Tikintidə üsyan, kommunistlərlə birləşən “zek”lər, güllələnən komsomolçular...

Bu gün, 10:44           
Tikintidə üsyan, kommunistlərlə birləşən “zek”lər, güllələnən komsomolçular...
SSRİ tarixinin daha bir gizli epizodu: Temirtau qırğını

1959-cu ilin avqustun əvvəllərində SSRİ-də fövqəladə hadisə baş verdi. Qazaxıstanda Karaqandı metallurgiya kombinatının tikintisində çalışan fəhlələr qiyam qaldırdılar. Hadisənin diqqətçəkən məqamı o idi ki, burada çalışanların əksəriyyəti ölkənin müxtəlif yerlərindən komsomol putyovkası ilə gələnlər idi. Belə çıxırdı ki, komsomolçular sovet hakimiyyətinə qarşı üsyan etmişdilər.

***

SSRİ-də əhəmiyyətli sayılan tikintilərə xüsusi status verilirdi. Ən yüksək statuslardan biri “Ümumittifaq zərbəçi komsomol tikintisi” idi. KAMAZ və VAZ zavodları, Baykal-Amur magistralı, Sayano-Şuşenskoye HES və başqa tikintilər belələrindən idi. Bu ənənə hələ 1920-ci illərdən yaranmışdı. Amma təxminən 30 il müddətində belə meqatikintilərin əsas və ucuz işçi qüvvəsi QULAQ məhkumları idi. Komsomolçular arxa planda qalırdılar. Stalinin ölümündən sonra dustaqların sayı xeyli azaldığından komsomolçular önə keçdilər.

Karaqandı metallurgiya zavodunun inşası da 1958-ci ildə ümumittifaq komsomol təşkilatının XIII qurultayında ölkə miqyasında zərbəçi komsomol tikintisi elan edildi. Belə halda ölkənin bütün komsomol təşkilatları üzvlərinin bir qismini səfərbər edib Karaqandıya, daha doğrusu, yaxınlıqdakı Temirtau şəhərinə göndərməli idilər.

Komsomol çağırışına hay verənlərin səbəbləri müxtəlif olurdu. Kommunist ideallarına səmimi inanan idealistlər, daha çox pul qazanmaq istəyən və ya balaca şəhərlərin boz həyatından bezib macəra axtaranlar vardı. Kimisi də bu fürsətdən kolxoz təhkimçiliyindən qurtularaq şəhərlərə köçmək üçün yararlanırdı.

Tikintisi “zərbəçi” elan edilən müəssisələr adətən “şəhər yaradan müəssisələr”ə çevrilirdilər. Onların ətrafında ya yeni şəhər salınır, ya da kiçik yaşayış məntəqəsi böyük şəhərə çevrilirdi. Bu da o demək idi ki, həmin şəhərlərdə mənzil almaq SSRİ-nin başqa yerlərinə nisbətən daha asan idi. Bu amil də işçi cəlbində mühüm rol oynayırdı.

Sadalananlardan əlavə xüsusi bir kontingent də olurdu. Adları tez-tez qanun pozuntularında hallanan, kriminala meylli gənclər yaşadıqları şəhərin milisi tərəfindən “ya tikintiyə gedəcəksən, ya həbsxanaya” dilemması qarşısında saxlanılır və tikintini seçirdilər. Milis bununla öz başağrısını azaldır, kriminogen statistikanı yaxşılaşdırırdı.

***

Karaqandı vilayətində metallurgiya zavodunun tikilməsi barədə qərar 1942-ci ilin yanvarında qəbul olunmuşdu. Müəssisə o zaman hələ kiçik qəsəbə olan Səmərqənd (1945-ci ildən Temirtau) yaxınlığında tikilirdi. Yer seçimində yaxınlıqdakı kömür hövzəsi ilə yanaşı, ərazinin alman aviasiyası üçün əlçatan olmaması da rol oynamışdı.

1950-ci illərin sonlarında müəssisəni daha da böyüdərək kombinata çevirmək qərara alındı və inşaat işləri genişləndirildi. Ölkənin müxtəlif yerlərindən gənclərin Temirtauya axını başladı. Vilayət 1958-ci ilin oktyabrında Lenin ordeni ilə təltif olundu.

1959-cu ildə tikintidə 25 min nəfər çalışırdı və yaya doğru bir problem ortaya çıxdı: gələnlərin sayı şəhərin qəbul edə bildiyindən çox idi. Nəticədə 3 minə qədər gənc çadır şəhərciyində məskunlaşdı. Burada isə şərait ürəkaçan deyildi: stol, stul, dolabça çatışmırdı. Çay içmək üçün elektrik mənbəyi yox idi.


Tikintinin ümumi problemləri də vardı. Yemək keyfiyyətsiz idi, maşınla gətirilən su həm çatmırdı, həm də sisternin dibinə çökən pasla qarışırdı. 1955-ci ildən çəkilən su kəməri çəkilib qurtarmamışdı. Nəinki içmək, yuyunmaq üçün də su tapılmırdı. Təchizat bərbad vəziyyətdə idi. Gah bir, gah digər material gətirilmədiyindən iş olmurdu və bu, aylıq maaşa təsir edirdi.

Hadisələrdən sonrakı araşdırmalar göstərdi ki, normal xidmət göstərmək üçün yeməkxanalarda 3750 yer olmalıdır, amma cəmi 1300 idi. Bu da növbələrin yaranmasına səbəb olurdu. Həkim və dərman çatışmırdı. Xəstəxanalarda hər min nəfərə 11 çarpayı əvəzinə 3,5 çarpayı vardı. Məktəb və uşaq bağçalarında da yer çatışmırdı. Asudə vaxtı keçirmək üçün normal seçim çox deyildi: xırda kinoteatr və rəqs meydançası. Belə olduqda, içki və qumar populyarlaşır, tez-tez dava-dalaş baş verirdi.

Sovet vətəndaşı dövlətin belə münasibətinə öyrəncəli idi və ola bilsin, bu dəfə də bütün məhrumiyyətləri sakit qarşılayardı. Amma narazılığı artıran daha bir amil vardı: bolqarlar. Tikintiyə Bolqarıstandan da yüzlərlə inşaatçı gəlmişdi. Belə hallarda həmişə olduğu kimi, əcnəbilər imtiyazlı vəziyyətdə idilər. Onlara ən yaxşı yataqxanada yerlər ayrılmışdı. Maaşları daha yüksək idi, özü də material olmadığndan işsiz qalanda maaşlarından tutulmurdu. Yeməkxanada birinci onlara xidmət edilirdi. Məhrumiyyətə dözən sovet vətəndaşları belə qeyri-bərabərliyi həzm etmirdilər.

***

Üzərindən sirr pərdəsi hələ də tam götürülməyən və məsələn, Novoçerkassk hadisələrindən daha az araşdırılan Temirtau iğtişaşının necə başlaması və necə cərəyan etməsi barədə müxtəlif və bəzən ziddiyyətli məlumatlar var. Daha ağlabatan hesab etdiyim hadisələr zənciri aşağıdakı kimidir.

Hər şey avqustun 1-də, şənbə günü başladı. Gecə kinoteatrdanmı, yoxsa rəqs meydançasındanmı qayıdan gənclər çadır şəhərində içməyə su tapmadılar və özlərindən çıxdılar. Onlar yeməkxananın yanında saxlanılan kvas çəlləyinə tərəf yollandılar. O vaxt, təbii ki, kvas satıcısı iş yerində deyildi. İşçilər çəlləyin qıfılını qırdılar və kvası pulsuz içməyə başladılar. Bəziləri hətta yeməkxanaya girdilər. Hadisə yerinə milis gəldi və üç nəfəri tutub yerli şöbəyə apardı.


Çadır şəhərciyinə qayıdanlar yatan yoldaşlarını oyadaraq milis şöbəsinə getməyi və tutulanları azad etməyi təkli etdilər. Nəticədə sayı 500-ü keçən böyük kütlə toplandı. Fəhlələr milis şöbəsinin qarşısında toplaşaraq, tələblərini səsləndirdilər. Bəziləri binanın pəncərələrinə daş atdılar, şöbəyə məxsus QAZ-69 maşını devirdilər. Amma milislərdən biri onların qarşısına çıxmağa cəsarət etdi və bildirdi ki, tutulanlar artıq Karaqandıya aparılıblar. Söz verdi ki, geri qaytarılacaqlar. Sakitləşən kütlə şəhərciyə qayıtdı.

Ertəsi gün tikinti rəhbərliyinin və şəhər partiya komitəsinin məmurlarından ibarət heyət fəhlələrlə görüşə gəldi. Onlar narazılıqları dinlədilər və məişət problemlərinin tezliklə həll ediləcəyinə söz verdilər. Sanki insident böyümədən başa çatmışdı. Amma günün ikinci yarısında iğtişaş başladı və səbəb yenə də su oldu.

Günorta saatlarında gətirilən sisterndəki su bulanıq rəngdə idi, pis tamı vardı. Bir neçə nəfər “bəsdir bizi bununla suladınız!” deyərək qışqırdılar və qiyam başladı. Fəhlələr şəhərin mərkəzinə doğru irəlilədilər. Sisterni özləri ilə sürüyərək xəstəxanaya apardılar ki, tərkibi analiz edilsin, amma bazar günü idi və laboratoriya həkimi yox idi. Trest binasının qarşısına getdilər və kortəbii mitinq keçirdilər.

Axşama doğru dünən tutulan yoldaşlarını xatırlayan fəhlələr yenidən milis şöbəsinə üz tutdular. Binanı yenə daşa tutdular. Amma yenə dünənki milis əmin etdi ki, tutulanlar buraxılacaq və bir neçə saatdan sonra doğrudan da buraxıldılar.

Fəhlələrin bir hissəsi hesab etdi ki, narazılıqlarını kifayət qədər aydın ifadə ediblər və yerinə yetirilmiş borc duyğusu ilə çadır şəhərciyinə qayıtdılar. Amma hamı bu fikirdə deyildi. Belələri avqustun 2-dən 3-də keçən gecə Temirtauda poqrom törətdilər .

Dövlət idarələri daşa tutuldu. Şəhər bazarı, dükanlar talan edildi. Qarşılarını kəsməyə çalışan milislər və drujinaçılar döyüldü. Əsas hücum obyekti univermaq oldu. Buradakı içkilər və ərzaq, geyim və bəzək əşyaları qarət edildi. Bəzi mənbələrdə kütlənin bir neçə ov tüfəngi əldə etdiyi də deyilir.


İğtişaşda əsasən çadır şəhərciyində yaşayanlar iştirak edirdilər. Amma Temirtauda onların qarşısını alacaq qədər milis qüvvəsi yox idi. Ümumiyyətlə, sovet milisi kütləvi iğtişaşa hazırlıqlı deyildi. Ona görə də belə hallarda ordu çağırılırdı, üç il sonra Novoçerkassda olduğu kimi. Amma Temirtaunun yaxınlığında hərbi hissələr də yoxdu. Tikintidə çalışan nümunəvi işçilərdən ibarət dəstə düzəldib “fəhlə sinfinin cavabı”nı təşkil etmək istədilər, amma komsomolçu fəhlələr kommunist fəhlələri döyüb qovdular.

Hakimiyyət orqanları Karlaq (Karaqandı islah-əmək düşərgəsi) hərbçilərindən kömək istədilər. 30 il müddətində SSRİ-nin ən böyük həbs düşərgələrindən biri olan Karlaqın ləğvinə hazırlıq gedirdi (avqustun 22-də bağlandı), dustaqların əksəriyyəti ya buraxılmış, ya da başqa düşərgələrə göndərilmişdi. Buna görə xeyli azad konvoy vardı. Onlardan təxminən 500 nəfər Temirtauya göndərildi.

Konvoylar etirazçıları sıxışdıraraq univermağı mühasirəyə aldılar və içəridəkilərə təslim olmağa təklif etdilər. Mağazadakılar isə “Düşmənə təslim olmur bizim məğrur Varyaq” mahnısını oxumağa başladılar. Konvoylara içəridən butulka və bankalar, çöldən isə daş atıldı. Bir nəfər yük maşınına oturaraq onların üzərinə sürdü, amma güllələnib öldürüldü.

İğtişaş səhərə yaxın yatırıldı. Silahdan istifadə nəticəsində 11 mülki şəxs hadisə yerində, daha 5 nəfər də xəstəxanada öldü. Onlarla adam yaralandı və ya xəsarət aldı. Milis və konvoy işçilərindən də xeyli xəsarət alanlar vardı. Qurbanların sayını daha çox olması barədə versiyalar mənə inandırıcı gəlmir, çünki məlumat publik deyildi. Moskvaya göndərilən məxfi məlumatlarda yazılırdı. Mətbuata təqdim olunsaydı, sayın azalması ehtimalı ağlabatan olardı.

Moskva hadisələrdən avqustun 3-də xəbər tutdu. Temirtauya DİN-in konvoy hissələrindən əlavə qüvvələr göndərildi: Daşkənddən 623 nəfər, Novosibirskdən 218 nəfər, Sverdlovskdan 329 nəfər. Bundan əlavə, Alma-Ata sərhədçi məktəbindən 106, milis məktəbindən 200 kursant cəlb edildi. Avqustun 4-də Temirtauya gələn bu qüvvələr bir neçə gün asayişə nəzarət edib, geri qayıtdılar.

Üsyanı yatırarkən 190 nəfər həbs olundu, amma çoxu qısa araşdırmadan sonra buraxıldı. 42 nəfər məsuliyyətə cəlb edildi. Yeddi nəfər güllələnməyə məhkum olundu, onlardan ikisinin hökmünü Qazaxıstan Ali məhkəməsi 15 il həbslə dəyişdi. Digər beş nəfər edam edildi.

Sovet lideri Nikita Xruşşov avqustun 5-də Leonid Brejnevi Qazaxıstana göndərdi. Brejnev 1955-1956-cı illərdə 7 ay Qazaxıstan Kommunist partiyasının birinci katibi olmuşdu, buradakı kadrların çoxunu tanıyırdı. Araşdırmalar bir çox məsul şəxsin vəzifəsini itirməsi ilə nəticələndi. O cümlədən, Karaqandı vilayətinin partiya rəhbəri Pavel İsayev vəzifəsindən çıxarıldı və partiyadan qovuldu. Respublikanın partiya rəhbəri Nikolay Belyaevin vəzifəsi kiçildilərək Sratvropol vilayətinə birinci katib təyin edildi, qısa müddət sonra da pensiyaya göndərildi. Qazaxıstanda Dinməhəmməd Kunayev erası başladı.

Sovet hökuməti Temirtau hadisələrindən müəyyən nəticələr çıxardı. Buraxılan nöqsanlara sonrakı zərbəçi tikintilər zamanı yol verilmədi, ya da bu qədər böyük miqyasda yol verilmədi.
Yadiar Sadıxlı
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.