Alman bioloq Samuel Qottlib Qmelinin 1770-ci ildə Salyanda rastlaşdığı heyvan

4-06-2025, 12:04           
Alman bioloq Samuel Qottlib Qmelinin 1770-ci ildə Salyanda rastlaşdığı heyvan
Alman bioloq Samuel Qottlib Qmelinin 1770-ci ildə Salyanda rastlaşdığı heyvan:
"Mən bir neçə çaqqaldan nümunə əldə etdim. Onlar demək olar ki, 3.5 fut uzunluğundadır və ilk baxışda sanki degenerasiya olunmuş bir canavar növünə bənzəyirlər. Lakin onların yaşayış tərzi daha çox tülküyə oxşayır, buna görə bu heyvanı adı çəkilən iki it növü arasında keçid forması hesab edirəm. Tükü bədəninə çox yaxın olur; üst tərəfi sarımtıl, alt tərəfi isə ağ rəngdədir, amma müxtəlif yerlərdə fərqlər müşahidə olunur. Məsələn, başın kənarındakı tük həqiqətən sarıdır, lakin qarışıq halda qaraya çalan tüklər də var və bu vəziyyət gözlə qulaqlar arasında, boyun və kürək hissəsində də müşahidə edilir. Quyruğu tamamilə dairəvi, düz və son dərəcə sıx tüklərlə örtülüdür — əsas hissədə tünd sarı, ortada tamamilə sarı, uc hissəsində isə qaradır. Döş və qarın altındakı tük çox qısa və seyrəkdir. Qarın yanları sarıdır, bu rəng ortasında da görünür və döş ortasında ağ tüklərin altında da mövcuddur. Anus ətrafı sahə qırmızı rəngdədir. Boynun alt hissəsində biri digərinin altında yerləşən, təxminən bir düym enində iki yarımdairəvi sarı zolaq var. Başı təxminən yeddi düym uzunluğundadır, arxaya doğru uzanır və enli olur. Burnu sivri bitir və ucunda burun yerləşir. Burnu tülkü kimi uzun və dardır, bu da onun hiyləgərliyini göstərir — bu barədə sonra danışacağam. Gözləri qeyri-adi dərəcədə böyük və çıxıntılıdır, alın hissəsi qaradır və çox hərəkətlidir, göz bəbəkləri tünd boz rəngdədir, dərisi qalın və kül rənglidir. Qulaqları uzun, ürək formalı, dik, küt uclu və xarici əsasında ikiqat yarıqlıdır. Dodaqları qaradır, yuxarı çənədə hamardır, aşağı çənədə isə yumru şəkillidir. Dişləri it cinslərinə xas olan xüsusiyyətləri daşıyır. Bığ tükləri müxtəlif mövqelərdə düzülüb — bəziləri qısa, digərləri uzun, qara və sərt şəklindədir. Boynu qalın, dairəvi, beş düym uzunluğunda, bədəni isə uzunsov və dairəvidir. Quyruğu canavarın quyruğuna bənzəyir və hərəkətlidir. Daxili orqanların quruluşu tamamilə canavarın quruluşuna bənzəyir.
Çaqqallar da canavarlar kimi cütləşirlər. Erkəklərin cinsi orqanı düyünlüdür və ətrafında şişkinlik var, bu da cütləşmədən dərhal sonra ayrılmağa mane olur. Dişi yalnız ildə bir dəfə, yəni yazda hamilə qalır və deyilir ki, hamiləlik müddəti dörd həftədən artıq olmur. Beş, altı və ya səkkiz bala doğur, bu səbəbdən təbiət ona çoxlu məmə vermişdir. Bəzilərində altı, bəzilərində isə səkkiz məmə saydım. Tülkü kimi düzənlikdə yuva qurur və erkəkdən yalnız ölçüsünün kiçikliyi ilə fərqlənir. Çaqqallar ətyeyəndirlər, amma tülkülər kimi meyvələri də sevirlər və bu səbəbdən payızda çox kökəlirlər. Gündüzlər dağlara yaxın meşələrdə qalırlar. Gecə düşəndə isə bu məskəni tərk edib yaxınlıqdakı şəhər, kənd və təsərrüfatlara gəlirlər. Heç vaxt tək-tənha görünmürlər, həmişə sürü ilə birgə hərəkət edirlər. Ov axtararkən yavaş və səssizcə, başlarını aşağı salaraq hərəkət edirlər ki, potensial qurbanlarını daha yaxşı görə bilsinlər. İzi tapdıqda isə sürətlə qaçırlar və bu sahədə canavarı da geridə qoyurlar.
