İran adlanan coğrafiyanın sonuncu Türk hökmdar sülaləsi: Qacarlar

Bu gün, 09:17           
İran adlanan coğrafiyanın sonuncu Türk hökmdar sülaləsi:
Avropa və rus tarixçilərindən ruhlanan bizim tarixçilərin bəzilərinin iddia etdiklərinin əksinə olaraq Qacar Qacarlar dövləti özlərini Qızılbaş dövlətinin varisləri adlandırmışdılar, Səfəvilərin davamçıları və nəsli kimi özlərini elan ediblər.
Qacarların şəcərə kitablarına görə Qacarların əcdadı Çingiz xanın nəslindən olan Xaqan Lunun qızı ilə evlənmişdi. Bundan sonra Qacarların bir qolu Kovalı( Kaan Lu),digər qolu isə Dovanlı adlandırılmağa başladı. Qacarların etnogenezi və ana yurdu məsələsi mübahisəli olsa da, moğolların, xüsusən də Elxanilərin hakimiyyəti illərində (1256-1336) hakimiyyət sistemində mühüm yer tutmaları bütün Qacar tarixşünasları tərəfindən vurğulanan faktdır.
Qacar tayfası və xüsusən Qacar sülaləsinin tarixindən bəhs edən bütün tarixçilər tayfanın tarixinin məhz moğolların hakimiyyəti illərində başlandığını qeyd edirlər. 1925-ci ilədək davam edən bu xanədan İrandakı son türk sülaləsidir
Qacarlar özlərini həmişə türk saymış, türkcə danışmış və əcdadlarının İrana Hülakü xanla birlikdə gəldiklərinə inanmışlar. Qacarların soy kökü haqqında Rəşid bəy Ismayılovun "Azərbaycan tarixi" kitabında belə yazılmışdı: "Təqribən yeddi yüz sənə bundan əqdəm Iran səltənəti moğolların əlində olan vaxt, qəsb etdikləri taxt və hakimiyyəti saxlamaq qəsdilə Türkstandan iki yüz min ailə Ağ hun tayfasına mənsub olan "Qayi" türklərini Irana köçürmüşdür.
Qacar eli ağcaqoyunlu, qovanlı (qoyunlu da deyilir), qaradonlu, qaramusanlı, dəvəli, ziyadlı (ziyadoğlu da adlanır), qaracasevgülən, qaytaq, qolsuzlu, qıyaqlı, gəngəldili, gəraylı, əglənli, şambayatı, yıva, izzəddinli, xəzinədarlı, teymurtaş, köhnəli, kürlü, sepanlı, daşlı və başqa oymaqlardan ibarətdir.
Ağa Məhəmməd şah Qacar müasir İran ərazilərini də Qacar xanədanlığının idarəçiliyi altında birləşdirmişdi. Amma Qacariyyə dövləti fars yox, türk (Azərbaycan) dövləti idi. Buna misal olaraq Ağa Məhəmməd xan Qacarın Buxara əmiri Şah Murada məktubuna nəzər salmaq yetər:
“Bütün dünya Adəm və Həvvadan gəlir və əgər Turan hökmdarlarının ailəsinə şan-şöhrətlə öyünməyə meyl etmək yaraşarsa, axı bizim budaq da eyni kökdəndir: "Qacar-Noyon ailəsi Manqıtdən aşağı deyil, - şanlı və ləyaqətli tayfamız Səldus, Cəlair və Özbəkdən daha da ucadır.
Allaha həmd olsun ki, O, Turan və İran, Bizans və Rusiya, Çin və Maçin, Hatay, Xotan və Hindustanın mülklərini, böyük türk nəsillərinə bəxş etmişdi.” (V.A.Jukovski. "Древности Закаспийского края. Развалины старого Мерва"(1894).)
J. C. Nelson, “Herat mühasirəsi kitabında yazır: “İranın Qacar hökmdarları özlərini Səfəvilərin davamçıları hesab edirdilər və məqsədli şəkildə bu imperiyanın xarici görünüşünü bərpa etməyə çalışdılar, lakin səyləri daha az uğurlu oldu.”
