VULLİ
13-08-2024, 00:02
( ERNEST TOMPSON SETON )
Balaca, sarı həyət itinin adı Vulli idi. Amma sarı həyət itinin tükləri vacib deyil ki, tam sarı olsun. Həyət itləri açıq-aşkar təbiətin həddindən ziyadə sarı rəngı sərf etdiyi it cinslərinə aid deyil.
Hər həyət itində bütün it cinsləri birləşib, odur ki o özü heç bir cinsə aid olmadan bütün cinslərin ittifaqını təmsil edir.
Eyni zamanda hər bir həyət iti özünün digər zadəgan qohumlarından daha qədim və daha yaxşı cinsə aiddir, çünki təbiətin ilkin çaqqalı - bütün it nəslinin əcdadını bərpa etmək cəhdidir.
Həqiqətən də, çaqqalın elmi adı - Canis aureus, sadəcə, sarı it deməkdir. Bu heyvanın çox səciyyəvi cəhətlərinə elə həyət itlərində rast gəlmək mümkün dür. Bu it çox ağıllı, hərəkətli, cəsarətlidir, həyat uğrunda mübarizəyə özünün tərbiyəli qohumlarının hamısından daha yaxşı uyğunlaşıb.
Siz bir tazını, buldoqu və həyət itini kimsəsiz adada qoyun. Bu itlərdən hansını yarım ildən sonra sağ-salamat tapa bilərsiniz? Heç şübhəsiz, bu məhz həyət iti olacaq. O, tazı kimi sürətli deyil, amma əvəzində öz içində ciyər, dəri xəstəliklərinin rüşeymlərini daşımır. Təbii ki, o, gücdə, dəli cəsarətdə buldoqla çəkişə bilməz, amma əvəzində onda min dəfə bunlardan qiymətli bir keyfiyyət - sağlam məntiq var. Sağlamlıq və ağıl həyat uğrunda mübarizədə az əhəmiyyət daşımır və əgər itləri öz ümidlərinə buraxsaq, həyət itlərindən başqa hamısı ölər.
Bəzən itlər çaqqala yaman bənzəyir və anadan iti, uzun qulaqlı doğulurlar. Belə itlərdən aralı gəzin! Belə it bic və cəsur olur, canavar kimi dişləyə bilir. Bütün itlərə xas olan gözəl, insanın məhəbbətini qazandıran keyfiyyətlərə baxmayaraq, onda qəribə bir vəhşilik, qəddar davranış, ya da uzun məhrumiyyətlərin təsiri altında ən alçaq xəyanətə çevrilə bilən bir vəhşilik var.
Balaca Vulli uzaqlarda, Çeviot dağlarında anadan olub. Bütün küçüklərdən yalnız ikisini saxlamışdılar: qardaşını, çünki o ətrafdakı ən yaxşı itə bənzəyirdi və Vullini, çünki o, balaca, gözəl, sarı bir it idi. Özünün ilk uşaqlıq çağlarını Vulli ona öz sənətini öyrədən təcrübəli bir çobanitinin və onların hər ikisindən geri qalan qoca bir çobanın yanında keçirmişdi. Vullinin iki yaşı tamam olanda o artıq lap böyük it idi və artıq qoyunların xasiyyətini yaxşı öyrənmişdi. O, öz sürüsündə hər qoyunu tanıyırdı və qoca çoban Roben - onun sahibi çox vaxt gecələr sübhədək aşxana da oturub sarsaq, tüklü qoyunları təpələrdə otarmağı Vulliyə buraxırdı.
Vulli ağıllı tərbiyə almışdı və gələcəyinə yaxşı ümidlər bəslənən istedadlı küçük Vullinin başıboş qoca Robenə heç nifrəti yox idi. Bu qoca çoban bütün çatışmazlıqlarına, əyyaşlığa meylinə baxmayaraq, Vulli ilə nadir hallarda kobud davranırdı. Vulli ona möhkəm bağlıydı və ölkənin ən böyük, ən müdrik adamı belə onun bu münasibətini qazanmaq fikrinə düşsəydi, bütün səyləri əbəs ola caqdı - Vulli Robenə belə dərindən bağlanmışdı.
