Batin alimi yazır: Allah dünyanı Əzəl yazısı ilə idarə edir!

29-03-2025, 08:26           
Batin alimi yazır: Allah dünyanı Əzəl yazısı ilə idarə edir!
Bu gün hər hansı vəzifə tutan insan elə hesab edir ki, o ixtiyar sahibidir, nə istəsə edə bilər və bunun cəzası olmayacaq. Təbii ki, bunu ancaq Allah haqda həqiqətləri bilməyən cahil insan düşünə bilər. Onun cahilliyinin əsas göstəricisi də hikmət və marifətullahı bilməməsi, yəni Allahı tanımaması, Allahla İlahın fərqini anlamamasıdir. İlah - yer kürəsindəki bütün həyatı yaradan, əvvəli və sonu olmayan, doğmayan, doğulmayan ilkin materiyadır və o böyük partlayışdan sonra əmələ gəlmişdir. Allah, yəni El-İlah isə - Türk xanı, pir Amonun göydə İlahdan yaratdığı El adlı kosmik insandır. Bu böyük insanın daxilində cənnət, yəni ruhlar dünyası, vilayət yaradıldığı üçün ona El dedilər. Başqa sözlə, yəhudilərin El adlandırdıqları Allah - pir, yəni firon Amonun adam formasında yaratdığı nəhəng insandır - Əkbərdir. Sufilər bu kəbir adama - Kamil insan, şumerlilər Luqal, yəni İlahi-El, müsəlmanlar isə Allah, yəni El-İlah dedilər. Tövrat bu Allahu-Əkbəri - Adəm, onun daxilindəki cənnəti isə Edem adlandırır və mən, "Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər" adlı məqalədə bu haqda geniş yazmışam (sayt: https://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1260). Qədim Misir mətnlərində bu nəhəng Adəm - Atum Allahı adlanır və o, bütün varlıqları təşkil edən ilkin materiyadan yaradıldığı üçün "hər şey" mənasını verirdi. Məşhur sufi Mühiddin ibn Ərəbi də "Füsus-ül hikəm" kitabında bu Adəmi, öz bədəni ilə bütün dünya nizamını əhatə edən böyük insan kimi göstərir və Haq, yəni Allah adlandırır. Deməli, Allah dünyanı - özünə tabe etdiyi və axirətə qədər yer üzündə mövcud olmuş ilkin materiya, yəni İlah vasitəsilə idarə edir. Bunun necə baş verdiyini anlamaq üçün ilkin materiyanın qanun və qüvvələrini bilmək vacibdir.
Qədim müdriklərə görə, ilkin materiya, yer kürəsini əhatə edən və kosmik qüvvəyə malik enerjidir. İlkin materiyaya daxil olmuş insan, daha doğrusu insanın ruhu, kamil bilik və İlahi qüvvə əldə edir: o, istənilən şey və gələcək haqda dəqiq informasiya əldə etmək, canlı varlıq yaratmaq, təbiətə təsir etmək, şəfa vermək, öldürmək, və s. fövqəladə qabiliyyətlər qazanır. Nağıllarda ilkin materiya - dirilik suyu, İlahi od, həyat enerjisi, cövhər və s. də adlanır. Lakin ilkin materiyanı idarə etmək üçün ilk növbədə səbəb olmalıdır ki, Türk xanı bu səbəb kimi Əzəl yazı adlandırdığı rəmzləri yaratmışdır.

Qədim Misir yazılarına görə, təxminən 6 min il əvvəl qədim Misir fironu Amon, ilk dəfə ekstatik vəziyyətdə ilkin materiyaya daxil olur. O, ilkin materiyanın qanunlarını dərk edərək, ondan, hər şeyi əhatə edən Allah yaratmağa başlayır. İlkin materiyanın qanunlarına görə, bir şeyin səbəbi və onun bənzəri olmasa, ilkin materiyadan hansısa bir varlıq yaratmaq qeyri-mümkündür. Səbəb isə müxtəlif formada ola bilər ki, qeyd etdiyim kimi pir Amon səbəb kimi Əzəl yazını seçir. Buna görə də Amon Allah bütün baş verməli olan hadisələri əvvəlcədən lövhələrdə rəmzlərlə qeyd edərək müəyyən yerdə gizlədir. Bu haqda qədim mənbələrdə məlumatlar az deyil.

Qədim müəlliflərdən olan Beros yazır ki, Kronos Allahı, Babilin 10-cu şahı Ksisutrusa tapşırır ki, dünyanın yaranmasının başlanğıcından yazıb, Günəş şəhəri olan Sipparda, yerin altında gizlətsin və subasma zamanı xilas olmaq üçün gəmi düzəltsin. Subasmadan sonra isə Babilə gedib, adamlarla Sippar yazılarını çıxartsın (Дж. Фрезер, "Фольклор в Ветхом Завете", M.,1990, səh.70). Buradakı subasma - firon Amonun yerə gətirdiyi və axirətə qədər yerdə mövcud olan ilkin materiyanın, gəmi isə göy sularında yaradılmış cənnətin rəmzidir. Qədim Misir mətnlərinin birində deyilir ki, bütün var olmuş və olacaqların əvəlcədən müəyyənləşdirildiyi kitab Misirin İunu (Gel/Geliopol) şəhərində gizlədilmişdir. İslamda bu yazı Lövhi Məhfuz adlanır ki, onu "Ümm əl-kitab", yəni "Kitabların anası", "Kitab-məqmun" - "Məxfi kitab", "Kitab müəccəl" - "Vaxt müəyyən edən müqədəs yazı" və s. də adlandırırlar. Sufi dahilərindən olan Əl Əşariyə görə əsl Quran kitabı da elə Lövhi Məhfuzdadır: "Böyük Allah demişdir: "Bu – həqiqi Qurandır – hansı ki Lövhi Məhfuzdadır". Quran - Mühafizə olunan lövhədədir, lakin eyni zamanda o, bilik verilmiş adamların ürəyindədir. Böyük və qüdrətli Allah dedi: "Əksinə, bu – aydın ayələrdir, kimə ki bilik verilmişdir, onun ürəyində saxlanılır" (Ал-Ашари, "Разъяснение основ вероисповедания", böl.3). Belə çıxır ki, Quran - eyni zamanda bilik verilmiş insanın ürəyindədir. Başqa sözlə, əsl Quran - Lövhi Məhfuzda olan və elm verilmiş insanın ürəyindədir, yəni İsmaililərin natiq adlandırdıqları "danışan Quran"dır. Mənbələrə görə, Məhəmməd peyğəmbər imam Əlini “Danışan Quran” (Natiq Əli-yel Quran) adlandırıb və bildirib ki, "Mən və Əli, hər ikimiz Adəmin yaranmasından 40000 il əvvəl Allah qarşısında nur olmuşuq", "Mən müdriklik məkanı, Əli isə onun qapısıdır". Bu isə o deməkdir ki, həqiqi bilik Məhəmməd peyğəmbərdən başqa yalnız imam Əliyə verilmişdir və onlar Adəmin yaranmasından 40000 il əvvəl yaranmışlar. Belə çıxır ki, peyğəmbərimiz və Əli heç də qəbul edildiyi kimi adi insan deyillər.

