Kimə inanaq: əlahəzrət tarixə, yoxsa "məğlubedilməz" Xamenei həzrətlərinə?
Bu gün, 12:32

İranın ali dini lideri Ayətullah Əli Xamenei bazar ertəsi ölkənin Qətərdəki ABŞ hərbi bazasına raket zərbələri endirməsindən sonra peyda olub.
O özünün X hesabında sanki mənə cavab verirmişcəsinə yazıb:
"İran xalqını və onun tarixini bilənlər bilirlər ki, İran xalqı təslim olan xalq deyil".
Xameneinin bu “cavab”ını oxuyandan sonra gözlərimin önündə Tomiris anamızın Əhəməni hökmdarı Kirin başını necə kəsməsi canlandı.
Daha sonra İskəndərin Əhəmənilər imperatoru Daranın əvvəli-sonu görünməyən ordusunu kiçik bir qüvvə ilə məğlub etdiyi xatırladım.
Birdən o da yadıma düşdü ki, Orta Asiyaya sığmayan babamız Toğrul bəy sadəcə kəşfiyyat üçün gəldiyi İranı bir göz qırpımında fəth edib Bizans sərhədlərinə qədər varmışdı.
Eyni nailiyyəti monqol-tatar cəngəvəri Subutay təkrarlamışdı. O, Xəzər adalarında gizlənən Xarəzmşah vəliəhdi Cəlaləddini axtarmaq üçün cəmi 20 minlik ordu ilə gəldiyi İran torpaqlarından Rusiyaya qədər geniş əraziləri ələ keçirmişdi.
Anidən o da yadıma düşdü ki, bəs, bizim özümüz də 19-cu əsrin əvvəllərində İran xalqının Çar Rusiyasına təslimiyyəti nəticəsində 200 ildən artıq əsarət altında qalmışdıq.
Bilmədim tarixə inanım, yoxsa “məğlubedilməz” Xamenei həzrətlərinə?
Heydər Oğuz
TEREF