Bizi birləşdir(məy)ən dəyərlər
Bu gün, 09:38

Erməni bəstəkarın Ağdam “İmarət”ində səslənən musiqisi
Bu günlərdə Asmik Vardanyan adlı Facebook istifadəçisinin maraqlı bir statusuna rast gəldim. O, Bakıdakı Akademik Opera və Balet Teatrı binasının layihəsini vermiş memarın erməni olduğunu yazmışdı. Yelena Sarkisyan adlı başqa bir fəal istifadəci isə bu statusa şərh qoymuşdu: “Təəccüblüdür ki, onlar (yəni, biz, azərbaycanlılar – A.Q.) bunu (yəni, teatrı – A.Q.) uçurmayıblar”.
Niyə uçurmalıyıq ki?
Bilməyənlər üçün birini də mən əlavə edim. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası binasının memarı da erməni olub - Qavriil Ter-Mikelov.
Heç o bina da uçurulmayıb. Gözəl təmir olunub. Yeri gəlmişkən, Opera və Balet Teatrının binasında da hazırda təmir işləri gedir.
Yazıçı, araşdırmaçı həmkarım Lusine Xaratyan bir neçə il əvvəl Tiflisdə mənə bir kitabını vermişdi. Ermənistanda azərbaycanlıların izləri barədə. Kitab Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tikililərdən, dini-mədəni abidələrdən bəhs edirdi. Bu da mənim üçün normal və təəccüb doğurmayacaq hal idi. Hərçənd, kitaba daxil edilmiş şəkillərdən həmin tikililərin, yumşaq desək, bərbad hala düşdüyü görünürdü.
***
Sözüm odur ki, bu gün Azərbaycanda ermənilərə, Ermənistanda isə azərbaycanlılara məxsus izlər - tikililər, tarixi, mədəni abidələr hələ də mövcuddur. Onların necə qorunması və ya qorunmaması isə ayrıca mövzudur.
Doğrusu, Ermənistanda bəzi tarixi-mədəni abidələrin sökülməsi Azərbaycanda neqativ əhval-ruhiyyə yaradır. Hətta buna rəğmən, Bakının mərkəzində erməni kilsəsinin qorunub saxlanılmasını düz hesab etməyənlər də olur.
Müxtəlif fikirlər, müxtəlif dəyərlər ola bilər...
Əslində isə hər iki xalqın özünəməxsus hesab etdiyi ortaq dəyərləri də var. Çox təəssüf ki, onlar bizi birləşdirmək əvəzində, düşmən edir.
İndi musiqi, mətbəx “dava”larına əsasən sosial mediada rast gəlinir. Dolma uğrunda “qanlı” döyüşlərin şahidi olmamısınızmı? Və ya “tutək kimindir” yarışında daha çox tərəfdar yığmaq üçün bütün mümkün və qeyri-mümkün resursları səfərbər edən sosial media cəngavərləri tanımırsınızmı?
Əminəm ki, tanıyırsınız, şahidi olmusunuz. Və bəlkə, özünüzə doğma olana dəstək də vermisiniz. Bəs bunun qazancı nə olub? Bəlkə, nəsə olacaq?
Heç nə olmayacaq, itirəcəyik. Nəyi itirəcəyik? Bir siyahı tutmaq olar. Amma ən vacibi – qarşılıqlı inamın itməsidir. Bunu onilliklərlə müşahidələrimə əsaslanaraq, birmənalı deyə bilərəm. Ortada bir-birinə inam ifadə edən 5-10 nəfərlik marginal qruplar qalıb. Onların da iki toplum arasında qərar qəbuletmə, münasibətləri tənzimləmə mexanizmlərinə təsir imkanları sıfıra yaxındır.
Bu gün unutduğumuz bir həqiqət var - Qarşılıqlı inam olmadan da sülh olmaz ki...
Qayıdaq bizi birləşdir(məy)ən dəyərlər məsələsinə.
Ağdamda Qarabağ xanlığının dövründə tikilmiş bir “İmarət” kompleksi var. Deyilənə görə, Qarabağ xanlarının qış iqamətgahlarından olub. Xan ailəsi üzvlərinin bir çoxu məhz burada, “İmarət”in həyətində dəfn olunub. Xanların və Qarabağ xanlığının sonuncu varisi Xurşudbanu Natəvanın da məzarı bu kompleksdədir.
