Rus taxtındakı alman qadın – 60 sevgilisi olan II Yekaterinanın inanılmaz həyatı

26-04-2015, 16:41           
Rus taxtındakı alman qadın – 60 sevgilisi olan II Yekaterinanın inanılmaz həyatı
Onun hakimiyyəti dövründə Rusiya imperiyası ən nüfuzlu vaxtlarından birini yaşayırdı. Avropanın xəritəsindəki heç bir dəyişiklik onun iştirakı olmadan baş vermirdi. Söhbət məşhur rus çariçası II Yekaterinadan gedir.



1762 -1796-cı illəri əhatə edən 34 illik hakimiyyəti dövründə II Yekaterina Rusiya imperiyasının ərazisini 2 dəfə, dövlət gəlirlərini isə 4 dəfə artırıb. Osmanlı Türkiyəsi ilə iki qalibiyyətli müharibə nəticəsində (1768-1774, 1787-1792) Krım yarımadası, Kuban regionu Rusiyanın tərkibinə qatılıb. Digər tərəfdən qərb qonşusu Reç Pospolitanın (indiki Polşa) Prussiya və Avstriya imperatorları ilə birlikdə bölüşdürülməsində iştirak edən II Yekaterina Belarus, Ukrayna və Baltikyanı torpaqlar hesabına ölkəsinin ərazisini genişləndirib.
Amma bu yazıda məşhur xanım çariçanın hərbi və diplomatik uğurları barədə deyil, zəngin şəxsi həyatından bəhs olunacaq.

Hərbi-diplomatik uğurlar fonunda II Yekaterina müasir elmi dildə “seksoqolizm” adı verilən cinsi mərəzdən əziyyət çəkirdi. Ömrünün son günlərinə qədər çariça gənc sevgililərinin əhatəsində olub. Tarixi sənədlərdə onun rəsmən 21 məşuqu (favoriti) rəsmiləşdirilib. Lakin təsadüfi münasibətlərdə olduğu kişilərlə birlikdə bu rəqəmin bir neçə yüzə çatacağı da aydındır.

Detallara keçməzdən öncə, rusların tarixdə Böyük Yekaterina adlandırdığı çarın tərcümeyi-halına qısa nəzər salaq.

1729-cu il aprelin 21-də Almaniyadakı çoxsaylı dövlətlərdən olan Anqalt-Çerbat knyazlığının hakimi Xristina Avqust Anqalt-Çerbatskinin ailəsində Sofiya Avqusta Frederika Anqalt-Çerbatski adlı qız övladı dünyaya gəlir. Əsl alman olan bu qız Rusiyanın gələcək çarı idi. Uşaq vaxtlarından ev şəraitində təhsil alan Sofiya Avqust kifayət qədər geniş dünyagörüşünə malik idi. O, bir neçə xarici dildə danışır, musiqi alətlərində ifa edirdi. Təxminən bu ərəfələrdə Rusiyada hakimiyyətdə olan çar Yelizaveta Petrovna (onun öz övladı yox idi) taxt-tacın varisi təyin etmək istədiyi qardaşı oğlu Pyotr üçün alman hökmdarlarından birinin qızını almaq barədə düşünürdü. Prussiya hökmdarı II Fridrix bu məsələdə vasitəçi olaraq Sofiya Avqustun namizədliyini təklif edir. Bu arada qeyd olunmalıdır ki, Sofiya Avqustanın anası İohanna-Yelizaveta da öz yüngül əxlaqı ilə seçilən qadın idi. Bəzi şayiələrdə Sofiya Avqustanın əslində anasının II Frixdrixlə olan qanunsuz münasibətlərdən sonra doğulduğu iddia edilirdi.

Amma bu şayiələrə baxmayaraq, Rusiya çarının evi Sofiya Avqustanı gəlin kimi görməyə razı oldu. 1744-cü ildə Pyotr və Sofiya nişanlandılar. Bu məqsədlə Almaniyadakı ata evini tərk edən 15 yaşlı Sofiya Peterburqa köçdü. Burada 2 il ərzində rus dilini və mədəniyyətini xüsusi müəllimlərdən öyrəndi. Daha sonra mənsub olduğu lüteranlıq məzhəbini provaslavlığa dəyişərək, özünə tarixdə qalacağı Yekaterina Alekseyevna adını götürdü. Nəhayət, 1745-ci il avqustun 21-də 16 yaşlı Yekaterina 17 yaşlı vəliəhd Pyotrla ailə həyatı qurdu.
Qeyd olunmalıdır ki, Yekaterinanın anormal cinsi aktivliyi Rusiyaya çar sarayına köçdüyü ilk aylardan özünü büruzə verib. Sarayda “Don Juan” kimi tanınan Andrey Çernışov onun nikahdankənar münasibət qurduğu ilk şəxs idi. Tezliklə şayiələr bütün Peterburqa yayılır və çar Yelizaveta Petrovna təcili olaraq Çernışovu Avropa ölkələrindən birinə sürgün edir.
Yekaterinanın kənarda münasibət qurmaq istəyini ilk vaxtlar həyat yoldaşı Pyotrun ona olan soyuq münasibət ilə əlaqələndirirdilər. Belə ki, təntənəli toy mərasimindən sonrakı bir neçə ay ərzində Pyotr öz ər borcunu yerinə yetirmirdi. Pyotr həm cinsi, həm də əqli zəiflikdən əziyyət çəkirdi. Onun həyat yoldaşına seksual obyekt kimi biganəliyi həm də Natalyan Lopuxina adlı zadəgan qadına aşiq olması ilə bağlı idi.