Vulli ondan daha böyük adam tanımırdı, amma bununla yanaşı, Robenin həm əqli, həm də fiziki gücü büsbütün çox da böyük olmayan bir heyvandara məxsus idi; Roben onun yanında həftəsi beş şillinqə çalışırdı.
Bu heyvandar Vullinin qoruduğu sürünün əsl sahibi idi. Bir dəfə o, Robenə özünün üç yüz yetmiş dörd baş qoyundan ibarət sürüsünü kiçik dayanacaqlarla Yorkşir çəmənlərinə aparmağı tapşırdı.
Nortumberlenddə səyahət macərasız ötüşdü. Sirr çayından qoyunları bərədə keçirdilər və tüstü-dümanlı Cənubi Şilds sahilinə çıxardılar. Nəhəng fabrik boruları gündüz işığını boğan qara tüstü burumları buraxır, tüstü küçələrin üzərində şimşək buludları kimi asılıb qalırdı. Qoyunlara elə gəldi ki, tezliklə bərk şimşək çaxacaq. Bu, onları həyəcana gətirdi, qarovulçuların bütün səylərinə baxmayaraq, heyvanlar başlarını itirib üç yüz yetmiş dörd istiqamətdə şəhərə dağıldılar.
Roben miskin qəlbinin dərinliklərinə qədər hiddətlənmişdi. O, qoyunların dalınca sarsaq-sarsaq baxdı və sonra əmr etdi:
- Vulli, qaytar onları!
Beyninə verdiyi bu əqli yükdən sonra daha heç nəyin fikrini çəkmədən qəlyanını yandırıb oturdu və əlindəki yarımçıq corabı toxumağa başladı.
Vulli həmin dəqiqə əmri yerinə yetirməyə cumdu. O, üç yüz yetmiş dörd müxtəlif istiqamətdə qaçıb üç yüz yetmiş dörd qaçqını bərənin yanındakı evciyə, corabını toxuyaraq gözləyən Robenin yanına gətirdi. Axırda Roben yox, Vulli siqnal verdi ki, bütün qoyun lar artıq yerindədir. Qoca çoban onları saymağa başladı: 370, 371, 372, 373...
- Vulli, - deyə itə qınaqla müraciət elədi, - hamısı burada deyil! Biri çatmır. Yenə axtar!
Və dəhşətli dərəcədə utanan Vulli çatmayan qoyunu bütün şəhərdə axtarmağa başladı. O gedəndən az sonra balaca oğlan Robenə səhvini göstərdi. Üç yüz yetmiş dörd qoyunun hamısı yerində idi. Qoca özünü itirdi. Bəs indi nə edəcək? Ona tapşırılmışdı ki, Yorkşirə tələssin, amma eyni zamanda bilirdi ki, Vullinin it qeyrəti öz sahibinin yanına qoyun suz qayıtmağa imkan verməyəcək, lazım gəlsə, lap haradansa qoyun da oğurlayacaq.
Buna bənzər hadisə qabaqlar baş vemiş, müxtəlif fəsadlar doğurmuşdu.
Roben çətin vəziyyətə düşmüşdü. Nə edəydi? Axı, Allah göstərməmiş, həftədə beş şillinqini itirə bilərdi! Düzdür, Vulli gözəl it idi və onu itirməyə çox heyfi gəlirdi, lakin sahibinin əmri yerinə yetirilməliydi. Bundan da başqa, əgər Vulli başqasının qoyununu öz sürüsünü tamamlamaq üçün oğurlasa, Robenin başına bu yad ölkədə nələr gələcək?
Bu fikirlər ona səbəb oldu ki, Roben Vullini buraxıb yola qoyunlarla davam etmək qərarına gəldi. Öz səyahətini uğurla başa çatdırıb-çatdırmadığını bilmirik.
