Lyonka Panteleyev – sovetin ilk illərinin məşhur qulduru
Dünən, 12:04

Leonid 1902-ci ildə Tixvin şəhərində anadan olub. Yeniyetmə yaşlarında Petroqrada köçüb, burada “Kopeyka” qəzetinin mətbəəsində işləməyə başlayıb, 17 yaşında könüllü olaraq Qırmızı Orduya yazılıb. Vətəndaş müharibəsində iştirak edib, döyüşlərdə liderlik keyfiyyəti göstərib. 1921-ci ildə tərxis olduqdan sonra təhlükəsizlik orqanında - Petroqrad ÇK-sında işləməyə başlayıb. 1922-ci ilin yanvarında işdən çıxarılıb, rəsmi səbəb kimi ixtisar göstərilib, amma bir versiyaya görə axtarış zamanı əliəyrilik edirmiş.
O, iki ay keçməmiş öz cinayətkar dəstəsini yaratdı. Bandaya daha dörd nəfər daxil idi: biri Pskov ÇK-nın sabiq əməkdaşı, biri RKP üzvü və iki cinayətkar. Başlanğıcda dəstə əsasən zəngin mənzilləri qarət etməklə məşğul idi.
Dəstənin ilk basqınları
Lyonka Panteleyevin başçılığı ilə ilk qarət 1922-ci il martın 4-də baş verdi. Beş gün sonra növbəti qarət həyata keçirildi. Hər iki hadisə uğurlu alındığından, cinayətkarlar bu qanunsuz, lakin gəlirli işə davam etmək qərarına gəldilər.
Evə daxil olan Lyonka adətən belə deyirdi: “Vətəndaşlar! Sakit olun, bu bir basqındır.” O, xarici görünüşünə fikir verirdi, səliqəli və nəzakətli davranırdı. Elə bu görüntüsünə görə şəhərdə söz-söhbətlər gəzirdi ki, guya o, oğurladığı pulları xeyirxah işlərə sərf edir. Amma bu fikirlər həqiqəti əks etdirmirdi.
Bir neçə ay ərzində dəstə zorakılıq tətbiq etmədən fəaliyyət göstərdi. Lakin yayda Lyonkanın əli ilk dəfə qana batdı. Tramvayla gedərkən milis əməkdaşı onu tanıyıb tutmağa cəhd etdi. Lyonka ona atəş açmağa başladı. Hadisəni görən Dövlət Bankının mühafizə dəstəsinin rəisi ona müdaxilə etməyə çalışdı və ölümcül güllə yarası aldı.
Panteleyevi sentyabrın 4-də həbs edilər. O və dəstənin üzvü Qavrikov ayaqqabı mağazasında göründülər. Onları tutmağa çalışan 3-cü polis bölməsinin əməkdaşı Barzay atışmada həlak oldu. Amma dərhal gələn digər əməkdaşlar Panteleyev və Qavrikovu zərərsizləşdirdilər. Noyabrın 10-da məhkəmə onu edama məhkum etdi. Amma artıq ertəsi gün mühafizəçinin köməyindən istifadə edərək məşhur “Krestı” həbsxanasından qaçdı.
Bu dəfə onlar bütün sərhədləri aşdılar. Onsuz da ölüm hökmü almış Lyonka daha özünü “xeyirxah Robin Qud” kimi göstərmirdi. İçkiyə qurşandı, narkotik qəbul etməyə başladı və xüsusi qəddarlıq nümayiş etdirdi. Zənginlərlə yanaşı kasıbları da soyur, kimə gəldi atəş açırdı.
Qaçışdan sonra cəmi bir ay ərzində Lyonka 20 qarət, 15 silahlı basqın həyata keçirdi və 10 nəfəri öldürdü. Hər “uğurlu” işdən sonra dostları ilə içki masası arxasında əylənərdi. Növbəti belə axşam Panteleyev “Donon” restoranına daxil oldu. Onlar artıq sərxoş idilər və burada qapıçı ilə mübahisə baş verdi. Gələn milis əməkdaşları Panteleyevi və Qavrikovu tutdu, amma onların kim olduğunu müəyyən edə bilmədilər. Lyonka fürsətdən istifadə edib qaçdı, dostu isə həbs olundu.
1923-cü il fevralın 13-nə keçən gecə Panteleyev və onun silahdaşı Lisenkov istirahət etmək məqsədilə bir qadının mənzilinə getdilər. Burada onu milislər gözləyirdi.
Lyonka içəri daxil oldu, pencəyini çıxarıb bir stəkan arağı başına çəkdi, sonra gitaranı götürüb oxumağa başladı. Milislər onu tutmağa heç cəhd göstərmədilər. Onlardan biri arxadan yaxınlaşıb başına atəş açdı.
Leonid Panteleyev cəmi 11 ay cinayətkar fəaliyyət göstərdi, amma kriminalın əfsanəsinə çevrildi. Haqqında bir neçə sənədli və bədii film çəkilib.
Yadigar Sadigli
TEREF