Kim və niyə qalibdir?

Bu gün, 12:24           
Kim və niyə qalibdir?
12 günlük müharibənin hamı üçün dərsləri

İyunun 28-də, məhərrəm ayının 2-ci günü Tehranda İsrailin hücumları nəticəsində həlak olmuş 60-dan çox hərbi komandir və mülki şəxs dəfn edilib.

Mərasimdə “İsrailə ölüm!” və “Amerikaya ölüm!” şüarları səsləndirilib. Həlak olanlar Tehrandakı Beheşt-i-Zəhra qəbiristanlığında, bəzi imamzadə qəbiristanlıqlarında başqa məzarlıqlarda dəfn olunublar.

Mərasimə Prezident Məsud Pezeşkian da qatılıb. Ancaq İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin görünmədiyinə dair xəbərlər yayılıb. Halbuki, həlak olanlar arasında İslam Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi general- leytenant Məhəmməd Baqeri kimi yüksək rütbəli şəxs də var.

İndi Tehran, Təl-Əviv və Vaşinqton arasında bir qələbənin sahibliyi uğrunda açıqlama mübarizəsi gedir. Əslində, kimdir qalib?

İranda hakimiyyət nümayəndələri və əhali 12 günlük müharibədə qalib gəldiklərini, Yaxın Şərqin tarixində ilk dəfə ABŞ-ni “məğlub etdiklərini” bildirir və bunu bayram edirlər.

Tehranın təbliğat maşını İraqla müharibədə də qələbə qazandıqlarını bildirirdi.

Ancaq İraqla savaşın qalibi olmadı. Çünki tərəflər bu savaşda itki verdilər.

Haşiyə:

37 il öncə İran atəşkəslə bağlı bənzər siyasi hadisəni yaşayıb. Son yarım əsrdə hadisələr İranın başqaları olmadığını təsdiqləyib. İndiki siyasi-ideoloji qüvvə hakimiyyətə gələndən bəri bu, İrana ikinci hücum sayılır, yaxud İslam Respublikasının birbaşa hədəf olduğu ikinci müharibədir. 1980-ci ildə İraq İrana hücuma keçdi. Bu savaş səkkiz il sürdü. Səddam Hüseynin məqsədi Şəttül-Ərəb (hərfi mənası “Ərəb axını”) və ya Ərvəndrud (farsca hərfi mənası “Ərvənd çayı”) çayını ələ keçirmək, körfəzdən İranı sıxışdırmaq olub. Çayn uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir.

Səkkiz illik müharibə nəticəsində tərəflər uğur əldə edə bilmədi. 1988-ci ilin sentyabrında İran və İraq müharibədən əvvəlki mövqeyə qayıtdılar. Bu savaş Tehran hakimiyyəti daxilində birləşməyə, müxalifəti sıradan çıxarmağa stimul olmuşdu. Başqa sözlə, İraqla müharibənin yekununda İran hədəfləri ilə bağlı uğura nail olmasa da, proses Tehranın güclənməsi ilə nəticələnmişdi. Çünki bu savaşı əldə bayraq edən rejim müxalif düşüncəlilərə qarşı repressiyanı gücləndirmiş, onları ölkədən çıxarmağa nail olmuşdu. Həmin müharibədə İsrail İrandakı hakimiyyətə hərbi yardım edirdi.

İsraillə müharibədə Tehran hakimiyyəti güc göstərmək, daha düzü, sağ və ayaqda olduğunu göstərib, əhaliyə güc nümayiş etdirmək baxımından özünü uğur əldə etmiş aparır.

12 günlük müharibənin qalibi kimdir - İran hakimiyyəti, xalqı, yoxsa ABŞ-nin dəstəklədiyi İsrail?

Əvvəlcədən elan etdikləri hədəflərə çatdıqları - İranın nüvə proqramını sıradan çıxardıqları, yaxud, ləngitdikləri üçün İsrailin əməliyyatını uğurlu saymaq olar.

Bu fikirləri aşağıdakı xəbərlərlə daha da gücləndirə bilərik.

