Hitlerin “Sehirli fleyta”sı – Əməliyyat zamanı Minskdə yüzlərlə adam güllələnib, əsir edilib.

4-02-2022, 00:04           
Hitlerin “Sehirli fleyta”sı –
Ən yeni tarix. Maraqlı faktlar.
Motsartın “Sehrli fleyta” operası bəstəkara çox da böyük uğur gətirmədiyi kimi, Hitlerin SSRİ-nin işğal olunmuş ərazilərində, Belarusiyanın paytaxtı Minsk şəhərində keçirdiyi “Sehrli fleyta” əməliyyatı da fürerə istədiyi nəticələri verməyib. Motsart sözügedən operanın ilk təqdimatından 37 gün sonra vəfat edib, Hitler isə öz ölüm anını, intiharını bir az gecikdirə bilib...
Stalinqrad döyüşlərindən sonra almanlar üçün yaranmış gərginliyi aradan qaldırmaq üçün Hitler sərt tədbirlərə əl atmağa qərar verib. Vermaxt qoşunlarının Stalinqradda böyük itki verməsi və geri çəkilməsi qəzəbli füreri daha da amansız edib. İşğal etdikləri SSRİ ərazilərində mövqelərini saxlamaq üçün Hitler yeni əməliyyatların keçirilməsinə imza atıb. Onlardan biri də fürerin təşəbbüsü ilə “Sehrli fleyta” adını daşıyıb.
Əməliyyatın Belarusiyanın paytaxtı Minsk şəhərində keçirilməsi planlaşdırılıb. Bu şəhərdə işğalçılara qarşı gizli partizan dəstələrinin fəallaşması Hitleri narahat edib.
Əməliyyata 2800 “SS” əməkdaşı və Vermaxt qoşunları cəlb edilib. Altı gün davam edən (17-22 aprel 1943-cü il) əməliyyatın ilk günü Minsk şəhərinə giriş-çıxış dayandırılıb və şəhər Vermaxt qoşunları tərəfindən ətraflar tam təcrid olunub. Əməliyyatın aparılması üçün şəhər 6 sektora bölünüb.
Mövcud dövrdə Minsk şəhərinin əhalisinin sayı 130 min nəfərə çatıb. Altı gün ərzində 76 min nəfər yoxlanılıb. Bu rəqəm əməliyyat iştirakçılarının olduqca operativ və çevik işləməsinin sübutudur. Yaşayış evləri ilə yanaşı vağzallar, təhsil və mədəniyyət ocaqları, iaşə və ticarət obyektləri, inzibati binalar da yoxlanılıb.
Altı günlük əməliyyatda 22 min nəfər saxlanılıb. Onların arasından 14-60 yaşlı kişilər, 16-45 yaşı qadınlar Minskdə yaradılmış xüsusi toplanış məntəqəsinə göndərilib. Tibbi baxışdan sonra sağlam və işə yararlı olanlar Almaniyada hərbi sənaye müəssisələrində işə göndəriliblər. Qalanları isə Belarusiyada kənd təsərrüfatı işlərinə cəlb olunublar və onların üzərinə kənd təsərrüfatı məhsullarının təhvil verilməsi ilə bağlı öhdəlik qoyulub.
Əməliyyatın əsas məqsədlərindən biri şəhər sakinlərinin gizli saxladıqları silahları yığmaq olub. Almanlar bu məsələdə heç nə əldə edə bilməyiblər. Altı günlük əməliyyat zamanı şəhər sakinlərində cəmi 39 tüfəng, 12 tapança, 7 əl qumbarası tapılıb.
Keçirilən əməliyyata qarşı müqavimət göstərən yerli sakinlər dərhal yerindəcə güllələniblər.
Bu ərəfədə Minsk yaxınlığında gizli fəaliyyət göstərən partizan dəstələri bir müddət geri çəkilməyə məcbur olublar.
“Sehrli fleyta” əməliyyatına Hitlerə yaxınlığı ilə tanınan general Kurt fon Hottberq rəhbərlik edib. O, “SS” baş idarəsinin qeydiyyat şöbəsinin rəisi, eyni zamanda Hitlerin əmri ilə işğal olunmuş Belarusiyanın baş komissarı vəzifəsində xidmət edib. Əməliyyatın gedişində birbaşa iştirak edən Hottberq təkcə iki gün ərzində, 17-18 aprel tarixlərində düşmənə müqavimət göstərən 46 nəfər belarusu güllələyib. Onun vəhşiliyini hadisə şahidi olan Klavdiya Borbat sonralar belə xatırlayıb:
“Mən kommunal təsərrüfat idarəsində xadimə işləyirdim. İdarəmiz şəhərin mərkəzi hissəsində yerləşirdi. Aprelin 17-də səhər saatlarında idarəyə iyirmidən artıq alman gəldi. Heç bir sorğu-sualsız, qapıları təpiklə açıb otaqları yoxlamağa başladılar. Gələnlərin arasında eynəkli bir nəfər də var idi. Hərəkətlərindən hiss edirdim ki, bu adam gələn dəstənin başçısıdır. Baş mühasibin otağına keçəndə o qışqıraraq nəsə soruşmağa başladı. Baş mühasibimiz savadlı adam idi, az-çox alman dilində də danışa bilirdi. O, eynəkli adama nəsə dedi. Bundan sonra eynəkli adam tapançasını çıxarıb otaqda olan üç nəfəri güllələdi. Onlar sonra idarənin həyətində olan yardımçı otağa keçdilər. Oranı alt-üst etdikdən sonra benzin töküb yandrdılar...”
Qeyd edək ki, Kurt fon Hottberq 1945-ci ilin mayın 31-də ələ keçməmək üçün özünü güllələyərək intihar edib.
Hərbi eksperlərin və tarixçilərin qənaətinə görə, Hitlerin təşəbbüskarı olduğu “Sehrli fleyta” əməliyyatı almanların istədiyi nəticəni verməyib. Bu əməliyyatdan sonra Minsk ətrafındakı meşə massivlərində gizlədilmiş silahlar yenidən almanlara tuşlanıb, partizan dəstələri yenidən fəaliyyətə başlayıblar.
Ümumiyyələ, sovet-alman müharibəsi illərində almanlar Belarusiyada 140-dan artıq hərbi əməliyyat keçiriblər. Bu əməliyyatlar nəticəsində 5663 yaşayış məntəqəsi məhv edilib, onlardan 619-u isə sakinləri ilə birlikdə yandırılıb.
Bütün bu dəhşətli statistikaya baxmayaraq, sonda Belarusiya, “Sehrli fleyta” əməliyyatını keçirildiyi Minsk şəhəri 3 iyul 1944-cü ildə düşmən işğalından azad olunub.
İlham Cəmiloğlu.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.