ATALAR SÖZÜ – SÖZÜN DÜZÜ və SÖHBƏTİN DUZUDUR
Bu gün, 11:28
Atalar sözləri şifahi xalq ədəbiyyatının epik növünün ən qədim janrlarından biridir. Onlar əsrlərin sınağından çıxmışdır. Xalq mədəniyyətinin, zəkasının, həyat təcrübəsinin bədii ifadəsidir. Xalqın həyat təcrübəsini, mənəvi dəyərlərini və hikmət dolu düşüncələrini qısa ifadələrlə gələcək nəsillərə çatdıran müdrik deyimlərdir. Böyük bir hikmət xəzinəsidir, yaşam, həyat və davranış stereotipləri haqqında informasiya ilə dolu bir əxlaq kodeksidir. “Atalar sözü – elin gözü”, “Atalar sözü – sözün özüdür”. Günbəgün dəyişən dünyada, dəyişməyən qaydalardır. Xalq əzəl-başdan öz atalar sözlərini yazılmamış kitab ayələri kimi qavramışdır. Onlar Qurana girməz, amma Quran yanında gedər.
Son zamanlar sosial şəbəkələrdə, mətbuat səhifələrində və bir sıra tədqiqat əsərlərində atalar sözlərinin “təftişi” aparılır, “ataların” bəzi yanlışlıqlara yol verdikləri göstərilir, “səhvlər” axtarılır. Hətta “tapılır da”. Məsələn, son illər “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər”, “Şərikli malın olunca şərikli arvadın olsun”, “Yol böyüyün, su kiçiyindir”, “Eşşək nə bilir zəfəran nədir”, “Düz düzdə qalar”, “Tələsən təndirə düşər” və s. kimi onlarla atalar sözlərinin təhrif olunduğu və ya səhv olduğu, fikri çaşdırıb yanlış səmtə yönəltdiyi iddia edilir.
Açığı, maraqlı prosesdir. Amma təəssüf doğuran odur ki, bu iddialar irəli sürülən zaman hərə öz arşınını işə salır, ancaq öz mülahizələrini doğru hesab edir, demək olar ki, ilkin mənbə və istinadları göstərmirlər. Məsələn, bəziləri deyir ki, bizim tez-tez işlətdiyimiz “Şərikli malın olunca, şərikli arvadın olsun” atalar sözünün əsli “Şərikli malın olunca, şərikli arvatın olsun”dur. Burda “arvat” sözü “çəki daşı” kimi mənalandırılır. Yəni şərikli malın olunca, şərikli çəki daşın olsun. Nə dəyişdi ki?! Yenə şərikli (ortaqlı) maldan söhbət gedir. Halbuki ifadələrdə şərikli malın olması pislənilir. Üstəlik “arvat” sözünün mənasının çəki daşı olmasını təsdiq edən heç bir mənbə yoxdur (biz də belə məlumatı tapa bilmədik). Bəlkə də, hansısa dialektdə çox məhdud coğrafiyada bu söz işlənib. Amma onun xalqın yaratdığı atalar sözünün tərkibində ümumişlək söz hüququ qazanması inandırıcı deyil. “Şərikli malın olunca, şərikli arvadın olsun” atalar sözünün mənası isə odur ki, şərikli arvadın olması kişi üçün nə qədər təhqiramiz haldırsa, şərikli malın olması da o qədər pisdir. Bunun nəyi və harası səhvdir?! Sadəcə olaraq bir az sərt deyilib.
Bir digər nümunə. Deyirlər ki, “Düz düzdə qalar” atalar sözünün orjinalı “Düz düz də qalar”dir. Yenə orjinal mənbə göstərilmir, şəxsi düşüncəyə istinadən mülahizə irəli sürülür. Bəs “Düz düzdə qalar”ın nəyi səhvdir?! Bəyəm, az görümüşük ki, düz adam çox vaxt ortada (düzdə) tək qalır. Müxtəlif səbəblərdən (qorxudan və s. səbəblərdən) çoxları ondan uzaqlaşmırmı?! Amma qələm əyri yonulsa da, düz yazdığı kimi, həqiqi düz adam da öz düzlüyündə qalır. Bizcə, burda mahiyyətcə hər iki variant düzdür. Sadəcə olaraq, variantlaşma baş vermişdir. Hansının orijinal olduğunu isə demək çox çətindir. Bu fikri eyni ilə “Eşşək nə bilir zəfəran nədir / Eşşək nə bilir zər palan nədir” və “Tələsən təndirə düşər / Tələsən tərsinə düşər / Tələsən tələyə düşər” paralelləri haqqında da demək olar.
