Qardaşı oğluna vəzifə verməyən Elçibəyi qonşuları belə xatırlayır

5-01-2016, 21:05           

“Polyaniçkonun evini bəyənmədi ki, mən orda yaşaya bilmərəm”

Modern.az-ın “Köhnə ev” layihəsində budəfəki mövzu Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəydir. Bəyin ailəsi hazırda Rəsulzadə qəsəbəsində yaşayır. Amma Modern. az-ın əməkdaşı Ə.Elçibəyin Bakıda xeyli müddət ayaşadığını əvvəlki məkana - qardaşı Almurad Əliyevin evinə baş çəkib. “Geoloqların binası”nda olan bu mənzil indi başqa bir şəxsə məxsusdur. Modern.az isə söhbəti vaxtilə bəyin qonşuları olmuş Sahib və Tosya İsmayılovalarla edib. Onların xatirələrində Əbülfəz bəy necə qalıb?
Qardaşı oğluna vəzifə verməyən Elçibəyi qonşuları belə xatırlayır
Sahib İsmayılov: – Əbülfəz Elçibəyin ailəsi ilə 1964-cü ildən tanışam. Mən Kəlbəcərdə geoloq işləyəndə onun qardaşları Murad və Almurad (dağ mədən ustasıdır) orada işləyirdi. O zaman bəy də Misirdə tərcüməçi idi. 1967-ci ildə mən Kələkiyə getdim və Əbülfəz bəylə birinci dəfə orada tanış oldum. Onda Əbülfəz bəy Misirdən təzəcə qayıtmışdı. Qardaşı Muraddan soruşdum ki, xaricdən özü ilə nə isə gətirib? Dedi ki, heç nə gətirməyib. Dedim ki, niyə? Dedi, “çünki qardaşım çox insanpərvər və Allaha inanan adamdır. Misirdə də dilənçi çoxdur. Gedib məscidə namaz qılmağa, çıxanda nə qədər dilənçi görübsə bütün pullarını onlara paylayıb. Ancaq çamadanında bir yığın çirkli paltar gətirib. Mən onların Kələkidəki evlərində qonaq da olmuşam. Hələ o dövrdən onun xalqını necə sevdiyinin şahidi idim.

1974-cü ildə Elçibəy həbs ediləndə Bakıda işləyirdim. Əslən Kəlbəcərdən olan Vahid adlı dostum DTK-da işləyirdi. Ondan soruşdum ki, Əbülfəzi niyə tutublar? Mənə bir broşür göstərdi. Orada hakimiyyət əleyhinə olan nə qədər şübhəli adam var idisə, hamısının adları sadalanırdı. O cümlədən də Əbülfəz Elçibəyin.

Bakıdakı qonşuluğumuza gəlincə, 1975-ci ildə bizə “Geoloqların binası”nda ev verdilər. Onda Elçibəy də qardaşı Almuradgildə qalırdı. Elçibəy prezident seçiləndə demək olar ki, Bakıda heç pasport qeydiyyatı da yox idi. Buradakı evdə balaca bir otağı vardı. Bir gün mənə dedilər ki, oğlunu göndər Əbülfəzin yaxşı kitabları var, rəf düzəltsin. Getdim gördüm ki, Əbülfəz yerdə kilimin üstündə, döşək üstdə oturub.

O prezident seçiləndən sonra isə Polyaniçkonun (Azərbaycan KP MK-nın keçmiş katibi-red.) evini ona verilmişdi. Əbülfəz Elçibəy dedi ki, “yox, mən ora getmərəm”. Sonralar ona “İstanbul evləri”ndə mənzil verdilər, amma o həmin evdə də qala bilmədi, dedi ki, həyət evi lazımdır. Həmin mənzili satıb “Vorovski”dəki indi ailəsinin yaşadığı evi aldılar.

Xalq hərakatı dövründə tez-tez yuxarı mərtəbəyə, yəni onlara qalxırdım. Bir az ağır adam idi. Heç qızının toyunda da iştirak etmədi ki, ata qız toyunda iştirak etməməlidir. Biz siyasətdən çox ümumi tarixdən-filan söhbət edərdik. 1997-ci ildə də Kələkidən Bakıya gələndə onunla görüşdüm. Onda gördüm ki, Bəy xəstədir.

Tosya İsmayılova: – Həmişə Həlimə xanıma deyirdim ki, bazara gedək. Deyirdi, yox, Əbülfəz bəy qoymur. Həlimə dursun ora-bura getsin, yox. Uşaqlar da atalarından çəkinirdilər.

