məkanın əsas idarəedici gücü olaraq tanındılar. Faktiki olaraq, Orxon vadisindən
Seyhan çayının vadilərinə kimi bu geniş coğrafi məkan Oğuzların nəzarətində idi.
X yüzillikdə Oğuzların dövləti idarə etmə siyasətində YABQU anlamını ortaya
qoyuldu. “Eni (Yeni) Kent şəhəri mərkəz olmaqla oğuzların nəzarətində olan bütün
bölgələr el birliklərinin Geneşme, yəni Məsləhət Şurası tərəfindən yönləndirilirdi və
geneşme kurul başqanı Yabqu adlandırılırdı. Onun varisi isə Erkin adlanırdı. Erkinin
əsas vəzifəsi savaş dönəmində bütün el birliklərindən orduya döyüşçülərin dəvət
edilməsini təmin etmək və onlara komandanlıq etək idi. Eyni zamanda el birliyinə
daxil olan oğuz boylarında savaş hazırlıqlarına nəzarət etmək, yeni döyüş taktikalarını
tətbiq etmək də onun vəzifəsi idi. Hər bir ordu birliyinin yerli komandanı isə Subaşı
adlanırdı. Oğuzlarda dövləti idarəetmə siyasətində eyni kökdən olan Xəzər, Kimak,
Peçeneklərlə səmimi qonşuluq və strateji müttəfiqlik önəmli sayılırdı. Ərəb-fars və
eləcə də Avropa qaynaqları məqsədli şəkildə bu türk dövlətləri arasında daim
savaşların və intriqaların yaşanıldığını qeyd edirlər. Əslində, bu türk dövlətləri
öncələrdən çinlilərə qarşı birlik və bərabərlik içində savaş aparmaq təcrübəsinə malik
idilər. Ünlü türk salnaməçisi Mahmud Kaşqarlı da zatən öz yazılarında buna
toxunurdu.
XIV yüzillikdə yaşamış türk salnaməçisi Rəşidəddin Əlixan tərəfindən yazılmış Cami ət
Təvarix əsərində də qeyd edildiyi kimi, oğuz, karluk, kimak, xəzər, uyğur, karaxanlı və
digər el birlikləri bütövlükdə TÜRK adlanırdılar. Oğuzların səlcuq boyunu təmsil edən
Toğrul və Çağrı bəylərin dönəmində bu birliklər daha da gücləndi.
Mahmud Kaşğarlı qeyd edir ki, oğuzlar üç-ok və boz-ok qrupları şəklində mövcud
idilər. Bu iki çevrəni toplam 22 boy birləşdirirdi. Onların hər birinin ayrıca damğası
mövcud idi. Bunlar Kai, Bayat, Alka Evli, Kara Evli, Yazır, Döger, Dodurqa, Yaparlı,
Ovşar, Kızır, Bəydili, Karkın, Çaruklu, Bayandır, Peçene, Çavuldur, Salur, Eymur,
Alayuntlu, Yuregir, İqdır, Böyükdüz, İva boylarıdırlar.
XI yüzillikdə Səlcuqlu xanədanlığı dönəmində oğuzlar daha geniş coğrafi arealda
dövlət formalaşdırma siyasətinə üz tutdular. İlk addım kimi Xorasan bölgəsini
nəzarətə aldılar. Beləliklə, indiki Türkmənistan, Əfqanıstan, İran və Qafqazda böyük
bir gücə sahib oldular. Bu, həm də ipək yollarının nəzarətə alınması demək idi. Heç də
sirr deyil ki, Qara dəniz, Karpat dağlarının ətəkləri və Başkan yarımadasına kimi
böyük bir ərazini nəzarətdə saxlayan kumanların yarısı oğuz kökənlidirlər. Özəlliklə,
IX-XI yüzilliklərdə İssık Kul və Balxaş gölləri aralığında oğuzlara məxsus Türkeşlər
dövləti Çin istilasına qarşı tarixdə ən böyük dirənişlərdən birini aparmışdır.
Mahmud Kaşqarlı qeyd edir ki: “Mərkəzi Avropa, özəlliklə də Dunay çayının sahilləri
boyunca, eyni zamanda Balkan və Krımda türklərin ən böyük gücü peşeneqlər
olmuşlar. Peçenqlər isə Oğuz boyundandırlar. Onlar Vizantiya dövlətinin coğrafi
ərazilərini genişləndirmək siyasətinə qarşı ən böyük güc olaraq birləşmişdi. Peçeneqlər
İtil (Volqa) çayı və Xarəzm arasındakı ərazilərə də nəzarət edirdilər. Onların əsas güc
mərkəzi isə Don-Kama çaylarının vadiləri idi”. Bu gün həmin tarixi faktlar coğrafi
məkan olaraq toponimik, hidrinomik və digər adlar altında öz mövcudluğunu
saxlamaqdadır. Qara dəniz boyu Kəngər adlanan məkanlarda Ertim, Çor, Yula
çaylarının adları hələ də mövcuddur. Don və Dunay çaylarının qolları kimi mövcud
olan Çoban, Tolmaç, Külbey, Çor, Ertin, Kapan kiçik çaylar, Sulu, Börü, Bula, Yazı,
Yavdi, Kalqan göllərinin adları bir daha sübut edir ki, Oğuz Türkləri bu bölgədə
yaşamışlar.