Bəzi atalar sözlərində isə dəyişmə orjinal faktlarla müqayisədə öz təsdiqini tapır. Məsələn, “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözünün əsli “İlanın zəhləsi yarbuzdandan gedər, o da yuvasının ağzında bitər” kimidir. Həmin atalar sözü XI əsrdə yaşamış M.Kaşğarinin məşhur “Divani-lüğatit-türk” əsərində belə qeyd olunub: “İlan yarbuzdan qaçar, qanca barsa, yarbuz ötrü gəlir”. Burda “yarbuz” (manqust) səhralarda yaşayan, əsasən quş, xırda gəmirici və ilanlarla qidalanan yırtıcıdır. Və ilanın ondan - öz düşmənindən zəhləsinin getməsi tamamilə təbiidir.
Siz də təsdiq edərsiniz ki, indi daha çox “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” ifadəsindən istifadə edirik. İlk baxışda “Divani-lüğatit-türk” əsərindəki atalar sözünün təhrif olunması fikri ağlımıza gəlir. İlan hara, yarpız hara?! İddiaçılar da ilanın əsasən quraq səhralarda yaşadığını, yarpızın isə adətən suyun bol olduğu yerlərdə - su arxlarının, bulaqların, göl və çayların kənarında yetişdiyini, onun quraq yerlərdəki ilan yuvalarının qarşısında bitmə etimalının düşük olduğunu nəzərə alaraq ilan – yarpız əlaqəsinin məntiqsiz olduğunu söyləyirlər. Bu atalar sözünün “fikri çaşdırıb yanlış səmtə yönəltdiyini, ziddiyyətli və defektli” olduğunu bildirirlər. Görəsən, həqiqətən elədirmi?!
Bilənlər bilir ki, ilan heç də həmişə səhralarda olmur. Zooloqlar qeyd edirlər ki, onlar hər yerdə - meşələrdə, çöllərdə, dənizlərdə və dağlarda, hətta Himalay dağlarının 4900 metr yüksəkliyində də yaşayırlar. Yarpız isə kəskin iyli, ətirli bitkidir. İnsanlar yarpızı çox sevirlər. Quşəppəyi, yemlik, quzuqulağı, cincilim, əvəlik, quzuqulağı, nanə, dağkeşnişi kimi yarpız da milli mətbəxtimizdən əksik olmur. Hətta yay fəslində toplayıb qurudur, ilboyu yararlanırlar. Sağlamlıq üçün çox faydalıdır, xalq təbabətində geniş istifadə olunur. Bəs niyə ilanın yarpızdan zəhləsi gedir? Bunun əsas səbəbi nədir?
AMEA-nın Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru T.İsgəndərov qeyd edir ki, “oriyentasiyanı qoxu ilə də edən ilanlar onlara maraqlı olmayan istənilən kəskin qoxudan çəkinir. O cümlədən, yarpız, sarımsaq, nanə iyindən. Ağla gələn və gəlməyən hər cür kəskin iy onları çəkindirir. Bu onların kəskin iy və qoxulara qarşı həssas olmasından irəli gəlir”. Yarpızdan ayrılan uçucu yağlar da çox kəskin olduğundan toksiki təsir göstərə bilir. Digər mütəxəssislər də təsdiq edirlər ki, ilanlar daha çox mexaniki titrəmə təsirlərinə və kəskin iyə qarşı həssasdır. Ona görə də ilan süründüyü marşrutda kəskin iyə (yarpız, nanə, sarımsaq) rast gəldikdə kənara gedir. Türkəçarə kimi ilandan qorunmaq üçün onun ola biləcəyi yerlərə yarpız, sarımsaq və yaxud çox kəskin iyli maddələrin (kükürd, naftalin, kerosin, mazut, nar ağacı və ya tənəyin ocaqda qalan külünün və s.) növbəli və vaxtaşırı yeniləməklə qoyulması da bunu sübut edir. Təsadüfi deyildir ki, xalq arasında əsrlərin sınağından çıxmış belə inançlar da var: “Yarpız olan həyətdə ilan olmaz”, “Yarpız bitən bostana ilan dolanmaz”.