Çünki heç kimin yanında uşaqlarını çox istədiyini büruzə vermirdi. Gecələr çox kitab oxuyurdu. Bəzən Həlimə xanım deyirdi ki,” Əbülfəz gecə çox kitab oxuyub, indi günorta yatıb”.

Çox mərhəmətli insan idi. Bəzən elə olub ki, dərs dediyi zaman tələbələrindən kiminsə nəyisə çatışmırdısa, onu bəy alırdı.

İsmayılovlar cütlüyüylə söhbət əsnasında öyrəndik ki, Əbülfəz Elçibəyin rəhmətə getmiş qardaşı Murad Əliyevin də ailəsi qonşu blokda yaşayır və vaxtilə bəylə qonşuluq ediblər. Buna görə də söhbətimizin bir hissəsini onlarla davam etdirdik və onların da xatirələrini sizinlə bölüşmək istədik.

Firuzə xanım mərhum Murad Əliyevin həyat yoldaşı və eyni zamanda onun bibisi qızı sayılır:

– O, orta məktəbdə oxuyanda mən onlara gəlin getmişəm. Necə deyərlər, bir növ, ona mən yarım ana olmuşam. Hələ uşaqlıqdan çalışqan və savadlı idi. O zamanlar stol yox idi. Lampanı yandırırdıq. Uzanırdı üzü üstə, qabağında da dəftər-kitab. Deyirdim, qardaş, bir az yat, səhər oxuyub-yazarsan. Deyirdi, yox e, sən get yat, mən oxumalıyam. Ürəyim ağrıyırdı, gecə boyu yazıb-pozurdu. Elə ki, səhər açılırdı, durardı əlin-üzünü yuyardı. Çox az bir loxma ağzına qoyardı, bir saat yatıb yenidən durardı. Dursun uşaqlara qaynasın-qarışsın yox. Ancaq onu əlində kitab görərdin. Uşaqları yığardı başına ki, siz oxumalısınız və s.

Ailə həyatını da çox gec qurdu. Özünü unutmuşdu. Qızı Çilənay da ailə həyatı quranda yoldaşıma dedi ki, “məni sən oxutdurmusan, bunun da atası sənsən, qızım kimi istəyir, siz kimə verirsiniz, siz bilərsiniz”. Toyda da dedi ki, hamı göz aydınlığını Murada, yəni mənim yoldaşıma versin.

Zərnişan xanım (Bəyin bibisi qızı): – Bakı Dövlət Universitetində baş müəllim işləyəndə biz onunla bir yerdə kirayə qalırdıq. Bir də görürdün ki, kəndin uşaqlarını yığıb başına gəlirdi. Deyirdim, bunları nəyə gətirmisən, mən yemək də çatdırmıram. Deyirdi ki, Zərnişan, hamı dağılışıb gedəcək, hörmət bizə qalacaq. Cibində 1 manat saxlamazdı. Soruşardı ki, kimin pulu yoxdur. Kimin pulu yoxdursa, axırıncı manatını da çıxardıb ona verirdi.

Bir də görürdün ki, qonaq gələn uşaqlar bunun köynəyin geyinib gedərdilər. Axşam mən onları öldürərdim ki, bir də Əbülfəzin köynəyin geyinən bura gəlməsin. O qoymazdı, deyirdi uşaqlarla işin olmasın. Elə bil ki, Tanrı onu ayrı cür yaratmışdır. Nəinki övladlarına, ailəsinə qarşı, bütün insanlara qarşı onda xüsusi bir məhəbbət var idi. Mən təsəvvür etmirəm ki, bu xarakterdə insan dünyaya bir də gələr. Bu insanda maraqlısı onda idi ki, “yoxdu” sözü lüğətində yoxuydu. Eyni zamanda, hamımız ondan çəkinirdik. Kiməsə sərt söz deməzdi, elə bircə dəfə sərt baxardı, hamımız yavaşca özümüzü yığışdırardıq.

Şəkil çəkdirməklə arası yox idi . Çəkdirdiyi şəkilləri də həmişə verərdi mənə ki, saxla, mənim şəkil saxlamaqla aram yoxdur. Xarici görünüşünə görə daha çox qızı ona oxşayır.

Saməddin Əliyev (Murad Əliyevin oğlu): – O, prezident seçiləndə 32 yaşım vardı. Hakimiyyəti dövründə heç bir qohum-əqrəbamız vəzifədə olmayıb. Şəxsən mən özüm vəzifə istəyirdim, vermədi. Dedi, “avtomatı sal çiyninə, bir ay, iki ay döyüş gəl, sonra sənə vəzifə verim”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.