Pul haqq idi, nə vaxtdan enerji oldu?
Bu gün, 11:53

Həsən Həsənov
SER Consulting Groupun təsisçisi
Son vaxtlar bizə tez-tez deyirlər: “Pul enerjidir - qıtlıq düşüncəsindəsənsə, sənə gəlməz”.
Deməli, şüuraltında bloklamısan.
Yaxşı, bəs bu bloklamaya zəhmətkeş, bacarıqlı, nəticə verən insanlarda niyə bu qədər çox rast gəlinir? Bəlkə də problem onların içində yox, onların içində olduğu sistemdədir.
İnandırırlar ki, hər şey insanın düşüncəsinə bağlıdır. Sən düzgün düşün, bolluq içində olacaqsan. Sən inan, hər şey düzələcək.
Bunun adı “fərdi güc mifi”dir. Sanki bir insan öz düşüncəsini düzəltməklə maaş sistemini dəyişəcək, etibarsız rəhbəri dürüstləşdirəcək, sistemsizliyi sistemə çevirəcək.
Halbuki bu, bir növ kollektiv məsuliyyətdən qaçış mexanizmidir.
Gəlin açıq danışaq:
Bu gün bir çox peşəkar, işini bilən, məsuliyyətli mütəxəssis yaratdığı dəyərin qarşılığını almır. Haqqı olan əmək haqqını, zəhmət haqqını, xidmət haqqını və sair və ilaxır.
Və bu insanlar özlərini sorğulamağa başlayırlar:
“Görəsən, mənlik nəsə problem var?”
“Enerjim azdır?”, “Manifest etməmişəm?”, “Qıtlıq düşüncəsi iləmi yaşayıram?”
Amma bəlkə də problem onlarda yox, onlara qarşı olan münasibətdədir.
Beləliklə, insanlar sadəcə imkanı yox, özlərinə olan inamı da itirirlər. Daha çox qazanca, yüksəlməyə, dəyər görməyə özlərini layiq bilmirlər. Bu, tək fərdin yox, mühitin də ona inandırdığı dəyər ölçüsüdür. Yaxşı idarəetmə bu duyğularda olanlara da sahib çıxır. Effektiv liderlik yalnız performansı deyil, inamı da bərpa edir. Və nəticədə qazanan bütöv biznes olur.
Bəzən bir insan öz haqqını tələb etməkdə çətinlik çəkə, özünü ifadə etməkdə, ya da zəhmətinin dəyərini açıq istəməkdə çəkinə bilər. Əgər sistem bu insanın zəifliyi hesab etdiyi xüsusiyyətini “ucuz işçi qüvvəsi” qənaəti kimi deyil, onun üstün tərəflərini fürsətə çevirə bilirsə, orada həm insan, həm təşkilat qazanır. Yaxşı sistemlər və liderlər fərdin ifadə çətinliyini istismar etməz, əksinə, onu eşidər və dəyərə çevirər. İnsanları “xərc” yox, “kapital” kimi görmək - bu, sistemli yanaşmanın başlanğıcıdır.
Əlbəttə, insan öz üzərində işləməlidir. Biz buna qarşı deyilik. Amma sistemin problemlərini fərdi manifestlə ört-basdır etmək ədalətsizlikdir. Fərd yalnız özünü yox, çiyinlərinə düşən korporativ boşluqları da daşıyırsa, orada motivasiya yox, tükənmişlik yaranar.
Ədalətli əmək haqqı, şəffaf bonus sistemi, güvənə əsaslanan liderlik - bunlar enerji ilə yox, niyyət və sistemlə qurulur.
Bəli, pul bir enerji ola bilər, amma əvvəlcə o haqq olmalıdır! Və bu haqqın tanınması üçün yalnız fərd yox, sistem də öz məsuliyyətini anlamalıdır.
Çünki hər şeyi fərdin “enerjisinə” bağlamaq, əslində sistemsizlik üçün bəhanədir. Hər şeyin cavabını insandan gözləmək, onun yükünü artırmaqdan başqa bir şey deyil.
valyuta.az