“VARTAŞEN” TOPONİMİ HAQQINDA
Dünən, 12:17

Toponim təbii və ya insan tərəfindən yaradılan obyektlərin xüsusi adıdır. Onlar aid olduğu yerin keçmişini, orada baş vermiş tarixi hadisələri, xalqın tarixini, etnik qrupların tərkibini, etnogenizini, təfəkkürünü, məşğuliyyətini, dilini, dini inanclarını, mədəniyyətini və s. əks etdirir. Bir sözlə, toponimlər tariximizdir. Onların öyrənilməsi yalnız tarixçi, coğrafiyaçı və dilşünaslar üçün deyil, həm də hər bir insan üçün faydalıdır. Toponimlərin tədqiq olunması əhəmiyyətli olduğu qədər də maraqlıdir. "Vartaşen"də belə maraqlı toponimlərdəndir.
“Vartaşen” 1991-ci ilədək hazırkı Oğuz rayonunun və onun mərkəzi olan Oğuz şəhərinin adı idi.
Bəri başdan deyək ki, bu toponim haqqında bir sıra versiyalar var, fərqli mülahizələr söylənilmiş və söylənilməkdədir.
Həmin versiyaların və mülahizələrin bir qismində ehtimallara, əfsanə və rəvayətlərə, bir qismində isə real tarixi gerçəkliklərə istinad olunur.
Məsələn, bir mülahizəyə görə, “Varta” yağış ilahələrinin birinin adı olub. Toponim də həmin ilahənin adı və “şen” sözü ilə formalaşıb.
Başqa bir mülahizədə isə belə ehtimal olunur ki, Vartaşen sözünün əsli “Ar+taş” olub. “Ar” (”ər”) türkcə igid, mərd mənasını verir. “Taş” isə türk dillərində (t>d əvəzləməsini nəzərə alsaq) “daş” deməkdi. Deməli, “Artaş” daş kimi, möhkəm insan mənasını verir. Kənd də Artaş tərəfindən salındığı üçün Artaşın (burada -ın yiyəlik hal şəkilçisidir. Yəni "Artaşın kəndi" mənasındadır) adlanmışdır. Sonralar sözün əvvəlinə “v” əlavə olmuşdur. Filologiya üzrə fəlsəfə doktoru Ə.Ələkbərli və E.Qaraqoyunlu “Türk mənşəli erməni soyadları” əsərində (səh:452, Bakı, “Qaya”-2016) yazırlar ki, “...saitlə başlanan sözlərin əvvəlinə “v” samitinin əlavə olunması bulqar dilinə də xas bir əlamət olmuşdur və Azərbaycanda bulqar türklərinin məskunlaşması ilə əlaqədar buradakı toponimlərdə də belə dil hadisələrinə tez-tez rast gəlinir. Məsələn: Eti//Veti//Vedi. Keçmiş Vartaşen rayonunun adı da bu yolla düzəlmiş ola bilər”.
Digərlərinə görə, toponim hind-iran mənşəli “vard” (gül) və türk mənşəli “şen” (kənd) sözlərindən yaranmış, “güllər kəndi” deməkdır. Vartaşen ikisinifli məktəbin müəllimi, udi əsilli M.Bejanov da 1892-ci ildə Tiflisdə “Qafqazın yaşayış məntəqələrinin və tayfalarının təsviri materiallar toplusu”nun 14-cü buraxılışında çap etdirdiyi “Vartaşen kəndi və onun sakinləri haqqında qısa məlumat” adlı məqaləsində “Vartaşen” toponimi ilə əlaqədar söyləyir ki, kəndin adı “vard(is)” və “şen” sözlərindən əmələ gəlmiş və buna uyğun olaraq “güllər kəndi” mənasını verir. (O həmin yazıda kəndin yaxınlığında çoxlu qızılgüllər bitdiyini də etiraf edir.) Bu fikir “Azərbaycan Sovet Ensiklopediyası”nda (II cild, səh:410, 1978-ci il) da təkrarlanır. Görünür, elə buna görə də rayonun və şəhərin adı dəyişdirilərkən təklif olunan adlardan biri də “Gülüstan” olub.
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə isə (II cild, səh:142, 2007-ci il) göstərilir ki, "Vartaşen" toponimi fars dilindəki "varde" (qala, qüllə) və "şen" (kənd, məskən) sözlərindən ibarət olub (-a birləşdirici saitdir), "qala kəndi" mənasını verir. Yaxınlıqda qədim qalanın (Vartaşen, yaxud Oğuz qalası) olması da bu ehtimalı gücləndirir.
