Kəşfiyyat əfsanəsi: “Beyrut girov böhranı”nın sirləri açılır...
9-10-2024, 08:15
Rus diplomatların Livanda girov götürülməsinin film kimi hekayəsi
1985-ci il sentyabrın 30-da Beyrutun iki müxtəlif nöqtəsində iki eyni hadisə baş verdi: hər birinin içində iki sovet diplomatının olduğu iki avtomobilin qarşısı başqa avtomobillərlə kəsildi. Həmin avtomobillərdən düşən silahlı və maskalı adamlar sovet diplomatlarını girov götürdülər.
Maşınların birində ticarət nümayəndəliyinin əməkdaşı Valeri Mırikov və attaşe Oleq Spirin idi. Onlar əslində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) zabitləri idi və kəşfiyyatla məşğul olurdular. İkincidə isə səfirliyin katibi Arkadi Katkov və həkim Nikolay Svirski idi. Birinci maşındakıların girov götürülməsi vaqeəsiz baş verdi. İkincidə isə Katkov qaçmağa cəhd göstərdi və hər iki ayağından güllə yarası aldı.
***
1975-ci il aprelin 13-də Livanın maruni xristian icması ilə ölkədə məskunlaşan fələstinli silahlı dəstələr arasında toqquşmalar başladı. Tezliklə yerli sünni müsəlmanlar fələstinlilərin tərəfini tutdular və konflikt vətəndaş müharibəsinə çevrildi. Daha sonra druzlar da savaşa qoşuldular, Suriya da konfliktin önəmli aktoru oldu.
15 il davam edən vətəndaş müharibəsinin ən önəmli hadisələri 1982-ci ildə baş verdi. Həmin il marunilərin lideri, prezident seçilən, amma vəzifəsinin icrasına başlamağa macal tapmayan Bəşir Cümayel terror aktı nəticəsində öldürüldü. Hadisə xristian düşərgəsinin xeyli zəifləməsinə səbəb oldu.
İkincisi, İsrail Beyrutu tutdu, Fələstin Azadlıq Təşkilatının (FAT) rəhbərliyini və qüvvələrinin əksəriyyətini ölkədən çıxmağa məcbur etdi.
Üçüncü mühüm hadisə isə o vaxta qədər vətəndaş müharibəsində passiv mövqe tutan Livan şiələrinin “Hizbullah” təşkilatının yaranması oldu. İrandan ciddi hərbi, siyasi və maliyyə dəstəyi alan “Hizbullah” marunilərin zəifləməsi, FAT-ın getməsi fonunda Livanda dominant qüvvəyə çevrildi.
Vətəndaş müharibəsi zamanı kidneppinq - pul almaq məqsədilə adam oğurluğu - geniş yayılmışdı. Bunu həm maliyyəyə ehtiyacı olan döyüşən tərəflər, həm də saysız-hesabsız kriminal qruplar edirdi. “Hizbullah” bu taktikanı beynəlxalq müstəviyə daşıdı, hərçənd, heç zaman məsuliyyəti üzərinə götürmədi.
Elə həmin 1982-ci ildən 1989-cu ilə qədər, “Livan girov böhranı” adını alan hal zamanı 104 əcnəbi qaçırıldı. Onlardan səkkizi ya öldürüldü, ya da zəruri tibbi yardım göstərilmədiyindən öldü. Qaçırılanlar 21 ölkənin, əsasən də İsraili dəstəkləməkdə ittiham olunan ABŞ və Qərbi Avropa ölkələrinin vətəndaşları idi.
SSRİ Fələstin xalqının böyük dostu sayılırdı. Necə olsa, İsrail dövləti yaranandan az sonra SSRİ-İsrail münasibətləri soyuqlaşmış, 1967-ci ildə baş verən Altıgünlük savaşdan sonra isə sovet hökuməti Tel-Əvivlə diplomatik münasibətləri kəsmişdi. Hər halda, Moskvada hesab edirdilər ki, İsraillə döyüşən qüvvələr bunu layiqincə qiymətləndirirlər. Ona görə də dörd sovet diplomatı yoxa çıxanda, ağla gələn ilk fikir bunu kriminal qruplardan birinin etməsi idi.