Ağdam erməni silahlı birləşmələrinin işğalında olduğu zaman kompleksdəki bəzi məqbərələr dağıdılsa da, digər tikililər qalmışdı. “İmarət” Ağdamda tam sökülməmiş iki abidədən biri idi. (Digər sökülməyən tikiili Ağdam məscidi idi – A.Q.)
Şəhər 2020-ci ildə azad olunduqdan sonra onun bərpasına məhz buradan, “İmarət” kompleksindən başlanıldı. “İmarət” əvvəlki görkəmini aldı. Hazırda Avropa liqalarında çıxış edən “Qarabağ” klubunun ev stadionu da burada yerləşirdi. İndi başqa yerə köçürülməsi nəzərdə tutulub. Stadionun yerində isə Qarabağ atlarının təqdimatı üçün mərkəz yaradılıb.
“İmarət” müxtəlif ölçülü və formalı otaqlardan ibarətdir – böyüyü də, kiçiyi də var. Təmirdən sonra bu otaqlarda müxtəlif guşələr yaradılıb və onların tarixi, təyinatı barədə informasiyaları əks etdirən lövhələr asılıb.
Ən böyük otaqda isə art-dizayn üslubunda musiqili kompozisiya qurulub. Musiqinin müşayiəti ilə rəngbərəng işıqlandırma effektləri maraqlı aura yaradır. Çox gözəl alınıb.
Səslənən musiqilərdən biri “Pıçıldaşın, ləpələr” mahnısıdır.
Pıçıldaşın, pıçıldaşın, ləpələr.
Bəlkə, mənə bir sözünüz var sizin.
Üç gecədir mənim ömür yoldaşım
Buruq qazır qucağında dənizin...
Bu mahnını kimlər oxumayıb, musiqini kimlər ifa etməyib! Sara Qədimova, Şövkət Ələkbərova, Vaqif Mustafazadə, Ramiz Quliyev... “İmarət”də onun tarda instrumental solo versiyası sələndirilir.
Sözləri İslam Səfərliyə aid olan “Pıçıldaşın, ləpələr” mahnısının bəstəkarı Andrey Babayevdir. Andrey Avanesoviç Babayev.
*Dosye: Andrey Babayev 1923-cü il dekabrın 27-də Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni (indiki Xocavənd) rayonunda anadan olub. İlkin musiqi təhsilini Qafqazın konservatoriyası sayılan Şuşada alıb. Şuşa mühitində Azərbaycan xalq musiqisinin incilərini – muğamı öyrənib.
1939-1941-ci illərdə Azərbaycan Radiosunun xalq çalğı alətləri orkestrində dirijor köməkçisi işləyib. 1941-1945-ci illərdə Bakı qarnizonunun mahnı və rəqs ansamblının bədii rəhbəri, 1946-1947-ci illərdə isə Bakı Filarmoniyası ansamblının direktoru olub. 1947-1950-ci illərdə həmin filarmoniyanın mahnı və rəqs ansamblının xormeysteri olub.
1950-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Konservatoriyasında bəstəkar Qara Qarayevin sinfini bitirib və Moskvaya köçüb.
1964-cü il oktyabrın 21-də vəfat edib. Moskvada erməni qəbiristanlığında dəfn edilib.
Andrey Babayev adı, ola bilsin, Azərbaycan və Ermənistan oxucusu üçün bir o qədər də təmtəraqlı ad deyil.
Amma onun “Kimlər gəldi, kimlər getdi” mahnısını Azərbaycanda bilməyən yoxdur.
Onun Rəşid Behbudovun ifasında səslənmiş “Bir qıza rast gəldim” ("Я встретил девушку") mahnısı isə nəinki Azərbaycanda, bütün SSRİ-də sevənlərin dilinin əzbəri idi.
Məgər bu, bizi birləşdirən dəyər deyil?
“Pıçıldaşın, ləpələr” mahnısının bəstəkarının erməni olması və bu mahnının “İmarət” kompleksində səsləndirilməsi, yəqin ki, çoxunu təəccübləndirəcək. Amma təəccübünüzü unudun. Bəlkə də, bu musiqini orada səsləndirilmək üçün seçənlər onun bəstəkarının milliyyəti barədə heç düşünməyiblər. Çünki “Pıçıldaşın, ləpələr” hamı tərəfindən birmənalı qəbul olunmuş Azərbaycan mahnısıdır.
Ermənilər də onu öz mahnısı bilsələr, şəxsən mən etiraz etmirəm. Amma bir şərtlə, bu mahnını bizi birləşdirən dəyər hesab etsinlər, əksinə, qarşı-qarşıya qoyan dəyər kimi yox.