Deməli, ilanın yarpızdan zəhləsinin getməsinin əsas səbəbi yarpızın ona pis təsir edən kəskin qoxusudur.
Beləliklə, aydın olur ki, “İlanın zəhləsi yarpızdan gedər, o da yuvasının ağzında bitər” atalar sözü tam məntiqi əsasda formalaşıb. Qətiyyən, qədim “İlanın zəhləsi yarbuzdan gedər, o da yuvasının ağzında bitər” atalar sözünün təhrif olunmuş forması deyil, yeni variantıdır.
Bəzən atalar sözlərində ulularımızın bizə çatdırmaq istədikləri mənanı tapmaq o qədər də asan olmur. Bunun üçün “mənanı daha dərindən başa düşmək bacarığına sahib olmaq” əsas şərtdir. İ.Abbasovun “Atalar nə deyibsə, düz deyib…yaxud “əlində qayçı” qoyun otarmaq nə deməkdir” başlıqlı yazısında dediyi kimi, “… insanlar sadəcə bir amili nəzərdən qaçırırlar ki, atalar sözləri hər şeydən əvvəl bədii düşüncə məhsuludur və məcazi obrazlar, rəmzi deyimlər hesabına formalaşır… Atalar sözünün məğzində, mayasında hifz edilən dərin mənanı, müdrik fikri tam anlamaq, dərk etmək üçün insandan, doğrudan da, müəyyən bir düşüncə potensialı, mütaliə səriştəsi tələb olunur və nəhayətdə başa düşürsən ki, atalar nə deyibsə, düz deyib”. Bu sahədə araşdırma etmiş Honek və Templin fərziyyələrinə görə, atalar sözünün qavranılması müxtəlif mərhələlərdə baş verir. İlk öncə, eşidilən atalar sözünün ilkin mənası, daha sonra isə onun ifadə etdiyi əsas məna başa düşülür.
Bəzən əks mənalı (məsələn, “Dama-dama göl olar (M.Kaşğaridə belədir: “Birin-birin minğ bolur, tama-tama köl bolur”) // Quyuya su tökməklə sulu olmaz” və ya “Bu günün işini sabaha qoyma // Tələsən təndirə düşər” və s. atalar sözlərini “əsas” gətirən bir qrup yenə ataların səhv etdiyini bildirir. Hətta yazırlar ki, “bir ata deyən, başqa atanın dediyi ilə düz gəlmir”. Amma nəzərə almırlar ki, hər bir atalar sözünün istifadə olunduğu məkan, şərait, zaman və məqam fərqli olur, hətta variantları da bir-birini əvəz edə bilmir. Əks dedikləri, səhv saydıqları atalar sözləri də belədir. Nümunələrə diqqət edək. Alqı-satqı zamanı məbləğin cüzi olduğunu düşünüb kassa çekini almayana kiçik şeylərin zamanla çoxalaraq böyük işlərə vasitə ola bilcəyini anlatmaq üçün “Dama-dama göl olar” atalar sözünü xatırlada bilirik. Burda “Quyuya su tökməklə sulu olmaz”ı işlətməyin yeri yoxdur. Həmin atalar sözünü mədəniyyətsiz, etikadan kənar hərəkətlər edən, inadkar, öz tutduğunu buraxmayan birinə verilmiş nəsihət və məsləhətlərin nəticəsiz qaldığını görəndə işlədirik. Burda da “Dama-dama göl olar” atalar sözünün işlədilməsi qeyri-mümkündür. Deməli, bu hər bir atalar sözünün özünün işlənmə məqamı və şəraiti var. Burdan da görünür ki, həmin atalar sözləri bir-birinə əks olsa da, biri digərini təkzib etmir, hərəsi öz məqamında işlədilir. Beləlikllə, “bir ata deyən, başqa atanın dediyi ilə düz gəlmir” iddiası tamamilə absurddur.