Mərkəzi Avropaya hakim olan peçeneqlərin oğuz kökənli olmasını Almaniya, İtaliya,
Fransa, Norveç və Macarıstan alimləri də təsdiq edirlər. Peçeneqlərin tərkibindəki Aba,
Balçar, Bator, Bıçkılı, Eke, İlbeq, Kure, Karaca, Temir, Teber, Sol, Salma, Saqa, Kerbak el
birliklərinin adları da təsdiq edir ki, onlar Oğuz kökənli olublar. Avropa qaynaqları
onları Uzlar adlandırır. Uzların böyük bir qolu isə Oka çayının vadilərinə qədər uzanır.
Oğuzlar haqqında əski yunan tarixçisi Ptolomey (b.e.-nın 160-170-ci illəri) qeyd edir ki,
oğuz-oqur adı ilə məşhur olan türklər Beş Oğuz, Altı Oğuz, Doqquz Oğuz, On Oğuz və
Otuz Oğuz adı ilə tanınırdılar. Oğuzlar və Oqurlar arasında “z” və “r” hərflərinin
yerdəyişməsi sadəcə dialektlə bağlıdır. Bu heç də onların fərqli etnos olduqları demək
deyildir. Ptolomeyin də etiraf etdiyi kimi, indiki Qara dəniz, Balkan, Karpat dağlarının
ətəkləri, Dunay çayı vadiləri, Don və Volqa çayları ətrafında yaşayan Oğuzlar ilkin
ortaçağ dönəmində həmin bölgələrdə siyasi, hərbi-inzibati və dövlətçilik baxımından
dominant gücə sahib olmuşlar. Tarixi qaynaqlarda da qeyd olunduğu kimi, Doğu və
Güney Sibir boyunda çox zaman əsas güc sahibi kimak türkləri idi. Onların əsas güc
mərkəzi isə İrtış çayının orta hövzəsi sayılırdı. Ərəb coğrafiyaçısı Məhəmməd əl
Müqəddəsi qeyd edir ki:
X yüzillikdə Sabran, Şaqlcan mərkəzlərindən başlamış Sırdərya çayının hövzəsinə qədər
olan ərazidə hakim olan oğuzlar Ak İdil çayının sınırlarında kimaklarla strateji müttəfiq
idilər. Kimaklar “Kırkızxan” adı ilə də tanınırlar. Onlar Kanqlı boyu və oğuzlarla birlikdə
hərbi-siyasi güc ortaqlığına malikdirlər. Kimaklar kıpçak, bolqar və imek dialektlərində
danışan türk boyu olaraq oğuzlarla hər zaman qarşılıqlı anlaşma sürəcində yaşamağa
üstünlük verirlər. Bunun da əsas səbəblərindən biri kimakların yaşadıqları bölgələrdə qış
mövsümünün olduqca sərt keçməsiydi, onlar heyvan sürülərini oğuzlara aid qışlaq
ərazisində saxlamağa məcbur idilər. Kimakların qoyun sürüləri və at ilxılarının qış
mövsümündə əsasən Ak Taq (ok taq, yəni ağ dağ) bölgəsində bəslənmələri iki eyni
kökdən olan boylar arasında dostluq əlaqələrini gücləndirirdi.
Oğuzların Sibir və Altayda yaşayan türk toplumlarının əcdadı olduğunu bu gün isbat
etmək o qədər də çətin deyil. Orok, Udegey, Oroç, Ulçi, Tofalar, Dolqan, Saka (Yakut),
Tuva, Çulım, Şor, Xakas, Altay, Telengit, Kumandi, Çelkan, Tubalar, Teleut, Barabin
türklərinə məxsus olan kurqan abidələri, etnoqrafik sənədlər, xalq inancları, təbiətlə
bağlı kultlar ən böyük faktlardan biridir. Altaydakı Çulışman çayının sahilindəki
Başkavuz, Aktura, Toto, Volqa çayının sahillərindəki İlmo, İvol bölgəsində, Baykal
gölü və əski Selenqa şəhəri arasındakı hövzədəki kurqanlarda tapılan abidələrin
hamısında təsvir olunan mövzular oğuz boylarına məxsus olan inanc kultu, mifoloji
baxışlarla eynilik tam təşkil edir.
