Talas döyüşü sanıldığı kimi, İslamın yox, ərəb xilafətinin Orta Asiyada Çinə qarşı savaşı idi
Bu gün, 11:14

Talas döyüşünə gəlincə, Ərdoğan əfəndinin iddia etdiyi kimi, türklər islamla ilk dəfə bu döyüşdə tanış olmamışdılar. Bu döyüşdən əvvəl də bəzi türk topluluqları islamı qəbul etmişdilər və bu döyüşdən sonra türklərin kütləvi islamlaşması da baş verməmişdir. Zatən Talas döyüşü sanıldığı kimi, İslamın yox, ərəb xilafətinin Orta Asiyada Çinə qarşı savaşı idi. Həmin dövrə qədər Əməvi və Abbasi xilafətləri Orta Asiyanın islamlaşmasında maraq göstərmir və istila etdikləri coğrafiyalardan cizyə vergisi (mal və can vergisi) almağa çalışırdılar. Daha çox cizyə almaq niyyətilə hətta səmimi şəkildə islamı qəbul edənlərin belə imanına şübhə ilə yanaşmağa üstünlük verirdilər.
Qeyd edək ki, cizyə Quranın Tövbə surəsinin 26-cı ayəsi ilə təsbit olunmuş və qeyri-müslimlərdən alınması vacib bilinmiş vergi növüdür: "Kitab verilənlərdən Allaha və Axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi din olan İslama etiqad etməyənlərlə, zəlil günə qalıb öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun”, - sözügedən ayədə bildirilir. Həm Əməvi, həm də Abbasi xilafətləri bu ayədən faydalanaraq əcəm adlandırdıları coğrafiyanı soyub talayır və səsini çıxaranın boynunu bədənindən ayırırdı. Belə bir vəziyyətdə hər iki xilafət zamanı islamı qəbul edib salamatlığa qovuşmaq mümkün deyildi və Türklər də bu imkandan yararlana bilməmişdilər.
8-ci əsrin birinci yarısında Orta Asiyanın siyasi vəziyyətinə gəlincə, Çin imperatorlarının fitnələri və sui-qəsdləri nəticəsində Göytürk imperiyası dağılmış, türklər müxtəlif boylara bölünmüş və başsız qalmışdılar. Türklərin geniş əraziləri Çin və ərəblərin diqqətini cəlb etmiş, Orta Asiyanın ələ keçirilməsi uğrunda imperialist müharibə başlamışdı. Həmin dövrdə indiki Özbəkistan və Qırğızıstan ərazilərində Türkeşlər dövləti hökm sürürdü. Çinin fitnələri ilə bu dövlət də parçalanmış və daxili müharibələrə cəlb olunmuşdu.
751-ci ildə Çinin Koreya əsilli generalı Gao Xianzhi Daşkəndi ələ keçirmiş və Tanq xənadanının hökmdarının rəğbətini qazanmaq üçün gözünü Fərqanəyə dikmişdi. Xianzhi ilə döyüşdən çəkinən Daşkənd hakimi Bağdaddan yardım istəmək məcburiyyətində qalmışdı. Bu fakt göstərir ki, Orta Asiya türkləri həmin illərdə artıq İslamiyyətlə tanış idilər və hətta ərəb xilafəti ilə hərbi ittifaq qurmuşdular. Deməli, “türklər İslamiyyətlə Talas müharibəsi zamanında tanış olmuş və islamla şərəflənmişlər” iddiası yanlışdır.
Talas müharibəsi əslində Türklərin onları təhdid edən 2 imperialist qüvvəyə qarşı apardıqları incə düşünülmüş mübarizə idi. Belə ki, türklərin hərbi yardım çağırışları ilə regiona gələn ərəblər Talas çayı üzərində Çin ordusuyla qarşılaşmışdılar. 5 gün davam edən bu müharibədə Çin generalı Karluq türklərini muzdlu əsgərlər kimi öz ordusuna cəlb etmişdi. Müharibənin son gününə qədər səbrlə gözləyən Karluqlar ərəb ordularının xeyli zəiflədiyini görüb onların tərəfinə keçmiş və tərkibində yer aldıqları Çin ordusuna qarşı döyüşə atılmışdılar. Nəticədə ərəb orduları tamamilə məhv olmaqdan qurtulmuş, Çin ordusu isə məğlubiyyətə uğramışdı. Məhz bu savaşdan sonra çinlilər uzun əsrlər boyu türkləri bir daha narahat etməməyə qərar vermişdilər. Beləcə, türkləri təhdid edən hər iki düşmən sıradan çıxmış və türklərin hərbi bacarığına heyran olan Abbasilər onları öz ordu quruculuğuna cəlb etmişlər. Abbasilərin bu addımından sonra xilafət ordusu tamamilə türklərin əlinə keçmişdi. Bu, bir oxla iki quş vurmaq bacarığı deməkdir və türklər həmin manevrləri sayəndə uzun illər İslam coğrafiyası üzərində hegemon gücə çevrilmişlər.
Talas savaşına bu aspektdən yanaşanda Türklərin hərbi strateji bacarığının yalnız döyüş sahəsindəki qəhrəmancasına savaşmaları ilə məhdudlaşmadığını görə bilərik. Türklər düşməni ram etmək məqsədilə uzağa hesablanmış böyük planlar qurmaq məharətinə də malik idilər. Və əsl hərbi strateji bacarıq buna deyərlər.
Uzun sözün qısası, əvvəl Əməvilərin, ardınca da Abbasilərin əcəm adlandırıb aşağıladığı coğrafiyada islamı yaymaq kimi bir dərdləri olmayıb və türklər yalnız hegemon gücə çevrildikdən sonra bu dini kütləvi şəkildə mənimsəyiblər.
Heydər Oğuz
TEREF