“Qarın qardaşdan irəlidir" kimi atalar sözlərinə istinadən “ataların" öz mülahzələrində səhvə yol verdiklərini, insanları yanlış yönəltdiklərini iddia edənlər də var. Bunlar İ.Abbasovun yuxarıda adı çəkilən məqaləsində yazdığı kimi, nəzərə almırlar ki, “…bu vahidlərə formal məntiq prinsipləri ilə yanaşıb onlardan həmişə oyüd-nəsihət məzmunu gözləmək sadəlövhlük olardı. Atalar sözü və məsəllər məzmunca xalq bədii təfəkkürünün bütün genişliyini və rəngarəngliyini əks etdirməyə qadirdir. Məsələn, onların sırasında ironiya, hətta sarkazm məzmunlu nümunələrə də rast gəlmək mümkündür. Yuxarıda göstərdiyimiz nümunədə də belədir. Təsəvvür edin ki, əlində yemək yeyən qardaşa həmin anda çox təcili xəstə qardaşına yardım etmək təklif olunur. O isə deyir ki, qoy, yeməyimi yeyim kömək edərəm. Bu vaxt ona istehza ilə “Qarın qardaşdan irəlidir?" (burda intonasiya xüsusi əhəmiyyət kəsb edir) deməyib, nə deyəsən?! Deməli, yenə də hər şey zamandan və məqamdan asılıdır. “Heç bir xüsusi faydası olmayan” atalar sözləri yoxdur. Atalar nə deyiblərsə, düz deyiblər. Sadəcə olaraq, sonrakı nəslin nümayəndələri onların bəzilərini kobud şəkildə təhrifə məruz qoymuşlar.
Həvəskar tədqiatçılar (əsil tətqiqatçılar deyil) bəzən unudurlar ki, folklor mətnləri, o cümlədən atalar sözləri qeyri-sabit və çoxvariantlı olur. Çoxusu həyati təcrübəyə əsaslanan əxlaqi-tərbiyəvi nümunələrdir. Müxtəlif dövrlərdə, müxtəlif məkanlarda və müxtəlif şəraitdə yarandığı üçün də müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etmişdir. Və hərə onu bir cür söyləmişdir. Onların təhrif olunmuş hesab etdikləri və yanlış saydıqları atalar sözlərinin əksəriyyəti orjinalların əsasında formalaşmış variantlardır. Bunları ucdantutma “təhrif” adlandırmaq, səhv hesab etmək günah olar. Çünki, obrazlı desək, “Quran” yanında gedən” hər bir atalar sözünün özünə məxsus bir məqamı və bir hekayəsi var. Biri digərini inkar etmir.
Onu da unutmaq lazım deyil ki, atalar sözlərinə xas olan əsas əlamətlərdən bir də variantlaşmadır. Bu, qanunauyğun hal, həm də onların konstitutiv xüsusiyyəti kimi qəbul edilir. Ş.Nağıyeva özünün “Paremiyaların formal xüsusiyyətləri” məqaləsində göstərir ki, atalar sözlərinin variantlaşması həm dildaxili, həm də dilxarici amillərlə əlaqəlidir. Dildaxili variantlaşma tipində çox vaxt onların tərkibindəki leksik vahidlərin dəyişməsi, yaxud sintaktik quruluşunda qismən dəyişiklik edilməsi əsas rol oynayır. Bu zaman ümumiləşdirilmiş məna saxlanılır. Məsələn, “Tələsən təndirə düşər / Tələsən tərsinə düşər / Tələsən tələyə düşər; Dərd dərd üstündən gələr / Bəla bəla üstündən gələr” və s. Nümunələrdəki təndirə / tərsinə / tələyə; dərd / bəla əvəzlənmələri buna misal ola bilər.
Variantlaşmada dilxarici amillər dedikdə isə dil-cəmiyyət əlaqəsi nəticəsində yaranan sosial faktorlar nəzərdə tutulur. Hansı ki, belə atalar sözlərində variantlılığın yaranmasında zaman və məkan fərqləri ciddi rol oynayır. Məsələn, “Yeməyin ustası, işləməyin xəstəsi – “Yemək görəndə hamıdan irəli, iş görəndə hamıdan geri”; “Kəfənə bürün elinən sürün –Kəfənə bürün qəbirə sürün” və s.
