7 il əmək sərf etdiyi işi, 12 dəfə rədd edildi - "Harry Poter"i yaradan qadının milyonçuluğa gedən yolu

26-06-2025, 16:14           
7 il əmək sərf etdiyi işi, 12 dəfə rədd edildi -
Bəzən elə həyat hekayələri var ki, onlar nağıldan da inanılmaz görünür. Amma bu nağıllar nə sehrli çubuqla yazılır, nə də sehrbaz toxunuşu ilə baş verir. Onlar ac qarına yazılan cümlələrlə, soyuq otaqlarda böyüdülən xəyallarla, körpəsini qucaqlayıb ümidini kağıza köçürən bir qadının səssiz əzmi ilə yazılır.

Bu qadın Coan Ketlin Roulinqdir. Onun adı bu gün “Harry Potter” ilə eyniləşdirilir. Amma bu adın arxasında sosial yardım alan bir tək ana, dəfələrlə rədd edilmiş bir yazıçı və heç vaxt təslim olmayan bir qadın dayanır.

Valyuta.az bu yazıda Roulinqin yoxsulluqdan milyarderliyə gedən həyat yoluna nəzər salacaq.

Uşaqlıqdan gələn arzu

Roulinq 1965-ci ildə İngiltərədə, orta təbəqəli bir ailədə anadan olub. Uşaqlıqdan yazıya böyük maraq göstərsə də, gənclik illərində anasının xəstəliyi və ailə problemləri ilə üzləşib. 1990-cı illərin əvvəlində Portuqaliyada ingilis dili müəllimi kimi çalışan Roulinq burada ailə qurmuş, lakin qısa müddət sonra boşanaraq azyaşlı qızı ilə təkbaşına Şotlandiyaya qayıtmışdır. O illərdə həyat onu dərin depressiyaya sürükləmiş, maddi sıxıntılar səbəbilə sosial yardım hesabına yaşayırdı. Yazmaq onun üçün həm sığınacaq, həm də ümid yeri idi.

7 ilə qurduğu dünya 12 dəfə dağıdılır

1990-cı ilin bir yay günündə Coan Roulinq Mançesterdən Londona gedən qatarda idi. Qatar gecikirdi, pəncərə qarşısında oturmuşdu, yanında nə kitab vardı, nə də qələm. Sadəcə düşünürdü. Elə o anda heç bir planlaşdırma, heç bir qeydlər olmadan birdən-birə zehnində bir uşaq obrazı canlandı: eynəkli, arıq, utancaq, amma içində böyük bir güc daşıyan sehrli bir uşaq.

Roulinq sonralar bu anı belə xatırlayırdı: “Harry bir anda tam formalaşmış şəkildə beynimdə peyda oldu. Sanki sadəcə mən onu kəşf etdim, əslində o artıq var idi”.

O qatar səfəri boyunca düşüncəsində yalnız bir fikir vardı - bu uşağın hekayəsini necə danışmalı? O, heç bir qeydlər ala bilmədi, amma bütün yol boyu Harry-nin kim olduğunu, harada yaşadığını, necə bir məktəbə getdiyini və dostlarının kim ola biləcəyini xəyal edirdi. O gün, “Harry Potter”in ilk qığılcımı onun zehnində yandı.

Daha sonra illərlə bu ideyanı yazıya çevirmək üçün çalışdı. O, tək ana kimi maddi sıxıntı içində yaşayırdı, amma hər gün, hər fürsətdə bu dünyanı qurmağa davam etdi. Onun üçün bu artıq sadəcə bir kitab deyildi — özünə və həyatına tutunmaq üçün yaratdığı bir aləm idi.

O, sonradan "Harry Potter" adlandırılacaq bu obrazla birlikdə bir dünya qurmağa başlayır. Bu ideyanı formalaşdırmaq, ərsəyə gətirmək onun 7 ilini alır. O, yazını yazmaq üçün çox vaxt kafelərdə, qızını yatızdırdıqdan sonra soyuq və dar mənzilə geniş dünyasını sığdırmağa çalışır. Yeddi il ərzində tamamladığı ilk kitabı – “Harry Potter və Fəlsəfə Daşı” – o dövrün nəşriyyatları tərəfindən maraqsız hesab edildiyi üçün 12 dəfə rədd edilir.

Kiçik bir ümid işığı yaranır

Nəhayət, kiçik bir nəşriyyat olan “Bloomsbury” kitabı çap etməyə razılaşır. Hətta, nəşriyyat sahibinin 8 yaşlı qızı ilk fəsli oxuyub çox bəyənir. 1997-ci ildə çap olunan kitab çox keçmədən bestsellerə çevrilir. Oxucular Roulinqin dünyasını sehrli dünyasını qəbul edirlər. Zamanla ard-arda gələn altı kitab, 80-dən çox dilə tərcümə, 600 milyondan artıq nüsxə satış və səkkiz hissədən ibarət kino seriyası Roulinqi ədəbiyyat və kino tarixində unikal bir fenomənə çevirir.
Sərvət və maliyyə uğuru: ədəbiyyatdan qurulan imperiya

Dünyanın ən çox qazanan yazıçısı

J. K. Roulinqin uğuru yalnız yazıçı kimi deyil, maliyyə sahəsində də misilsizdir. 2023-cü ildə Sunday Times Rich List onun sərvətini təxminən 875 milyon funt sterlinq (təqribən 1,1 milyard ABŞ dolları) dəyərində qiymətləndirmişdi. 2024-cü ilin sonuna yaxın etibarlı mənbələr bu məbləği 820–850 milyon ABŞ dolları arasında göstərib. Bu fərq onun xeyriyyə fondlarına etdiyi böyük ianələrlə əlaqələndirilir.

Coan Ketlin Roulinq bu gün dünya ədəbiyyatında ən çox qazanan yazıçılardan biri hesab olunur. Onun uğur yolu “Harry Potter” seriyası ilə başlayıb və qlobal miqyasda rekordlar qırıb. Kitablar 600 milyondan çox nüsxədə satılıb, film hüquqları isə "Warner Bros" studiyası tərəfindən alınaraq səkkiz hissəli kino seriyasına çevrilib.
Roulinqin yaradıcılığı yalnız bununla məhdudlaşmır. “Harry Potter and the Cursed Child” adlı teatr tamaşası dünya səhnələrində uğurla nümayiş olunur. “Harry Potter” tematik parkları, suvenirlər və məhsul satışları da ona milyonlarla dollar gəlir gətirib. O, “Robert Galbraith” təxəllüsü ilə yazdığı detektiv romanlarla da ədəbi fəaliyyətini davam etdirir.

Roulinq uzun illər dünyanın ilk qadın milyarder yazıçısı kimi tanınıb. Lakin etdiyi böyük xeyriyyə ianələri nəticəsində sərvətinin bir hissəsini geri verərək “Forbes” siyahısından könüllü çıxarılıb. Qadın hüquqları, uşaq müdafiəsi və sosial bərabərlik sahəsində milyonlarla funt sterlinq dəstək göstərib.

“Hətta heç nə qalmadığını düşündüyün anda belə, içində yaratmağa dəyər bir dünya ola bilər” – bu cümlə onun həyatının əsas xəttidir.

Sərvanə Rəmixanova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru