Atalar (analar) və oğullar (qızlar) problemi... –
Bu gün, 10:28

Uşaqlarınıza “kökünüzü” öyrədin, “qanadlarını” qırmayın – Nəsihət olmayan təlimat
Statistikaya görə, dünyada hər 100 nəfərdən yalnız 8 nəfər 65 yaşına qədər yaşayır. Əgər siz bu həddi keçmisinizsə, eviniz, internetiniz, təhsiliniz, isti naharınız və təmiz suyunuz varsa – planetin imtiyazlı sakinləri sırasındasınız. Çünki təxminən 8 milyard insandan yalnız 7%-i eyni anda bunların hamısına malikdir.
Amma sizdə bütün bunlar olsa da, uşaqlarınızın böyüyüb uzaqlaşması, nadir hallarda zəng etməsi və demək olar ki, öz həyatları ilə bölüşməməsi sizi çox da təskinləndirmir.
Uşaqlar bizdən üz çevirdikdə – bu ağrıdır. Valideynin ruhunun haradasa dərinliyində sakit inam var: əgər mən səni qucağımda daşımışamsa, qaşıqla yedirtmişəmsə və sənin yeniyetmə qəribəliklərinə dözmüşəmsə, deməli, hər şənbə mənə zəng etməli və məsələn, hamamımın qapısının cırıldayıb-cırıldamadığını soruşmalısan. Amma reallıq fərqlidir: uşaqlar böyüyür, bizdən aralanır, öz ailələrini qururlar, yulaf südü ilə qəhvə içirlər və “həyat necə olmalıdır” mövzusunda məsləhətləri eşitmək istəmirlər.
Bu isə adamı yorur. Uşaqlar uzaqda olsa belə, onlar beynimizdən çıxmırlar. Bir uğursuz söhbət və fikir bütün günü başınızda dövr edir: nəyi səhv dedim, niyə yenə məni dinləmir? Narahat olursan, hirslənirsən, yorulursan. Amma cavab yoxdur. Yalnız susqun qəzəb və yorğunluq.
Amma hisslərdən bir az kənara çıxıb daha geniş baxsaq, təbiət maraqlı şeylər göstərir. Heyvanların çoxunda balalar bir az böyüyən kimi müstəqil olur, ata-anasından ayrılır. Və əgər gedirsə, demək buna hazırdır. Qalırsa, demək rəqabət başlayacaq və ya əbədi asılılıq olacaq. Ən əhəmiyyətlisi odur ki, bu sevgi olmaması ilə əlaqəli deyil. Sadəcə həyatın ritmi dəyişir. Uşaqlar – irəliləmək, axtarmaq, sınamaq, səhv etmək istəyirlər. Valideynlər – dayanmaq, ötürmək, qorumaq istəyirlər.
Əgər uşaqlar getmirlərsə – onlar çox zaman ömür boyu uşaq olaraq qalırlar. Amma biz məhz belə olmasını istəmirik, elə deyilmi?
Bəs nə etmək lazımdır? Nəsihət vermək? Boş otaqda ah çəkmək? Yaxşı budur, belə eləməyək. Gəlin, artıq sizin himayənizdən çıxan, amma hələ də ürəyinizdə yaşayan övladlarınızla əlaqəni itirməməyin yollarını anlamağa çalışaq.
1. Xüsusilə də bizdən soruşmadıqları halda, “həyatı necə yaşamağı” öyrətməyək...
“Mən sənin yaşında...” və ya “Sən uşağı/çəngəli/həyatı düzgün tutmursan” kimi sizə şirin gələn sözlər. Axı biz həqiqətən ən yaxşı olmasını istəyirik. Çünki necə olmalı olduğunu doğru bilirik, elə deyilmi? Amma bəla ondadır ki, bizim “doğrumuz” telefonların disklə, kolbasanın isə növbələrlə olduğu dövrlərdə işləyirdi. Məsləhət – problem deyil. Problem – məsləhəti məcburi sırımaqdır. Problemin kökü də bundadır. Soruşmurlarsa – qarışma. Soruşurlarsa – dost kimi yumşaq formada danış.
Böyümüş uşaqlar tələbə olmaq istəmirlər. Onların öz təcrübələri var və bəli – bəzən onlar bu təcrübəni sınaqdan keçirib “yanmalıdırlar”. Mane olmayın, bu, təcrübədir. Əlaqəni itirməyin ən yaxşı yolu – məcbur etməkdir. Ən etibarlı yol isə – yanında olmaqdır. Heç bir mühazirə oxumadan. Çayla, gülüşlə və dəstəkləməyə hazır olmaqla – hətta onlar Hindistana köçmək və ya barista olmaq qərarına gəlsələr də.
