“Bir millət-iyirmi dövlət” olanlar susursa, biz niyə cəng edirik?

9-12-2017, 11:01           
“Bir millət-iyirmi dövlət” olanlar susursa, biz niyə cəng edirik?
Biz ölkə olaraq boy-buxunumuza, cüssə-cürəpəmizə görə dünyanın 200-dən artıq dövlətinin arasında neçənci yerdəyik, düzü, bilmirəm.

Bunu Vikipediyanın ələk-vələk eləyib, dəqiqliyinə qədər müəyyən etmək olar. Çətin deyil, amma vaxt aparan şeydir. Bundan ötrü, ölkənin ərazisinin kvadrat kilometrini, əhalisinin sayını, ümumi daxili məhsulunun həcmini başqa dövlətlərin eyni göstəriciləri ilə müqayisə edərək yerimizi tapa bilərik.

Bəlkə də mistik bir şəkildə ortaya çıxar ki, biz də eynən futbol üzrə millimizin FİFA-nın reytinqində çox zaman 114-cü yerdə olduğu kimi, özümüz də dünya dövlətlərini sırasında elə o yerlərdəyik.

Dediyim odur ki, region ölkələrinin lideri olduğumuza, iqtisadi inkişaf templərinə görə öncüllüyümüzə baxmayın, güclü ölkələrin ilk “yüzlüy”ündə deyilik. Hətta ilk “yüzlük”də varıqsa, əmin olun ki, həmin “yüzlüy”ün axırıncı “onluğ”undayıq.

Bunu nəyə görə yazıram? Ona görə yazıram ki, hərdən özümüzü ABŞ, Rusiya, Yaponiya, Kanada, İtaliya, Fransa, Almaniya, Britaniya kimi aparmaq istəyirik. Hələ ikisinin bir yerdə əhalisinin sayı 3 milyard civarında olan Çini və Hindistan var, arada onlardan da ötəymişik kimi davranırıq. İspaniya, Braziliya, Meksika, Argentina tamam qıraqda qalır, amma biz çırmanıb ortaya giririk.

Məsələn, İspaniya-Kataloniya məsələsində biz tərəf tutduq, ortaya mövqe qoyduq. Halbuki bizdən, Finlandiyadan, Myanmadan, Burkino-Fasodan, Surinamdan mövqe tələb edən yox idi. Biz ona görə belə hərəkət etdik ki, ortada Qarabağ məsələsi var və Kataloniya separatizmi uğur qazansa, bu, presedent ola bilərdi.

Susa da bilərdik - Çili, Litva, Konqo, Banqladeş, Filippin kimi. Təbii ki, bu məsələ bizim bəyanatımızla həll olunmayacaqdı, ortada dünyanın, qoca qitənin taleyini həll edən yekə-yekə dövlətlər vardı. Biz belə etdik ki, hamı separatizmə qarşı olduğumuzu anlasın. Anlayan anladı, anlamayan da cəhənnəmə anlasın.

İndi isə İsrail və Fələstinin ortaq şəhəri Qüds-Yerusəlimin, yaxud Yerusəlim-Qüdsün yəhudi dövlətinin paytaxtı kimi tanınması məsələsi var və biz yenə ortaya mövqe qoymuşuq. Belə çıxır ki, separatizmi dəstəkləyirik. Çünki 69 ildir ki, Fələstin İsraildən ayrılmaq istəyir və demək olar ki, ayrılıb, amma tanınmayıb, biz isə Fələstinin tərəfində dururuq.

Düzdür, ortada tarixi haqq, islam həmrəyliyi deyilən bir şey də var, amma o vaxt FAT-ın qurucusu və əbədi rəhbəri Yasir Ərəfat erməniləri qardaş adlandıranda, “DQR” separatizminə haqq qazandıranda o həmrəylik niyə yada düşmürdü?

Ondan da keçən yerdə, İsrail 37 ildir Qüdsü paytaxt edib. İndiyə qədər Qüds İsrailin paytaxtı kimi tanınmırdı, heç kəsin də səsi çıxmırdı, indi Tramp bir söz deyib, müsəlman dünyası ayağa qalxıb.

“Ayağa qalxıb” deyəndə, o qədər də deyil, fələstinlilərlə “bir millət-iyirmi dövlət” olan ərəb dövlətlərinin çoxu elə oturulu yerdən “bu düzgün deyil” deyirlər, indiyəcən “Fələstin, Qüds” deyə-deyə Yaxın Şərqi keçəl eləyən İran dinmir, ortaya Türkiyə və biz çıxmışıq.

Məsələ budur: Qüds yəhudilərin, xristianların və müsəlmanların ortaq şəhəridir, qədim məskəndir, müxtəlif dini konfessiyalar üçün müqəddəs yerdir. Orda hamının haqqı var. Lefkoşa-Nikosiya ortadan bölünməklə yunan Kiprin və türk Kıprısının paytaxtı olduğu kimi, Qüds-Yerusəlim də elə ola bilər.

Belə bir təklif ortaya atılsa, mütləq tərəflər deyəcəklər, yox, müqayisə qüsurludur, bu fərqli münaqişədir, tarix var, ənənələr var, ortada çox qan axıb, təfərrüatlar fərqlidir, filan-bəhman.

Elədirmi? Onda o Qüds, o Yerusəlim, o da siz, gedin, öz probleminizi o tərəfdə həll edin. Bizim öz dərdimiz özümüzə bəsdir.

Budur, gündə bir xəbər gəlir ki, ermənilər Şuşada filan şeyi etdilər, eləcə nervilənə-nervilənə oturub baxırıq.

Birdən sabah ermənilər Şuşanı “DQR”-in də yox, birbaşa Ermənistanın paytaxtı elan etsələr, nə olacaq? O biri müsəlman ölkələri ermənilərlə cəng-cidaya çıxacaqlarmı? Dünya ayağa qalxacaqmı?

Əmin olun ki, bizdən başqa heç kəsin səsi çıxmayacaq. Eləcə, kənardan baxıb deyəcəklər ki, münaqişə danışıqlar yoluyla tənzimlənməlidir, vəssalam.

Bir sözlə, gəlin, öz ölümüzü ağlayaq, öz xəstəmizi sağaldaq. Yerusəlim uzaqdır, Zarıslı yaxın...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.