Beriyanın atom bombası - ABŞ-ın gizli sənədləri
22-02-2021, 01:57
Alamoqordo yaxınlığındakı səhrada ilk Amerika atom qurğusunun sınağının keçirilməsindən sonra SSRİ də öz nüvə silahının yaradılması üzrə işləri xeyli sürətləndirdi. Dövlət Müdafiə Komitəsinin 20 avqust 1945-ci il tarixli qərarı əsasında xüsusi komitə yaradıldı. Buraya L.P.Beriya (sədr), Q.M.Malenkov, N.A.Voznesenski, B.L.Vannikov, A.P.Zavenyagin, İ.V.Kurçatov, P.L.Kapitsa, V.A.Maxnev, M.Q.Pervuxin daxil idilər. Komitəyə “uranın atomdaxili enerjisindən istifadə üzrə bütün işlərə rəhbərlik” vəzifəsi həvalə olunmuşdu. Sonradan o, SSRİ Nazirlər Soveti yanında Xüsusi Komitəyə çevrildi.
L.P.Beriya bir tərəfdən bütün kəşfiyyat məlumatlarının əldə olunması işini təşkil edir və bu işə rəhbərliyi həyata keçirir, digər tərəfdən bütövlükdə layihəyə ümumi rəhbərliyi gerçəkləşdirirdi. 1953-cü ilin martında Xüsusi Komitəyə müdafiə əhəmiyyətli digər xüsusi işlərə rəhbərlik etmək də həvalə olundu. Sov.İKP MK Rəyasət Heyətinin 26 iyun 1953-cü il tarixli qərarı əsasında (L.P.Beriyanın vəzifədən götürüldüyü və həbs olunduğu gün) Xüsusi Komitə ləğv edildi və onun ştatı yeni yaradılmış SSRİ Orta Maşınqayırma Nazirliyinə verildi).
29 avqust 1949-cu ildə atom bombası Semipalatinsk poliqonunda sınaqdan keçirildi. Elə həmin gün L.P.Beriyaya “atom enerjisi istehsalı işinin təşkili və atom silahının sınağının uğurla bitməsinə görə” I dərəcəli Stalin mükafatı verildi. Bəzi məlumatlara görə, L.P.Beriya həmçinin SSRİ-nin fəxri vətəndaşı adına da layiq görülmüşdü.
Onun SSRİ-nin atom bombası hazırlığına rəhbərlik etməsi ilə bağlı ABŞ arxivlərində də məlumatlar var.
“ABŞ mürtəce qüvvələr üçün cazibə mərkəzidir”
1951-ci il noyabrın 6-da Moskva Sovetinin iclasındakı məruzəsində Beriya deyir: “Son il ərzində bütün dünyada iki əsas qüvvə – iki cazibə mərkəzi daha aydın surətdə müəyyənləşib. Bir tərəfdə sosializm və demokratiya cəbhəsinə başçılıq edən Sovet İttifaqı durur ki, o, yeni müharibənin qarşısını almaq və sülhü möhkəmlətmək uğrunda, xalqların öz həyatını istədikləri kimi qurmaq hüququ uğrunda mübarizə aparan bütün mütərəqqi qüvvələr üçün cazibə mərkəzidir. Digər tərəfdə isə imperializm cəbhəsinə başçılıq edən Amerika Birləşmiş Ştatları durmuşdur ki, o, bütün dünyada başqa xalqları soymaq və əsarət altına almaqdan ötrü yeni dünya müharibəsinə başlamağa can atan təcavüzkar və mürtəce qüvvələr üçün cazibə mərkəzidir”.
O, məruzəsini davam etdirərək deyir: “ABŞ iki müharibə ocağını – Qərbdə Almaniya dairəsində və Şərqdə Yaponiya dairəsində olan müharibə ocaqlarını açıqca bərpa etməkdədir; halbuki keçən müharibə zamanı bu müharibə ocaqlarının ləğv edilməsi azadlıq sevən xalqlara milyonlarla insan canı bahasına tamam olmuş, bu xalqlardan çox böyük maddi qurbanlar verməyi və ağlasığmaz əzablar çəkməyi tələb etmişdi”.
7 oktyabr 1952-ci il tarixli nitqində isə bildirir: “Amerika Birləşmiş Ştatlarının indiki başçıları – Amerika dövlət və hərb maşınının sükanlarını öz əllərində saxlayan morqanlar, rokfellerlər, mellonlar, düponlar və sairələri başqa dövlətlərin iqtisadiyyatını tezliklə əllərinə alıb özlərinin mənafeyinə tabe etdirmək üçün Avropa Kömür və Polad Birliyi, Dünya neft karteli kimi yeni dünya inhisarları yaratmaqla qızğın məşğuldurlar”.
