Şamaxı-Krım-Çin, mədəniyyətlərin kəsişməsi
Dünən, 09:54

Şamaxı. Azərbaycanın qədim şəhəri və Şirvanşahlar dövlətinin paytaxtı olan bu gözəl şəhərdə arxeoloji qazıntılar göstərmişdir ki, indiki Şamaxının yerində eramızdan əvvəl 4-cü əsrdə Qafqaz albanlarının əcdadlarının məskunlaşdığı böyük qalalı şəhər olmuşdur. XII əsrdə şair Xaqani Şamaxı ilə Buxaranı müqayisə edərək yazırdı:
Şamaxı torpağının qüdrəti Buxaranın əzəmətini kölgədə qoydu
Tarixə çox getmədən mövzuya keçək. Xəzər xaqanlığı dövründən ərəblərin Azərbaycan coğrafiyasına hücumları, regionda baş verən digər müharibələr və təbii fəlakətlər Şamaxıdan yan keçmədi. İlk fəlakət 1191-ci ildə, Şamaxı zəlzələ nəticəsində tamamilə dağılanda baş verdi. Ardıcıl üç dağıdıcı kataklizm (1667, 1669, 1671-ci illərdə) xanlığın paytaxtına böyük ziyan vurdu. Bölgədə cəmi 11 böyük zəlzələnin baş verdiyini sübut edən dəlillər bu günə qədər gəlib çatmışdır.
Azərbaycanda baş vermiş ən güclü zəlzələlər içərisində 1667-ci ildə baş verən 6.9 bal gücündə Şamaxı zəlzələsi,80 min nəfər insan itkisi ilə nəticələnməsi yerli sakinlərin yaxın ərazilərə köçməsinə səbəb yaratdı.
Şamaxıların köç etdiyi ərazilərdən biri də Rusiya tərəfindən işğal edilən Krım torpaqları idi. Orta əsr tarixçisi Məsudi, Əbülqazi və görkəmli şərqşünas Bartold yazır ki, X əsrdə Krım əhalisinin 3-də bir hissəsini Azərbaycanın Şamaxı şəhərindən bura köçən min evlik türklər təşkil edirdi.

Krımda keçmiş tatar kəndi olub, Şamak. 1944-cü ildə Krım tatarlarını Orta Asiyaya sürgün etdikdən sonra ruslar onun adını dəyişib Baranovka qoyublar. Eyni zamanda Şumhay, Şumxay, Şemkay deyilən kənddə olub. Onun da, 1944-cü ildə ruslar adını dəyişib Zareçnoye qoyublar.
Şamaxı şəhərində anadan olan və Şərq dünyasında tanınan filosof Seyid Yəhya Bakuvinin Krımda hörməti çox böyük idi. Seyid Yəhyanın üç oğlu olduğu bilinməkdədir. Böyük oğlu Fəthullah atasından sonra bir ilə yaxın dərgahda şeyxlik etmişdir. Ortancıl oğlu Əmir Güllədir. Seyidin kiçik oğlu Nəsrullah Şirvani Krım xanı tərəfindən dəvət edilərək Krıma getmiş, burada onun üçün təxsis edilmiş təkkədə şeyxlik və nəqibül-əşraflıq etmişdir.
O həm də Krım xanlığının Nəqibül-əşrafı vəzifəsində işləyib. Krım və ətrafında xəlvətilik onun vasitəsilə yayılıb. XVII əsrə kimi Krımda Şeyx Nəsrullahın nəsli davam edib.
Sizlərə Şiravan dövrünə air və Krımda tapılan 1 dirhəmi təqdim edirəm. Bu pul vahidi Şirvanşahlara aiddir və qeyri adi formatı var. Bu formada pullar Çində daha çox yayılmış idi. SİN sülaləsi dövründə daha çox rast gəlinən bu formada pullar inanca görə insanları şər və bəladan xilas edir.
Şirvanşahlar dövründə bu formada pulun olması qədim İpək yolu üzərində olması ilə əlaqəlidi. O dövrlərdə Çindən gələn tacirlərin istifadə etdiyi bu formada pul Şirvanda diqqəti cəlb etmiş və onlarda bu formada pul buraxmağa başlayıblar. Şamaxıdan Krıma və digər ərazilərə qədər də bu pul dövriyyədə olub.
Dr. Zaur Əliyev