Futbol oynamaq, və ya futbolla oynamaq.

2-06-2025, 12:34           
Futbol oynamaq, və ya futbolla oynamaq.
Dünən UEFA Çempionlar Liqasının finalında “PSJ-İnter” qarşılaşmasını izlədik. Azərbaycan vətəndaşı olaraq paxıllıq hissi bütün oyun boyu məndən əl çəkmədi – “İnter”-də Mkhitaryan, “PSJ”-də isə Xviça Kvaratsxeliya qonşularımızı təmsil edərək finalda oynayırdılar. Xviça hələ gözəl qol da vurdu, yaxşı, “bizdə niyə o əjdahadan yoxdur”?!
Ermənistanda 7 böyük futbol akademiyası fəaliyyətdədir, keçən həftə İtaliyanın “Juventus” klubu da İrəvanda öz akademiyasını açdı. Uşaqlar üçün pulsuz məşqlər keçirilir, akademiyaların sponsorları Ermənistanın böyük şirkətləri və rəsmi milyonçularıdır.
Gürcüstanda isə tək Tbilisidə deyil də, ölkənin bir çox şəhərlərində uşaq futbol akademiyaları mövcuddur, yeri gəlmişkən, Xviça 2013-də Dinamo Tbilisi akademiyasında məşğ edən zaman onlara master-klas keçməyə Ronaldo gəlmişdi.
Gürcüstanda fəaliyyətdə olan uşaq futbol akademiyaları: "Football school of Tbilisi's Tbilisi", “GS Georgia football school Galatasaray”, “Alman Futbol Akademiyası” (Tbilisi və Tskneti şəhərlərində), “FC Iberieli Tbilisi”, “Gldani Academy”, “Football School Ketilebi”, “Globusschool Tbilisi”, “Dinamo Tbilisi”və “Dinamo Batumi”, “Yuvestus Akademiyası”, “YELLOW SUBMARINE Akademiyası”.
Bütün bu akademiyalarda uşaq futbol məşqləri pulsuzdur, yerli və xarici sponsorlar tərəfindən maliyyələşdirilir. Yəni, məktəb varsa, akademiya varsa, öyrədən və öyrənmək istəyən varsa, nəticə də olur.
Bizdə uşaq futbolu can üstədir, “Qarabağ” klubundan başqa digər klubların sponsoru aşağı-yuxarı eyni insanlar və SOCAR şirkətidir. SOCAR 2003-cü ildən Azərbaycan futbol milli komandalarının və AFFA-nın baş sponsoru olmuşdur. AFFA tərəfindən təşkil olunan turnir və liqalarda da SOCAR sponsorluq edir. SOCAR neft çıxardıb-satır, bunun reklama belə ehtiyacı yoxdur, nefti həmişə alan tapılacaq, deməli, SOCAR-ın pulu var deyə, bütün klubların yükü (bir neçə klub xaric) neft şirkətinə yüklənilib.
Azərbaycanda futbol biznes deyil, bu sistemdə heç vaxt da olmayacaq – futbola reklam/sponsor lazımdır, bizim iqtisadi modeldə isə reklama ehtiyac yoxdur, çünki, bazar inhisarçılıq üzərinə inşa edilib, üzdə rəqib görünənlər dərin qatlarda elə eyni mərkəzə bağlıdırlar.
Yəni, bizdə “o əjdahaların” yetişməsinə mane olan sistemin özüdür, uşaqlarımız nə gürcülərdən, nə də ermənilərdən bacarıqsız deyillər, tam tərsinə, bizdə uşaq futboluna diqqət olsa, ciddi naliyyətlər də olar, legionerlərimizin sayı da artar. Məsələn, bu gün Ermənistanın 27 futbolçusu müxtəlif ölkələrdə çıxış edir, onlardan cəmi 8 futbolçu yüksək liqalarda oynayırlar. Gürcüstanda vəziyyət daha yaxşıdır, bu gün 90-a yaxın Gürcüstan futbolunun yetişdirməısi dünyanın müxtəlif ölkələrində legionerdilər. Təbii ki, 90 nəfərdən biri də ÇL-nın finalına qədər çatıb qol da vurur.
Bir sözlə, Azərbaycanda futbolun inkişafı ancaq uşaq məktəbləri ilə mümkün ola bilər, futbola sponsorluq üçün isə iqtisadi azadlıqlar genişlənməli, rəqabətli mühit yaranmalıdır. Bu gün Azərbaycan idmanından korrupsiya pullarını çəkin – bütün federasiyalar çökər, bütün federasiyaların başçıları məmurlardır, inanmıram ki, onlar öz rəsmi maaşlarından ayırdıqları pulları toplayıb idmana xərcləyirlər...
Natig Jafarli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.