Amma məsuliyyəti “Xalid ibn Valid qüvvələri” adlı naməlum təşkilat üzərinə götürdü. Bu təşkilatın uydurma olması şübhə doğurmurdu. “Reuters” agentliyinin Beyrut bürosuna göndərilən məktubda Moskvadan tələb olunurdu ki, müttəfiqi Suriyanın Livanın şimalında, Tripoli yaxınlığında hücumunu dayandırmasına nail olsun. Bildirilirdi ki, tələbləri yerinə yetirilməzsə, girovlar öldürüləcək. Başlarına silah dirənmiş dörd diplomatın şəkli müraciətin illüstrasiyası idi.
Suriya 1976-cı ilin iyununda Livana qoşun yeritmişdi və gah xristianların, gah sünnilərin, gah şiələrin, gah druzların müttəfiqi kimi çıxış edirdi. Livanın xarabazara çevrilməsində Suriyanın xüsusi rolu vardı ki, bir neçə onillik sonra karmasını yaşadı. Sovet diplomatları oğurlanan zaman suriyalılar Tripoli ətrafında “Hizbullah” ilə döyüşürdülər.
Oktyabrın 2-də Beyrutun xaraba stadionunun yaxınlığında Arkadi Katkovun meyiti tapıldı. Diplomatın yaralı ayaqlarında qanqren başlamışdı. Oğurlayanların isə onun müalicəsi ilə məşğul olmaq fikirləri yox idi. Onlar Katkovu sadəcə güllələdilər. Yeni məktubda digər girovları da eyni aqibət gözlədiyi, hətta səfirliyə hücum edilə biləcəyi yazılırdı.
Livanın çökmüş dövlət strukturlarından yardım gözləməyə dəyməzdi. SSRİ-nin ölkədəki ən etibarlı dostu druzların lideri, Tərəqqipərvər Sosialist Partiyasının (TSP) rəhbəri Vəlid Cumblat sayılırdı. Əvvəlcə onunla əlaqə saxlanıldı və səfirliyin mühafizəsini təşkil etmək xahiş olundu. Druzlar səfirliyi mühafizə altına aldılar, ətrafına beton maneələr, hətta tanklar yığdılar. Maşınlarla qum gətirilərək, tanklar üçün brustver inşa edildi. Qısa müddət ərzində səfirliyin “olmazsa olmaz” işçilərindən başqa hamı SSRİ-yə təxliyə edildi.
Sonra Dəməşqlə təmasa keçildi və suriyalılardan Tripoli ətrafında hücumlarını dayandırmaları xahiş edildi. Hafiz Əsəd də Moskvanın istəyinə anlayışla yanaşdı. Buna baxmayaraq, girovlar azad olunmadı. Moskva Tunisdə məskunlaşan, amma Livanda təsir imkanları qalan Yasir Ərəfatdan kömək istəyir və FAT lideri əlindən gələni edəcəyinə söz verir.
Oktyabrın ortalarında aydın oldu ki, diplomatları FAT-a aidiyyatı olmayan fələstinli yaraqlılar qaçırıblar, sonra da etdiklərində qorxuya düşərək, onları “Hizbullah”a ötürüblər. İndi diplomatlar yenicə məşhurlaşmaqda olan İmad Muqniyənin əlində idi. Hətta saxlandıqları yer də aşkarlandı, amma əhalinin sıx yaşadığı məhəllə olduğundan uğurlu xilasetmə əməliyyatı keçirmək mümkünsüz sayıldı.
Bir neçə gün sonra isə girovların yeri dəyişdirildi. Onları yapışqanlı lentlə mumiya kimi başdan ayağa sarıdılar, yalnız burun dəlikləri üçün deşik açdılar. Bu vəziyyətdə silah yeşiyinə uzatdılar və yük maşının altındakı gizli yerə qoyaraq, Beyrutdan çıxardılar. Ehtimal olunur ki, onları Biqa vadisinə aparıblar.