Amma Vulli itmiş qoyunu əbəs yerə axtararaq şəhərin bütün küçələrini qaçaraq dolaşdı. O, bütün günü axtardı və gecə düşəndə ac və yorğun halda, günahkar görkəmlə təzədən keçidə qayıtdı və orada gördü ki, sahibi də, qoyunlar da yoxa çıxıb. Onun dərdi o qədər böyük idi ki, adamın baxanda yazığı gəlirdi. O, şikayətlə dolu zingiltiylə irəli-geri qaçırdı, sonra isə bərəyə minib qarşı tərəfə keçdi hər yerdə gəzərək Robeni axtarmağa başladı. Bu axtarışlarının faydasızlığına inanandan sonra yenidən Cənubi Şildsə qayıdaraq sahibini gecə də gəzdi. Bütün ertəsi gün o, Robeni axtararaq bir neçə dəfə bərədə oyan-buyana keçdi. O, bərəyə gələn hər kəsi qoxulayır və bütün qonşu aşxanaları gəzir, Robeni haradasa, oralarda tapacağına ümid edirdi. Elə ertəsi gün də eyni işi gördü: bərəyə yaxınlaşanların hamısını müntəzəm şəkildə iyləyirdi.
Bu bərə gündə əlli reys edir və orta hesabla hər dəfə yüz nəfəri o biri sahilə keçirirdi, lakin Vulli daim taxta pilləkənin önündə durduğundan torpağı basan hər ayağı qoxulayırdı. Həmin gün o, beş min cüt, ya da on min dənə ayaq iylədi. İkinci gün də, üçüncü gün də, bütün həftə də belə davam etdi. O, daim postunda olur, hətta yeməyi də unudurdu. Arıqladı, çox əsəbi oldu. Gündəlik işini yerinə yetirməyə – ayaqları iyləməyə — hər hansı bir maneçilik onu bərk qəzəbləndirirdi.
Günbəgün, həftəbəhəftə Vulli baxır, öz sahibini gözləyirdi. O isə qayıtmadı. Bərəçilər onun bu sədaqətinə hörmətlə yanaşırdılar. Əvvəlcə o, təklif olunan yeməyə və sığınacağa nifrətlə baxırdı və heç kəs bilmirdi ki, o, nə yeyir, amma axırda aclıq onu sədəqələri qəbul etməyə məcbur qoydu. Bütün dünyaya qarşı qəddarlaşan it öz sahibinə sadiq qalırdı.
Mən Vulli ilə on dörd ay sonra tanış oldum. O, hələ də öz postunda idi: sahibinin qayıtmasını güdürdü. Amma artıq kökəlmiş, yaxşılaşmışdı. Onun parlaq gözlü, itiqulaqlı ağıllı sifəti diqqəti qeyri-ixtiyari özünə çəkirdi. Görəndə ki ayaqlarım axtardığı deyil, mənə tərəf heç baxmadı .
Növbəti on ay ərzində onunla dostlaşmağa nə qədər çalışsam da, heç nəyə nail bilmədim. Onun üçün mən bütün başqa yoldan ötənlərlə eyni idim. Beləliklə, düz iki il ərzində bu sadiq varlıq bərə qabağında qaldı. O, yolda azmaqdan qorxduğu, ya da məsafənin ona çox uzaq gəldiyindən deyil, öz ilahi sahibinin - Robenin onun burada qalmasını arzuladığına inandığı üçün doğma təpələrinə qayıtmırdı! Odur ki qalırdı da.
Lakin yenə də fikirləşəndə ki bunun axtarışa bir köməyi dəyə bilər, bərədə qarşı sahilə keçirdi. Adətən, it üçün bir penni alırdılar və bərəçilər hesablamışdılar ki, it səfərlərini başa çatdırana kimi şirkətə artıq bir neçə yüz funt borcu vardı.
Vulli ayağını körpüyə basan bir piyadanı da ayağını iyləməmiş buraxmamışdı, qısası, ümumi götürəndə bu qeyri-adi ekspert altı milyona yaxın ayaq tədqiq etmişdi. Özü də tamam əbəs yerə. Lakin onun sarsılmaz inamı bircə dəfə də laxlamadı, hərçənd ki belə uzun intizar onun xasiyyətini, heç şübhəsiz, yaman korlamışdı.
Biz heç vaxt öyrənə bilməzdik ki, Robenin başına nə gəldi. Lakin bir dəfə bərədən bəstəboy, dolu bir çodar endi. Adəti üzrə, təzə gələnləri qoxulayan Vulli qəflətən ildırım vurubmuş kimi yerində dondu. Tükləri biz-biz durdu və o titrədi. Sonra yavaşdan mırıldadı və sanki, bütün hissləri bir yerdə təzə gələn şəxsə yönəldi.
