Aqil Alışov: "Səngər də qəbir kimidir, sadəcə üstü açıqdır" (1-ci hissə)

9-01-2021, 06:34           
Aqil Alışov: "Səngər də qəbir kimidir, sadəcə üstü açıqdır" (1-ci hissə)
Mənimlə üzbəüz düşmən mövqelərində hərəkət, canlanma müşahidə elədim. O zaman bütün postlara gücləndirmə əmri verilmişdi.
Burada dostluğumda olub mənim yazılarımı oxuyan zabit həmkarlarım, əsgərlərim, hətta briqadanın idarə heyyətində yüksək vəzifəli zabitlər də təsdiq edə bilər ki, cavabdeh olduğum N saylı postlar, xüsusən də özümün daimi xidmət etdiyim post nə qədər təhlükəli idi.
Cavabdeh olduğum postlara düşmən hücumunun olacağı təqdirdə nə qədər tab gətirə biləcəyimi canlı qüvvə sayıma və posta təhkim olunan silah-sursatımın sayına uyğun təxmini bilirdim. Bilirdim ki, arxadan qüvvə gələnə kimi neçə saat müqavimət göstərə bilərdim...
Bakıda oturub səngəri təsvir və təsəvvür etmək bir az çətindir.
Orada işıq yoxdur, hər yer zülmət və qaranlıqdır, mobil telefonlar işləmir, set olmur. Gecələr meşələrdə ilk olaraq düşmən əsgərləri ulamağa başlayırdı, sonra meşənin bütün vəhşi heyvanları 20-30 dəqiqə dayanmadan vahiməylə ulaşırdılar. Hətta meşədə azmış ayı bir gün əsgərlərimizə hücum da etmişdi. Bir dəfə də 17 vəhşi qaban postumuzun yaxınlığında yeri elə qazmışdılar ki, elə bildim düşmən gecəylə irəliləyib mövqe ələ keçiriblər. (Bu barədə daha sonra).
İlk gecə səngərdə hər 20 dəqiqədən bir əsgərləri yoxalayarkən səngərin zülmətini təsvir edəndə özüm üçün belə bir qeyd aparmışdım: "Səngər də qəbir kimidir. Yalnız iki fərqi var: qəbir kimi üstü bağlı deyil və buradan sağ çıxmaq şansı daha çox böyükdür..."
Çox qəribə hiss idi. Zülmət gecələrdə əsgərləri yoxlamaq üçün tez-tez səngərə qalxırdım. Hər dəfə "Parol" sədaları da ayrı bir vahimə idi, əgər külək əks istiqamətdən əsərdisə səsin eşidilməyə və elə öz əsgərinin ani atdığı gülləyə tuş gələ bilərdin. Səngərdə heç vaxt ağlıma gəlmirdi ki, düşmən məni ya güllə ilə vuracaq, ya da üstümə əl qumbarası tullayacaq. Çünki mən təhlükəni başqa yerdən gözləyirdim. Səngərin isə zəhmi onun içində deyil, üstündən gələn təhlükədə idi...
Səngər xatirələrimdə iz buraxan ikinci qeydimi isə birinci həftənin tamamında belə qeyd etmişdim: "Səngər gecələri də uzun olurmuş, qürbət gecələri kimi..."
Bütün postlara gücləndirmə verilmişdi. Kəşfiyyat məlumatına görə, postlarımıza mobil qruplarla düşmən hücum planlaşdırmışdı... Korpusun əməliyyat şöbəsi tərəfindən mənim postuma kömək üçün mayor Qarayev göndərilmişdi. Telefonla danışmaq üçün səngərdən bir neçə yüz metr məsafədə olan bir nöqtəyə getməli idik. Həmin nöqtənin adına "ölüm nöqtəsi "deyirdim. Zabit kimi yox, jurnalist kimi əvvəlcədən hara gedəcəyim, hansı ərazidə xidmət aparacağım yeri araşdırmışdım. Ora gedəndə mənə məlumat verilmişdi ki, bu nöqtədə düşmən bir neçə hərbçimizi snayperlə vurmuşdu, hətta o nöqtədə şəhid olanlarımız da var idi.
