Ölüm düşərgəsi: Katın qətliamının dəhşət dolu hekayəti - İ YAZI

Bu gün, 08:48           
Ölüm düşərgəsi: Katın qətliamının dəhşət dolu hekayəti - İ YAZI
Əsirlər son ana qədər mübarizə və müqavimətdən çəkinmədilər...

Sovet siyasi rəhbərliyinin 1940-cı il martın 5-də qəbul etdiyi qərara görə, Polşanın işğalından sonra həbs düşərgələrində və həbsxanalarda saxlanılan 25700 polyakın - hərbi əsirlərin, məmurların, “əks-inqilabçıların” və başqalarının işinə NKVD üçlüyü tərəfindən xüsusi qaydada baxılmalı və hökm çıxarılmalı idi. “Katın qətliamı” adını alacaq cinayətə belə start verildi: işləri araşdırılanlardan 21857 nəfəri edam edildi.

Polşanın “Katyn Pro Memoria” saytında yerləşdirilmiş məqalənin tərcüməsini təqdim edirik.

1930-cu illərdə Polşanın xarici siyasətinin əsasını iki qonşu ölkə ilə münasibətlərdə balansı qorumaq təşkil edirdi. 1932-ci ildə imzalanan “Hücum etməmək haqqında” Polşa-Sovet müqaviləsi (3 il müddətinə imzalandı, sonra 1945-ci ilə qədər uzadıldı) SSRİ ilə sülhü təmin etməli idi. Öz növbəsində, Almaniya reyxi ilə 1934-cü ildə 10 il qüvvəsi olan “Güc tətbiq etməmək haqqında” Bəyannamə imzalanmışdı. Bununla belə, həmin beynəlxalq müqavilələr Polşa dövlətini hər iki qonşunun təcavüzündən qorumadı.

1939-cu il avqustun 23-də Moskvada Almaniyanın xarici işlər naziri İoaxim fon Ribbentrop və onun sovet həmkarı Vyaçeslav Molotovun imzaladıqları “Hücum etməmək haqqında” müqavilənin əlavə gizli protokolu təsir dairələrini bölüşdürdü və müstəqil dövlətlərin taleyini həll etdi.


Molotov-Ribbentrop paktının imzalanma mərasimi. 23.08.1939
Əslində bu, Polşa dövlətinin dördüncü bölünməsi demək idi. Avqustun 31-də Almaniya ilə müharibə ehtimalı üzündən Polşada ümumi səfərbərlik elan edildi.

Sentyabrın 1-də alman qoşunları Polşaya zərbə endirdilər. Böyük Britaniya və Fransanın Üçüncü reyxə savaş elan etməsi ilə alman-polyak konflikti İkinci dünya müharibəsinə çevrildi. Hərbi əməliyyatların ilk iki həftəsində Sovet İttifaqı zahiri bitərəfliyini qoruyurdu. Sentyabrın 17-də isə Qırmızı ordu bütün şərq sərhədi boyunca Polşa ərazisinə soxuldu və bununla da Hitler və Stalin arasında imzalanan həmin müqaviləni həyata keçirdi.


Vermaxt və Qırmızı ordunun birgə paradı. Brest, 1939.
Polşanın Almaniyaya qarşı müdafiə konsepsiyası iflasa uğradı, iki cəbhədə döyüşmək isə sadəcə, qeyri-mümkün idi. Hadisələrin gözlənilməzliyi, baş komandan marşal Edvard Rıdz-Smiqlının bolşeviklərlə döyüşdən yayınmaq və Macarıstana, Rumıniyaya keçmək barədə əmri Polşa ordusu zabit və əsgərlərinin kütləvi şəkildə sovet əsirliyinə düşmələrinin səbəblərindən idi.