Məsələnin nə yerdə olduğunu anlamayan bərəçilərdən biri ona çığırdı:
- Qulaq as, oğlan, bizim itin xətrinə dəymə!
- Kim onun xətrinə dəyir, sarsaq? O, mənim xətrimə daha asan dəyər.
Amma daha söhbətə ehtiyac qalmadı. Vullinin davranışı o dəqiqə dəyişdi. O, tanımadığı həmin şəxsə yaltaqcasına mehribanlıq göstərir, quyruğunu var gücüylə bulayırdı; bütün bu illər ərzində onda belə bir şey görən olmamışdı.
Hər şeyin bir neçə sözdən ibarət izahı vardı: bu çodar - Dorli Robeni yaxşı tanıyırdı; şərf və əlcəkləri də onun üçün elə Robenin özü toxumuşdu. Vulli bunu duymuşdu və onun özünü nə vaxtsa görəcəyindən bədgüman olaraq bərənin qarşısındakı postunu buraxmış, əlcəyin yiyəsi ilə getmək qərarına gəlmişdi.
Dorli bundan çox razı qaldı və Vullini özüylə Derbişir dağlarına apardı. Vulli isə köhnə peşəsinə qayıdaraq qoyun sürülərini güdməyə başladı.
Monsaldel Derbişirdə bir vadinin adıdır. Bu yerlərin yeganə aşxanası "Donuz və fit" adlanırdı, sahibi də Co Qretoreks idi -gonbul, zirək bir yorkşirli. Onun qaçaqmalçılığa meyli vardı, lakin həyat ondan aşxanaçı düzəltmişdi. Amma anadangəlmə meyilləri onu məcbur edirdi ki... Əşi, bu, mühüm deyil! Bircə onu demək kifayətdir ki, Yorkşirdə qanunsuz ov çox inkişaf edib.
Vulli indi vadinin şərq yamacında, düz Conun aşxanasının üst tərəfində yaşayırdı. Mən bu aşxanada oturmağı xoşladığıma görə vadiyə tez-tez enirdim. Vullinin təzə sahibi Dorlinin vadidə kiçik bir ferması vardı. Buradakı otlaqlarda onun çoxlu qoyunu otlayırdı. Vulli onları da özünün əvvəlki sürüsü kimi ayıq-sayıq qoruyur, otlayarkən göz qoyur, axşam isə qovub evə qaytarırdı. O, adamayovuşmaz, qaraqabaq köpək idi və yadları görəndə dişlərini məmnuniyyətlə qıcayırdı. Lakin sürünü o qədər diqqətlə güdürdü ki, Dorli il ərzində bircə dənə də quzu itirməmişdi, baxmayaraq ki qonşuları qartalların, tülkülərin əlindən möhkəm ziyan çəkirdilər.
Bu yerlərdə tülkü ovlamaq çcətindir. Sıldırım qayalıqlar, uçurumlar at belində ov etməyə imkan vermirdi. Tülkü isə belə şəraitdə özünü lap evindəki kimi hiss edir.
1881-ci ilədək tülkülərdən şikayətlənən yox idi. Amma qəflətən bu sıx otlaqlarda bir dənə qoca, bic tülkü özünə pendirin içinə girmiş siçan kimi rahat məskən saldı. O, ovçuların tazılarını, fermerlərin qarovul itlərini lap ələ salırdı.
Pikin tazıları bu tülkünün dalınca çox düşmüşdülər, lakin o, hər dəfə Şeytan dəliyində nicat tapırdı. Qayalarının qırışları millərlə uzanan bu dərədə tülkü özünü tam
təhlükəsiz hiss edirdi. Fermerlər deyirdi ki, Şeytan dəliyində şeytanın özü yaşayır. Orada bu tülkünü tutmasına azacıq qalmış bir tazını bu hadisədən sonra quduzluq vurmuşdu və artıq kimsə şübhə etmirdi ki, həmin tülkü elə şeytanın doğma bacısıdır. Bu arada isə tülkü son dərəcə cəsarətli basqınlarından əl çəkmir, quzu oğurluğunu davam etdirirdi. Tez-tez ölümün bir addımlığında olur, hər dəfə də canını sağ salamat qurtarırdı. Axırda bir çox qoca tülkülər kimi o da quzuları boş-boşuna, yalnız peşəsinə olan məhəbbət dən öldürməyə başladı. Diqbi adlı bir fermer bircə gecədə düz yeddi quzu itirdi, növbəti gecə Karolun quzularından yeddisi əskik gəldi, sonra da keşişin ördək gölü dağım-dağım oldu. Bir sözlə, çox nadir hallarda olurdu ki, kimsə səhər-səhər quşlarının, qoyunlarının, ya da lap buzovlarının qırılmasından şikayətlənməsin.
