Batin alimi yazır: Kamil insanla heyvani insanın fərqi
3-06-2025, 09:18

Son zamanlar dinimizlə bağlı hədyan danışan bəzi "dinşünaslar", sosial şəbəkələrdə, internet səhifələrində aktivləşmişlər. Onlar dinimizdə, onun müqəddəs kitabı olan Quranda çoxlu səhvlər, təhriflər olduğunu iddia etməyə başlamışlar. Quranda bu yoxdur, hədislərdə bu yoxdur, peyğəmbərimiz 9 yaşlı qızla evlənib, bir gündə 12 qadınla olub və s. mənasız sözlər vasitəsilə bu cahil "dinşünaslar" dinimizi gözdən salmağa çalışırlar. Onlar sanki xalqımızın mənəviyyatının, imanının, mentalitetinin məhv olunması istiqamətində kiminsə göstərişlərini yerinə yetirirlər. Bəziləri daha dərinə gedərək, təkcə Quranın yox, ümumiyyətlə Bibliya adlanan yəhudi, xristian yazılarının da cəfəngiyat olduğunu sübut etməyə çalışılar. Təbii ki, bu gün bu istiqamətdə çalışan Avropada və dünyada da çoxlu insanlar ortaya çıxmışlar. Onlar da bizim dünşünaslar kimi iddia edirlər ki, Bibliyada yazılan hadisələr əslində baş verməmişdir və bunlar hamısı nağıldır.



Kahinlər çalışırdılar ki, xalqa elə inşalar çatdırılsın ki, onların əsl mənalarının dərki üçün mütləq şərhçiyə ehtiyac olsun. Mətndə tez-tez bu ifadə təkrarlanır: "Yalnız xəbərdarı sən bununla tanış edə bilərsən, xəbərdar olmayanlar bunları bilməməlidir!" (Эрих Церен, "Библейские холмы", М 1966, səh.26). Məhz buna görə, Tövratın da əsas hissəsi, yəni izahı, təvili olan "Şifahi Tövrat"ın yazılmasına Allah icazə verməmişdi və mən bunlar haqda yazmışam.

Bütün bunlar o deməkdir ki, qədim din xadimləri insanları cahilliyinə görə heyvana bərabər tuturdular. Yəhudi ədəbiyyatından xəbəri olanlar da bilir ki, qədim yəhudilər digər xalqları "qoyi", yəni yad adlandırıb, onları heyvani insan sayırdılar. Qədim hind yazısı olan Mahabharatada isə adi insanlar 7 "ev heyvanı" siyahısında. - "öküz, keçi, insan, qoyun, at, qatır, uzunqulaq" idilər (Бонгард-Левин Г. М., Ильин Г. Ф., "Индия в древности М., 1985, səh.309). Nəyə görə qədim müdriklərin, din xadimlərinin insanları heyvani insan saymasını anlamaq üçün sufilər dahisi Mühiddin ibn Ərəbinin "Füsusül hikəm" kitabının "Musanın sözü" bölümünə nəzər salaq: "Allah dedi: "Və o Özündən, Göydə və Yerdə olanların hamısını sizə tabe etdi".

Budur, dünyada nə varsa, hamısı insana tabedir: bunu bilən, bildiyini biləndir, yəni bilavasitə kamil insandır, bilməyən isə, bilmədiyini bilməyəndir, yəni heyvani insandır". Bu o deməkdir ki, Ərəbiyə görə, kamil insan - Allahın hər şeyi insana necə tabe etməsinin sirlərini bilən və bildiyini bilən insandır.

Heyvani insan isə sirləri bilməyən və bilmədiyini bilməyib danışan insandır. Burada bilmədiyini bilib, danışmayan insanlar heyvani insan sayılmır. Bu günkü "dinşünaslar", nəinki Allahın hər şeyi insana necə tabe etdiyini bilmir, hətta Allah deyəndə Nəyin və Kimin nəzərdə tutulduğunu da bilməyən, lakin özünü bilən hesab edən cahillərdir. Bu gün bir dinşünas, şeyx, ayətullah və s. din xadimi "Füsusül Hikəm" kitabında söhbətin belə nədən getdiyini anlamır. Bu kitabı anlamayan dinşünasın dindən danışması ən yumşaq desək cəhalət göstəricisidir.

Əsl dinşünas bu kitabda yazılanları qədim mənbələrlə əlaqələndirməli və məntiqi, elmi izahını verməlidir. Bu kitabı anlamayan insanların dindən danışması, onların kütlə qarşısında Qurana, hədislərə "izah verməsi", xalqımızın - dinimizə inamını azaldır, etiqadımızı zəiflədir və ümumiyyətlə mənəviyyatımızı məhvə aparır. Həqiqətdə isə Quran kitabının, hədislərin əsl, yəni batini mənaları - dünyanın ən kamil fəlsəfəsi və dinidir.
Firudin Gilar Bəg
Sufi-batin alimi
02.06.2025