Mifə söykənən tarix
Bu gün, 09:28

Tehran rejimi “Şahnamə”ni öyür, “Dədə Qorqud”u isə qadağan edir
Mayın 15-də İranda Əbülqasim Firdovsinin xatirə günüdür. Bu tarix, həm də fars dili günü olaraq qeyd olunur.
Firdovsi həm də panfarsçı, şovinist ideologiyanın banısı sayılır. Onu fars dilinin “xilaskarı” da sayırlar. Firdovsi əsərlərində türklərə qarşı düşmənliyin əsasını qoyub, uydurmaları ilə farslar üçün saxta bir kimlik tarixi qurub.
Farsdilli poeziyanın atası Məhəmməd Rudəki sayılsa da, bu gün İranda daha çox Firdovsi təbliğ edilir. Çünki Firdovsi ömrünü və yaradıcılığını türklərlə ədavətin qızışdırılmasına həsr edib.
Onun məqbərəsi İranın Rəzəvi Xorasan əyalətinin Tus şəhərindədir. Bu, İranın və Yaxın Şərq bölgəsinin ziddiyyətli hadisələrə şahidlik etmiş şəhəridir. Tusun ən məşhur sakinləri Nəsirəddin Tusi, Əl-Qəzəli, Nizamülmülk, Cabir ibn Həyyan, Əsədi Tusi və başqaları olub. Firdovsinin minillik yubileyi ərəfəsində (1934) Tus şəhərində onun məqbərəsi inşa olunub.
Firdovsinin "Şahnamə" ("Şahlar kitabı") əsəri bir müəllifin ən uzun epik poeması və fars ədəbiyyatının təməl daşı olaraq dünyada tanınır.
O, bu əsəri həm də ərəb dili qarşısında fars dilini gücləndirmək məqsədi ilə yazıb. Ümumiyyətlə, Firdovsi fars dilində, ərəb sözlərindən mümkün qədər yayınmaqla ədəbiyyat yaratmağa çalışan ilk şairdir. Əsər 62 nağıldan (dastandan), 50 minə yaxın beytdən ibarətdir. Kitabda farsların əfsanəvi və tarixi keçmişi təsvir edilib.
Firdovsi bu kitabda türklərə qarşı aşağılayıcı ifadələr işlədib, farsları tərifləyib.
O, “Şahnamə”də ərəb ordusunun sərkərdəsi Ömər ibn-Xəttabın qarşısında meydandan qaçan iranlı pəhləvan Rüstəm Zala təriflər yağdırır, onu qüdrətli, məğlubedilməz qəhrəman səviyyəsinə yüksəldir. Görünür, elə bu tarixi uydurmanın təsiri ilə günümüzədək bir çoxları hələ də Fidrovsi qəhrəmanının şəninə təriflər yağdırır.
Elə mif sasani hökmdarı Xosrov Ənuşirəvanla bağlı da yaradılıb. Məddahlar bu əxlaqsız hökmdarı dövrünün “ən ədalətli şah”ı, günümüzdə də “ədalət nümunəsi” kimi cəmiyyətə sırımağa çalışırlar. İranda onu müasir gənclik arasında təbliğ edərək, fars etnik qrupuna qurama qüdrət, əzəmət hekayəsi düzəltmək istəyirlər.
Çünki panfarsçı düşüncədən bu cür mifik qəhrəmanları çıxarsan, bu dil və mədəniyyətin hegemonluğu dağılar. Panfarsçılıq, fars şovinizmi ifşa olar.
Azərbaycan türklərinin milli mədəniyyəti və dilinin fədaisi kimi çıxış edən İran Prezidenti Məsud Pezeşkian da Firdovsini tərifləyib, göylərə qaldırıb: “Böyük Firdovsi öz əzəmətli "Şahnamə"si ilə təkcə İran tarixini unudulmaqdan xilas etməyib, həm də mədəni həyatımız üçün əbədi nümunə qoyub”. O, fars dili günü ilə bağlı keçirilən mərasimin iştirakçılarına müraciətdə daha qabağa, fars şovinistlərindən də qabağa gedərək, yazıb: “Ölkənin mədəni əsaslarının möhkəmləndirilməsinin vacibliyinə qəti inamla, bütün elmi, mədəni, təhsil və media qurumlarını fars dilinin qorunmasını, bu torpağın müdrikliyinə və mədəniyyətinə hörmət etməyi mədəni, tarixi və sivilizasiya borcu kimi öz gündəliklərinə daxil etməyə, əziz İslam İranının çiçəklənməsi üçün səylərini əsirgəməməyə çağırıram”.
O, şovinist düşüncəlilərin xidmətçisi olduğunu növbəti hissədə daha aydın vurğulayaraq bildirib ki, Firdovsinin anım günü “qiymətli fars dilinin, sivilizasiya kimliyinin və İran torpağı mədəniyyətinin əzəmətinin təntənəsi günü”dür: “Hər bir iranlının ruhunun, qələminin gücü ilə milli kimliyi müdriklik, din və əxlaq sütunları üzərində epos dili ilə quran böyük insanın sözlərinin güzgüsündə əks olunduğu gündür”...