Bəzi araşdırmaçılar isə toponimin adını Rusiya Elmlər Akademiyasının 2015-ci ildə çap etdirdiyi "Albania Caucasica" kitabında adı keçən “Vardud” (“Gülüstan”) kəndinin adı ilə əlaqələndirirlər. Həmin kəndin VI-XV əsrlərdə indiki Oğuz şəhəri ərazisində yerləşdiyini nəzərə alaraq Vartaşen toponiminin də bu ad əsasında formalaşdığını bildirirlər. Bu versiyanı ilk dəfə irəli sürənlərdən “Oğuz Historical” həvəskar araşdırma layihəsinin yaradıcısı S.Nəsibzadəyə görə, Vartaşen sözü "Gülüstan" sözünün birəbir tərcüməsidir. S.Nəsibzadənin fikrincə, Vartaşenin adının keçdiyi, hələlik, əldə olan ən qədim mənbə 1720-ci ildə bir qrup kəndxuda və keşiş tərəfindən Səfəvi şahı Hüseynə yazılmış məktubdur. (Məktubda “Vartaşen kənxudası Uluxan...” ifadəsi yer almışdır.)
Tarix üzrə fəlsəfə doktoru, dosent Taleh V. Əliyev də "Qafqaz Albaniyasının Calut monastırı” adlı məqaləsində göstərir ki, “Calut monastırının həyətindəki məzarlardan birinin üzərində 1475-ci ilə aid “Katolikos Tovmanın qəbri” yazısı oxunmuşdur. Katolikos Tovmanın adına bir də XV əsrə aid əlyazmada rast gəlinir. 1466-cı ildə yazılmış 1478 N-li “Yerusəlim əlyazması”nda Yakob adlı şəxs tərəfindən belə yazılır: “həmçinin Vardud adlanan Gülüstan kəndində zahid Baryoqun xahişi ilə, Alban katolikosu Tovmanın hakimiyyəti dövründə”. Sözü gedən Gülüstan (Vardud) kəndinin indiki Oğuz rayonunun mərkəzi olduğunu düşünürük. Təsadüfi deyil ki, Sovetlər dövründə Vartaşen adı ilə bilinən rayon mərkəzinin adının orta əsrlərdə Vardud olması mümkün idi. "Vard" isə “Güllük” və ya “Gülüstan” mənasını ifadə edir”.
Vartaşen toponimi Albaniyada Mehranilər sülaləsinin əsasını qoyan, Girdiman dövlətini yaradan Mehranın nəvəsi, Cavanşirin ulu babası, alban knyazı Cəsur Vardanın adı ilə də əlaqələndirilir. Vardan qədim alban şəxs adlarından olub.
M.Bejanovun yuxarıda adı göstərilən məqaləsində də bu fikir təsdiq olunur. Orada göstərilir ki, “Vartaşen” “Vartan kəndi” deməkdir, çünki rəvayətə görə, onun əsasını udi keşiş və şairi Vartan qoyub”.
AYB-nin üzvü, şair-tədqiqatçı Y.Rza(yev) özünün “Oğuzda “Avesta”nın izləri” adlı əsərində (Mingəçevir-2010, səh:74) yazır: “Vartaşen” sözünün mənşəyinin hind-iran, erməni mənşəyi ilə heç bir əlaqəsi yoxdur...Vartaşen də türk-Azərbaycan mənşəli sözdür. Bu toponim Vardan adlı şəxsin adından yaranmışdır...Burada “d” “t”-ya çevrilmiş, “n” isə düşmüşdür. Söz ilkin formada “Vardanaşen” olmuş, sonralar “Vartaşenə”ə çevrilmişdir”. Belə ehtimal olunur ki, “Vartaşen” ucada, ali məqamda duran ərənə, od oğluna, Tanrı övladına məxsus yer mənasını daşıyır. Yuxarıda adı şəkilən “Türk mənşəli erməni soyadları” əsərində (səh:452) də qeyd edilir ki, “-an şəkilçisinin köməyilə yaranan art+an//artan sözü feili sifətdir. “V” samiti proteza hadisəsi yolu ilə “artan” sözünün əvvəlinə əlavə edilmiş və Vartan şəxs adı düzəldilmişdir. Vartan şəxs adını... Azərbaycanın keçmiş Vartaşen (indiki Oğuz) rayonunun adı ilə müqayisə etmək olar”.