Əl Əşari “bilik” dedikdə, Ledun və ya Batin adlanan elmi nəzərdə tutur. Batini mənada ledun rəmzi - "el din" deməkdir ki, buradakı din rəmzi çox dərin mənalara malikdir və mən "Qədimdə din - pirin İlahla vəhdətinə deyilirdi" adlı məqaləmdə bu haqda geniş yazmışam (sayt: https://firudin.blogspot.com/2024/04/qdimd-din-pirin-ilahla-vhdtin-deyilirdi.html?m=1). Quranın “Mağara” surəsinə görə, Batin elmi verilmiş şəxs, iki dənizin birləşdiyi yerdə yaşayır və burada dirilik suyu mövcuddur. Bu surə ilə bağlı rəvayətlərin birində deyilir ki, Musa peyğəmbər Batin elmini öyrənmək istədiyini Allaha bildirdikdə, Allah ona dirilik suyunun mövcud olduğu yerdəki şəxsə müraciət etməyi məsləhət görür. Buradakı şəxs isə bütün olacaq hadisələri əvvəlcədən bilir. Məntiqlə, olacaq hadisələrdən yalnız bu hadisələri əvvəlcədən planlaşdıran şəxs xəbərdar ola bilər. Bu isə o deməkdir ki, iki dənizin birləşdiyi yerdəki şəxs elə qədim Misirin Amon Allahının Özüdür (ölümsüzlük qazanmış Ruhudur) və Ledun elmi də Allahın əvvəlcədən müəyyənləşdirdiyi hadisələr və onların həyata keçirilməsi elmidir. Bu elmin Məhəmməd peyğəmbər və imam Əlinin ürəyində olması onu deməyə əsas verir ki, bu müqəddəslər qədim Misirin ilk fironu olan Amon Allahın obrazlarıdır. Hədislərdə "iki dənizin birləşdiyi yerdəki" görüş, axirətdə Məhəmməd peyğəmbərin imam Əli və tərəfdarları ilə hovuz başındakı görüşü kimi qeyd olunur. Sufi məntiqində bu görüş - əvvəldə gəlmiş Ra-Amon, yəni Rəhman Allahın "dünyanı" yaratdığı Gel şəhərində, axırda gələcək Mehdi ilə görüşü mənasındadır.
Bütün bunlar onu deməyə əsas verir ki, Amon Allah baş verməli olan hadisələri əvvəlcədən Lövhi Məhfuzda yazaraq, "iki dənizin birləşdiyi yer"də gizlətmişdir və bu yazılanları həyata keçirmək üçün, bu yazının təcəssümünü insan simasında, daha doğrusu peyğəmbər və ya imam obrazında yaratmışdır.
Bu yazılanlardan belə nəticə çıxarmaq olar ki, Allah dünyanı idarə etmək üçün səbəb olaraq Əzəl yazını rəmzlər formasında "yazmış" və məhz bu səbəbi ilkin materiyaya "göstərərək" həyata keçirməyə başlamışdır. Konfutsi - "dünyanı sözlər və qanun yox, işarələr və simvollar idarə edir" dedikdə, məhz Lövhi Məhfuzdakı Əzəl yazını nəzərdə tutur.

Məşhur sufi Nəsəfi, Allahın əvvəlcədən yazdığını həyata keçirməsi haqda yazır: "Dərviş, Allahın Hökmü – bu bir şey, əzəldən yazılış (qəza) – bu başqa şey, İlahi qüvvə isə üçüncü bir şeydir. Bu adlar ayrı-ayrı şeylərdir. Allahın biliyi, hansı ki əbədidir, onun əmridir. Bildiyini yaratdığı, onun əzəldən yazdığıdır. Yaratdığının dövr etdirilməsi isə – Onun İlahi qüvvəsidir, yəni bu dünyadakı Allahın əməlidir. Bu o deməkdir ki, hər şey İlahi qüvvə ilə bağlıdır. Əgər başa düşmədinsə, başqa sözlə deyim. Dərviş, Onun biliyi, Onun əmridir, səbəbin yaradılması onun əzəli yazısıdır, səbəbin hərəkətə gətirilməsi Onun İlahi qüvvəsidir. Bu o deməkdir ki, bu dünyada olan bütün səbəblər – hamısı birlikdə onun əzəli yazısının əsasıdır, bütün bu səbəblərin hərəkəti isə Allahın İlahi qüvvəsidir. İndi sənə aydın oldu ki, Allahın İlahi qüvvəsindən kənar bu dünyada heç nə baş verə bilməz. Bu o deməkdir ki, bu dünyada hər şey – Həqiqətin İlahi qüvvəsidir" (Р. Шакуров, "Азиз Ад-Дин Насафи и его трактат "Зубдат ал-Хакаик"). Deməli, Allahın işi, əvvəlcədən müəyyənləşdirdiyi planı, yəni əmrini həyata keçirtməkdir. Quran, Allahın işi ilə bağlı yazır: "Həqiqətən, Rəbbiniz göyləri və yeri altı günə yaradan və Öz taxtında bərqərar olan, Öz işini idarə edən Allahdır. Onun izni olmadan heç kimdən havadar olmaz..." (Quran, 10:3). Bu isə o deməkdir ki, hər şey əvvəlcədən müəyyənləşdirilmişdir və Allah bir varlıq yaratmaq istədikdə, əvvəlcədən yazdığı kitaba uyğun olaraq onu həyata keçirir. Əbu Həmid əl-Qəzali, Allahın Əzəl yazıda yazılanları həyata keçirmə prosesini - görünən və hiss olunan Allahın yerdəki Mülkü, Mülkün altındakı Cəbərut mağarası və Mülkün göylərində yaradılmış gözəgörünməz cənnət mənasında olan Mələküt aləmi ilə əlaqələndirir. Qəzaliyə görə, Allahın istədiyi əmri həyata keçirməsi Mələkütlə, əmrin ruhla təması, yəni ağılın materiallaşması Cəbərutla, materiallaşmanın həyata keçməsi isə Mülklə bağlıdır. Qeyd edək ki, Cəbərut dedikdə iki dünyanın birləşdiyi yer, yəni göydəki mələklər aləmi və yerdəki Allah Mülkü ilə ortaq yer nəzərdə tutulur. “İki dənizin birləşdiyi yer” dedikdə də məhz bu dünya ilə yerin altında gizlədilmiş Cəbərut aləmi təsəvvür olunmalıdır. Bura yer kürəsində yeganə fiziki məkandır ki, orada ilkin materiya, yəni “dirilik suyu” mövcuddur. Qəzali yazır: "Eyni üsulla, Allah bir şeyi arzu edəndə o ruhi səviyyədə əmələ gəlir. Bu səviyyə Quranda Taxt (əl-Ərş) adlanır. Sonra o Taxtdan ruhi axınla "Kürsü" (əl-Kürsü) adlanan aşağı səviyyəyə keçir və ondan sonra onun forması mühafizə olunan Lövhədə əmələ gəlir; buradan isə "mələk" adlandırılan qüvvələrin düşünməsi (seyri) yolu ilə o aktuallaşır. Sonra, yazılmış hərflərin ürəkdə yaranmış arzunu, yazanın beynində mövcud olan formasını ifadə etdiyi kimi, yerdə bitki, ağac və heyvan formasında əmələ gəlməklə Allahın iradə və niyyətini icra edir" (Абу Хамид Мухаммад аль-Газали, "Эликсир счастья", сайт: elikser_schastya (1).pdf). Deməli, Allah yerdə bir şey yaratmaq istədikdə, O, ilkin materiyaya, yerin altındakı Lövhi Məhfuzda yazılanları “göstərib”, onu səbəb kimi qələmə verir və məhz bundan sonra ilkin materiya həmin varlığın yaradılması üçün, Amon Allahın beynində təsəvvür etdiyi formaya düşür. Bu haqda mən Batini-Quran kitabımda, fakt və mənbələrlə daha ətraflı məlumatlar vermişəm.