Bu günlərdə Tehranda 36-cı beynəlxalq kitab sərgisi açılıb. Yarmarkada “Dədə Qorqud kitabı”nın satışına qadağa qoyulub. Həmin tədbirdə Firdovsini tərifləyən Məsud Pezeşkian da iştirak edib. Yerli ictimai-mədəni fəalların bildirdiyinə görə, sərgidə bu kitaba qadağa qoyulması xəbəri yayıldıqdan sonra onun onlayn satışı görünməmiş şəkildə artıb.
“Dədə Qorqud kitabı” Firdovsinin yaşından, düşüncəsidən daha qədimdir. Onun iki min ildən artıq yaşı olduğu məlumdur. Bu kitabdakı boylarda türkün qəhrəmanlığından, ədalətindən, dünyaya sevgi, mədəniyyət yaymasından bəhs edilib. Orada türkün döyüş ruhu, zəifi, basdığını kəsməmək, düşmənə rəhm kimi yüksək insan dəyərlərinə dair örnəklər var.
“Dədə Qorqud kitabı”nda bu kimi ucalıqlar yayıldığına görə Tehran hakimiyyəti ondan qorxub. Qorxub ki, Firdovsi uydurmaları onun yanında kiçikliyindən görünməz olar.
Bu dastanın bir nüsxəsi Almaniyanın Drezden kitabxanasında, biri isə Vatikandadır.
Almaniyalı şərqşünası Fridrix fon Ditsin bildirib ki, “Dədə Qorqud”dakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida verib. Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.
Bu baxımdan, Firdovsinin mifləri bu kimi müqayisələrdə daha dəyərsiz olur.
Odur ki, panfarsçılar türkün qədim kitabını qısqandıqlarından onun beynəlxalq kitab sərgisində satışını, deməli, iştirakını yasaqlayıblar.
Bu günlərdə Təbrizin “Traktor” futbol klubu İran çempionu olub. Azərbaycan mediasında bu qələbə haqqında informasiya verilib. Aparıcı Güney Azərbaycanı, güneyli soydaşları bu qalibiyyət münasibəti ilə təbrik edib.
İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) rəsmi informasiya vasitəsi aparıcının Güney Azərbaycan ifadəsini şişirdərək, hay-küy salıb. Bunun ardınca da Güney Azərbaycan türkləri, təbrizlilərin adından hikkəli rəy bildirib: “Unutmayın, təbrizlilər və "Traktor" azarkeşləri sionizmin qətiyyətli əleyhdarlarıdır. Onlar sizin kimi düşmənlərə xidmət etmirlər və öz kimliklərini düşmən təbliğatının alətinə çevrilməsinə imkan verməyəcəklər”...
Bu, tipik panfarsçı, şovinist düşüncənin məhsuludur. Bu siyasi-ideoloji düşüncə sisteminin daşıyıcıları bir qayda olaraq qarşı tərəfi suçlu, günahkar bilirlər. Diqqət edək: İranın dostu var? Xeyr. Əfqanıstan, İraq, Suriya, Pakistan, Türkmənistan, Azərbaycan, Türkiyə, Bəhreyn, BƏƏ və başqa ölkələrlə problemlər yaşayır. Dostu, yaxud xoş münasibətdə olan bir ölkə yoxdur. “İsrailə ölüm!”, “Amerikaya ölüm!” siyasi şüarları ilə cəmiyyəti idarə edən “hamı pisdir, İran yaxşıdır” düşüncəsi ilə mövcud olan bir rejimdən bundan artığını gözləmək də olmaz. “Dədə Qorqud kitabı”ndan qorxan bu şovinistləri “Traktor”un oyununda deyil, “Haray, haray, mən türkəm!”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” , “Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” şuralarını eşidəndə düşdükləri halları görmək, təsəvvür etmək çətin deyil.
Bu günlərdə İranda Fars Dili və Ədəbiyyatı Akademiyasının 90 illiyi də qeyd olunub. 1935-ci ildə Məhəmməd Əli Füruqi Rza şahı ərəb və ingilis sözlərini fars sözləri ilə əvəz etməyə çağıraraq İran Akademiyasını təsis etdi. Bu rejim “Dədə Qorqud kitabı”nı sərgiyə buraxmır. Ancaq türklər başda olmaqla İrandakı fars olmayanları assimilyasiya etməyi hədəfləyən bu akademiyanın yarandığı gün qeyd edilir. Bu akademiyanı isə Rza şah Pəhləvi yaradıb. Odur ki, indiki teokratik rejimlə monarxistləri birləşdirən əsas ideoloji İran mərkəzli panfarsçı düşüncə sistemidir. Onlar bu məsələdə birləşirlər. Yəni panfarsçının ümmətçisi, şahçısı olmaz. Məsud Pezeşkianla Məhəmmədrza şahın oğlu Rza Pəhləvi hər ikisi türk olsa da, ikisi də bu düşüncə sisteminin xidmətçiləridir.
Sədrəddin Soltan
pressklub