Prezident Tramp ABŞ KİV-in İranın nüvə proqramının bu zərbələr nəticəsində cəmi bir neçə ay ləngidildiyi barədə məlumatlarını tənqid edib: "Saxta xəbərlərdir. CNN iflas edən “New York Times” ilə birlikdə tarixdəki ən uğurlu hərbi zərbələrdən birini gözdən salmağa çalışırlar. İranın nüvə obyektləri tamamilə məhv edilib. Xalq bu nəşrlərin dəyərinin ollmadığını bilir”.

O, Fordo müəssisəsinə 12 bomba atıldığını və müəssisənin tamamilə məhv edildiyini deyib: “Hədəfə çatmadığımızı iddia etmək sadəcə gülüncdür”.

ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə görə, iyunun 22-də Ştatların endirdiyi zərbələr İranın nüvə proqramının əsas komponentlərini məhv etməyib, proqramın icrasını bir neçə aylığa geri atıb.

Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib ki, Fordo nüvə obyektinə hücumdan sonra İsrailin xüsusi təyinatlıları həmin yerdə olublar. Onun sözlərinə görə, onlar obyektin tamamilə məhv olunduğunu müəyyən ediblər.

ABŞ lideri onu da bildirib ki, nüvə proqramını bərpa etsə, ABŞ İranın atom obyektlərinə yeni zərbələr endirə bilər. Bununla belə o, İranın nüvə proqramının tam məhv etdiklərinə əminliyini yenidən ifadə edib.

O, ABŞ Hərbi Hava Qüvvələrinin iyunun 22-də İrana endirdiyi zərbələri İkinci dünya müharibəsi zamanı Xirosima və Naqasakinin bombardman edilməsi ilə müqayisə edib. "Mən Xirosimanı, Naqasakini nümunə gətirmək istəmirəm, ancaq mahiyyətcə eyni şeydir – bu, müharibəyə son qoydu”.

Onun sözlərinə görə, ABŞ İran obyektlərinə zərbələr endirməsəydi, İsrail və İran arasında müharibə bu günə qədər davam edəcəkdi.

Bu baxımdan, ABŞ-nin İranın nüvə proqramı üzərində iddia olunan uğuru hələ şübhəlidir. Ona görə də Ştatlarla İsraili qalib saymaq olmur.

Düzdür, ABŞ və İsrail əvvəlcədən elan etdikləri hədəfi vurduqlarını bildirirlər. Çünki bu əməliyyatın hədəfi İranın nüvə obyektlərinin məhv edilməsi, hərbi sənaye kompleksi müəssisələrinin sıradan çıxarılması, inqilab keşikçiləri qvardiyası (SEPAH) və Silahlı Qüvvələr başçılarının, atom-nüvə fiziklərinin öldürülməsi, SEPAH-ın qərargahlarının, kazarmalarının, mövqelərinin dağıdılması, rəsmi dövlət binalarının dağıdılması və s. olub.

Ancaq şübhələr çox olduğundan İran rəsmilərinin hələ də bəlağətli çıxışlar etməsi ABŞ-İsrailin tam qələbə qazanmadığını ehtimal etməyə əsas verir.

12 günlük müharibə nəticəsində iki tərəfdən təxminən 670 nəfər həlak olub, ən azı 8000 nəfər yaralanıb və xəsarət alıb.

İnsan hüquqları təşkilatlarının ilkin məlumatlarına görə, onların təxminən üçdə ikisi hərbi qulluqçu olub, SEPAH və ya "bəsici"yə xidmət edib. Qalanları mülki şəxslər olub. Təxminən 5000 nəfər yaralanıb. Fordo, Natanz, İsfahan, Ərak və İranın digər bölgələrindəki nüvə obyektləri tamamilə və ya qismən məhv edilib. Çoxsaylı hərbi obyektlər - raket bazaları, silah anbarları, buraxılış qurğuları, hava hücumundan müdafiə batareyaları, hərbi aerodromlar və aviasiya texnikası, hərbi qərargahlar məhv edilib və ya zədələnib.