2. Təqsirləndirmək hissi ilə manipulyasiya: bu işləmir, qaçmaq istəyəcəklər...
“Zəng etmək çətindir?” və ya “Məni ancaq basdırmağa gələndə görəcəksən...” kimi ifadələr peşmanlıq doğurmur, əksinə, yeni nömrə almaq istəyinə səbəb olur. Sizə zəng edilməsini istəməyiniz başa düşüləndir. Amma təsəvvür edin: kafeyə gəlirsiniz və ofisiant dərhal – “Hardaydınız? Biz sizi gözləyirdik! Utanmırsınız?” – deyə qışqırır. Bir də ora qayıtmaq istəyərdinizmi? Yəqin ki, yox!
Yaxınlığı ittiham edərək qazanmaq olmaz. Onu yalnız sevgi ilə qazanmaq mümkündür. Elə edin ki, sizinlə bir yerdə olmaq yaxşı olsun. Uşaqlarınızın zəng etməsini istəyirsinizsə, elə olun ki, sizə zəng etmək istəsinlər. Söhbətin yüngül olduğu, gülməli olduğu yer olun. “Sən məni məyus etdin” yox, “başıma gülməli bir iş gəlib, istəyirsən danışım?” olduğu yer olun.
Bax onda zənglər öz-özünə gələcək. Ona görə yox ki, bu bir “borcdur”, ona görə ki, “ürəkdən” istəyəcəklər.
3. Narazılıq yox, ailə ənənələri yaradın
Elə ailələr var ki, adi, sadə də olsa, davamlı ənənələri olur və o evlərdə istilik daha çox hiss edilir.
“Bəs niyə ad günümə gəlmədin?!” – deyə əsəbiləşirik. Halbuki, onun artıq üç ildir həmin gün məcburən işdə olduğunu unuduruq.
Amma “hər ayın ilk bazar günü birlikdə səhər yeməyi yemək, moruqlu piroq bişirmək və həftənin xəbərlərini müzakirə etmək” ənənələriniz olsaydı, bu, çox şeyi asanlaşdırardı. Ailə ənənələri, hərəsi öz yolu ilə uçan hava şarlarını bağlayan incə saplardır.
Bəzən ənənələr təsadüfən yaranır – amma ömür boyu qalır. Və bu, gözəldir. Onlar qəribə, gülməli, bəzən hətta qəribə ola bilər. Amma məhz bunlar ailə yaddaşına çevrilir: bayramlarda qutab bişirmək, şənbə axşamları stolüstü oyun oynamaq, nənənin köhnə reseptlərini köçürmək…
Bu, “biz ailəyik” deyilən ritmdir – hər kəsin ayrı həyatı və qrafiki olsa da.
4️. İdeal yox, canlı olun
Bu, bəlkə də ən vacib məqamdır. Çünki biz çox vaxt övladımız üçün nümunə olmalı olduğumuzu düşünürük. Müdrik, sarsılmaz, hər şeyi bilən. Amma reallıq odur ki… uşaqlara bürünc abidə lazım deyil.
Onlar ürəklərində deyirlər: “Kaş ki anam da, atam da bəzən mənim kimi səhv etsəydi... Yanında olmaq daha asan olardı...”
Bürünc abidəni qucaqlamaq olmur. Canlı insanı isə olur. Və hətta qucaqlamaq istəyirsən.
Düzgün olmaq, zəifliklərini qəbul etmək, öz səhvinə gülmək və üzr istəmək bacarığı – bu, istənilən nəsihətdən daha çox yaxınlaşdırır.
“Mən də sənin yaşında nə istədiyimi bilmirdim” deyən ata daha yaxın olur.
“Bəzən darıxıram və bunu sənə necə demək lazım olduğunu bilmirəm” deyən ana artıq geniş söhbət üçün məkan yaradır.
Məhz belə davranış münasibətləri dərinləşdirir. Pafossuz, səhv etmək qorxusu olmadan, özünü olmaqdan çəkinmədən.
Olduğun kimi olmaqla.
Son söz yerinə: əxlaq dərsi deyil, ümidlə...
Uşaqlar böyüyür. Onların ipotekası, ailəsi, uşağı, iti, kaktusu və sizin heç də hər şeyi bilməyəcəyiniz həyatı olacaq. Və bu tam normaldır. Çünki yaxınlıq – hər şeyi bilmək deyil. Yaxınlıq – danışmaq ehtiyacıdır.
Bunun üçün isə ideal valideyn olmağa ehtiyac yoxdur. Sadəcə insan olmaq kifayətdir.
Dinləyən. Anlayan. Əgər alınsa – zarafat edin. Və mütləq – canlı olun.
Çünki uşağınıza verə biləcəyiniz ən dəyərli iki şey var – “kökünüz” və “qanadlar” (Höte).
Qalanı isə… vaxtı gələndə özü gələcək.
dr Fuad Rəsulov
pressklub