Tarixi qaynaqlarda indiki Qazaxıstanın İrgiz bölgəsindən başlamış Ural dağlarının
ətəkləri, Embe (indiki Omba), Yil bölgələri daxil olmaqla Türküstanın Aral dənizi və
Xəzər dənizi, eləcə də Çuy vadisi, Karpat dağlarının ətəkləri boyunca bizim eranın
başlanğıcında IX yüzilin sonları və X yüzilin başlanğıcında mərkəzi Yanqikent olmaqla
Oğuz Xaqanlığı dövləti mövcud olmuşdur. Bu dövlətin təməlində oğuz, kimak və
kıpçak boyları dayanmışlar. Bu günün özündə belə, Qazaxıstanın batı bölgələrinə
Oğuz Çölü deyə müraciət edilir. İlkin Ortaçağ ərəb qaynaqlarında “Məfəzət əl-quzz”,
yəni Oğuz Çölü dedikdə məhz bu ərazilər nəzərdə tutulur. Oğuz Xaqanlığı dövləti
karvan yollarının üzərində yarandığı üçün, Batıda Xəzər Xaqanlığı, Volqaboyundakı
Bulqar, doğuda Karaxanlılar kimi Türk dövlətləri ilə uzlaşma siyasətini aparıb. 985-ci
ildən başlayaraq, mərkəzi Xarəzm olmaqla, bütün Türküstan, daha sonra, Xorasan
bölgəsini əhatə edib. Beləliklə, Oğuz Xaqanlığının coğrafi idarəetmə arealı da
genişlənmişdi. Oğuz Xaqanlığı Şamxal idarəetmə sistemini tətbiq etmişdi. Hər bir
bölgənin ayrıca Şamxalı var idi. Belə idarəetmə tətbiq olunan dövlət quruluşu həm də
Türk demokratizmi ilə müşayiət olunurdu. Oğuz Xaqanlığının dövlət demokratizmi
Doğu Avropa, özəlliklə də Dəşti-Kıpçak boyunca yerləşən ərazilərə də təsir dairəsini
artırmışdır. Buna Cabqu idarəetmə sistemi də deyilirdi.
1219-cu ildə Güney Sibir bölgəsinin İrtış çayının vadiləri boyunca yaranan Kimak
(İmak) adlandırılan türk dövləti Oğuz Xaqanlığı, Saman və Karluk dövlətləri ilə strateji
müttəfiqlik əsasında fəaliyyət göstərisdi. Mərkəzi Asiya və Mərkəzi Avropa boyunca
çox böyük coğrafi məkanda türklərə məxsus dövlətlər faktiki olaraq, IX-XII
yüzilliklərdə renesans çağını yaşayırdılar. Bu dönəmdə Mərkəzi Avropa daha çox Dəşti
Kıpçak adı ilə tanınırdı. Bu dövlətin mərkəzi Sıqnak şəhəri olmaqla, Altay-Sibir,
Uralboyu və indiki Qazaxıstan ərazisində yaşayan bütün türk boyları arasında böyük
bir uzlaşma siyasəti bərqərar olmuşdu. Beləliklə, Dunay çayının çevrəsindəki vadilər
də daxil olmaqla Balkanlara kimi türklər bu ərazilərin hakimi idi. Təbii ki, yerli
idarəetmə strukturlarında başlıca dominant rolu oğuzlar və kıpçaklar oynayırdılar. Bu
günün özündə belə, həmin ərazilərdə yaşayan türk toplumlarının mənşəyi həmin tarixi
gerçəklikləri təsdiq edir. Qaqouz, Krım, Qaraçay, Balkar, Volqaboyu Tatar və Qazaxlar,
Noqay, Başkort, Karakalpak, Özbək, Qırğız, Macar türklərinin mənşəyi bu tarixi
komponentlərin varisi kimi mövcuddurlar.
Tatarıstanın başkəndi Kazanda ünlü tatar tarixçisi və etnoqraf alimi Mirfateh Zakievin
1995-ci ildə işıq üzü görən Tatarların etnik mənşəyi kitabının 12-37-ci səhifələrindəki ilk
paraqrafda belə qeyd olunur:
Tarixdə skif və ya sarmat adlanan toplumların dili, mənşəyi türk kökənli olmuşdur. HindAvropa siyasəti nəzəriyyəsinin və ideologiyasının daşıyıcıları olanlar çox təəssüf ki,
skifləri və sarmatları uzun müddət “Hind-Avropa mənşəli” hesab ediblər. Skif-sarmat
kültürü Ural-İdel boyunca yaşayan Türk toplumlarının həm əski, həm də çağdaş
kültürləri ilə eyni ortaq dəyərləri paylaşır. Təbii ki, burada əsasən Ural-Altay, KıpçakOğuz və Fin-Uqor kültürü – üç yöndə skif-sarmat kültürünün aparıcı ünsürü kimi
mövcuddur. Bizim eranın IV-VIII yüzilliklərinə bağlı olan Mərkəzi Volqa və Ural, eləcə də
Quzey Qafqaz və Qara Dəniz kıyıları boyunca mövcud olan skif-sarmat kültürü bu günün
özündə belə, həmin ərazilərdə yaşayan türk topluluqlarının aparıcı kültürü olmaqda
davam edir.