Bütün bu hadisələr isə Şeytan dəliyində yaşayan tülkünün ayağına yazılırdı. Bu tülkü barədə yalnız onun çox yekə olduğunu bilirdilər, çünki yerdəki izləri, həqiqətən, iri idi. Lakin ovçulardan heç biri onu əməlli-başlı görə bilməmişdi. Tazı sürüsünün ən yaxşı itləri Tender və Bell onun izini tapanda səslərini çıxarmır, izə düşərək tülkünü təqib etməkdən boyun qaçırırdılar.
Bu tazılardan biri quduzluq tutanda onların sahibi olan Pek Monsaldel vadisində ova çıxmaqdan birdəfəlik imtina elədi. Lakin yerli fermerlər Conun başçılığı altında yığışaraq qarlı qışı gözləmək, o tülkünün işini birlikdə bitirmək qərarına gəldilər.
Amma qar yağmaq bilmir, kürən tülkü isə öz həyat tərzini davam etdirirdi. O çox dəqiq, səliqəylə işləyirdi. Heç vaxt iki gecə dalbadal eyni fermaya hücum etməzdi. Heyvan öldürdüyü yerdə heç nə yeməz, hansı səmtə getdiyini göstərən izlər qoymazdı. Adətən, özünün gecə yürüşlərinin son nöqtəsini yol kənarındakı otların arasında qoyardı.
Amma mən onu bir dəfə görmüşəm. Bir dəfə gecədən xeyli keçmiş, Bekuelldən Monsaldelə gedirdim, bərk çovğun vardı. Stedin qoyun ağılına çatanda şimşək çaxdı və ətrafı ani olaraq nura qərq edən işıqda gördüyüm mənzərəni həmişəlik yadda saxladım. Məndən iyirmi addım kənarda, yol qırağında yekə bir tülkü arxa ayaqlarının üstündə oturub qəzəbli baxışlarını düz üzümə zilləmişdi, baxa-baxa dodaqlarını yalayırdı. Daha heç nə görmədim. Ertəsi gün səhər həmin ağılda iyirmi üç quzu və qoyun leşi tapdılar.
Amma bu basqınlardan zərər çəkməyən bir nəfər də vardı: bu, Dorli idi. Şeytan dəliyindən cəmi bir mil aralı yaşasa da, tülkü ona dəymirdi. Sadiq Vulli o yerlərin bütün itlərindən dəyərli olduğunu artıq sübut etmişdi. Hər axşam o, sürüsünü qovub evə gətirir, bütün heyvanlar qoz kimi sanılı, yerində olurdu. Bircə dənəsi də itmirdi. Quduz tülkü Dorlinin fermasının böyür-başında nə qədər desən dolaşa bilərdi. Cəsur, ağıllı, zirək Vulli onunla çəkişə bilirdi və həmişə nəinki öz sürüsünü qorumağa müvəffəq olur, həm özü sağ-salamat qalırdı.
Vulliyə hamı hörmət edirdi, əgər şıltaqlığı olma saydı, ümumiyyətlə, hamının sevimlisinə çevrilə bilərdi. O, heç vaxt özünün şən xarakteri ilə fərqlənmirdi, amma getdikcə xasiyyəti daha sərt, daha qaraqabaq olurdu. İt Dorliyə, onun böyük qızı, bütün evi idarə edən, iti yemləyən gözəl, şən Quldaya möhkəm bağlanmışdı. Ailənin digər üzvlərinə Vulli birtəhər dözürdü, ətrafdakı qalan adamları, itləri isə heç görən gözü yox idi, onlara nifrət edirdi.