İsrail tərəfdən 28 nəfər öldürülüb, bir qadın atəş zamanı ürək tutmasından vəfat edib. Ölənlər arasında məzuniyyətdə olan bir hərbçi var. Ölənlərin qalanı dinc sakinlər olub. Bütün qurbanlar yaşayış məhəllələrində və ya mülki obyektlərdə olub. 3200-dən çox yaralı və ya xəsarət alan var (sığınacaqlara gedərkən xəsarət alanlar və ya sinir şokundan çıxmaq üçün yardıma ehtiyacı olanlar daxil olmaqla).

Çoxsaylı yaşayış evləri tamamilə və ya qismən dağıdılıb, on minlərlə insan evlərini itirib və ya müvəqqəti olaraq tərk etməyə məcbur olub. Beer-Şevadakı "Soroka" xəstəxanasına və Rexovotdakı Veyzmann Elm İnstitutuna əhəmiyyətli ziyan dəyib.

İran 12 günlük müharibə dövründə İsrail tərəfindən öldürülən SEPAH və İran Müdafiə Nazirliyinin üzvlərinin siyahısını dərc edib. Onların arasında İran Silahlı Qüvvələrinin Baş Qərargahının, SEPAH-ın, qvardiyanın, Aerokosmik Qüvvələrin, pilotsuz uçuş qüvvələrinin komandanları var. Ümumilikdə üç general-leytenant, səkkiz general-mayor və 17 briqada generalı.

Onların bəzilərinin adlarını diqqətinizə çatdırırıq:

Silahlı Qüvvələrin Baş Qərargahının komandanı, SEPAH general-leytenantı Məhəmməd Hüseyn Baqeri, SEPAH general-leytenantı, Xatəm əl-Ənbiya mərkəzi qərargahının komandanı Qulam Əli Rəşid, SEPAH komandanı, general-leytenantı Hüseyn Salami, Aerokosmik Qüvvələrin komandanı, general-mayor Əmir Əli Hacızadə, Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin əməliyyatlar üzrə müavini, general-mayor Mehdi Rəbbani, Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat rəisinin müavini, general-mayor Qulamrza Mehrabi, Müdafiə Nazirliyinin Mərkəzi Komandanlığı, general-mayor Əmir Mozaffarinya, SEPAH-ın kəşfiyyat departamentinin komandanı, general-mayor Məhəmməd Kazemi, kəşfiyyat rəisinin müavini, general-mayor Möhsün Baqeri, Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının baş müfəttişinin müavini, general-mayor Məhəmməd Cəfər Əsədi, SEPAH kəşfiyyat idarəsində komandanın nümayəndəsi, general-mayor Məhəmməd Rza Nasir Baqban, Aerokosmik Qüvvələrin briqada generalı Davud Şeyxian, SEPAH-ın Ali Baş Komandanlığı İdarəsinin rəisi, briqada generalı Məsud Şanei, SEPAH-ın aerokosmik qüvvələrinin PUA bölməsinin komandanı, briqada generalı Məhəmməd Bakir Tahirpur, Aerokosmik Qüvvələrin kəşfiyyat direktorunun müavini, briqada generalı Xosrov Həsəni, Tehrandakı SEPAH Aerokosmik qüvvələrinin komandanı, briqada generalı Mansur Səfərpur, SEPAH Aerokosmik Qüvvələri komandanının müavini, briqada generalı Əmir Purcudaki, “Qüds" qüvvələrinin Fələstin diviziyasının komandanı, briqada generalı Məsud Tayeb, briqada generalı Taqi Yusefvand - "Bəsic" könüllü qüvvələrinin kəşfiyyat bölməsinin komandanı, briqada generalı Cavad Carsara – İİKK Hava-kosmik qüvvələri, briqada generalı Həsən Mohakek, SEPAH kəşfiyyat rəisinin müavini və başqaları.