Yekaterina ilk vaxtlar ərinin biganəliyinə həssas yanaşsa da, tezliklə bundan bezikir. O, İsveç səfiri qraf Pallemnberqin ağuşunda özünə təskinlik tapır. Sarayda baş verənlərə göz yuman çariça Yelizaveta Petrovnanı isə yalnız cütlüyün övladının dünyaya gəlməsi düşündürürdü. 1745-ci ildə ailə həyatı quran Yekaterina və Pyotr yalnız 9 il sonra, 1754-cü ildə valideyn ola bildilər. Həmin ildə onların Pavel adlı övladları dünyaya gəldi. Amma bu 9 illik zaman kəsiyində Yekaterina Kiril Razumovski, Stanislav Ponyatovski, Zaxar Çernışev (sürgün edilən Andreyin qardaşı), Lev Narışkin və Saltıkov qardaşları ilə sevgi münasibətlərində olub. Ona görə də əslində Pavelin atasının kim olması bu günə qədər mübahisə mövzusudur. Həmin dövrdən qalma sənədlərdə Sergey Saltıkovun gələcək çar Pavelin onun övladı olması ilə bağlı öyündüyü məlumdur. Pyotr Sergey Saltıkovun bu iddialarının qarşısını almaq üçün onu paytaxtdan sürgün edilməsinə nail olur.

Çariça Yelizaveta Pavlovna isə Romanovlar sülaləsinin varisinin doğulmasına o qədər şad idi ki, şahzadə Yekaterinaya 100 min rubl pul və çoxlu zinət əşyası hədiyyə etmişdi. Maraqlıdır ki, uşaq doğulan kimi Yekaterinadan alınaraq, xüsusi tərbiyəçilər tərəfindən böyüdülürdü. Anası heç zaman Pavelin həyatında iştirak etmir və ümumiyyətlə, onunla heç zaman maraqlanmırdı.

1762-ci ildə Yelizaveta Petrovnanın vəfatı ilə III Pyotr taxta çıxdı. Və dərhal arvadı Yekaterinanı xəyanətkar hərəkətlərinə görə monastıra göndərəcəyi ilə hədələdi. Yeni çarın fikrində məşuqəsi Voronçova ilə evlənmək var idi. Lakin 6 aylıq hakimiyyəti dövründə səriştəsiz idarəçiliyi ilə bütün rus cəmiyyətinin narazılığını qazanan III Pyotr arvadı Yekaterinanın saray çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırıldı. Bir neçə ay sonra isə müəmmalı şəkildə öldü.

Hakimiyyəti əlinə keçirən Yekaterina ona saray çevrilişində yardım edən şəxslərə – kansler Panin, knyaz Baryatinski, məşuqları Orlov qardaşlarına geniş səlahiyyətlər verdi.

Favoritizm Rusiya imperator sarayında rəsmi vəzifəyə çevrildi. II Yekaterinanı yataqda məmnun edən favoritləri dövlət qarşısında xidmət göstərmiş şəxslər kimi mükafatlandırılırdı. Onlara geniş imarətlər, təhkimli kəndlilər və qızıl pullar hədiyyə olunurdu. Yekaterina seksual tələbatını ödəmək üçün adətən hündür və ifadəli simaya malik gəncləri özünə sevgili seçirdi. Deyilənə görə, sarayda enli çarpayının olduğu xüsusi otaq var idi. Ehtiyac yaranda xüsusi mexanizm vasitəsilə həmin çarpayı iki yerə bölünürdü və bu hissələrin arasında divar yaranırdı. Divarın bir tərəfində məşuq, digər tərəfində isə xarici səfirləri və diplomatları qəbul edən imperatriçə qalırdı.

Yekaterinanı müntəzəm təmin etmək funksiyası kansler Nikita Paninin üzərinə düşürdü. O adətən, ehtiraslı imperatriçəyə hərbi xidmətdə olan, təhsilsiz gəncləri cəlb edirdi. Çünki Panin özü də Yekaterinanın favoriti idi. Qısqanc olmayan Panin uzaqgörənliyi ilə seçilirdi. O, öz hökmdarının təsadüfi münasibətlərinə göz yumsa da, Yekaterinanın yatağında ağıllı və kələkbaz rəqib görmək istəmirdi. Lakin bir müddət sonra o, imperatriçənin sevgisini paylaşmağa məcbur qalacağı belə bir rəqiblə üzləşdi.

