İSLAM TARİXİNƏ DAİR YANLIŞ BİLGİLƏR – 8 İBRAHİM PEYĞƏMBƏR YƏHUDİLƏRİN VƏ ƏRƏBLƏRİN ƏCDADIDIRMI?

Bu gün, 16:54           
İSLAM TARİXİNƏ DAİR YANLIŞ BİLGİLƏR – 8
Müsəlman dünyasının həqiqət bildiyi yanlış:
“Hz.İbrahim yəhudilərin və ərəblərin babasıdır və həmin xalqlar Hz.İbrahimin nəslindən törənmişdir”.
Bu haqda gerçəkləri yazarkən bildirək ki, mövcud baxış bucağı İslam dünyasına yəhudi və xristian qaynaqlarından keçmişdir və əsassızdır. Yəhudi ənənəsinə görə, İbrahim peyğəmbər öz oğlu İshaqın və onun oğulları Əsau (Esav) və Yaqubun (İsrailin) vasitəsilə İsrailoğullarının babasıdır. İslam məzhəblərinin ənənəvi baxışlarına görə də, Hz.İbrahimin Həcərdən olan oğlu İsmail vasitəsilə ərəblərin babası olduğu fikri yayılmışdır. Bəzi İslam tarixçiləri bu haqda verilən məlumatları ciddiyə almaqla ənənəvi İslam tarixşünaslığında Hz.İbrahimlə bağlı olan mövqeni unudur və ya hansısa səbəbdən arxa plana keçirir.
Quran tarixşünaslığı Hz.İbrahimin hələ gənc ikən İkiçayarasında (Mesopotamiyada) bütpərəstliyə qarşı mübarizə apardığını, Nəmrud adlı hökmdarın qəzəbinə tuş gələrək yanar oda atıldığını və ordan sağ çıxdığını, daha sonra isə Kənan torpaqlarına gedərək oradakı əhalini (yəhudi dediyimiz semit soylu tayfaları) haqq yoluna dəvət etmək kimi ilahi missiyanı həyata keçirdiyini yazır. İbn Səd, İbn əl-İbri kimi İslam mənbə müəllifləri də onun sonrakı fəaliyyətini bu cür təsvir edir, hətta İkiçayarasından Fələstinə tərəf yönələrkən Fərat çayını keçdikdən sonra Allah tərəfindən ona İbranicə danışmaq qabiliyyətinin verildiyini qeyd edirlər. Bu, hər şeydən əvvəl o deməkdir ki, Hz.İbrahim İkiçayarasında ikən İbranicə bilmirdi, həmin vaxt isə Kənan torpaqlarında İbranicə danışan tayfalar vardı (bu haqda Firudin Ağasıoğlunun “Tanrı elçisi İbrahim” kitabında da faktlar sadalanır). İslam tarixçilərinə görə, Hz.İbrahim miladdan öncə 21-ci əsrdə, bəzi ehtimallara görə isə, 19-18-ci əsrlərdə yaşamışdır. Miladdan öncəki dini mətnlərin verdiyi məlumatlara əsasən, həmin dövrlərdə Hz.İbrahimin yönəldiyi Fələstin torpaqlarında Amorlular, Kənanlılar, Əmaliqilər (Amaleklər) və sair semitsoylu tayfalar yaşamaqda idi. Hz.İbrahimin missiyası həmin tayfalara Tövhid inancını və Tək Tanrı əqidəsini təbliğ etməkdən ibarət idi.
Ola bilsin ki, Hz.İbrahimin Saradan olan oğlu Hz.İshaqın nəslindən Esav və Hz.Yaqub kimi övladlar adlarını çəkdiyimiz tayfalara mənsub qızlarla evlənməklə həmin tayfalarla qohum olmuşdur. Lakin bu, heç bir halda Hz.İbrahimin yəhudilərin (cuhutların) babası yaxud əcdadı olması anlamına gəlmir, bu sadəcə yəhudi tayfalarının peyğəmbər soyu ilə qız alıb-qız verərək qohum olduqları deməkdir. Yəhudilərin Edom və Midyan adlı tayfalarının təşəkkülündə Hz.İbrahimin bioloji nəvələrinin müəyyən dərəcə iştirak etməsi mümkündür. Eynilə bu cür də, Hz.İbrahim öz xanımı Həcəri və azyaşlı oğlu İsmaili bölgədə yerləşdirərkən Ərəbistanda Cürhumi, Əmaliqi, Əzd kimi ərəb tayfaları artıq mövcud idi, hətta Hz.İsmailin ərəb dilini iki yaş yarımlığında ikən Cürhumi ərəblərindən öyrəndiyi İslam tarixi qaynaqlarında qeyd olunur (bax: Hacı Sabir Həsənli, “Peyğəmbərlər tarixi, Bakı, 2001). Hz.İbrahimin Həcərdən olan oğlu Hz.İsmail sonradan bədəvi ərəb tayfalarından olan qızlarla ailə qurmuş, onun övladları da zaman-zaman həmin tayfalarla qohum olmuşdur. Ərəb tayfaları etnogenez baxımından Qahtani və Adnani adlı qollara bölünür. Qahtani deyilən qola mənsub ərəblər əsasən Yəməndən gələn tayfalar hesab olunur. Adnani adlanan qolun isə Hz.İsmailin nəslindən olan Adnandan gəldiyi ehtimal olunur. Bu o deməkdir ki, Hz.İbrahimin dolayısı yolla semit soylu tayfaların sonrakı təşəkkülündə müəyyən qədər iştirak etməsi ehtimalını daha doğru hesab edə bilərik.
Dil və etnik mənşə baxımından semit xalqları (akkadlar, amorlular, arameylər, ərəblər, yəhudilər (cuhutlar) və s.) eyni dil ailəsinə mənsub olsalar da, onların hamısının eyni ata-babadan gəldiyini söyləmək çətindir. Bu sırada Hz.İbrahimin bir və ya iki övladının müəyyən qəbilələrlə qız alıb-verdiyi və qohum olduğu istisna olunmur, lakin bütün semit xalqlarının Hz.İbrahimdən törəndiyini iddia etmək ən azı etno-linqvistik baxımdan doğru deyil. Çünki semit dilləri və xalqları Hz.İbrahimin yaşadığı dövrdən xeyli əvvəl formalaşmışdı. Semit dillərinin yaranması miladdan öncə III minilliyə kimi gedib çıxır. Tarixi və arxeoloji faktlar da Hz.İbrahimin yəhudilərin və ərəblərin babası olması fərziyyəsini təsdiqləmir. Dini nöqteyi-nəzərdən isə Hz.İbrahimin yəhudilərə və ərəblərə Tövhid əqidəsini təbliğ etdiyinə görə onların mənəvi atası hesab edilməsi fikri həqiqətəuyğundur.
Ceyhun Bayramli












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.