Həmçinin SEPAH-ın “Qüds” bölməsi Fələstin istiqamətinin rəhbəri, HƏMAS və digər Fələstin fraksiyaları ilə əlaqələri kurasiya edən Məhəmməd Səid İzadi də öldürülüb. Ölənlər arasında İranın Atom Enerjisi Təşkilatının keçmiş rəhbəri Fereydun Abbasi Davani də daxil olmaqla, ən azı altı nüvə alimi var. SEPAH-ın himayəsində olan bütün qruplaşmalara silah qaçaqmalçılığı məsələləri ilə məşğul olan "190-cı Bölmə"nin komandanı Behnam Şəhriyarinin də adı bu siyahıda var.

İranın hərbi rəhbərliyi çox ciddi zərbə alıb, lakin bu, nokaut zərbəsi deyil, çünki bir çox vəzifələr sahibinin gözlənilməz ölümünü və yeni komandanla əvəz olunmasını nəzərdə tutur. Eyni zamanda, ölən generalların siyahısında briqada generalı və "Əl-Qüds" xüsusi bölməsinin birbaşa komandanı İsmail Qaani yoxdur. Onun ölümü barədə İsrail mediası məlumat vermişdi, ancaq bu, təsdiqlənmədi. İyunun 25-də Tehrandakı bayram tədbirində onun da qatıldığının görüntüləri yayılmışdı.

İran mənbələri İsrailin itkiləri haqqında da məlumat yayıb. Bildirilib ki, zərbə endirilən strateji obyektlər bunlardır: Əl-Cəlil bazası, Hayfa limanı, Hayfada elektrik stansiyası, Hayfada neft emalı zavodu, Tel-Nof aviabazası, “Mossad”ın qərargahı, Kirya bazasının komanda mərkəzi, Kiryat-Qat sənaye şəhəri, yüksək texnologiyalar və mikroçip istehsalı mərkəzi, İsrail Müdafiə Nazirliyinin idarəetmə və nəzarət mərkəzi, Rafael şirkəti, müdafiə sistemləri təchizatçısı, Hadar elektrik stansiyası, Ben-Qurion hava limanı, Veyzman Elmi İnstitutu, Negevdə nüvə tədqiqat mərkəzi, Nevatim aviabazası, Ovda aviabazası, 8200 bölməsi, kiber əks-kəşfiyyat və elektron əməliyyatlar qərargahı.

İran hakimiyyəti zahirən müqavimət yaxşı təşkil etmiş sayılsa da, İsrailin hərbi potensialına iddia etdiyi səviyyədə zərbə endirə bilmədiyi, yaxud İsrailin etdiklərinə adekvat cavab verə bilmədiyi, çoxlu sayda yüksək rütbəli və vəzifəli hərbçiləri itirdiyi, nüvə obyektlərinin müdafiəsinin təşkil edə bilmədiyi, mülki əhalinin təhlükəsizliyini təmin etmədiyi, yaxud çox zəif təşkil etdiyi üçün qalib sayılmır.

Ancaq kütləvi şəkildə ölkəni tərk etmədiyi, dözüm göstərdiyi üçün İran əhalisi, xüsusi ilə 32 əyalətdən zərbə alında olmuş 21 bölgənin, o cümlədən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Mərkəzi əyalət və Ərdəbilin sakinləri qalib sayılır. Başqa sözlə, təhlükəsizliyi, müdafiəni və hücumu təşkil edə bilmədiyi üçün Tehran hakimiyyəti xalqın iradəsinə adekvat davranmadı.

İsrail bu əməliyyatı müəyyən mənada uğurla başa çatdırdı. Müharibə gedən vaxt İranın güc strukturları “İsrail casusu” “ovuna” çıxmışdı. Onlarla insanı bu ittihamla həbs etdilər, barələrində edam hökmü çıxardılar. Çünki müharibə zamanı müxtəlif obyektlərin vurulması ilə yanaşı “agentlərin” tutulması, edamına dair çoxlu xəbər yayılırdı. Onların bu fəaliyyətinin səbəblərindən biri hakimiyyətə qarşı etiraz sayılsa da, bütün hallarda onlar qərb dəyərlərinin, potensial tərəfdarı sayılıb. Bu qüvvələrin təhlükəsizliyinin təmin olunmaması hücum edən tərəfin nüfuzuna zərbə vuran hallardandır. Bu, “Taliban” hərəkatı ikinci dəfə Əfqanıstanda hakimiyyət gələndən sonra ABŞ, NATO tərəfdarları olmuş əfqanıstanlıların üzləşdiyi aqibəti xatırlatdı.