Bir dəfə Dorlinin evinin arxasındakı bataqlıqdan cığırla keçirdim. Vulli kandarda uzanmışdı. Mən yaxınlaşanda o qalxdı, məni gördüyünü sezdirmədən cığıra çıxdı və on addımlığımda yolu kəsdi. O, hərəkətsiz durmuşdu, harasa uzaqlara baxırdı və yalnız boynunda azacıq qabarmış tükləri onun daş heykəl deyil, canlı it olduğuna dəlalət edirdi. Onun bərabərinə çatanda tərpənmədi. Ona baş qoşmaq istəmədiyimdən geniş çevrə cızıb yanından ötdüm, yoluma davam elədim. Önda Vulli tərpəndi. Təhlükəli sükutunu qoruyaraq, təxminən, iyirmi addım qaçıb yenə yolumu kəsdi. Mən bir də onun bərabərinə çatdım və cığırdan çıxıb lap burnunun altından keçdim. Cınqırını belə çıxarmadın dabanımdan tutdu. İstədim onu digər ayağımla vuram, amma zərbədən yayındı. Yanımda ağac olmadığından yerdən yekə bir daş götürüb ona atdım.
Daş yançağından dəyib onu arxa yıxdı. Yıxılarkən Vullinin ağzından vəhşi mırıltı çıxdı, lakin arxdan birtəhər dırmaşıb yenə də dinmədən yolumu kəsdi.
Vulli bütün dünyaya qarşı nə qədər qəzəbli, qara qabaq olsa da, Dorlinin qoyunlarıyla çox mehriban davranırdı. Camaat arasında onun qəhrəmanlıqları barədə çox söz-söhbət dolaşırdı.
Monsaldel fermaları hələ də quduz tülküyə hər gecə xərac ödəməkdə idi ki, nəhayət, qar yağdı. Biçarə dul qadın Celt iyirmi baş sürüsünü tamam itirdi və onun ertəsi günü, səhər dan yeri söküləndə kəndin bütün əhalisi kəşfiyyata çıxdı. Cüssəli fermerlər əllərində tüfəng qarın üstündə tapdıqları tülkü izini tutub gedirdilər. Tülkü ləpirlərini sonadək izləyib bu qəddar heyvan qatilini, nəhayət ki, tapmaq niyyətləri qəti idi.
Əvvəlcəizlər lap aydın görünürdü, amma çayın kənarında tülkünün həmişəki bicliyi özünü göstərdi: heyvan iti bucaq altında suyun axarı istiqamətində enib dayaz, hələ donmamış balaca çaya girdi. Qarşı tərəfdə heç bir iz görünmürdü və yalnız uzun axtarışlardan sonra ovçular tülkünün sudan çıxdığı yeri tapa bildilər. Buradan iz dimdik yuxarı aparırdı; üzərində qar olmayan, divar kimi dik qayaya. Lakin inadkar ovçular axtarışlarını yarımçıq kəsmək istəmirdilər. İz divardan geniş yola sarı yönələndə ovçuların fikri haçalaşdı: bəziləri inandırmağa çalışırdılar ki, izlər yolla yuxarı aparır, digərləri isə əksinə tülkünün üzüaşağı getdiyinə əmin idilər. Lakin Co hamını düz çölə apardı və uzun axtarışlardan sonra ovçu lar yenidən izə düşdülər. Görünür, bu elə həmin iz idi, hərçənd ki bəzilərinin fikrinə əsasən, bu ləpirlər daha iri idi. Bu iz yoldan ağılın çəpərinə tərəf aparırdı. Bataq lıqdan keçib Dorlinin fermasına çıxdılar.
Həmin gün qar yağdığına görə qoyunlar evdə qalmışdı və bikar olan Vulli taxtaların üstündə uzanıb özünü günə verirdi. Ovçular evə yaxınlaşanda it qəzəblə mırıldayıb birbaşa yox, dolayı yolla özünü qoyunlar olan yerə çatdırdı.
Co Qretoreks onun dalınca getdi. İtin qoyduğu izlərə baxanda yerində dondu. Sonra uzaqlaşan Vulliyə işarə edərək çığırdı:
- Dostlar, biz elə bilirdik tülkü izinə düşmüşük! Dul qadının qoyunlarını qıran bu imiş!