***
Bu hadisə haqqında yazan rus mənbələri bəzən Muqniyəni Ərəfatın sağ əli kimi təqdim edir və bundan çıxış edərək, FAT liderini riyakarlıqda günahlandırırlar. Ərəfatın ruslarla tam səmimi olmaması mümkündür, amma göstərilən dövrdə Muqniyə ilə yolları artıq ayrılmışdı.
Livanın cənubunda şiə ailəsində anadan olan Muqniyə yeniyetmə yaşlarından FAT-a qoşulmuşdu. Bunun özü maraqlı hal idi: həmin dövrdə Livan şiələri Fələstin müqavimətinə elə də isti yanaşmırdılar. İmad tezliklə təşkilat daxilindəki xüsusi təyinatlı “Qüvvə-17” dəstəsinin üzvü oldu. Amma Səddam Hüseyn üzündən 1981-ci ildə FAT-dan ayrıldı. Şiə Muqniyə məzhəbdaşlarına edilən zülmə, eləcə də ayətullah Məhəmməd Baqir Sədrin vəhşicəsinə qətlinə görə Səddam Hüseynə nifrət bəsləyirdi. FAT-ın isə İraq prezidenti ilə normal münasibətləri vardı və Livanın iraqpərəst BƏƏS təşkilatı ilə müttəfiq idi (BƏƏS bir-birilə “qanlı-bıçaq” olan iraqpərəst və suriyapərəst qollara ayrılırdı).
Bununla belə, İsrail 1982-ci ildə Livana hücum edəndə, Muqniyə ümumi müqavimət üçün yenidən FAT-a qayıtdı. Təşkilat Livanı tərk etməyə məcbur qaldıqda, Ərəfatdan fərqli olaraq, livanlı olan İmad ölkədən getmədi. Bundan sonra “Hizbullah”a qoşuldu və 1984-cü ildə rəsmən FAT-dan ayrıldı. O, ümumi mübarizə naminə FAT və Ərəfatla hələ də əməkdaşlıq edirdi, amma daha “sağ əli” deyildi.
***
Moskva öz diplomatlarının azad edilməsi üçün İrandan, İordaniyadan, Liviyadan, Misirdən yardım istədi. Şərqi Almaniya, Çexoslovakiya, Bolqarıstan, Macarıstan, Əlcəzair kimi ölkələrin kəşfiyyatı da əldə etdiyi məlumatları ruslarla bölüşürdü. Nəhayət, göstərilən səylər oğurluqdan düz bir ay sonra bəhrəsini verdi.
Girovlar oktyabrın 30-da azad edildilər. Həmin gün onları sovet səfirliyinə yaxın çöllükdə gözləri qapalı halda buraxdılar və maşın səsi uzaqlaşandan sonra gözlərini aça biləcəklərini söylədilər. Diplomatlar səfirliyə gəlib çatanda bu kirli və saqqallı adamları kimsə tanımadı, ta rusca danışmağa başlayanda Valeri Mırikov, Oleq Spirin və Nikolay Svirski olmaları anlaşıldı.
Onların azad edilməsinin yolları barədə iki versiya var: biri zorakı, digəri isə diplomatik. İlk versiyanı hələ 1986-cı ilin yanvarında İsrailin “The Jerusalem Post” qəzeti yazdı. Məqalədə iddia olunurdu ki, sovet əməliyyatçıları “Hizbullah”ın adı çəkilməyən liderlərindən birinin adı çəkilməyən qohumunu oğurlayıblar, kastrasiya edərək (öldürməzdən əvvəl, ya sonra) cinsi orqanlarını qohumuna göndəriblər və deyiblər ki, girovlar azad olunmasa, başqa qohumlarını da eyni aqibət gözləyir.