12 gün ərzində minə yaxın insan “İsrailə casusluqda” ittiham olunub.

İranın 90 milyon əhalisi uzun illərdir ki, sərt beynəlxalq sanksiyaların, həmçinin ölkədəki sistemli korrupsiyanın nəticələrindən əziyyət çəkir. İldən-ilə ən müxtəlif səbəblərdən etirazlar baş qaldırır, yüksək inflyasiyadan işsizliyə, su və elektrik çatışmazlığından qadın hüquqlarını məhdudlaşdıran əxlaq polisinin həddindən artıq səylərinə qədər. 2022-ci ildə misli görünməmiş etirazlar ölkəni sarsıtdı. Nümayişçilər daha çox azadlıq tələb edirdilər, lakin hakimiyyət çıxışları sərt şəkildə yatırdı.

İndi tərəflər atəşkəsin uzunmüddətli olması, danışıqlar barədə açıqlamalar verirlər. Ancaq 408,6 kq zənginləşdirillmiş uran İranı ABŞ və İsrailin yenidən şikarı edə bilər. Deməli, əməliyyat hələ başa çatmayıb, nüvə təhlükəsi qalmaqdadır.

Ona görə də tərəflərin heç biri qalib sayılmır. İran hakimiyyəti isə Donald Tramp və Binyamin Netaniyahu ilə müqayisədə daha çox uduzmuş olaraq görünür.

İran vətəndaşları Xameneinin qələbə bəyanatına belə reaksiya veriblər: “Nə qələbə? Sığınacaqdan çıx və reallığı gör”. Onlar İslam Respublikası rəhbərinin açıqlamalarını kəskin tənqid edərək, onu “xəyalpərəst” adlandırıblar: “Müharibənin ilk 10 dəqiqəsində SEPAH-ın ən yüksək rütbəli komandirlərinin öldürülməsi qələbə sayılırsa, qoy Xamənei öz xülyalarında olsun. Xalq İslam Respublikasının məğlubiyyətini gördü”.

Bəlkə də İsrail və ABŞ-ni qalib saymaq olar. Çünki onlar nüvə obyektlərinə zərbə vurmağı hədəfləmişdilər, nəticədə etdilər. Ancaq İslam Respublikası qələbənin yanına belə gələ bilməyib. "İsrail ölüm!", "Amerikaya ölüm!" şüarları isə Tehranın onillər ərzində hədəfi olub. Rejim heç bu niyyətinin havasına, ritminə belə düşə bilməyib. Ona görə də hələ də üstündən bunker havası çəkilməyən İran rəhbərliyinin bu savaşda hədəfi belə bəlli deyildi. Onda hansı qələbədən danışmaq olar?

Tramp Vaşinqtondan Haaqaya,NATO-nun Zirvə toplantısına qatıldı, İslam Respublikasının ali lideri Tehranda 12 günlük savaşda öldürülən generalların dəfn mərasimində maketi ilə iştirak etdi. İran əhalisi bundan sonra pişnamazı daha yaxşı tanıyacaq. Bu rejim 90 milyonluq ölkə əhalisini güdaza verir. Belə qalibdən heç olmaz...

HƏMAS, “Hizbullah” və Bəşər Əsədin ardınca Xamenei rejimi - bunlar nə bir yerdə, nə ayrılıqda gücə çevrilə bilmədi. Çünki gücləri çata bilməyəcək daşı götürürlər. Daşın böyüyünü götürmək isə atmamaq əlaməti sayılır. İran hakimiyyəti və komandası reallıqdan uzaq məsələləri bayraq etmək, ideoloji hədəf elan etməklə məğlub olacaqlarının bünövrəsini əvvəldən qoyublar. Odur ki, hamısından yaxşı danışıq, müzakirədir.…
pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.