"Ölüm nöqtəsi" dediyim yer bizim nəzarətimizdə idi. Həm də çox yaxın yer idi, həm "blindaja", həm də düşmənə. O yerlə üzbəüz düşmən mövqelərində hündür ağac vardı. Düşmən snayperləri orda, ağacın başında masqalanaraq mövqe tutub, bizi nişan alırdı. Odur ki, gündüzlər ora gedib görünmək və telefonla danışmaq təhlükəli idi...
Postumuza gələn rabitə xəttini düşmən kəsmişdi deyə dayaq məntəqəsi və briqadaya məlumat verə bilmədik. Gecə saat təxminən iki- üç arası olardı... Hərbi hissəyə məxfi məlumatı yalnız mobil telefonla dolayısı yolla çatdırmaq lazım idi. Mayor Qarayevlə həmin əraziyə getdik.
Mən qabaqda gedirdim, mayor Qarayev isə arxamca gəlirdi. O qədər zülmət qaranlıq idi ki, yarım metrlik məsafədən adam bir-birini görə bilmirdi. Mayor Qarayev hardasa 15 ilin zabitiydi. Nədənsə silah götürmədi. Mənsə ehtiyata iki maqazin götürüb cibimə qoymuşdum, biri də avtomatın üstündə idi. Dəmir zirehi isə (bronjilet) geyinməmişdim. "Zatvor"u da çəkmişdim, silah hazır vəziyyətdə idi, təkcə qoruyucunu bağlamışdım...
Həmin ölüm nöqtəsinə çatmağımıza iki metr qalmış bizdən sol tərəfdə, hardasa 7-8 metrliyimizdə, tunelin içində addım səsləri eşitdim. Bu, bizimkilər deyildi. Əgər elə idisə, mütləq xəbərim olardı. Hətta gecə yarısı müəyyən səbəblərə görə bizim posta gələn adamlara əvvəlcədən təyin etdiyimiz parolu verirdilər. Həmişə də parollar yuxarı qərərgahdan verilirdi. Qəfil gələn də olsa, parola cavab verməli idi, parolu bilməyənin isə orda nə işi ola bilərdi?..
Addım səslərinin bir nəfərə məxsus olduğunu təxmin etdim. Təqribən bir dəqiqə yerimdən tərpənmədim. Səs gələn tərəfdən yuxarıda isə alışqan işığına oxşar bir işıq yandı. Mayorsa nə baş verdiyini, bəlkə də, bilib, ora silahsız gəlməyinə peşman olmuşdu, amma heç nə büruzə vermirdi. Büruzə versək belə, zülmət qaranlıqdan sifətimizi belə görə bilmirdik ki, hansı hiss keçirdiyimizi başa düşək. O qədər vahiməli qaranlıq idi ki, üz-üzə dayananda belə qarşındakının sifəti seçilmirdi. Nə isə...
Təqribən 10 metrliyimdə iki təhlükəni hiss elədim. Üçüncüsü də olmalı idi. Amma gözlədiyim üçüncü yox idi, daha doğrusu, vardı, sadəcə, mən görmürdüm... Amma o təhlükəni də yaxınlıqda hiss edirdim. Vaxt gedirdi...
Barmağımı silahın qoruyucusuna aparıb açmaq istədim, sanki gecənin o zülmət qaranlığında qoruyucunu açmaq istədiyim barmağımı belə gizlin aparırdım tətiyə. Belə demək mümkünsə, barmaqlarımı belə döyüş hazırlığı vəziyyətinə gətirmişdim...
Təsəvvür edin ki, bunu etmək üçün sadəcə bir saniyə vaxt lazım idi. Fikrim tunel tərəfə atəş açmaq idi, amma hansı təhlükəyə tərəf, axı 10 addımlığımda iki təhlükə vardı, üçüncüsünü də hiss edirdim, amma görə bilmirdim. Burada nə etməli idim? Korpusun mayoru da, mən də sadəcə yerimizdə donub qalmışdıq. Hər yer açıqlıq, müdafiə olunmağa yer yox, ehtiyat səngərə tullanmağa da ən azı 10 saniyə vaxt lazım idi, amma bir saniyəlik əməliyyatı yerinə yetirmək üçün tərəddüd edirdim. Barmağım silahın qoruyucunun üstündə idi, işıq gördüyüm tərəfə atəş açmaq istəyirdim, qəfil yadıma düşdü ki...
Davamı var...
Əziz oxucular! Yazının davamını bu yaxınlarda oxuyaqsınız. Bu hadisəni mən özüm yaşamışam, yəni bu yazının müəllifidir o təhlükə ilə üzləşən zabit.