İmperatriçəni inandırdılar ki, Qriqori Potyomkin adlı hərbçi onun dərdindən dəli-divanədir. Lakin Potyomkinin bir gözünün olmaması (qraf Orlov mübahisələrin birində onun gözünü çıxartmışdı) onu çəkindirirdi. Buna baxmayaraq, Potyomkinlə keçirdiyi gecənin səhəri çariça yeni sevgilisinə general-mayor rütbəsi vermişdi.
Bundan başqa, yeni imarət və 1 milyon rus rublu məbləğində vəsait də Potyomkinin sərəncamına keçmişdi. Beləliklə, bir gecə içində adi rus zabiti imperiyanın ən nüfuzlu şəxslərindən birinə çevrildi. Lakin şöhrətpərəst Potyomkin üçün bunlar az idi. Yekaterina ilə səhər yeməklərindən birində o, tələb edir ki, Dövlət Şurasının üzvü təyin olunsun. Yekaterina bunun mümkün olmayacağını bildirəndə knyaz nümayişkaranə şəkildə naharı tərk edir və qəsrdə yaşayacağını elan edir. Sevgilisinin bu hərəkətindən dərin məyusluq keçirən Yekaterina bütün gecəni öz otağında ağlayır. Səhər isə Potyomkinin Dövlərt Şurasına üzv olması barədə qərar verir. Dövlət işləri ilə məşğul olan knyaz Potyomkin II Yekaterinanın əsas sevgilisi olur. Onun yoxluğunda isə çar diplomat Bezborodko, katib Pyotr Zavadovski, qvardiya zabitləri Korsakov, Xvostov və Aleksandr Lanski ilə vaxtını keçirirdi.

Sonuncunun, yəni Aleksandr Lanskinin adi əsgərdən generala çevrilməsi və çarın ona doğrudan aşiq olması, knyaz Potyomkini ciddi narahat edirdi. Onun əmri ilə Aleksandr Lanski zəhərlənərək öldürülür. Sevgililəri arasındakı bu gizli rəqabət imperatriçəni sarsıdır və ömrünün son çağlarında Yekaterina meylini gənc qızlara salır. Potyomkinin ona hədiyyə etdiyi qaraçı qızı və sarayda qulluqçu kimi çalışan daha bir neçə qız onun qeyri-rəsmi sevgililərinə çevrilir. Deyilənə görə, bir dəfə məşhur sərkərdə Aleksandr Suvorovun qızını görən Yekaterina sərkərdəyə qızını ona verməsini xahiş edir.
“Sizə görə ölməyə də hazıram, amma qızcığazımı sizə verə bimərəm”, – deyə Suvorov bu istəyi geri çevirir.
II Yekaterinanın sonuncu rəsmi favoriti (məşuqu) 23 yaşlı Platon Zubov olur. Estafeti qardaşı Valeri Zubovdan (Yekaterinanın keçmiş sevgilisi) alan Platon öz mənəviyyatsızlığı və pul düşkünlüyü ilə sarayda hər kəsin nifrətinə səbəb olmuşdu. Knyaz Potyomkin onu öldürməyi planlaşdırsa da, özü 1791-ci ildə 52 yaşında qızdırmadan vəfat edir. Platon Zubov II Yekaterinanın son günlərinə qədər favorit qalır.
Hələ 15 yaşı olarkən Rusiyaya qədəm qoyan Yekaterina o zamanlar arıq bədən quruluşu ilə seçilirdi. Lakin ömrünün son çağlarında o, kilo almışdı və çətinliklə hərəkət edirdi.
1796-cı il noyabrın 16-da həmişəki kimi yuxudan oyanıb qəhvə içən imperatriçə tualet otağına gedir. Lakin onun otaqdan çıxmadığını görən saray xidmətçisi Zaxar Zotov qapını açaraq imperatriçəni yerdə huşsuz vəziyyətdə aşkarlayır. Beyninə qaz sızan Yekaterina həkimlərin bütün səylərinə baxmayaraq, özünə gəlmir və axşam 9 radələrində əzablar içində dünyasını dəyişir. Onun oğlu Pavel bir neçə gündən sonra imperator elan olunur.
Alman əsilli rus çariçanın coşqun şəxsi həyatı ölümündən sonra bir çox əfsanə və rəvayətlərlə zənginləşdi. Hətta onun atla cinsi əlaqədə olması barədə yayılan və heç bir tarixi sənədə söykənməyən iddia da ortaya atılmışdı. Çoxsaylı sevgililərə, aktiv seksual olmasına baxmayaraq qeyd olunmalıdır ki, II Yekaterina hər bir məşuquna yalnız fiziki deyil, həm də emosional bağlılığa malik idi. Tarixdə Yekaterina həm islahatçı çar, həm də çoxsaylı favoritləri olan qadın kimi qalıb.

modern.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.