SSRİ-nin böyük hərbi qələbəsinin ziyafəti – süfrəsi zəngin masada tərif dolu tostlar da bol olub.

30-11-2021, 08:56           
SSRİ-nin böyük hərbi qələbəsinin ziyafəti – süfrəsi zəngin masada tərif dolu tostlar da bol olub.
Bütün müharibələrdən sonra qalib ölkə öz qələbəsini böyük təntənə ilə qeyd edib. Bu təntənələrdə hərbi parad və rəsmi toplantı ilə yanaşı, bayram ziyafətinin verilməsi də ənənəyə çevrilib və qeyri-rəsmi şəraitdə keçirilən ziyafətlərdə maraqlı məqamlar daha çox olub.
Sovet-alman müharibəsindən sonra SSRİ-nin bütün məkanlarında da çoxsaylı bayram tədbirləri təşkil olunub. Bu tədbirlərin ən mötəbəri isə paytaxt Moskvada keçirilib.
Qələbə münasibətilə Kremldə ilk dəfə böyük bayram ziyafəti verilib, 1945-ci il mayın 24-də və Qələbə paradından bir gün sonra iyunun 25-də. Hər iki ziyafətdə maraqlı anlar yaşanıb. Amma tarixçilərin qənaətinə görə, birinci ziyafət daha yaddaqalan hadisələrlə tarixə həkk olunub.
Qələbə münasibətilə ziyafətin təşkil olunmasına 1945-ci ilin mayın 12-də qərar verilib, məkan və vaxt müəyyənləşdirilib: Kreml, Georgievsk zalı, 24 may, saat 20:00.
Ziyafətə 300-dən artıq qonaq dəvət edilib: marşallar, generallar, cəbhə və ayrı-ayrı qoşun komandanları, siyasi liderlər, hərbi sənaye üzrə konstruktorlar, elm, incəsənət və mədəniyyət xadimləri.
Bayram süfrəsində tamadalıq missiyası Vyaçeslav Molotova həvalə edilib. Ziyafətdə 31 tost söylənilib. 5 tostu Stalin söyləyib ki, o, bu tostlarda 45 nəfərin adını çəkib.
Molotov ilk badələri ordunun marşallarının, admirallarının, zabit və əsgərlərinin, Ali Baş Komandan Stalinin şərəfinə qaldırmağı xahiş edib.
İkinci badələr Lenin-Stalin partiyasının şərəfinə içilib.
Molotov üçüncü tostunda ziyafət iştirakçılarına SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinini xatırladıb və bildirib ki, Kalinin səhhəti ilə əlaqədar bu tədbirdə iştirak edə bilmir. Molotovun Kalinin haqqında sağlığına Stalin kiçik bir əlavə edib: “Bizim prezidentin, Mixail İvanoviç Kalininin şərəfinə!”
Bu tostdan sonra Stalin təşəbbüsü ələ alaraq Molotovun şərəfinə badə qaldırmağı təklif edib, xarici siyasət rəhbəri haqqında qısa nitqini o, belə yekunlaşdırıb: “Düzgün xarici siyasət bəzən iki-üç ordunun işini görür, bu badələri qaldıraq Vyaçeslavın şərəfinə...”
Bu ziyafətdə Molotov yeganə şəxs olub ki, Stalin onun adını rəsmiyyətsiz, yalnız adı ilə söyləyib.
Ziyafətdə cəbhə komandanlarının şərəfinə badə qaldırılanda marşal Jukovun adı xüsusi qeyd olunub. Molotov marşalın Berlin əməliyyatı haqqında danışıb. Stalin bu dəfə də Molotovun tostuna öz əlavəsini edib: “Rədd olsun Hitler Berlini, yaşasın Jukov Berlini!”
Növbəti sağlıqların birində Molotov badələri sona qədər doldurmağı xahiş edib və o, hərbi dənizçilərin, hərbi-dəniz donanmasının şəxsi heyətinin şərəfinə tost söyləyib.
Gecə yarıdan keçənə qədər davam edən ziyafətdə Stalinin iştirakına baxmayaraq məmurlar və hərbçilər çox sərbəst görünüblər. Ziyafətdə zarafatlar, atmacalar da az olmayıb. Məhz həmin ziyafətdə Stalin yan-yana dayanmış İvan Baqramyana və Andrey Yeremenkoya yaxınlaşaraq bir az miskin görünən generallarla fikir bildirib:
- Təəssüf ki, siz marşalların sırasında dayanmamısınız. Səbəbini özünüz daha yaxşı bilirsiniz...
Həmin ziyafətdə Qələbə paradının hansı gün keçirilməsi də ayaqüstü müzakirə olunub. Stalin bayram tədbirini iclasa çevirməmək üçün konkret fikrini bildirib:
- Artıq qərar verilib. Qələbə paradı bir aydan sonra, iyunun 24-də keçiriləcək.
Stalin mövzuya son qoymasına baxmayaraq general Ştemenko ona daha bir sual verməyə özündə cürət tapıb:
- İosif Vissarionoviç, Qələbə paradını qəbul etmək şərəfi kimə qismət olacaq?
Stalin generalın sualını zarafatla cavablandırıb:
- Dövlət Müdafiə Komitəsi belə qərara gəldi ki, həmin tarixi gündə sizi əziyyətə salmasın. Buna görə də qərara alındı ki, paradı Jukov qəbul etsin, parada komandanlıq isə Rokossovskiyə həvalə olunsun. Siz isə fəxri kürsüdə əyləşib bu tarixi səhnəni seyr edərsiniz.
Bayram ziyafətində marşal və generallara ali dövlət mükafatları da təqdim edilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin 30 mart 1945-ci il tarixli fərmanı ilə ikinci dəfə “Qələbə” ordeni ilə təltif olunan Jukovun ordeni də məhz bu ziyafətdə ona təqdim edilib.
Ziyafətin sonunda qələbə tostunu söyləmək üçün Molotov Stalinə söz verib. Stalin 30 dəqiqəyə yaxın çıxış edib. O, öz nitqini “mən dövlət başçısı kimi bu badələri sovet xalqının, ilk növbədə isə rus xalqının şərəfinə qaldırmaq istəyirəm” ifadəsi ilə başlayıb.
Müharibədən çıxmış ölkə olmasına baxmayaraq, ziyafətdəki masaların üstü zəngin olub. Menyuda qara kürüdən tutmuş, balıq növlərinə, fərqli içki çeşidlərinə, təbii qəhvə və şirniyyatlara qədər istənilən seçimi etmək imkanı olub. Mövcud dövr üçün bunlar əlçatmaz sayılıb. Amma hər halda böyük qələbəni qeyd etmək üçün səxavətli olmağa dəyər...
İlham Cəmiloğlu.
Teref/az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.