MAKEDONİYALI İSGƏNDƏR
3-07-2024, 10:54
Amerikada McNeese universitetində professor Alfredin tarix dərsində idim. Alfred müəllimə böyük hörmətim var idi, o bir çox müəllim kimi öz fikrini tələbəyə sarımağa çalışmırdı. Onun dərsləri tələbə ilə müəllimin ünsiyyəti formasında keçirdi. O öz fikrini bildirirdi və sənə də şəxsiyyət kimi hörmət eləyib, sənin fikrini soruşub diqqətlə dinləyirdi.
Professor Alfred öz işinin fanatı idi. Auditoriyanın divarlarına hər yerə tarixi şəxsiyyətlərin şəkillərini, aforizmlərini asmışdı.
Alfred müəllim auditoriyaya daxil oldu. Lövhənin üstündə asılmış Makedoniyalı İsgəndərin yekə plakatını göstərib dedi,
- Mən adətən heç bir tarixi şəxsiyyətə dərsi bütövlükdə ayırmıram, amma Makedoniyalı İsgəndər oqədər nüfüzlu şəxsiyyətdir ki, bu gün dərs tam olaraq ona həsr olunacaq.
Professor Alfred Makedoniyalı İsgəndərin tarixin gedişatındakı əhəmiyyətli rolundan bəhs elədi. Daha sonra, məhz bu dərs üçün Washington kitabxanasından gətirdiyi X əsrə aid, min beş yüz səhifəlik toz basmış əlyazmaları çıxartdı. Min beş yüz səhifənin hamısı Makedoniyalı İsgəndər haqda idi.
Dərsin birinci saatını professor Alfred tarixçilərin əsrlərlə topladığı maraqlı artefakları göstərdi bizə. İkinci saatı isə bizim fikrimizi öyrənməyə ayırdı. Qrupda yeddi nəfər idik, hamımız da müxtəlif ölkələrdən.
İlk olaraq alman Bert-dən soruşdu,
- Bert, Makedoniyalı İsgəndər kim olub?
Bert dedi,
- Makedoniyalı İsgəndər tarixin ən nəhəng beyinlərindən biri Aristotelin tələbəsi olduğuna görə, bir çox insan İsgəndərin uğurlarını Aristotel ilə bağlayır, halbuki bu səhv yanaşmadır. Aristotelin başqa tələbələri də olub, amma heç biri tarixə İsgəndər qədər iz qoya bilməyib. Fikrimcə Makedoniyali İsgəndər öz dövrünün ən mühüm fiquru olub.
Daha sonra Alfred müəllim məndən soruşdu,
- Məmməd, Makedoniyalı İsgəndər kim olub?
Dedim,
- Azərbaycanlı şair Nizami Gəncəvi görmək istədiyi ideal, ədalətli hökmdarı İsgəndərnamə poemasında məhz Makedoniyalı İsgəndərin obrazında yaratması təsadüfi deyil. Isgəndər həqiqətən görkəmli şəxsiyyət olub.
Daha sonra professor Alfred Sloveniyalı Goran-dan soruşdu,
- Goran, Makedoniyalı İsgəndər kim olub?
Goran dedi,
- İsgəndərin ölümündən iki min beş yüz il keçib. Bu iki min beş yüz ildə İsgəndər haqda minlərlə kitab yazılıb, yüzlərlə film çəkilib. Hətda bəzi institutlarda İsgəndərşünaslıq ixtisası belə yaradılıb. Bu o deməkdir ki, dünyada yüzlərlə insan bütün ömrünü tam olaraq Makedoniyalı İsgəndərin həyatını öyrənməyə həsr edir. Bu böyük göstəricidir.
Yeddi tələbənin hamısı öz fikrini bildirdi. Dərs bitdi. Evə qayıdırdım, amma hələdə Qədim Yunanıstanın atmosferindən çıxa bilməmişdim. Qılınclar, qalxanlar, döyüşlər. Aristotel müdrik məsləhətlərini İsgəndərə verir və o iyirmi minlik ordunun qarşısında çılğın nitq söyləyir!
Makedoniyalı İsgəndərin təsiri altında idim.
Evə gəldim. Evdə Rəşad adlı azərbaycanlı ilə qalırdım.
Soruşdum,
- Rəşad, Makedoniyalı İsgəndər kim olub?
Dedi,
- Petux olub.
Bircə kəlimə. Bitdi.
Məmməd Şiriyev | Bakı
TEREF