Aç quru yolları... Mən, hələ də Dəmir Qapımızı - Dərbəndi görməmişəm...
4-06-2025, 11:28

Yaxşı xəbərdi...
Bakı Təbriz uçaq reysi açıldı.
Bakını Təbrizdən, Təbrizi Bakıdan ayrı salmaq insafsızlığın hədsizliyidi...
Bu ayrılığı salanların aqibəti nə olacaq...
Bu ayın 15-dən Bakıdan Təbrizə uçuş başlayır... biletlər satışda...
Bu Əla!
Amma qiymət! Cəmi 50 dəqiqəlik məsafəyə və sadəcə bir yönə 10 kq yüklə 223 manat, 23 kq 280, 32 kq 350 filan (qiymətlər günə, saata görə 5-3 manat dəyişir)
Əlbəttə, bu cəza-qiymətlər yalnız Azərbaycan vətəndaşına kəsilib. İran vətəndaşı quru yolla - 50-60 manat pulla sərhəddi keçib evinə yetişə bilər. Elə Rusiya və Gürcüstan da öz vətəndaşını quru yolla içəri alır.
Azərbaycan isə öz vətəndaşını quru yolla - ucuz qiymətə evinə buraxmır. Uçub gəlməlisən, deyir. Dünyanın ən bahalı uçaq biletini satır. Dövlətinə qədəm qoymaq və ya ölkədən çıxmaq üçün əlində, ovcunda nə varsa hamısını azala verib getməlisən, gəlməlisən, deyir.
Cəza bizə kəsilib...
Bakı Təbriz arası məsafə eyni ilə Bakı Tiflis arası məsafə qədərdir. 550 km kimi...
Aprel ayında Tiflisdən Bakıya 340 manata aldım bileti.
Cəmi 50 dəqiqəlik yol!
Çox bahadı. Həm mənim üçün bahadı, həm bir saatlıq yolun dəyəri üçün. Aşırı insafsızlıqdı. Amma nə edəsən. Başqa çarəm yox idi. Ölkəmə dönməliydim. Mənim dövlətim, Rusiya, Gürcüstan, İran kimi öz vətəndaşını quru yolla ölkəyə buraxmır.
Mənim dövlətimin təhlükəsizlik sistemi bu qonşu dövlətlərin təhlükəsizlik gücündən zəifdirmi?
Vətəndaş bu sualı 5 ildir hökumətə verir. Ağlabatan cavab almır.
Azərbaycanın bu tayından o tayına quru yollar açılsaydı, bax, bu qiymətli hədiyyə olardı vətəndaşa...
Elə Gürcüstan və Rusiya sərhəddində yaşayanlar da çox zülüm çəkirlər. Bu barədə dəfələrlə yazmışam. Yoxsul camatın zilləti sərhədlərin bağlı olması ilə birə on artıb. Sərhədboyu yaşayan əhalidən o qədər qüssəli hekayələr eşitmişəm ki...
Axı dövlət, ictimai kədərin artması səbəblərini təhlil etməli, topluma qüssə gətirən fəsadları dəf etməlidir.
Dövlət, əhalinin psixoloji halını, əhvalını da düşünməlidir...
Xəstə bir bacılığım var. 8 il Təbrizə həkimə gedib. Çarəsinin yalnız Təbrizdə olmasına inanıb. Həm də Təbriz aşiqidi. Deyir, orda bütün ağrılarım yadımdan çıxır. O xanımın anası da o taylıdı. Bəlkə qan çəkir? Bəlkə yaddaşın iztirabıdı, təzyiqlə, şəkərlə bəlirti verir. Kim bilir nə sirdi?
Pandemidən sonra ilk dəfə keçən il İstanbuldan uçdu. Od qiymətinə. İllərdir, ara-sıra zəng edir. Gah deyir, eşitdim, Gəncədən Təbrizə uçaq var. Öyrən gör düzdürmü? Gah deyir, eşitdim, nazirlər kabineti xəstəlik kağızı ilə quru yolla getməyə izin verir. Gör düzdürmü?
İllərdir, heç bir umudu doğrulmur...
Yazıq, əsir-yesirdi...
Xəbəri oxudum, həmən ona səs göndərdim. Həmin an o da zəng vurdu. Dünən zarıya-zarıya danışan elə bil o deyildi. Elə sevinirdi... qanadı yoxudu uçmağa...
Sanki sağalmışdı... Bakıdan Təbrizə uçaq yolunun açılması dərdinə dərman olmuşdu...
Bax, belədə deyərlər, yetimi sevindirmək...
Yoxsulun əvvəlcə eşşəyini oğurlayırsan. Yəni Bakı-Təbriz 20 manata başa gələn yolunu bağlayırsan ( Bakı-Tiflis, Bakı-Dərbənd də o qəbildən), sonra ona 200-300 manata bilet satıb sevindirirsən.
Hələ o qədər də xərc çəkib uça-uça geri qayıtmağı var...
Nə deyim...
İnsaf...
Bu dövləti quran vətəndaşa insaf...
Bu dövləti çiynində var edən xalqa insaf...
Aç quru yolları...
Nə qədər arzularımız var...
Mən, hələ də Dəmir Qapımızı - Dərbəndi görməmişəm...
Mehriban Vezir
TEREF