Polşalı hərbçilər sovet əsirliyində

1939-cu il sentyabrın sonlarında 240-250 min polyak hərbçi (8,6 mini zabit) və digər güc strukturlarının nümayəndələri - sərhədçilər, polislər, həbsxana mühafizəçiləri və s. - sovet əsirliyində idilər.

Bu qədər hərbi əsiri saxlamaq imkanı olmayan sovet hakimiyyəti Ukrayna və Belarusiya kökənli sıraviləri və unter-zabitləri tərksilah edib, buraxdı, digərlərini isə məxsusi hazırlanmış 10 hərbi əsir düşərgəsinə yerləşdirdi. Düşərgələr SSRİ Daxili İşlər Xalq Komissarlığının (NKVD) tabeliyində idilər.

Düşərgələrdə sıxlıq olduğundan sovet hökuməti oktyabr-noyabr aylarında Polşa mənşəli, SSRİ-yə ilhaq edilən ərazilərdə yaşayan əsgər və unter-zabitlərin də çoxunu azad etdi. Sonra əsirlərin mübadiləsi baş verdi. Almaniya əsarətinə düşən ərazilərdə yaşayan əsirlər almanlara verildi, Almaniya da SSRİ-yə ilhaq edilən ərazilərdə yaşayan əsirləri sovetə verdi, sonuncular əsasən Ukrayna və Belarusiya mənşəli idilər. 1939-cu ilin payızında sovet əsirliyində 26 minə yaxın sıravi və unter-zabit qalmışdı. Onları hərbi əsirlər üçün əmək düşərgələrinə göndərdilər.

Digər əsirlər, əsasən sayları 8,6 min olan zabitlər iki düşərgədə idilər: Smolensk vilayətindəki Kozelskdə (indi Rusiyanın Kaluqa vilayətindədir) və Voroşilovqrad vilayətindəki Starobelskdə (indi Ukraynanın Luqansk vilayəti). Sayı 6,5 min olan polis, jandarm, həbsxana işçiləri, sərhədçilər, dövlət məmurları, kəşfiyyat və əks-kəşfiyyatın aşkar edilmiş agentləri, öz növbəsində, Kalinin vilayətində Ostaşkova (indi Rusiyanın Tver vilayəti) düşərgəsinə göndərildilər.

Eyni zamanda, sovet orqanları tutduqları Polşa ərazilərində geniş miqyaslı repressiyalara başladılar. Siyasi mahiyyətli həbslər həyata keçirilirdi: əsasən Polşa dövlət aparatının vəzifəli şəxsləri (o cümlədən, əsir düşməyən hərbçilər və polislər), ziyalılar, siyasi partiyaların və ictimai təşkilatların üzvləri, sənayeçilər, torpaq sahibləri, tacirlər, mədəniyyət xadimləri və digər “sovet hakimiyyəti düşmənləri” tutuldular. Həbs edilənlərin sayı 108-112 min, öldürülən və ölənlərin sayı isə 25,6 min (Katın cinayəti qurbanları da daxil) qiymətəndirilir. Bundan əlavə, işğal edilən ərazilərdə həyata keçirilən dörd deportasiya nəticəsində 320 minə yaxın polyak SSRİ-nin içərilərinə göndərildi.

Kozelskdəki polyak hərbi əsirlər

Sovet hakimiyyəti [buradakı] monastırı 1923-cü ildən bağlamışdı. Onun ərazisində taxta-şalban zavodu, skitində isə NKVD əməkdaşları üçün Maksim Qorki adına istirahət evi yaradılmışdı. Sovet İttifaqı Polşanın şərq hissəsini tutandan sonra buraya polyak hərbi əsirlər düşdü. Əsirlər dolu ilk nəqliyyat Kozelskə sentyabrın 20-də göndərildi. Düşərgənin rəisi ordu kapitanı Vasili Korolyov idi.