Bu yazılardan çıxan nəticə odur ki, hər bir hadisə Allah tərəfindən nəzarətdədir. Kitabı Dədə Qorquddakı atalar sözlərindən birində deyilir ki, "Əzəldən yazılmasa, qul başına qəza gəlməz". Başqa sözlə, dünyada təsadüf deyilən bir şey yoxdur.

Yaşadığımız dövrdə Allahın cinayətlərə, haqsızlıqlara münasibət bildirməməsi, bu dövrün - "dünyanın" yaradılış dövründən əvvəlki xaos dövrünə uyğun gəlməsi ilə bağlıdır. Belə ki, yaradılışdan əvvəl xaos vardı və Allah bu xaosdan - nur, nurdan isə "dünya" yaratdı. Axirətdə də ikinci belə bir "dünyanın" yaradılması üçün xaos dövrünə uyğun şərait yaranmalıdır ki, Allah onu ilkin materiyaya "göstərib", yaradılışı təkrarlasın. Axirətdən sonrakı 2200 il insanların xoşbəxt yaşaması üçün, bu günkü keçid dövrünün haqsızlığı başa düşülməlidir. Başqa sözlə, bu gün təbiətdəki, cəmiyyətdəki xaos şəraiti - yeni yaradılışın vacib şərtlərindən biridir.

Məhz buna görə İsa peyğəmbər Lazarın, yəni göydəki Azər-elinin (Osiris/Atum dünyasının) ölümü ilə bağlı - "Bu xəstəlik ölümlə nəticələnməz, bu Allahın şöhrəti üçündür, Allah oğlu bununla şöhrət qazanar" demişdi.
Bütün bunlar o deməkdir ki, bu günkü bütün hadisələr - axirətdə baş verməli kosmik hadisə üçün səbəbin yaradılmasıdır. Əgər bunun həyata keçməsi üçün dünyanın ən qüdrətli ölkəsinin başına cahil bir insan gəlməlidirsə, kamil ağıl olan ilkin materiya mütləq elə bir şərait yaradacaq ki, o cahil o ölkənin başına keçsin. Sonda Əzəl yazıda olanlar reallaşacaq. Çünki Allah dünyanı məhz əvvəldə "yazdığı" Əzəl yazıya uyğun idarə edir.

Firudin Gilar Bəg
28.03.2025












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.