Şah İsmayılın dövlətçilik zəkası və təşkilatçılıq qabiliyyəti onun tarixi dəyərini təsdiq edə biləcək ən mühüm keyfiyyətlərdən biridir.
Dünən, 09:54

Dünya təcrübəsində belə bir hal yoxdur ki, 12-13 yaşlarında bir yeniyetmə ətrafındakı 7 nəfərlik hamisi ilə ayağa qalxsın və dünya mənzərəsini dəyişdirəcək yeni bir dövlət yaratmaq uğrunda hərəkata başlasın və qısa müddətdən sonra da kifayət qədər mürəkkəb və qeyri-münasib bir şəraitdə qarşısına qoyduğu nəhəng vəzifələrin həllinə nail olsun.
Doğrudur, dünya təcrübəsində daha erkən yaşlarda da hakimiyyətə yiyələnmək halları ilə rastlaşmaq mümkündür. Lakin belələri irsən və özü də hazır olan bir hakimiyyətə yiyələnmişdilər. Elə Şah İsmayılın oğlu Şah Təhmasib də atasına nisbətən daha erkən yaşında hakimiyyətə yiyələnmişdi. Lakin o bu hakimiyyətə vərəsəlik yolu ilə sahib olmuşdu. Bu mənada Şah İsmayılın dövlətçilik nümunəsi dünya tarixində bənzəri olmayan və yəqin ki, bir daha təkrarlanmayacaq bir nümunədir. Bununla, Azərbaycan və türk dövlətçilik tarixinə də əhəmiyyəti heç zaman sönməyəcək bir səhifə yazılmışdır. Belə bir zirvənin fəth edilməsi isə fiziki keyfiyyətlərlə bərabər, Şah İsmayılın həm də yenilməz iradəyə, mübariz əqidəyə, misilsiz təşkilatçılıq istedadına malik olması ilə mümkün olmuşdu.
Şah İsmayıl kiçik yaşlarında valideyn və ətrafındakıların qayğısına möhtac olmalı olduğu halda, bölgədə fırtına qoparan bir hərəkatın lideri, ideya-siyasi ilhamvericisi, on minlərlə insanı öz ətrafında birləşdirən rəhbər olaraq mübarizə meydanına atıldı, bölgənin kifayət qədər güclü dövlətlərini qarşısında diz çökməyə məcbur etdi. 1501-ci ildə Şah İsmayıl Azərbaycan ərazisində mərkəzləşdirilmiş dövlət yaratdı, Səfəvi dövləti kimi böyük bir imperiyanın əsasını qoydu və Azərbaycan dövlətçiliyini keyfiyyət baxımından yeni bir səviyyəyə qaldırdı.
Şah İsmayıl tərəfindən qurulmuş Səfəvi dövlətinin fərqləndirici və tarixi əhəmiyyət kəsb edən məqamlarından biri o idi ki, o, Azərbaycanın bütün torpaqlarını bir dövlət daxilində birləşdirdi və Azərbaycanın ictimai-siyasi qüvvələrinə dayaqlanmaqla güclü bir idarəçilik sistemi yaratdı. Şirvan, Qarabağ, Çuxursəəd və Azərbaycanın digər vilayətləri vahid bir dövlət idarəçiliyi altına gətirildi və bununla Azərbaycanın sürətli inkişafına da münbit bir zəmin yaradıldı. Şah İsmayıl hərəkatı ərəfəsində Azərbaycan ərazisində və eləcə də bölgədə mövcud olan siyasi parçalanmalar, daxili çəkişmələr, dağınıqlıq və qeyri-sabitlik nəticəsində həyat çətinlikləri ilə qarşılaşan insanlar Şah İsmayılın hərəkatında daha istiqrarlı bir həyatın işığını gördülər və onun ətrafında səfərbər oldular..
Silahlı Qüvvələrin Hərbi Akademiyasının hərb tarixi üzrə dosenti, tarix elmləri doktoru, polkovnik Mehman Süleymanov
TEREF