Tarixdə macar, macqarax, mojar, mişar və moçar adı ilə tanınan türk toplumlarının
haqqında Avropa qaynaqları, onların əski skif-sartmat boyundan olduqlarını qeyd
edirlər. Həmin mənbələr bunu da bildirir ki, həmin toplumlar türkcə danışırlar. Demək
olar ki, IX-X yüzilliklərdə Avropa səyyahlarının bütün əsərlərində bu fakt xüsusilə
qeyd edilib. Bu gün macar adı ilə tanınan toplumun haqqında yazılan qaynaqlarda o
da qeyd olunur ki, VI-VIII yüzilliklərdə madyar adı altında onlar oğuzların bir qolu
kimi fəaliyyət göstəriblər. Məşhur macar alimi İmre Erdey 1961-ci ildə yazdığı Böyük
Macarıstan kitabında belə qeyd edir:
Ural dağlarının ətəkləri və Volqa çayının kıyıları boyunca yaşayan macarlar, həm də
madyar adı ilə tanınırdılar. Əski kitablarda madyar, başkort və mişar türklərinin dili ortaq
idi. Özəlliklə, Aşağı Kama və Ak Kama çayları aralığında bu üç toplum hər zaman ortaq
siyasət aparırdılar (səh. 307-320).
Məşhur tatar arxeoloqu və etnoqraf alimi Eldar Xalikovun 1976-cı ildə nəşr etdirdiyi
Böyük Tiqan və 1987-ci ildə çap olunan Macarlar ekspedisiya əsərlərində yazır:
Kama çayının sahilləri boyunca yerləşən Böyük Tiqan və Kuşnar abidələrində üzə çıxan
maddi-mədəniyyət abidələri bir-birini tamamlayan ən böyük dəlildir. Bu iki mədəni abidə
əski skif-sarmat kültüründən madyar-macar, madyar-başkort, madyar-tatar kültür
birliyinə qədər bütün dəlilləri ortaya qoyur. VIII-IX yüzilliklərə aid olan bu abidələr
ortaçağ tarixi və kültürünü araşdırmaq üçün çox mühüm göstəricilərdir. Həmin mədəni
qatlar bu gün də həmin xalqların milli kültüründə yaşamaqda davam edir.
1701-ci ildə Almaniya, Fransa, Hollandiya, İngiltərə, Avstriya, Polşa, İsveç və digər
Avropa dövlətlərinin hərbi, siyasi, mədəni, iqtisadi və digər yardımları ilə I Pyotr ilk
dəfə olaraq türklərə məxsus olan tarixi ərazilərin amansızcasına və qəddarcasına
işğalına başladı. Bundan öncə 1552-ci ildə Çar İvan Qroznı da Avropanın dəstəyi ilə bu
siyasəti gündəmə gətirmişdi. Öz çağına görə ən müasir və modern silahlarla təchiz
edilmiş rus ordusu Dunay çayının sahillərindən başlamış Sakit Okeanın sahillərinə
kimi çox geniş bir ərazinin işğalına başladı. Bu proses 1920-ci ilə kimi davam etdi.
Avropanın əsas məqsədi Ural, Sibir, Qafqaz, Türküstan və Dunay boyunca təbii
sərvətləri vəhşicəsinə yağmalamaq idi. Bütün bunlarla yanaşı Rusiya özünün işğalçılıq
siyasətinə hüquqi don geyindirmək üçün həmin bölgələrin “Hind-Avropa” kültürü
nəzəriyyəsini irəli sürdü. Özəlliklə skif-sarmat siyasəti üzərində formalaşdırılan bu
elmi konseptə görə, guya bu toplumlar “İran-Hind mənşəli” olublar. Keçmiş Sovetlər
Birliyi dönəmində də İosif Stalin tərəfindən bu siyasət uzun müddət davam etdirildi.
Faktiki olaraq bütün elmi araşdırmalar bu siyasətə tabe etdirilmişdi. Hətta qədim tarixi
salnamələr belə inkar edilirdi və ya onların tərcüməsində xüsusi “düzəliş”lər
olunurdu. Bəzi “vicdanlı” alimlər, xüsusilə alman mənşəli Ziqfrid Bayer, fərqli
konteksdə çıxış etməyə qərar verdi: guya skif-sarmat toplumlarının Orta Asiyadan
gəlmə və yerli toplumların isə slavyan olduqlarını irəli sürməyə başladılar. V. Tatişev,
M. Lomonosov, A. Heydarxt, N. Karamzin, B. Nibur, K. Tseyss, E. Eyxvlad, K.
Noymann, P. Şafarik, K. Mülllenxoff, A. Dovatur, L. Elnitskiy, V. Abaev, V. Miller, F.
Simokatt və elm aləmində at oynadan digər “akademiklər” bütün əsərlərində sarmatskif mənşəyinin türklərə söykəmli olduğunu qətiyyətlə inkar edirdilər. İlk dəfə olaraq
Azov dənizinin sahilləri boyunca yerləşən Kolak və Tarğıtay kurqanları bu elmi
müddəanı tamamilə darmadağın etmiş oldu. Hər iki kurqandan üzə çıxan skif-sarmat
kültürünün Avar Xaqanlığı çağına və türk kültürünə bağlı olması 1552-ci ildən
başlayan və 1957-ci ilə kimi davam edən Avropa-Rusiya elmi ehtimallarının nə qədər
ziyanlı olduğunu isbat etdi. VII yüzillikdə yaşamış əski yunan tarixçisi Feofilakt
Simokattın Avar Xaqanlığı ilə bağlı yazdığı tarixi salnamə isə bu siyasətin üstündən
birdəfəlik xətt çəkdi.