Kozelsk düşərgəsinin talanmış monastır binalarında 1939-cu il dekabrın 1-i üçün 4594 nəfər saxlanılırdı. Onların arasında kontr-admiral Ksaveri Çermitski və generallar Bronislav Boqatereviç, Henrik Minkeviç, Meçislav Smoravinski və Yeji Volkovitski (sonuncu ölümdən qurtulacaq), 24 polkovnik, 79 podpolkovnik, 258 mayor, 654 kapitan, 3420 digər zabitlər və 7 hərbi kapellan vardı. Dustaqların 70 faizi ehtiyat zabiti, Polşa ziyalı təbəqəsinin nümayəndələri idilər: professorlar, hüquqşünaslar, həkimlər, mühəndislər, müəllimlər, jurnalistlər və başqaları. Katın meşəsində güllələnəcək yeganə qadın, təyyarəçi podporuçik Yanina Levandovskaya da Kozelskdə saxlanılırdı.

Polşalı əsirlərə ayrılan digər düşərgələr kimi, Kozelsk düşərgəsi də bu sayda adamı qəbul etməyə hazır deyildi. Pis qızdırılan otaqlarda sıxlıq idi. Su və təmizləyici vasitələrin çatışmaması üzündə adamlar bit-birədən əziyyət çəkirdilər, tualetlər çatışmırdı, olanları da heç kim təmizləmir və dezinfeksiya etmirdi. Əsirlər ikiyaruslu taxtlarda sıxışıb yatırdılar, çox vaxt ot döşəksiz və balışsız.

Əsirin gündəlik ərzaq payı 800 qram çörək, 30 qram şəkər, səhərə sıyıq və nahara şorba idi. Ət, balıq və tərəvəz qeyri-müntəzəm verilirdi. Əsirlər həftədə bir dəfə çay, maxorka, kibrit və sabun alırdılar. Ağır düşərgə şəraiti üzündən əsirlər ciyər xəstəliklərindən, mədə pozğunluğundan əziyyət çəkir, onlarda revmatizm və avitaminoz yaranırdı. Düşərgədə tibbi xidməti hərbi əsirlər özləri, tibbi təhsili olanlar göstərirdi.

Zabitlər düşərgəni icazəsiz tərk edə bilməzdilər, yalnız qeydə alındıqları otaqda olmalı idilər. Qaranlıq düşəndən sonra barakları tərk etmək olmazdı, otaqlarda bütün gecə işıq yanmalı idi. Dini və vətənpərvər duyğuların təzahürü, görüşlərin təşkili, kart oynamaq qadağan edilmişdi. Əsirlər arasında təmizlik və asayişə məsul şəxslər seçildi. Düşərgə üzrə baş zabit də təyin olunmuşdu: polkovnik Rışard Malinovski. 1939-cu ilin noyabrından əsirlərə [ailələri ilə] məktublaşma icazəsi verildi, məktublar senzuradan keçirdi.

Düşərgədə fəaliyyət göstərən NKVD-nin xüsusi dəstəsi operativ qeydiyyatın, eləcə də əsirlər arasında agentura-informasiya işinin aparılmasına cavabdeh idi. Dövlət təhlükəsizlik mayoru Vasili Zarubin düşərgəyə göndərilmişdi. Mədəni, oxumuş, xarici dillər bilən, xaricdə bir neçə il iş təcrübəsi olan mayor təhsilsiz və cahil digər NKVD əməkdaşlarından fərqlənirdi. Zarubin düşərgənin yeganə işçisi idi ki, əsirlər ona hərbi salam verirdilər. Bütün səylərinə baxmayaraq, o, Kozelskdə saxlanılan minlərlə əsirdən cəmi bir neçəsini əməkdaşlığa cəlb etmək üçün tovlaya bildi. Ola bilər ki, məhz onun məruzəsi Beriyanı Kozelsk, Ostaşkov və Starobelsk düşərgələrində saxlanılan polyakları qırmaq barədə qərar qəbuluna sövq etdi.