Birinci dəfədir özümdən yazıram. Həm də faktlarla...Amma bu yazını niyə yazdım?
Dünən qazimiz Vüsal Musayevin müalicə aldığı hərbi hospitalda özünü asaraq intihar etməsi ilə bağlı xəbərin rəsmi və qeyri-rəsmi tirajlanmasına görə gözlərim doldu. Axı niyə müharibə acılarını bilmədən xəbərləri bu cür təqdim edirsiniz? O, müharibəyə sağlam getmişdi. Bildiyim qədər qazimizin özü fermer təsərrüfatı ilə məşğul olurmuş, maddi imkanı yüksək səviyyədə olub, buna baxmayaraq hər şeyi atıb cəbhəyə gedibmiş.
O bilirdi ki, şəhid də ola bilər, yaralana da bilər, hətta buradan yaza bilmədiyim hallara da düşə bilər. Bu qazinin ölümü haqda məlumatı hər kəs günahı üstündən atmaq üçün verir, Müdafiə Nazirliyinin Hospitalı da, müstəqil saytlar da, sosial şəbəkələr də xəbər yükünün fərqində deyillər...
Bəs dünənə kimi qazi, bu gün şəhid sayılan qardaşımız Vüsal Musayevin ondan yadigar qalan iki övladını düşünmədiniz? Onlar ataları ilə bağlı yazılanları oxuyub, hansı psixoloji gərginlik keçirəcəklərini başa düşmürsünüz?
Düzdür, mən də o xəbəri yaydım, həm feysbuk statusumda, həm də saytda. Amma rəsmi və qeyri-rəsmi yayılan kimi vermədim o xəbəri.
HAŞİYƏ: Müharibə vaxtı cəbhə bölgələrinə səfərim zamanı Xocavənd xəstəxanasında yaralılarla görüşdə idim. Otaqların birindən iki nəfər ağlaya-ağlaya çıxdı, arxalarınca xəstəxananın baş həkimi Nurəngiz xanım çıxdi. Onun da gözləri dolmuşdu, ağlayırdı. Mən öyrəndim o ağlamağın səbəbini. Amma heç yerdə yazmadım, yaza bilmədim, yazılası deyil...
Bəlkə yazsam, özüm də qurtularam hər gün o hadisəni fikirləşib çəkdiyim əzabdan...amma bacarmıram yazıb minlərlə oxucunu dəli edim, psixologiyasını pozum. Olmaz, əziz insanlar, vallah olmaz.
Başa düşürəm, Müdafiə Nazirliyi xəbəri o cür açıqlamqla sosial şəbəkələrdə (haqlı, haqsız deyə bilmərəm) püskürülən nifrəti zərərsizləşdirdi, sosial şəbəkələr bir qazinin hansı diqanozla yatdığını bilmir deyə od püskürür Müdafiə Nazirliyinə. Amma nəticədə bizim üçün döyüşüb şəhid olan bir qəhrəmana dəli diqanozu qoyuruq, onun da övladları bir ömür ataları haqqında sosial şəbəkələrdən bu xəbərləri oxuyacaq...
Məncə bir nəfər təşkilatçı çıxıb bu qazi ilə bağlı yayılan xoşagəlməyən xəbərləri sildirməlidir saytlardan, sosial şəbəkələrdən. Hətta Müdafiə Nazirliyinin rəsmi açıqlanması belə o cür getməməlidir.
Döyüşdə hansı şəraitdə yaralanmağı, diaqnozu kifayət edir onun intihar etmə səbəbi haqda düşünməyi.
Mən hamınızdan xahiş edirəm, o xəbərləri elə paylaşmayın!
Hələ çox belə hadisələr olacaq.
Müharibə həm də budur...
Əgər Vüsal Musayevin döyüş yoldaşlarını tanıyan varsa, əlaqə saxlayağın, haqqında iştirak etdiyi döyüş əməliyyatlarından yazaq ki, övladları atalarını təkcə intihar xəbəri ilə xatırlamasınlar.
Mən belə düşünürəm...
O ki qaldı mənim tuneldə qarşılaşdığım təhlükəyə, mütləq oxuyacaqsınız. Hətta oxumasanız da olar, mən sağam...
Aqil Alışov
http://www.miq.az/.../aqil-alisov-senger-de-qebir.../












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.