ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır

19-09-2023, 00:03           
ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır
Dünyada bir çox qanlı savaşların başlamasının səbəbi:ABŞ-ın yürütdüyü riyakar və ikiüzlü siyasətinin nəticəsidir.
Nobel mükafatçısı, məşhur biokimyaçı-alim Aziz Sancarın xatirələrində yazır: “Bir gün Los-Ancelesdə alış-veriş edirdim. Çıxışda kassir qız soruşdu:
- Siz haralısınız?
- Türkiyəli, türkəm.
- “Gece yarısı Ekspresi” filmini izlədim. Siz türklər faşistsiniz.
- Xanım, mən isə Naqasaki və Xirosimanı izlədim. Amma bu, film deyildi".
Böyük türk aliminin bu möhtəşəm cavabına dünyanın ən güclü ölkəsi sayılan ABŞ-ın 19-cu əsrdən başlayaraq 200 il ərzində minlərlə hinduya, eləcə də digər xalqlara qarşı sözün həqiqi mənasında həyata keçirdiyi digər soyqırım aktlarını da əlavə etmək lazımdır. Siyasətçilərin fikrincə, dünyada ölkələrin soyqırım indeksi hazırlansa, bu siyahıda ABŞ birinci yerdə olar. Dünyada bir çox qanlı savaşların başlaması, yaxud davam etməsi dünyanın super gücü kimi ABŞ-ın yürütdüyü riyakar və ikiüzlü siyasətinin nəticəsi olaraq tarixə düşüb. Dünyada elə bir ölkə yoxdur ki, klassik dövlətçilik anlayışı ilə uzlaşmayan 247 illik tarixində ABŞ qədər saysız-hesabsız cinayətlər törətsin. Bu gün dünyanın müxtəlif bölgələrində, Koreyada, Vyetnamda, Əfqanıstanda, Ərəbistan yarımadası və Aralıq dənizi hövzəsində baş verən dəhşətli insan faciələrinin hər birində Pentaqonun açıq imzası var. ABŞ hansı ölkəyə ayaq basıbsa, oraya müharibə, aclıq, səfalət və uzun illər davam edən vətəndaş müharibələri, qarşıdurmalar gətirib.
Çağdaş geopolitik reallıq bundan ibarətdir ki, bu gün dünyada bütün gərginlik nöqtələri ABŞ-ın istəyi və planlarına uyğun yaradılır, bütün siyasi oyunların bir məqsədi var: hər hansı regionda və ya ölkədə Amerikanın maraqlarını təmin etmək, həmin ərazinin sərvətlərini nəzarətə götürmək və istismar etmək. ABŞ-ı nə demokratiya, nə insan hüquqları, nə sülh, nə də sabitlik maraqlandırır.
Cənubi Amerika, Afrika, Asiyanın böyük bir hissəsi Amerikanın siyasi oyunları üçün poliqona çevrilib. ABŞ görüntüdə təqdim olunduğu kimi ədalət və obyektivlik prinsipindən deyil, hər zaman öz maraqlarından çıxış edir. Bütün zamanları əhatə edən bu siyasət bu gün də davam etməkdədir.
Baxmayaraq ki, paralel olaraq Vaşinqton elə ərazi bütövlüyü və suverenlik prinsiplərini rəhbər tutaraq Ukrayna, Gürcüstan və Moldovaya münasibətdə “alovlu” bəyanatlar verir, separatizmin yolverilməzliyindən danışır. Azərbaycana münasibətdə isə separatçıların ən böyük dəstəkçilərindən biri kimi məhz Vaşinqton özü çıxış edir. Azərbaycan üçün son 30 ilin təcrübəsi ABŞ-ın erməni məsələsi və Cənubi Qafqaz siyasətinun konturlarını aydın göstərir. Bu siyasi xətt ilk növbədə, ermənilərin maraqlarının müdafiəsinə və Azərbaycana qarşı yönəlib.