Qəzet sovet diplomatlarının tezliklə azad edildiyini əsas gətirərək, İsraili də eyni cür davranmağa çağırırdı: “Sovetlər belə davranırlar. Onlar danışmırlar, iş görürlər. “Hizbullah” bu dili anlayır”. Bu məqalə ABŞ-də da dərc olundu və burada da hökuməti SSRİ-dən nümunə götürməyə çağırdılar.
Başqa bir versiyaya görə, KQB-nin xüsusi təyinatlı “Vımpel” qrupu Livana gələrək, İmad Muqniyəyə yaxın adamları bir-bir öldürməyə başlayır və bununla onu diplomatları azad etməyə məcbur edir. Bu versiyanın daha bir şaxəsində deyilir ki, qorxusundan ucqar kənddə gizlənən Muqniyəyə bir gün balaca uşaq yaxınlaşaraq, kağız verir. Kağızda “Növbəti qurban sənsən” yazılırdı.
Bu variant lap ağlabatmazdır. Məsələ ondadır ki, Livanda SSRİ-dən daha çox casuslara və kəşfiyyat imkanlarına malik İsrail və ABŞ illərlə Muqniyənin yerini müəyyən edə bilmirdi. CIA agentlərindən biri bin Laden və Muqniyəni müqayisə edərkən üstünlüyü ikinciyə verirdi: “Bin Laden büzüşərək gizləndi. Muqniyə isə ömrünü bizə orta barmağını göstərərək yaşadı”. Başqa bir agent isə deyirdi: “Muqniyə, KQB və başqaları da daxil, bizim qarşılaşdığımız rəqiblər arasında ən ağıllısı və ən bacarıqlısı idi”. Belə birisini sovetlərin qısa müddət ərzində deşifrə etməsi inandırıcı deyil.
Zorakı metod barədə ilk məlumatlar İsrail və Qərb mətbuatında çıxsa da, indiki Rusiyada çox populyardır və təsadüfi deyil. Bu üsul dövlətin indiki davranış dəst-xəttinə və ictimai əhvala çox uyğundur. Amma çox güman ki, deyilənlər uydurmadır.
Hadisələr zamanı İraqdakı sovet səfirliyində işləyən, bir il sonra isə Livana səfir təyin olunan Vasili Kolotuşa özünün “Trotil ekvivalentində səfirin həyatının dəyəri nə qədərdir?” adlı memuarlarında zorakı metodu qətiyyətlə inkar edir və hətta bu haqda versiyalara istehza ilə yanaşır. Yeri gəlmişkən, Kolotuşa qarşı tərəfdən əsas fiqur kimi Muqniyədən başqa “Amal” şiə təşkilatından Mustafa Diraninin adını çəkir, amma başqa mənbələrdə bu ada rast gəlinmir.
Kolotuşa böhranın diplomatik yolla həllində KQB-nin Livandakı rezidenti Yuri Perfilyevin rolunu xüsusi qiymətləndirir, amma nə etdiyini konkret yazmır. Əvəzində “Rusiya xarici kəşfiyyatının tarixi” kitabının 6-cı cildində KQB rezidentinin adı çəkilmir, amma nə etdiyi yazılır.
Bildirilir ki, Beyrut rezidenturası şiələr arasında böyük nüfuza malik ayətullah Məhəmməd Hüseyn Fəzlullah ilə görüşmək üçün Moskvadan icazə istəyir. Razılıq alandan TSP-nın təhlükəsizlik xidmətinin rəisi Əbu Səid vasitəsilə görüş təşkil olunur. Görüş zamanı Perfilyev sovet-ərəb dostluğunu xatırladaraq ayətullahdan kömək istəyir. Fəzlullah da “girovlar üçün dua” edəcəyini söyləməklə qeyri-müəyyən cavab verir.