Düşərgədə kommunist təbliğatı ruhunda siyasi-maarif işi aparılır, SSRİ-nin nailiyyətləri vəsf olunurdu. Səsgücləndirici vasitəsilə Moskvadan radioverilişlər translyasiya edilir, söhbətlər və məruzələr təşkil edilirdi. Əsirlər sovet mətbuatını oxuya bilərdilər, eləcə də keçmiş istirahət evinin kitabxanasından istifadə edirdilər. Klubda “Aleksandr Nevski”, “Ana”, “Çapayev” kimi filmlər göstərilirdi.

Kozelsk düşərgəsindən sağ çıxan əsirlərdən biri, mülki həyatda görkəmli sovetoloq, iqtisadiyyat və hüquq professoru Stanislav Svyaneviç deyirdi: “Kozelskə bir növ başqa xarakterli insanların mentalitetini və cəhətlərini öyrənən müəssisə kimi baxmaq olardı”.

NKVD-nin təşkil etdiyi əməliyyat fəaliyyəti və siyasi iş gözlənilən nəticəni vermədi. NKVD məlumatlarına görə, polyak əsirlər Sovet İttifaqına düşmən münasibət bəsləyir, mübarizə apararaq vətənlərini hər iki işğalçıdan təmizləmək istədiklərini bildirirdilər. Onlar düşərgə komendantlığına müraciət edərək, Polşaya, ya da bitərəf ölkələrdən birinə göndərilmələrini tələb edirdilər. Çox az hissəsi sovet tərəfi ilə əməkdaşlığa hazır olduğunu deyirdi.

Əsirlər sovet ideoloji təbliğatının parçası kimi baxdıqları düşərgə qaydalarını boykot edirdilər. Qadağalara rəğmən, dini və dövlət bayramlarını qeyd edirdilər. Ruhanilər gizli ibadətlər keçirirdilər. Düşərgədə pravoslavlar, protestantlar və iudaistlər vardı. Digər məzhəblərdən olanların ibadətlərində iştirak etmək əsirlər arasında adi hal idi. Milad bayramının qadağan edilməsi və 1939-cu il dekabrın 23-də bütün məzhəblərə aid ruhanilərin düşərgədən çıxarılması kütləvi etiraz doğurdu.

Əsirlər öz biliklərini artırır, icazəsiz qiraətlər və düşərgədəki tanınmış mütəxəssislərin məruzələrini təşkil edirdilər. Geniş mövzular əhatə olurdu: qədim yunanların teoqoniyasından, Stefan Jeromskinin ədəbi yaradıcılığından tutmuş cəsədlərin mumiyalanmasına qədər. Xarici dil kursları fəaliyyət göstərirdi. Hərbçilərin özləri ilə müharibəyə götürdükləri kitablardan ibarət kitabxana da yaradılmışdı. Qeyri-leqal “Monitor” və “Merkuriusz” qəzetləri buraxılırdı.

Düşərgədə xor təşkil olunmuşdu, musiqi və teatr kollektivləri vardı. Poznanlı tanınmış satirik podporuçik Tadeuş Hernesin çıxışları böyük populyarlıq qazanmışdı. Əsirlər asudə vaxtda şahmat, kart oynayır, hətta spiritik seanslar təşkil edirdilər.

Hərbi əsirlərin Kozelsk düşərgəsinin ləğvi 1940-cı il aprelin 3-də başladı. Həmin gün 74 polşalı zabitdən ibarət birinci qafilə Qnezdovoya, oradan da Katın meşəsinə göndərildi. Apreldə, demək olar, hər gün əsirlərin göndərilməsi baş verirdi. Sonuncu əsir düşərgəni mayın 20-də tərk etdi. Onları NKVD-nin konvoy qoşunlarının 136-cə əlahiddə taboru müşayiət edirdi...

(Davamı olacaq)

Hazırladı: Yadigar Sadıqlı
Mənbə: BURDA












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.