Ş.Nağıyeva onu da yazır ki, “Atalar sözlərində müəyyən situasiyalarla bağlanan, sonradan təkrarlanan, tipik hadisələr əks olunur. Buna görə də müəyyən hallarda variantlaşma situasiyanın qiymətləndirilməsindəki fərqlərlə, eləcə də diskursun tələblərinə uyğunlaşma ilə bağlı olur. Məs.; Ağıllı fikirləşincə, dəli vurub çayı keçdi – Ağıllı fikirləşincə, dəlinin bir oğlu da oldu; Baş bədənin tacıdır – Baş olmasa, bədən leşdir və s. Bəzi hallarda isə atalar sözlərindəki leksik vahid sinonimi ilə əvəzlənir, formal dəyişiklik baş verir ki, bu yeni variant yaradır. Məsələn, “Ehtiyat igidin yaraşığıdır – Ehtiyat igidin bəzəyidir; Çobanın könlü olsa, təkədən pendir tutar – Çobanın könlü olsa, təkədən qələmə tutar” və s.
Əlbəttə, biz bəzi atalar sözlərinin zaman keçdikcə müstəqim mənasından uzaqlaşmasını və tamamilə fərqli şəklə düşməsini, fərqli məna kəsb etməyə başlasını inkar etmirik. Bunun səbəbi isə yuxarıda yazdığımız kimi, onların müxtlif zaman kəsiyində müxtəlif təbəqələrin dünyagörüşünü, təcrübə və arzusunu ifadə etməsi və hərənin onu bir cür söyləməsidir. Bunları “Atalar üçdən deyib”, “Yol böyüyün, su kiçiyindir” və digər atalar sözlərinin nümunəsində də görmək olar. “Atalar üçdən deyib” “Oğuznamələr”də “Atalar ucacan deyib” kimi qeydə alınıb, bu da “bir işi axıradək get” mənasındadır. Bu atalar sözünün hazırkı variantı da müdrik məzmuna malikdir. Bunu birinci dəfə uğursuzluğa düçar olanlara “Atalar üçdən deyib” deməklə mübarizəyə ruhlandırmaq baxımından deyirik. “Yol böyüyün, su kiçiyin” isə qədim “Oğuznamələr”də “Yol uluqun, suç kiçiqin” formasında qeyd olunur. Yəni kiçik günah işlətsə də, böyük onu bağışlamalı və düz yol göstərməlidir. Bu atalar sözünün sonradan formalaşan variantı da az tərbiyəvi əhəmiyyət kəsb etmir.
Etiraf edək ki, “yontulmamış”, cilovlanmaz yaradıcı dil və ifadələrlə buxovlanmayan”, fikri çaşdırıb yanlış səmtə yönəldən, ziddiyyətli, defektli atalar sözlərinə təkəmseyrək olsa da təsadüf olunur. Məsələn, “El üçün ağlayan iki gözdən olar, Gecənin xeyrindən gündüzün şəri yaxşıdır, Arvadın saçı uzun olar, ağlı gödək, Qızını döyməyən dizini döyər”, “Şər deməsən, xeyir gəlməz” və s. XX əsrin 20-ci illərinədək belə atalar sözlərinə çox az təsadüf olunub.
Sovet dövründə isə bu cür halların sayı xeyli artmışdı. Çünki həmin dövrdə nəşr zamanı atalar sözləri ciddi senzuradan keçirilmiş, onların bir qismi ideoloji mülahizələr baxımından kobud təhriflərə məruz qoyulmuş, kommunist ideologiyasının meyarlarına uyğun şəkildə "islah edilmiş”, xalq müdrikliyinin örnəyi əvəzinə mənasız söz yığını kimi təqdim olunmuşdur (Ə.Hüseynzadə). Fikrimizcə, indi deffektli hesab etdiyimiz bəzi bir sıra atalar sözlərinin movcud olmasının səbəblərindən biri də budur.
Bizcə, ulu babalarımızın müdriklik dəfinəsinin nümunələrinin orjinalları ilə müqayisəli tədqiqatı, həmçinin orijinalları və variantları ilə birlikdə nəşrə hazırlanması aktual məsələ olaraq qalır.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi