Buluddan çıxan Günəş, qaragüruh qorxusu, “Tanrı” ilə tanışlıq... - RESENZİYA

Bu gün, 11:44           
Buluddan çıxan Günəş, qaragüruh qorxusu, “Tanrı” ilə tanışlıq... - RESENZİYA
Nizami kinoteatrında yenə kino ziyafəti idi. Ona görə yenə dedim ki, son vaxtlar ara-sıra olur belə ziyafətlər. Köhnə ənənə geri qayıdır, yaxşı ənənələrə qayıtmaq sevinc gətirir. Ziyafəti isə çoxdandır bu camedə görünməyən rejissor Cavid Təvəkkül verirdi. Qaranlıqlar işıqlanmışdı, dostlar sevincli idi, rejissorun özü də həmçinin. Həmin Cavid Təvəkküldür ki, 13 uğurlu filmin altında imzası var, bu da 14-cü. Rüstəm İbrahimbəyovun yetirməsidir, kinonu yaxşı bilir və istedadlıdır. 2011-ci ildə Prezident tərəfindən “Tərəqqi” medalına layiq görülüb, 2021-ci ildə isə Prezident mükafatına. Arada həyatına doğan günəşin qarşısını mərdimazar qara buludlar alıb onu qaranlığa qərq etmişdi. Artıq o buludlar çəkilib, günəşin şöləsi gözlərinə düşür.

Qayıdaq Nizami kinoteatrına. Hamı nümayişin nə vaxt başalanacağını gözləyirdi, o gecikirdi, amma heç kim bundan narahat deyildi. Görüşüb ikibir, üçbir söhbət edirdilər. Çoxdan görüşməyənlərin çiçəkləri çırtlamışdı.

Spinozanı Cavid Təvəkkülün sayəsində tanıdım. O, filminin adını “Spinozanın tanrısı” qoydu, mən də maraqlandım ki, bu Spinoza kimdir və gördüm ki, indiyə qədər tanımadığım bu Holland filosofu pis adam deyilmiş. Hətta “lazım gəlsə”, yaxşı demək olar, niyə olmur. Qorxuram deməyə, amma deməsəm də, ölərəm ki, deyəsən, bəzi məqamlarda fikirlərimiz də üst-üstə düşürmüş.

Eynşteynin tələbələri ondan soruşanda ki, “Tanrıya inanırsınızmı?”, cavab verirmiş ki, Spinozanın tanrısına inanıram.

Spinoza fransız filosof Descartes ilə birlikdə materializmə, ateizmə və deizmə bir alternativ tapıblar. Onu kimlərsə panteist, kimsə panenteis, üçüncüsü isə ateist kimi tanıyır. Əslində isə...

Spinoza deyir: Tanrıya dua etməkdən əl çəkin. O sizi yaradıb ki, dünyanı gəzib, mahnı oxuyub, rəqs edib, həyatın ləzzətlərindən zövq alaraq yaşayasınız. Spinozaya görə, Tanrı deyir ki, özünüz inşa edib mənim adıma çıxdığınız qaranlıq, soyuq divarlardansa, dağlara, meşələrə, göllərə, təbiətə gedin, mənim evim oralardır. Buralar mənim yaşadığım və sizə sevgimi ifadə etdiyim məkanlardır. Öz seçdiyiniz həyat üçün, kimlərinsə sizi inandırdıqları nəsnələr üçün də məni günahlandırmayın. Mənimlə heç bir əlaqəsi olmayan, müqəddəs adlandırdığınız kitabları oxumayın, əgər məni günəşin doğuşunda, dostunuzun baxışında, övladınızın gözlərində görə bilmirsinizsə, heç bir kitabda axtarmayın. Məndən qorxmayın, əməllərinizdən narahat deyiləm, sizdən narazı da deyiləm, sizi sevgi ilə yaratmışam. Sizi siz olduğunuz üçün cəzalandıra bilmərəm. Mənim sizə verdiklərimə görə, yaxud vermdiklərimə, sizi necə cavabdeh bilə bilərəm? Bunu hansı Tanrı edər...

Ən çox ürəyimcə olan fikir bilirsiniz hansı oldu? Spinozaya görə, Tanrı deyir məni tərifləməkdən əl çəkin, lazım deyil, yoxsa məni eqomanyak hesab etdiniz..?

Xülasə, bu qədər bəsdir, yoxsa qaragüruh Spinozanı tapmayıb, məni daşa basar. Azdan-çoxdan Spinoza haqqında təsəvvürünüz yarandısa, keçək mətləbə. Yəni, mövzu Spinoza və onun fəlsəfəsi deyil, kinodur. Kino da ki, “qəliz məsələ” olduğu üçün əvvəlcə adı barədə izahlı danışmağı lazım bildim. Adını bir də deyim, bəlkə bu adın o kinoya nə aidiyyatı olduğunu sizdən əvvəl özüm üçün müəyyən edə bildim... “Spinozanın tanrısı”.

Film psixoloji dram janrında çəkilib. Söhbət insanın psixoloji vəziyyətləri, ruh halı, inancı, hansı məqamlarda hansı hallara düşməyi və bu vəziyyətlərdən necə çıxmağı barədədir. Yəni insan amili. Heç bir qüvvədən asılı olmayan, azad insan. İnsan azaddırmı, azad ola bilirmi? Söhbətin Spinozaya gedib çıxması da burdan başlayır.

Qəribə bir devizi də var - “Belə hekayəm olmasaydı, kaş”. Cümlə azərbaycanca deyil, amma anlaşılır. Filmin redaktoru olmalıdır!

Belə qəliz-qəliz danışmağıma baxmayın, əslində ssenari çox sadədir, elə bil müəllif nağıl danışır. Müəllif demiş, bu, ssenari müəllifi və prodüseri Rəsul Allahverdiyevin kinoda debütüdür. Başa düşən üçün də, düşməyən üçün də eyni hekayətdir. Bir gənc fotoqrafın sevdiyi qız itir, tapılır, hər yerdə yuxu kimi, xəyal kimi gözünə görünür, görüşmək istəyəndə yoxa çıxır. Oğlan dəliyə dönür, dostluq etdiyi qıza danışır, qız ona psixoloqa getməyi məsləhət görür. Bu dost qız da onu qısqanmağa başlayır. Sonra bəlli olur ki, qızlar xalaqızıdır, sevdiyi qız da xəstə olduğu üçün yoxa çıxır. Sonra nə olduğunu deməyim, maraqlı gəlsə, gedib kinoteatrlarda baxarsınız. Bütün bu bəsit olayların içində baş verənlər bir az adamı çətinə salır, amma sonra orda qalmırsan, çıxış yeri var.

Onu deyim ki, Azərbaycan kinosunda belə abstrakt film ilkdir, bəlkə olub, mən görməmişəm. Hadisələr bir-birinin ardınca o qədər dinamik baş verir və dəyişir ki, arada əşi, söhbət uzandı deyib, durub çıxmaq istəsən də çıxa bilmirsən, oturub baxırsan ki, görək necə olacaq...

Belə bir film olmalı idi.

“Spinozanın Tanrısı” “Pelican Film” Prodakşn tərəfindən istehsal olunub. Ad tanış gəlməyə bilər, bundan sonra tez-tez eşidərik. İstədiyimiz də bu olduğu üçün kinoya dəstək olmağa çalışırıq. Bir az zəif, yaxud kimin üçünsə zəif ola bilər, əsas odur var, kino var, çəkilir və çəkiləcək, başqa yolu yoxdur.

Filmdə əsas rolları Türkay Cəfərli, Lalə Süleymanova və Fidan Bayramova canlandırıblar. Xalq artisti Vidadi Həsənov, əməkdar artistlər Elşən Rüstəmov, Hüsniyyə Mürvətova, İqrar Salamov, Sədaqət Nuriyeva, aktyorlar Orxan Abışov, Nəzrin Abdullayeva, Sənan Fərzəliyev, Ayla Əliyeva, Jalə Novruz, Ramil Zeynalov, Niyaz İlyasoğlu və digərləri də kinoda rol alıblar. Hər birinin obrazı haqqında ayrı-ayrı danışmaq istərdim, amma kinoşünas yox, jurnalist olduğum üçün deyirəm rəy yaratmayım, sadəcə baxmaq üçün maraq yaradım.

Ekran əsərinin quruluşçu operatoru Türkiyə türkü Hüseyn Devrim, quruluşçu rəssamı Vüqar Qurbanovdur. Filmdə istifadə olunan musiqilər Nicat Qafuroğluna aiddir ki, uğurlu alınıb.

Hə, bir də onu deyim ki, “Spinozanın Tanrısı” bütün kinoteatrlarda nümayiş olunur. Di gedin, baxın.

Yaradıcılarına minnətdarlıqla…
pressklub












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.