568-ci ildə yaşamış Bizans tarixçisi Menandr Polien tərəfindən yazılmış tarixi
salnamədə belə yazılır:
Avar Xaqanlığının başında duran Tarğıtay öz öncəgörmə üzrə müşaviri Bayanı Qara
dəniz sahilləri boyunca yaşayan skiflərlə görüşə göndərdi. Bu iki toplum Ural və İtil
boyunca yaşayan toplumların dillərində danışırdılar. Beləliklə, Azov dənizi və Qara dəniz
arasındakı Apaksay, Aksoy, Paksoy Kolaksay, Lipoksay və Köksoy bölgələrində Tarğıtay
əmin-amanlıq yarada bildi.
1972-ci ildə Moskvada Heredotun əsərlərinin IV-cü cildinin 5-ci səhifəsində qeyd
olunur ki, saklar indiki Dunay çayı, Azov və Qara dənizləri boyunca ərazilərdə yaşayış
məskənilərinə ad verdiklərində sözün sonuna sak sözünü də əlavə edərdilər.
İlk dəfə mənşəcə çuvaş türkü olan V.Latışev skif-sarmat toplumlarının türk kökənli
olduğunu elmi müddəa şəklində irəli sürdü. Onun 1893-cü ildə dərc olunan “Sak,
saqay və sarmatlar” adlı kitabı uzun illər Rusiya və sonra isə Sovetlər Birliyi tərəfindən
yasaq edildi. V.Latışev adı çəkilən əsərinin I Buraxılışının 265-ci səhifəsində belə yazır:
“Sak”, “saqdaq” və “saqay” sözləri bir etnonim kimi türk sözləridir və onlar daha çox
Altay-Yenisey aralığında yaşayan türklərin dillərinin qrammatik şərtlərinə uyğun gəlir.
Bu sözləri saka (yakut), xakas türklərinin etnonimi kimi də qəbul etmək lazımdır. “Saka”
sözünün əsas dominant fəlsəfi anlamı maral kültürü ilə bağlıdır. Türk dillərinin
strukturundakı affiksə, eləcə də dilin alliterasiyasına görə, bəzən “sakadar” deyimi də
mövcuddur. “Sakadar”, əslində “sakalar” deməkdir. Balkar türkləri “lar” və “lər”
şəkilçilərini çox zaman “dar” və ya “dər” şəklində ifadə edirlər. Bu deyiliş formasını saka,
altay, şor və telengit türklərində də müşahidə etmək heç də çətin deyil.
Balkar türklərinin ünlü etnoqraf və folklorçu alimi İsmayıl Miziyevin yazdığı
“Qaraçay-Balkar türklərinin mənşəyi haqqında bir neçə söz” elmi məqaləsində belə
qeyd olunur:
Qədim yunan tarixçiləri tərəfindən skif-sarmat türklərinə məxsus olan epos ədəbiyyatı
zorla yunanlaşdırılsa da, obrazların adları dəyişdirilsə də, baş verən hadisələr, haqqında
bəhs edilən mövzular özünün məzmununa görə, nə avropalıların, nə də yunanların digər
ədəbi əsərlərində öz strukturuna görə təkrar olunmur. Heredotun 1972-ci ildə dərc olunan
əsərlərinin IV cildinin 8, 9 və 10-cu bölümlərində Heraklla bağlı bəhs edilən rəvayətlərə
aydınlıq gətirilmişdir. “Herakl” türk dilində “Jirakl-Yirakl”, yəni “yerin ağlı” anlamını
verir. Bu bütün türk qəhrəmanlıq eposlarında “bahadır” mənasını verir. Onun oğlunun
adı yunanca tərcümə edilərək Aqafirs və ya Aqadiros adlandırılsa da, sözün hərfi mənası
“Həyat Ağacı” deməkdir. Belə bir inanc kultu isə qədim çağlardan bu günə kimi ancaq,
türk toplumlarında mövcuddur. Buradan belə çıxır ki, Herakl əslində skif-sarmat
toplumlarının eposunun qəhrəmanı olub.
Məşhur çuvaş türkoloq alimi L. Elnitskiy 1977-ci ildə dərc etdirdiyi Asguz-İskuz-İşquz
kitabının 25-ci səhifəsində qeyd edir ki:
Skiflərin adının belə yazılmasının əsas mənası bu adın əski yunanca transkripsiyası kimi
başa düşülməsidir. As-aş və ğuz-oğuz adı isə skiflərin türk kökənli olması ilə əlaqəlidir.
Çünki əski yunanlar başqa dillərdən alınma sözləri öz dillərinin transkripsiyasına
uyğunlaşdırmağı üstün hesab edərdilər. “Skif” sözünü oğuz kimi ifadə etdikdə, bunun
mənası “hər şeyə qadir insan” deməkdir. Yunan, eləcə də Hind-Avropa dillərinin heç
birində bu sözün nə qədim, nə də çağdaş mənada anlamı yoxdur. “Skif” sözünün gerçək
üzü isə rəngarəngdir, skıtı-skıt-skit formalarının çoxçalarlı anlamları var.