Beriya məruzələrində ABŞ əleyhinə bu çıxışları etdiyi zaman artıq bir il idi ki, bu ölkəni təkrarlayaraq atom bombası hazırlayırdı. 2017-ci ildə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) məxfiliyi ləğv olunan 13 milyon sənədə girişi açıq elan etdi. MKİ sənədləri 800 min qovluqdan, 13 milyon səhifədən ibarət idi.
Göyçə gölü yaxınlığında atom bombası...
Açıqlanan sənədlər arasında Beriyanın Göyçə gölü yaxınlığında atom bombası hazırlaması ilə bağlı materiallar da yer alıb. BBC-nin yaydığı xəbərdə qeyd olunur ki, ilk Sovet atom bombası RDS-1 Amerikada istehsal olunmuş “Fat Man” bombasını təkrarlayır və plutoniumun parçalanması əsasında işləyirdi. RDS-1 üzərində işlər 1949-cu ildə başa çatıb, lakin onun dəqiq istehsal olunduğu yer son vaxtlara kimi məxfi saxlanırdı. Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, istehsal obyektlərinin yerləşdirilməsi üçün Sovet rəhbərliyi Ermənistanda Göyçə gölü yaxınlığındakı ərazini seçib. Sənəddə “Beriyanın son seçimi Ermənistan oldu” yazılıb. Sənədə əsasən, RDS-1 istehsalı üzrə müəssisələrin inşaatı 1947-1948-ci illərdə aparılıb. Tikinti meydanları Alagöz dağının şərqindəki 6 bazalt mağarasında yerləşibmiş. Bu ərazinin seçilməsi burada Zəngi çayı və 2 milyon kilovat gücündə su elektrik stansiyasının olması ilə izah edilir.
Sənəddə deyilir ki, “Zəngi çayı boyunca böyük ərazi Alagöz dağının şərq yamacları, Göyçə gölü və Kanair yaylası indi məxfi zonadır, onlara seçilmiş qoşunlar nəzarət edir. Atom bombası zavodunun bütün departamentləri çayın bazalt sahilləri boyunca yerləşən 6 mağarada yer alıb. Yüksək bazalt qayalıqları arasından axan və bir neçə şəlalə yaradan bu çay su-elektrik stansiyaları üçün idealdır. Zəngi sisteminin tikintisinə 1932-ci ildə başlanmışdı, 1947-ci ilədək burada 10-dan artıq və ümumi gücü 2 milyon kilovat olan elektrik stansiyası vardı”.
Sənədə əsasən, Politbüro ilk olaraq atom silahlarını 1947-ci ildə, əsir alınmış alman mütəxəssislərindən istifadə edərək istehsal etməyi nəzərdə tutub. 1948-ci ildən Çexoslovakiya və Saksoniyadan Ermənistan ərazisinə uran tədarük edilib. RDS-1 1949-cu ilin iyulunda işlənib hazırlanıb, avqustda Maqnitoqorsk şəhərinin 100 kilometrliyindəsınaqdan keçirilib. Eyni zamanda, rəsmi versiyaya görə, RDS-1 Qazaxıstan Respublikasının Semipalatinsk vilayətindəki poliqonda partladılıb.
MKİ məruzəsində layihənin elmi və texniki direktorunun professor Arakelyan (yalnız soyadı göstərilir) olduğu bildirilib: “O ermənidir, Mikoyanın məktəb yoldaşlarından biridir və Stalin ona inanır”.
1950-ci il tarixli bu məruzə ilk dəfə İsveç dilində hazırlanıb və İsveçdə dərc edilib.
Qaynaq:
Hollovey D, Reyfild D, Ferr Q. Beriya. Qulaq imperiyası. Bakı, 2014
Beriya L.P. Böyük Oktyabr Sosialist inqilabının 34-cü ildönümü. 1951-ci il noyabrın 6-da Moskva Sovetinin təntənəli iclasında məruzə. Bakı, 1951
Beriya L.P. ÜİK(b)P XIX qurultayında nitq: 7 oktyabr 1952-ci il. Bakı, 1952, səh. 5
“Mərkəzi Kəşfiyyat İdarəsi 13 milyon məxfi sənədi internetdə paylaşdı”
www.bbc.com/azeri/38668227
“Məxfi sənədlər: Beriya Göyçə gölü yaxınlığını niyə seçdi?”
www.bbc.com/azeri/region-38689607
“Atom bomb plant in Soviet Armnenia”
https://www.cia.gov/library/readingroom/docs/CIA-RDP80-00809A000600320186-0.pdf