Qacar Dövləti – Səfəvi və Əfşar imperiyaları qədər qüdrətli dövlətə çevrilə bilməyib. Bununla belə, daxili ziddiyyətlər və xarici təzyiqlər fonunda öz varlığını daha bir əsr davam etdirən, Qacar İmperiyası tariximizin şərəfli səhifələrindən biri olaraq, qalmaqdadır.
O dövrün arxivlərinə nəzər salsaq Qacarlar qədər türk dili və ədəbiyyatına xidmət etmiş ikinci dövlət tapmaq çətindir. Qeyd edək ki, Qacarlar Türk coğrafiyasında qurulmuş axırıncı türk imperiyasıdır. 1925-ci ilə qədər yaşadılar və türk kimliklərini də qoruyublar ki, onların nəslindən olanlar da bu gün türk-qızılbaş olaraq özlərin adlandırılar
Səfəvilər dövründə yüksək mövqe tutmuş tayfa mənsubları
Toygün bəy Qacar-Şəki hakimi
Ziyadoğlu Şahverdi xan Qacar-Gəncə- Qarabağ bəylərbəyi
Qulu xan Qacar-İrəvan bəylərbəyi
Əliqulu xan və Peykər xan Qacar Şirvan bəylərbəyi
Xüsusilə Qarabağ bəylərbəyliyində əsas hökumət vəzifələri Qacar nəslindən olan əmrlər idi. XVI əsrin əvvəllərindən XVIII əsrin əvvəllərinə kimi-yəni 200 il müddətində Qarabağda irsi hakimlik Qacarlar tayfasının əlində olub.
Bununla da demək olar ki, Ağa Məhəmməd Şah Qacar Qarabağa işğalçı kimi deyil, buranın sahibi, irsi hakim kimi gəlmişdi.
Ağa Məhəmməd şah Qacar Qarabağ xanlığının və İrəvan xanlığının Rusiya çarının tabeçiliyinə keçmək cəhdlərinin qarşısını almağa çalışırdı. O, istəyirdi ki, bütün Azərbaycan torpaqları bir bayraq altında birləşdirilsin. Lakin çox təəssüf ki, o bu məqsədinə çata bilmədi. 17 iyun 1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşada xain sui-qəsd nəticəsində öldürülür.
1901-ci ildə indiki BP şirkətinin yaradıcılarından biri ser Vilyam Noks Dorsi indiki İran ərazisinə gəlir və burada neft axtarışına başlayır. Məşhəd və Fars körfəzinə yaxın ərazilərdə zəngin neft yataqları var. 1908-ci ildə Noks Dorsi neft hasilatı üçün Qacarlar hökümətinə müraciət edir.
Lakin bu müraciət həm Qacarlar hökümətinin, həm də həmin ərazidə yaşayan azərbaycanlıların etirazına səbəb olur. Lakin zəngin neftin qoxusunu alan ser Vilyam niyyətindən əl çəkmir və öz yaxın çevrəsinin dəstəyi ilə təxribatçı plan hazırlayır.
Bu planın bir hissəsi Qacarlar hakimiyyətini devirmək, digər plan isə neftlə zəngin olan ərazilərdə yaşayan azərbaycanlıların deportasiyasına nail olmaq idi. Noks Dorsinin planlarının icrasına farslar yaxından kömək etmək niyyətində olduqlarını bildirirlər. Həmin fars sülalələrindən biri də Pəhləvilər idi. Beləcə, ingilislərin dəstəyi və farsların iştirakı ilə 1925-ci il 31 oktyabr tarixində Beşinci Məclis Qacar sülaləsinin devrilməsi haqqında qərar qəbul edir.
Daha sonra Pəhləvilər hakimiyyətə gətirilir.
Sonra onlar da devrilir və yerlərinə Molla rejimi gətirilir...
Ümid edək ki, yenidən Qacar-Əfşar soyu öz haqlı taxt tacına sahib olar .
Dr. Zaur Əliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.