V. Latışevin 1896-cı ildə dərc olunmuş seçilmiş əsərlərinin I buraxılışının II cildinin 185-
ci səhifəsində Qafqaz sözünün etimoloji anlamı belə qeyd olunub:
Qafqaz sözü əski türklərdə Kukas kimi ifadə edilib. Burada sözün ilk hecası “kau”dur.
Türk dillərində isə bunun mənası boz-sarı-ağ rənglərinin birgə çaları kimi başa düşülür.
Kıuçak-kıfçak-kıpçak-kıu-kiji kimi anlamların etimoloji mənalarını ifadə etmək
mümkündür, burada sözün əsas dominantlığını təşkil edən “kıu” kəlməsidir, mənası isə
qaz deməkdir.
Qədim yunan qaynaqlarında isə qeyd olunur ki, “Qafqaz” sözü skiflərdə “Kroukas” kimi
ifadə edilib, yəni “qayalıqlarla dolu olan dağlar”. Altay türkcəsində işlədilən “kaskak” ,
yəni “kad-kaz” ifadəsi də “qayalıq məkan” deməkdir. Skif mifologiyasında Tabiti – evin
ocaq kimi qəbul edilməsi, onun özünə məxsus Tanrısının olması düşüncəsi hər zaman
hakim olmuşdur. Onun ətrafında isə, Babay (Ulu Baba), Api (Torpaq, dağ), Uran (Göy,
səma), və Pont (Dəniz, su) anlamları bütünləşib.
Məşhur türkoloq alim M. Zəkiev 1986-cı ildə dərc edilmiş Ulu Ana əsərinin 27-ci
səhifəsində yazır ki, “Ebi” sözü əski skiflərdə həm də mifoloji anlam kimi
dərəyləndirilirdi. Bu sözün mifoloji anlamı türk dillərində 6-8 min öncə işlədilib və
bunu əski kurqan maddi-mədəniyyəti abidələrində görmək mümkündür. Bizim eranın
IV-VII yüzilliklərinə aid olan abidələrdə və yazılarda da həmin mifoloji izlər
yetərincədir. Daha sonra isə Hun İmperiyasının əsas simvollarından biri kimi ona rast
gəlinir. 1854-cü ildə rus etnoqrafı R. Latama “Skiflərin türk kökənli olmasını sübut
etməyə ehtiyac yoxdur” əsərinin 45-ci səhifəsində yazırdı:
Kimmer, skif və sarmatlar əslində sakalardır. Onlar tarixin sonrakı dönəmlərində FinUqor və Oğuz boyları kimi formalaşıblar. Doğu Avropa, Sibir və Türküstan torpaqlarında
mövcud olan qədim mədəniyyət və tarix bu iki türk boyuna məxsusdur. Skiflərə məxsus
olan etnoloji, mifoloji və linqvistik izlər bu günün özündə belə qorunub saxlanılır. Bunu
Fin-Uqor və Oğuzlara aid olan toplumların mədəniyyətində görmək mümkündür.
Məşhur balkar və qaraçay alimlərindən İ. Miziyev və K. Laypanovun 1993-cü ildə birgə
yazdıqları Alanlar: Onlar kimdirlər kitabının 97-113-cü səhifələrində qeyd edilir ki, Alan
İmperiyasının etnik kimliyini araşdırmaq üçün hər hansı hipotezə ehtiyac yoxdur. Hun
İmperiyasının çöküşündən sonra qısa bir zamanda onların yerini Alan İmperiyası
tutdu. IV yüzillikdən başlayaraq, Hun, onun ardınca isə Alan imperiyalarının bir ucu
Ural, Volqaboyu və Doğu Avropanın əraziləri olub. Alanların dili isə kuman (oğuz)-
kıpçak dil ailəsinin qovuşuğu kimi mövcud idi. Çağdaş qaqauz, balkar, kumuk,
qaraçay, balkar və Krım türklərinin dil strukturu da məhz həmin prinsipə əsasən
formalaşıb.
Saka (yakut) Türklərinin inancına görə, onların əcdadları skiflər olub. Skiflərdə olan
mistik inanc kultu eynilə bugünkü sakaların mədəniyyətində qorunub saxlanılır. Saka
türklərində də “saka-skit” sözünün mənası “döyüşçü” deməkdir. Saka (yakut) dilinin
marfologiyası” üzrə 1955-ci ildə elmi iş yazaraq elmlər doktoru adını almış V.V.
Filippov həmin əsərində belə qeyd edir:
“Saka (yakut) dili özünün qrammatik quruluşuna görə, türk dillərinin daha çox oğuz dil
ailəsinə yaxındır. Sibir boyunda dil baxımından digər türk toplumlarından fərqli olaraq
təkcə saka türkləri oğuzlarla dil və qrammatik baxımdan çox yaxındırlar.