Kəndlilərin evlərindəki bütün quşlar onların tamah obyektidir. Açıq qapı və ya çadırda bir boşluq tapdıqda, utanmadan oradan ayaqqabı, paltar, pendir, çörək və sair oğurlayırlar. Gecə ulamaları dəhşətli və narahatedicidir, qana susamış səsə bənzəyir və tez-tez it kimi hürüşməklə kəsilir. Kämpferin dediyi kimi, birisi ulamağa başlayanda digərləri də birləşərək ulamağa başlayır – bu doğrudur. Sizi əmin edə bilərəm ki, mən yalnız çaqqalların sürü şəklində ulamasını eşitmişəm və bu, dəfələrlə yuxumu pozub. Çaqqalların insanlara, istər uşaq, istər yaşlı, hücum etdiyinə dair heç bir nümunə yoxdur. Bəziləri iddia edir ki, çaqqal ilə canavar arasında cütləşmə halları olub, lakin bunun nəticəsində heç vaxt bala doğulmayıb. Lakin mən bu məlumatı təsdiq edə bilmərəm, çünki yuxarıdan da aydın olduğu kimi, çaqqallar ayrı bir növdür — canavarlara çox bənzəsələr də, çaqqal nə canavardır, nə də tülkü və ya it.
Heç bir təbiətşünas bu vaxta qədər bu heyvan haqqında ətraflı məlumat vermədiyi üçün, mən bu ilkin müşahidələri qeyd etdim və bu heyvanın şəklini də əlavə etdim."
Belə başa düşdüm ki, Qmelin əslində zolaqlı kaftar görüb. EDİT: Amma bilənlər aşağıda yazıb ki, elə çaqqaldır.
Zolaqlı kaftar el arasında "goreşən" adlı mifik varlıqla eyniləşdirilib. Bu nəsli kəsilməkdə olan heyvanların haqqında olan mifik inanc bir çox yerdə yazılıb. Məhəmməd ibn Musa əl-Damirinin "Kitab Həyat əl-Heyvan" (كتاب حياة الحيوان) yəni Heyvanların həyatı kitabında qeyd edilir ki, zolaqlı kaftarlar gecələr insanlara hücum edərək boyunlarından qan əmən vampir canlılardır. "Rahatü'l-İnsan" adlı 14-cü əsrə aid tibb kitabında hətta "yarı-kaftar, yarı-insan" olan hibridlər üçün müalicə üsulu təklif olunur.
Bu inancların kökü isə eramızın 200-cü illərində, İsgəndəriyyədə anonim bir müəllif tərəfindən yunanca yazılmış kitabdan gəlir. Fizioloqus (Φυσιολόγος) adlanan bu kitabda kaftar cəsəd yeyən, şeytanın simvolu bir heyvandır. Bu əfsanə daha sonra farsca danışan topluluqlara, oradan Qafqaza, Türkiyəyə və Hindistana yayılıb.
Bundan əlavə, Qafqazda ümumiyyətlə Azərbaycan dilində "kaftarküs" kimi bilinən mifik varlıq var. Ermənicənin Tiflis, Qarabağ və Qazaxa yaxın bölgələrində danışılan dialektlərində "քավթառքոսի" (kʻavtʻaṙkʻosi), türkcənin Qars və Artvin bölgələrində "kâftarküskü" formasında bilinir. Udilərdə "kaft'arkusi" sözü var. Voroşil Qukasyan bu sözün mənasını "xortdan", rusca isə "vampir" kimi verib. Sözün ikinci hissəsi olan "kusi" udi dilində "ifritə" kimi tərcümə edilir. Lak dilində "kaftar-kari", ləzgi, tabasaran, rutul dillərində "kus-kaftar" kimi rast gəlinir. Bu varlığın "goreşən"dən əsas fərqi "kaftar" formasında yox, bəzən quş, bəzən də qoca qarı formasına keçə bilməsidir.
Hər bir halda, zolaqlı kaftar Azərbaycanda nəsli kəsilməkdə olan, bəlkə də çoxdan kəsilmiş bir canlı növüdür.
Cavid Ağa
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.