BİZ YATAQXANADA ÇÜRÜYƏNDƏ...

28-10-2020, 02:53           
BİZ YATAQXANADA ÇÜRÜYƏNDƏ...
Seymur VERDİZADƏ

Doğulub boya-başa çatdığım kənd oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olundu. İndi bizim ellərdə yağı düşmən dolaşmır, dünyadan nigaran köçən əzizlərimizin ruhu dolaşır...

Humanitar məqsədlərlə bölgəyə səfər edən tanışlarım 27 il işğal altında olan kəndlərdə müəyyən çəkilişlər aparıblar. Kadrlara bizim kənd də düşüb. Tarixə şahidlik edən qədim Soltanlı...

Arxivimdə bir videogörüntü var. O vaxt 500 evi olan kəndi cəmi 50 saniyəlik kadra sığışdırıblar. Müəllif yerli adam olduğu üçün arayış verməyi unutmur: “Bura Kazım əmioğlunun evi olub”.

Lütfən, ifadəyə diqqət edin: ““Bura Kazım əmioğlunun evi olub”. “Evidir”, demir. Çünki həmin yerdə evdən əsər-əlamət qalmayıb. Dəhşətli yanğından sonra hisə bürünmüş üç-dörd metr hündürlüyündə, bir metr uzunluğunda divar burda nə vaxtsa bir evin olduğundan xəbər verir. Ağır müharibənin yadigarı olan bu divar həm də erməni vandalizmindən xəbər verir...

Növbəti kadr daha dəhşətlidir. Vaxtilə kəndimizin ən dəbdəbəli evi olan məkandan geriyə dərin bir çuxur və yanıb təbii halını itirmiş beş-on qara daş qalıb...

Sonuncu kadrda müəllif öz ata yurdunu görüntüləyib. Amma bu dəfə arayış verə bilmir. Hiss olunur ki, qəhər boğazında düyünlənib, danışa bilmir. İnsanın xaraba qalmış ata yurdunu seyr etməsindən dəhşətli nə ola bilər?! Axı ata-babalarımız o evləri ermənilərin xaraba qoyması üçün tikməmişdilər. Tikmişdilər ki, özləri qalsın. Özləri qalmayanda da izləri qalsın. Amma indi yerində bir ovuc kül qalıb...

Tale bizə sərt üzünü soyuq qışda deyil, qızmar yayda göstərdi. Yurd-yuvamızdan, isti ocağımızdan didərgin düşəndə bağçamızdakı meyvələrin çoxu hələ yetişməmişdi. Mən ilk dəfə köçkün həyatının əzabını 1 ton meyvəni ağacların başında qoyub, Bakıda alma növbəsində dayananda yaşamışdım. Mən başımıza gələn faciənin miqyasını ikimərtəbəli, bağlı-bağatlı evimizi tərk edib, Bakıda eni-uzunu 4 metr olan yataqxanada yaşayanda dərk etmişdim. Mən nə qədər bədbəxt olduğumuzu gözüyaşlı analarımızın 6 metrlik otağı iki yerə bölüb, bir küncündə “gəlin otağı” düzəldəndə anlamışdım. Mən o vaxt kişilik qürurunu unudub uşaq kimi ağlamışdım...

Azərbaycanda yüz minlərlə insan 27-28 ildi yataqxanalarda çürüyür. Biz eni-uzunu iki metr olan darısqal, rütubətli otaqlarda çürüyəndə ermənilər ikimərtəbəli evlərimizdə donuz saxlayırdılar. İndi həmin erməniləri donuz kimi qovub evlərimizdən çıxaranda ərazisi böyük, əqidəsi çürük dövlətlər atəşkəs deyib yaxalarını cırırlar. Budurmu sizin ədalət anlayışınız? Sizin “ədalətinizə” tüpürüm!

Bu 27 ildə evimiz hər gecə yuxuma girirdi. Amma heç vaxt ora yaxınlaşa bilmirdim. Yaxınlaşmaq istəyəndə alov dilimləri üzümü qarsırdı...

Kəndimiz azad olunduğu gün evimiz yenə yuxuma girmişdi. Daha o atəş yox idi. Azərbaycan əsgəri dəqiq zərbə ilə evimizdəki və içimizdəki yanğını söndürmüşdü...

Orda bir ev var, uzaqda. Yanıb külə dönsə də, o ev bizim evimzidir...

O evin bağçasında güllər yenə çiçək açacaq. Güllərlə birlikdə bizim arzularımız da çiçək açacaq...

(Yenisabah)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.