Oktyabrın sonlarında Moskva Perfilyevlə ikinci dəfə Fəzlullahla görüşməyi və bu dəfə daha sərt mövqe tutmağı tapşırır. Kart-blanş əldə edən rezident bu dəfə daha gərgin ritorikaya müraciət edir və sonda deyir ki, Sovet İttifaqı yetərincə hövsələ nümayiş etdirdi, amma gözləməkdən bezib, daha ciddi addımlar ata bilər. Ayətullah yenə konkret cavab verməyərək, girovların Allahın köməyi ilə azad olacaqlarına ümid etdiyini bildirir.
Perfilyevin öz xatirələrində yazdığına görə, Fəzlullaha deyir ki, həyatda hər şey ola bilər, bir də gördün, Qafqazda təlim keçən sovet qoşunlarının buraxdığı raket səhvən gedib düşdü Qum şəhərinə. İranın dini lideri ayətullah Xomeyninin iqamətgahı isə Qumda idi. Perfilyevin nə qədər doğru yazdığını söyləmək çətindir, amma oktyabrın 28-də baş tutan ikinci görüşdən iki gün sonra diplomatlar azad edildi.
Əlbəttə, böhranın belə xoş sonluqla nəticələnməsində “Hizbullah”ın SSRİ-ni ABŞ və İsrail qədər düşmən saymamasının, iki qüdrətli düşməni varkən üçüncüsünü də qazanmaq istəməməsi rol oynadı. Bununla belə, girovların bir ay ərzində azad edilməsi sovet diplomatiyasının və kəşfiyyatının böyük uğuru idi. Başqa ölkələr buna xeyli vaxt sərf edir və xeyli güzəştə gedirdilər. Məsələn, ABŞ öz vətəndaşlarını azad etmək üçün İrana silah satmağa belə razılaşdı və bu “İrangeyt” adlı qalmaqala səbəb oldu. Girov götürülməsi təcrübəsi 1989-cu ildə durdurulsa da, Almaniya vətəndaşları olan son iki girov 1992-ci ildə azad edildi.
***
Valeri Mırikov, Oleq Spirin və Nikolay Svirski dərhal Moskvaya göndərildilər. Necə qarşılanmaları, təltif-olunub-olunmamaları haqda məlumata rast gəlmədim. Bir müddət sonra müxtəlif səfirliklərə göndərildilər və xidmətlərinə davam etdilər. KQB mayoru Oleq Spirin Küveytdəki səfirlikdə işləyərkən arvadı ilə birlikdə ABŞ-a qaçdı. Digər iki nəfərin həyatında isə xüsusi hadisələr baş vermədi.
İmad Muqniyə uzun müddət İsrailin başağrısna çevrildi. Amma İsrail kəşfiyyatı onun izinə düşə bilmədi. Muqniyə yalnız 2008-ci ildə Dəməşqdə öldürüldü.
Burada Hacı Rədvan adı ilə yaşayan Muqniyə İslam inqilabının 29-cu ildönümü münasibətilə İran səfirliyində veriləcək ziyafətə gedərkən avtomobilinə qoyulan bomba partladı.
Bu qətlin arxasında kimin durması uzun müddət naməlum qaldı, hərçənd, əsas şübhə İsrail və ABŞ-ın üzərində idi. Amma “Hizbullah” daxilində Suriyadan şübhələnənlər də vardı. Mən bu məqalə üçün material toplayanda Muqniyənin kimin öldürüdüyü barədə dəqiq məlumat yox idi.
2006-2008-ci illərdə İsrailin baş naziri olmuş Ehud Olmert yalnız bu il sentyabrın 28-də bildirdi ki, İmad Muqniyəni İsrail öldürüb. Onun dediyinə görə, partlayıcı maddə Muqniyənin avtomobilinin bamperinə yerləşdirilib. Səfirliyə gedən yol üzərində onu İsrail agenti gözləyib və yaxınlaşanda bombanı uzaqdan işə salıb.
“Hizbullah”ın “Fəvc əl-Həcc Rədvan” (“Hacı Rədvan alayı”) adlı xüsusi əməliyyat dəstələri İmad Muqniyənin şərəfinə adlandırılıb.
Yadigar Sadıqlı
pressklub