Bu məşhur dilçi-türkoloq alim saka ata sözlərindən biri kimi bunu da qeyd etməyi
unutmamışdır:
“Oqus bu olan aan doyduqa ayaataabıt uraanxay-saxalar bu bihiqi bu baarbıt” (Həmin
Uranxay-Saxa, hansı ki, öküzlə bütün dünyaya hökm edirdilər, bax onlar bizik, oğuzlarıq).
Məşhur türkoloq Karjaubay Aydarov 1971-ci ildə yazdığı XII yüzillikdə Moğolustandakı
Altay əsərinin 158-ci səhifəsində qeyd edir ki, Sibir, Altay və Moğolustan ərazisində
yaşayan teleslərin tərkibində olan sun-uz, kıbır, tuba, kurıkan, telenget, buqu, bayırku,
tonqra, kun, sıqır, xasar, ayqır, ediz, baysi el birliklərinin mənşəyi də zatən oğuzlara
daha yaxındır. Bu tarixi izləri əski çağlardan izləməklə daha aydın şəkildə isbatlamaq
mümkündür. Tele el birliyinin kökündə dayanan toquz-oğuz və ya sekiz-oğuz inanclar
bu gün də həmin el birlikləri arasında fərqli xalq inanc hekayələri çərçivəsində
mümkündür.
Altaydan olan dilçi alim Y. Zuev qeyd edir ki, oğuzlar bir zamanlar Batıya doğru
böyük həcmdə köç etsələr də, onların bir qismi hələ də öz tarixi torpaqlarında
yaşamaqda davam edirlər. Türküstanda yaşayan oğuzları Altaylı hesab etmək daha
doğrudur. Teleut, telengit türklərinin etnonimləri isə zatən oğuzlarla eynilik təşkil edir.
Altayda və Moğolustanda tele-oğuz deyimi həm də tuvalılara şamil edilir. Özəlliklə
tuvalılar arasında syeyanto boyuna oğuz timsalında baxılır. Bu gün Türküstanda
yaşayan türkmənlərin yemek, yomut və kimak boylarının istifadə etdikləri damğa
kültürü Altay və Tuva türklərində eynilə, olduğu kimi yaşamaqdadır.
Etnoqraf alim İ. Stralenberq Altaydan Orta Asiyaya kimi əsərində yazır ki, qədim sakların
indiki varislərinə daha çox türk toplumlarının oğuz boylarında rast gəlmək
mümkündür. Tarixi qaynaqlarda qeyd olunan “sakav”, “sakavı”, “sakar”, “saxqar”,
“saka”, “şaqla” adları əslində indiki türkmənlər arasında daha çox tanınmışdır. Hətta
bu sözlərlə bağlı deyimlər, bir sıra inanclar saka (yakut) torpaqlarına qədər uzanır.
Oğuz boylarından biri kimi çox məşhur olan bayatlarla bağlı saka etnoqraf alimi A.
Savvin qeyd edir ki, saka türklərinin olonxo xalq mahnılarından biri “Saxa bayattar”
adlanır. “Bayat” sözünün saka türkcəsində anlamı “kişinin bədənində yuxarıya doğru
yüksələn ilahi enerji” deməkdir. Bu gün Sakanın (Yakutiya) ünlü etnoqraf alimlərindən
biri olan Q. Rumyantsev “Sakalar və etnoloji baxışların kökləri” əsərində oğuzlarla
bağlı bu fikirləri qeyd edir: “Oğuzlarda “bəydili” adlanan boy bizlərdə “bekdili”
şəklində işlədilir. XIII yüzillikdən bu yana saka türklərinin dilini monqol və çin
ünsürləri ilə doldurmaq təşəbbüsləri ona görə baş tutmamışdır ki, bizim dil daha çox
oğuz dil ailəsinin ünsürlərini qoruya bilib. Saka türkləri də Oğuzlar kimi Qartal inanc
kultuna eyni dərəcədə dəyər verir. Sakadakı naymanları bizlər tarixdə olduğu kimi, bu
gün də “seqiz-oğuz” adlandırırıq. Biz buna əcdad kultu kimi dəyər veririk. Bu gün hər
iki dil arasında müəyyən problemlərin olmasının səbəbini isə tunqus-mancur təsir
dairəsinin izlərində aramalıyıq”.
QAYNAQLAR
Абульгази. Родословное древо тюрков, пер. Г.С. Саблукова. – Казань, 1906. – с. 42.
Аманжолов С.А. Вопросы диалектологии и истории казахского языка. – Алма-Ата, 1959. – 72
с.
Айдаров Г.П. Язык орхонских памятников древнетюркской письменности VIII века. – АлмаАта, 1971. – 380 с.
Бичурин Н.Я. Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена. М. Л.,
1950. – Ч. I. – 380 с.
Кляшторный С.Г., Савинов Д.Г. Государства и народы Евразийских степей. Древность и
средневековье. – СПб.: Петербургское востоковедение, 2000. – 320 с.
Каржаубай Сарткожаулы. Обьединенный каганат тюрков в 745-760 годах. – Астана
«Фолиант», 2002. – 220 с.