Ovçulardan bəzisi Co ilə razılaşdı, digərləri isə yoldakı izi görərkən keçirdikləri tərəddüdü xatırlayıb axtarışları davam etdirmək üçün qayıtmaq istəyirdilər. Elə bu vaxt Dorlinin özü də evdən çıxdı.
- Tom, - Co Qretoreks ona müraciətlə dedi, sənin itin keçən gecə Celtin iyirmi qoyununu boğub və mən elə düşünürəm ki, bu, onun ilk əməli deyil.
- Qulaq as, dostum, - deyə Tom Dorli etiraz etdi, deyəsən, sənin başın xarab olub! Mənim Vulli kimi qarovulçum hələ olmayıb. O, qoyunları doğma balaları kimi sevir.
- Yalan deyirsən! Biz dul qadın Celtgildə gördük ki, sənin itin öz balalarının başına nə oyunlar gətirir! - Co cavab verdi.
Ovçular əbəs yerə səhərdən bəri axtarışlarının necə getdiyindən söz açaraq Dorlini inandırmaq istəyirdilər. O, heç nəyə inanmaq istəmirdi və deyirdi ki, siz yalnız paxıllıqdan dilbir olub Vullini öldürmək istəyirsiniz.
- Vulli hər gecə mətbəxdə yatır, - deyirdi, -və onu ancaq qoyunları qorumaq üçün bayıra buraxırıq. Axı o, bütün ilboyu qoyunlarla yaşayır. Və biz bircə dənə də heyvan itirməmişik. Bunu başa düşürsən, dostum?
Tom Dorli ovçuların bu hərəkətində Vullinin təmiz adına və həyatına təhlükə duyduğundan çox həyəcanlanmışdı. Co və onun tərəfdarları da getdikcə qızışırdı və yalnız Quldanın söhbətə müdaxiləsi mübahisəyə son qoydu:
- Ata, - Qulda Tom Dorliyə müraciət etdi, - mən bu gecə mətbəxdə yatacağam. Vulli aradan çıxsa , görəcəyəm. Əgər o, heç yana getməsə və qonşulardan hansınınsa qoyunları ölsə, deməli, bu məsələnin Vulliyə heç bir dəxli yoxdur.
Qulda dediyini elədi. Yatmaq üçün mətbəxdəki divanın üstünə uzandı, Vulli isə, adəti üzrə, mətbəx masasının altında idi. Bir azdan Vulli narahat olmağa başladı. Altındakı palazın üzərində sakit uzana bilmirdi, iki dəfə ayağa durub gərnəşdi və Quldaya baxıb yenidən uzandı.
Gecə saat ikiyə yaxın, görünür, Vulli artıq içindəki izahedilməz, mübhəm çağırışa müqavimət göstərə bilmirdi. O, sakitcə yerindən qalxır, pəncərədən çölə boylanır, sonra hərəkətsiz uzanmış cavan qıza nəzər salır. Qulda yatmış adam kimi aramla, sakit nəfəs alırdı. Vulli ona bir az da yaxınlaşır, qızı iyləyib nəfəsini onun üzünə verir. Qız tərpənmir. Önda köpək burnu ilə qızı ehmallıca itələyir, sonra isə başını yana əyir, qulaqlarını şəkləyib sakitcə uzanmış qızın sifətini diqqətlə süzməyə başlayır.
Qulda tərpənmirdi. Onda Vulli sakitcə pəncərəyə yaxınlaşır, burnunu yüngül çərçivənin altına soxub o qədər qaldırır ki, pəncəsini dürtə bilsin. Sonra çərçivəni elə burnuyla qaldıraraq bayıra sivişir. Çərçivəni buraxanda beli və quyruğu ilə onu elə saxlayır ki, səs zad çıxmasın. Elə bil, o, pəncərəni hər gün beləcə açırdı. Vulli çölə çıxan kimi qaranlıqda yox olur.
Qulda gördüklərinə heyran qalıb heyvanı izləmək fikrinə düşür. Onun qaçıb getdiyinə əmin olmaq üçün bir az gözləyəndən sonra Qulda ayağa durub atasını çağırmaq istəyirdi. Amma bir az fikirləşib bu fikrindən vaz keçir, gözləmək qərarına gəlir. O, gecənin zülmətinə tam diqqət kəsilmişdi, amma Vullini görə bilmirdi.