Tarixi faktlar göstərir ki, Azərbaycan Respublikasının Xocalı rayonunun Naxçıvanlı kənd inzibati ərazi dairəsindəki Aranzəmin kəndinin başqa bir adı da vaxtı ilə “Vardaşın” olub. B.Budaqov və Q.Qeybullayev “Yuxarı Qarabağ toponimləri” əsrində (2005) qeyd edirlər ki, XVIII əsrdə Şirvan xanı Mustafa xan bir neçə Yuxari Qarabağ kəndini öz xanlığına köçürmüş və onlar indiki Oğuz rayonu (keçmiş Vartaşen) ərazisində “Vartaşın” adlı kənd salmışlar. Bu fakta istinad edən bəzi araşdırmaşılar indiki Oğuzun keçmiş adının yuxarıda adı çəkilən Aranzəmin kəndinin ikinci adından götürüldüyünü iddia edirlər. Lakin "Albania Caucasica" kitabında göstərilən faktlar toponimin tarixinin daha qədimlərə gedib çıxdığını göstərir.
Vartaşen toponiminin tərkibindəki “şen”ə istinadən onun fars və erməni sözü olması haqqında deyilənlər isə tamamilə cəfəngiyatdır. M.Kaşkarinin, L.Z.Budaqovun, İ.M.Dyakonovun, H.A.Abelovun tədqiqatlarında göstərilir ki, "şen" sözü sırf türk sözüdür və bu söz "yaşayış yeri", "kiçik məntəqə", "məhəllə", "abad yer", “kənd” mənasındadır. XIII əsrə aid "Türk-ərəb lüğəti"ndə də "şen" sözünün, "məskən", "əhali yaşayan yer", "əhalisi sıx olan yer", "qonaq-qaralı" ("Eviniz şen olsun!) mənasında olduğu göstərilmişdir. Həmin söz indi də "şenlik" ("camaat, toplum, yığnaq") sözünün tərkibində ("Sən də gəl, şenliyə qarış") tez-tez işlədilir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent, tanınmış dilçi alim F.Rzayev özünün “Naxçıvan əhalisinin etnogenizi tarixindən m.ö. II-I minilliklər (Naxçıvan oykonimləri əsasında)" əsərində (II cild, səh: 129, Naxçıvan-2017.) haqlı olaraq yazır ki, “bu gün erməni dilində gen-bol işlənən “şen” sözü qədim türk sözü olmaqla onların dilinə adlamış qar dənəsi - “qar kut”, “lavaş”, “dolma”, “soğan” (qədim alban, udi adı Vardan-İ.V.) kimi minlərlə sözlərimizdən biridir. Ermənilər həm dilimizi, həm tariximizi, məişət və inanclarımızı oğurlamaqdan bu gün də əl çəkmir, özlərini “qədim xalq” kimi tanıtmağa çalışır, oğurluqlarını davam etdirirlər”. Onlar hətta “Vartaşen”i də oxurlayaraq Qərbi Azərbaycandakı tarixi yaşayış məntəqələrimizin bəzilərinin adını dəyişərək “Vartaşen” qoymuşlar. (Məsələn, 1945-ci ildə Artaşat rayonundakı Mehrablı kəndinin adı “Vartaşen”lə dəyişdirilmişdir.)
AMEA Folklor İnstitutunun elmi işçisi T.Nəsib də “Qars, Ani və çevrəsindəki tarixi-coğrafi adların öntürk uyqarlıqları, orta əsrlər türkmonqol maddi-mənəvi həyatı ilə etimoloji bağlılığı və bunlara erməni iddiası” adlı məqaləsində yazır: “Şen” kökü ilə yaranmış toponimlər yanlış olaraq ermənicə yer, yurd mənasında izah olunur. Həmin kök ilk başlanğıcda, türkcə əcdadla bağlı yurd deməkdir. Bu, açıqca şenadan (börüdən), qurddan törəmə əcdad əfsanəsinin yaddaş qatının ifadəçisi və daşıyıcısıdır. Şimali Azərbaycanda Qutqaşen (Qəbələ), Vartaşen (Oğuz) yaşayış məskənlərinin adı da hər cəhətdən birbaşa həmin əcdad əfsanəsinin ruh aləmini özündə cəmləşdirib. Qut kökü göyün kutunu (xeyirxahlığını) almaq mənasını, qa kökü ikinci əfsanədə 4 qardaşdan birinin qu quşuna çevrilməsi inancını, şen kökü də börüdən (şena) törəmə təsəvvürünü Qutqaşendə cəmləşdirərək birləşdirib. Eyni cəhətdən də Vartaşen toponimində də Var-bar (börü), ta dağ kultu, şen-yenə də börüdən (şena) törəmə mənaları birləşib”.
Oxuyub gördüyünüz kimi, araşdırmaçılar “Vartaşen” toponimi barədə xeyli versiya irəli sürsələr də, çoxlu mülahizə və ehtimallar söyləsələr də, bu barədə hələlik yekdil konkrek fikir yoxdur. Bu isə Vartaşen toponimin daha ətraflı öyrənilməsinə ehtiyac olduğunu göstərir.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.