Məhz bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədri olduğu 22 il ərzində ABŞ bir dəfə də olsun işğal faktını tanımadı və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb etmədi. İndi isə regionda sülh və təhlükəsizlikdən danışan ABŞ istər Dövlət Departamentində, istərsə də qanunverici orqanlarında açıq formada separatçılara dəstək verməyə, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik ruhunda mühit formalaşdırmağa başlayıb. ABŞ separatçı rejimin terrorçu koordinatorlarını okeanın o tayına səfərə dəvət edib görüşlər keçirərək, cinayətkar rejimin ofisini yaradaraq separatizmə bütün mümkün dəstəyi verib. Eyni zamanda Dövlət Departamentinin birbaşa dəstəyi ilə fəaliyyət göstərən fondlardan “Qarabağa yardım”, habelə mina təmizləmə adı altında milyonlarla dollar yardım verərək separatizmin maliyyə dayaqlarından birini təşkil edib. Belə olan halda Vaşinqton Ukraynada, yaxud Gürcüstanda separatizmlə mübarizədə səmimi ola bilməz. ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Bononun regiona səfəri bölgədə problemlərin həllinə heç bir töhfə vermədi və nəticəsiz qaldı. Çünki ABŞ öz niyyətində səmimi deyil – onu sülh maraqlandırmır. Azərbaycan–Ermənistan münasibətlərinin nizamlamasında vasitəçi funksiyasını üzərinə götürmüş ABŞ son vaxtlaradək problemə münasibətdə ədalətli kimi sayıla biləcək mövqe ortaya qoyurdusa, indi yalnız ermənipərəstliyi müşahidə edirik. Məsələn, Dövlət katibi Antoni Blinkenin verdiyi açıqlamalarda Laçın-Xankəndi yolunun dərhal açılmasına yönələn çağırışların sayı artmaqdadır. Belə çıxır ki, Azərbaycanın suveren ərazisi hamının sərbəst şəkildə gəlib-gedə biləcəyi “boz zona” olmalıdır?! İndi Dövlət Departamentinin təmsilçisi Y.Kimin ermənipərəstlərin Senat yığıncağında söylədikləri də, əslində, Blinkenin dediklərindən bir o qədər fərqlənmir. Halbuki, Vaşinqtonda son görüşün razılaşmasına əsasən, sentyabrın 1-də Ağdam-Xankəndi marşrutu işə düşməli idi. Amma proseslərin sonrakı gedişində ABŞ razılaşmaya müqavimət göstərən Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılara təzyiq göstərmək əvəzinə, öz mövqeyindən geri çəkildi və bu gün istər Dövlət Departamenti, istərsə Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır.
Nəticə etibarı ilə ABŞ Azərbaycan ictimaiyyətinin gözündə Fransa ilə birlikdə Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəfə çevrilir. Bu prosesdə itirən isə yenə də kənar maraqların oyuncağına çevrilən Ermənistan olacaq. Çünki, ən yaxın siyasi tarix ABŞ-ın etibarsızlığına dair ən parlaq nümunələrlə zəngindir. Məsələn, 20 il boyunca Əfqanıstanı işğal altında tutan, marionet rejimlər yaradan ABŞ keçən il gözlənilmədən xalqı “Taliban”ın terroru ilə üz-üzə buraxaraq ölkəni tərk etdi. On minlərlə ukraynalının ölümü, şəhər və kəndlərin yer üzündən silinməsi, ölkənin az qala 25 faizinin işğalından sonra ABŞ-ın Ukraynanı ərazi işğalı ilə barışmağa məcbur etmək istəyi isə çox yaxın zamanın faktıdır. ABŞ-ın bugünkü riyakar siyasətinin də Ermənistana xeyir verəcəyini düşünmək sadəlövhlükdür. Əvizində siyasi reallıq bundan ibarətdir ki, Azərbaycan regionun lider dövlətidir və rəsmi Bakının maraqları nəzərə alınmadan bölgədə heç bir dövlət, heç bir güc hansısa layihəni həyata keçirmək gücündə deyil.
30 il işğal dönəmində Azərbaycan maraqlarını görməzdən gələnlər üçün 44 gün ərzində qəbul etdirilən həqiqət yenidən “Dəmir Yumruq” kimi masaya vurulacaq.
Tenzile Rüstəmxanlı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.