Sobaya odun əlavə edib yenə divanına uzandı. Beləcə, düz bir saat yatmadan, hər şıqqıltıya diksinərək, mətbəxdəki saatın çıqqıltısına qulaq asaraq yerində qaldı.
Qulda çaşıb-qalmışdı, Vulli barədə fikirləşirdi: yəni dul qadının qoyunlarını boğan, həqiqətən, o imiş?
Elə bu çaşqınlıq Vullinin öz qoyunları ilə necə mehriban, necə qayğıkeş olduğunu yadına salarkən daha da artdı.
Bir saat da keçdi. Qulda pəncərədən o üzdə şıqqıltı eşitdi, ürəyi şiddətlə döyünməyə başladı. Çərçivə yenə qalxdı və bir dəqiqədən sonra Vulli artıq mətbəxdə idi; pəncərəni də örtmüşdü.
Yanan odunların sayrışan işığında Quldanın diqqətini onun gözlərindəki nəsə qeyri-adi, vəhşi bir parıltı cəlb etdi və qız onun ağzının, ağ sinəsinin təzə qana bulaşdığını gördü. O, təngnəfəs idi, lakin yenə nəfəsini saxlayıb qıza diqqətlə baxmağa başladı. Tərpənmirdi. Onda sakitləşərək yerinə uzandı və nəyisə xatırlayırmış kimi zingildəyərək, mırıldanaraq üzünü, pəncələrini təmizləməyə başladı.
Artıq Quldanın içində heç bir tərəddüd qalmamışdı ki, Co Qretoreks haqlıdır. Elə bu yerdə beyninə tamam yeni bir fikir gəldi. Qız qəflətən anladı ki, Monsaldelin tilsimli tülküsü burada, onun qarşısındadır!
Tez ayağa qalxıb Vullinin gözlərinə baxdı və çığırdı:
- Vulli! Vulli! Demək, bu həqiqətdir?.. O, Vulli, qəddar heyvan!
Onun səsi mətbəxdə şimşək kimi çaxdı. Vulli güllə dəymiş kimi laxladı. Bağlı pəncərəyə çarəsiz bir nəzər saldı. Gözləri parladı, tükləri qabardı. Döşəməyə sərilib aman diləyirmiş kimi süründü. İt qıza yaxınlaşır, yaxına, daha yaxına gəlirdi, elə bil, ayaqlarını yalamaq istəyirdi, lakin lap yaxınlaşan kimi bir pələng qəzəbiylə, bircə səs belə çıxarmadan onun üstünə atılıb boğazından yapışmağa çalışdı. Qulda boğazını qorumaq üçün əllərini vaxtında qaldırdı və Vullinin parlaq köpək dişləri onun qollarına işləyərək lap sümüyünə çatdı.
- Kömək edin! Kömək edin!.. Ata! Ata!.. - deyə çığırdı.
Vulli yüngül idi və qız onu bir göz qırpımında kənara tullaya bildi. Lakin itin niyyəti bəlliydi: heyvan uduzduğunu anlayırdı və bu məğlubiyyət ya ona, ya da qıza həyatı bahasına başa gələcəkdi.
- Ata! Ata! - deyə qız çığırarkən qəzəblənmiş sarı heyvan onu qətlə yetirməyə çalışaraq ona həmişə yemək verən əlləri dişləyir, parçalamağa çalışırdı...
Qız əbəs yerə itdən can qurtarmağa çalışırdı. Köpək tezliklə dişlərini onun boğazına sancacaqdı ki, qızın atası özünü qaçaraq mətbəxə yetirdi. Vulli yenə də səsini çıxarmadan birbaş onun üstünə atıldı. Kişinin qollarını, əllərini dəli kimi gəmirməyə başladı, ta ki baltanın zərbəsi onu daş döşəməyə saldı; köpək isə ölümqabağı əzablar içində yerdən qalxmağa, mübarizəni davam etdirməyə cəhd göstərirdi.
Baltanın yeni, sürətli zərbəsi onun kəlləsini dağıtdı və köpəyin beyni ocağın daşlarına sıçradı - bu qədər müddət etibarla qulluq etdiyi ocağın. Vulli - ağıllı, qəzəbli, sadiq, məkrli - titrəyərək dartınıb həmişəlik susdu...
Gülnar Abbasova
TEREF