Ксенофонтов Г.В. Материалы к II Тому «Ураанхай-сахалар». Архив ЯНЦ СО РАН, ф.4, оп.7,
ед.хр.32.
Окладников А.П. История Якутской АССР. Т. I. Якутия до присоединения к русскому
государству. – М.; Л., 1955. – 295 с.
Агаджанов С. Г. Некоторые проблемы истории огузских племен Средней Азии. –
Тюркологический сборник. М., 1970. – С. 192-197
Левина Л. М. Керамика Нижней и Средней Сыр-Дарьи в первом тысячелетии нашей эры. М.,
1972.
Hududal-Alam. "The Region of the World". A. Persian geography 372 A. H. – 982 A. D. Transl. by
V. Minorskv. London, 1937.
Рашид ад-дин. Джами ат-таварих. Фотокопия рукописи Британского музея- ИВАН СССР,
ИФВ-242. – л. 410-412
Рашид ад-дин. Сборник летописей. Перев. Л. А. Хетагурова, т. I, ч. 1. М.-Л., 1952.- С. 86-91
Агаджанов С. Г. Очерки истории огузов и туркмен Средней Азии IX-XIII вв. Ашхабад, 1969.
Kitab at-tanbih wa'l-israf auctore... al-Masudi, ed. M. 1. de GoeJ'e. Lugduni Batavorum, 1894. – C.
180; 13. Macoudi. Le Livre de l'avertissement et de la revision. Paris, 1897. – C. 244-
245
Le Coq A. Turkische Manichaica aus Chotscho. – "Abhandlungen des Konigl. Akademie der
Wissenschaften. Philologisch-historische klasse", Abh. VI, 1911.
Махмуд Ибн Хусейн Ал-Кашгари. Диван лугат ат-тюрк, т. 1-3. Стамбул, 1333 г. х.;
Абу Райхан Бируни. Геодезия. Пер., иссл. и примеч. П. Г. Булгакова. Ташкент, 1966. – C. 304-
307.
Агаджанов С. Г. Очерки истории огузов и туркмен Средней Азии IX- XIII вв. Ашхабад, 1969.
Macoudi. Les praires d'or, t. 1. Paris, 1851. – С. 212
Bergeron P. Voyages faits principalement en Asie. t. I, La Haye, 1735. – С. 49
Синицин И. В. Археологические исследования в Нижнем Поволжье и Западном Казахстане. –
"Краткие сообщения Института истории материальной культуры", вып. 37. М.,
1951.
Гинзбург В. В., Фирштейн Б. Ф. Материалы к антропологии древнего населения Западного
Казахстана. – Сборник Музея антропологии и этнографии. вып. 28. М., 1958.
Алексеев А.Ю. К идентификации погребений кургана Солоха //Тез. докл. междунар.
конф. «Проблемы скифо-сарматской археологии Северного Причерноморья»,
посвящ. 95-летию со дня рождения профессора Б.Н.Гракова. – Запорожье, 1994.
– II.
Алексеев А.Ю. Гребень из кургана Солоха в контексте династической истории Скифии
//Эрмитажные чтения памяти Б.Б.Пиотровского. Тез. докл. – Санкт-Петербург,
1996.
Брашинский И. Б. Сокровища скифских царей: Поиски и находки / Отв. ред. Д. Б. Шелов. –
М.: Наука, 1967. – 128 с. – 75 000 экз. (обл.)
Кузнецов C. В. Щиты на золотом гребне из кургана «Солоха» //Проблемы ски-фосарматской археологии Северного Причерноморья (К 100-летию Б.Н.Гракова). –
Запорожье, 1999.
Мозолевський Б.М. Солоха // Мозолевський Б.М. Скіфський степ. – Київ, 1983. – С. 83-94
Манцевич А.П. Гребень и фиала из кургана Солоха //СА. – 1951. – XIII.
Манцевич А.П. Золотой гребень из кургана Солоха. – Ленинград: Изд-во ГЭ, 1962.
Манцевич А.П. Горит из кургана Солоха //ТГЭ. – 1962. – Т.3.
Манцевич А.П. Курган Солоха. Публикация одной коллекции. – Ленинград:Искусство, 1987.
Половцова С. Объяснение изображений на драгоценных вещах из Солохи проф. Свороносом
//ИАК. – 1918. – Вып. 65.
Русяева М.В. Золотой гребень из кургана Солоха //VI чтения памяти профессора
В.Д.Блаватского. К 100-летию со дня рождения. Тезисы докладов 21-22 мая 1999 г.
– М., 1999. – С.96-97.
Русяева М.В. Сцена охоты на чаше из кургана Солоха // V Боспорские чтения. Боспор
Киммерийский и варварский мир в период античности и средневековья.
Этнические процессы. – Керчь, 2004. – С. 301–306.
Русяева М.В. Серебряная чаша из кургана Солоха // Боспорские исследования. – Вып. IX. –
Керчь, 2005. – C. 112–126.
Фармаковский Б.В. Горит из кургана Солоха //ИРАИМК. – 1922.
Cahandar Bayoğlu