O, artıq yoxdur, gözümüz aydın

17-12-2017, 17:01           

Biz bir mümkünsüzü bacardıq

Bəlkə bir zamanlar o yaşayıb. Neçəsə nəsil bizdən əvvəl, bəlkə də daha əvvəl…

Bəlkə də heç bir zaman yaşamayıb. Ayağı buralara dəyməyib, ya da heç mövcud olmayıb…

Daha inandırıcı ehtimal odur ki, o, nə zamansa yaşayıb. Onun haqqında düşünürüksə, hələ də təhtəlşüurumuzdan silinməyibsə, deməli hansısa zaman kəsiyində mövcud olub.

Əgər o, ümumiyyətlə yaşamasaydı, bu gün sərhədlərimizdən bir qədər uzaqlara boylananda da onu görə bilməzdik. Çünki oralarda var, yaşayır. Belədirsə, buralarda da olub, sonra ölüb, bəlkə də öldürülüb…

xxx

Bu günlərdə Azərbaycanda elə bir hadisə baş verib ki, o hadisə uzaq Sinqapurda yaşanmış olsaydı belə, tüklərimiz ürpərərdi. Ata və oğul (iki kişi (?)), ana və dörd qızı (arvadını, qızlarını və anasını, bacılarını (!)) qətlə yetirib. Çox soyuqqanlılıqla, sistemli şəkildə: müqavimət göstərə bilməsinlər deyə, qurbanları ayrı-ayrı otaqlara salıb başlarını kəsiblər.

Ata-oğul cinayətinin ağılasığmaz səbəbi: Ailədəki qadınları ona görə öldürüblər ki...
(Təxmini təsvir: Oğul anasının saçından sürüyür, ağlada-ağlada yan otağa salır, yerə yıxır və yalvarışlarına məhəl qoymadan, gözlərinin içinə baxa-baxa başını kəsir…)

Bu cür "səbrlə" törədilən əməl, eyni qaydada davam edib: Ata-oğul evin zirzəmisində çuxur qazıb cəsədləri basdırıb. Ardınca qadının qızıl dişlərini söküb, qızların boyunbağısını qoparıblar. Və Bakıya köçüb, heç nə olmamış kimi normal həyatlarına davam ediblər.

(Təxmini təsvir: Ata qızlarını doğradıqdan sonra cəsəd qalıqlarını palaza bükür, zirzəmiyə düşərək xəndək qazır, təkrar yuxarı qalxaraq oğlunun köməyi ilə cəsədləri xəndəyə daşıyır, işini bitirib üst-başını çırpır və Bakıda hansı işlə məşğul olacaqlarına dair oğlu ilə məsləhətləşməyə başlayır…)

xxx

Görəsən, həqiqətən o yaşayıb? Məsələn, biz və ya bizdən öncəkilərdən kimsə onu görübmü, tanıyıbmı, salam verib-salam alıbmı?

Əgər onu görən olubsa, deməli buralarda bir yerdə yaşayıb. İndi heç yerdə yoxdursa, deməli artıq ölüb, ya da öldürülüb.

Bəs, onu görən, tanıyan kimsə, onun ölümünü də seyr edibmi? Ya da qətlində şəxsən iştirak edibmi? Bəlkə elə özü öldürüb…?

xxx

Tam 3 il 8 ay "normal" həyatlarına davam ediblər. Yenə də "yaşayacaqdılar", işin üstü açılmasaydı.

Etirafları əməllərindən daha vahiməli olub. "Kişi" ifadəsində bəyan edib ki, ailəsindəki bütün qadınları (onun əyyaşlığından, vəhşiliyindən, şiddətindən bezib uzaqlaşan, orda-burda işləyib öz başlarının çarəsinə baxan zavallıları) bircə səbəb üzündən öldürüb: Bütün heyvanlığına rəğmən ona hörmət etmədikləri üçün…

(Şərhsiz: İçki düşkünü ol, evə bir qəpik gətirmə, bu da cəhənnəm, hər gün xanımını və xanım qızlarını döy-söy, onları ev-eşiklərindən didərgin sal, sonra da mənə niyə hörmət etmirsiniz deyə kəs-doğra…)

"Oğul-qardaş"ın hadisəyə reaksiyası da atasınınkından geri qalmır. O, efirdə qurbanların Türkiyəyə köçdüklərinə dair iddia səslənər-səslənməz, verilişin aparıcısına zəng edib və telefonda qışqıraraq "Mənim anam, bacılarım heç vaxt Türkiyəyə gedə bilməz. Mən o qeyrətin sahibi deyiləm" deyib.

(Şahid ifadəsi: Bu "qeyrət" sahibləri, qurbanların qızıl dişlərini, əşyalarını sataraq içkiyə xərcləyib, üstəlik sərxoş halda bir-biriləri ilə dalaşıblar…)

xxx

Ola bilər, nə vaxtsa o, mövcud olub. Bəlkə də son zamanlaradək yaşayıb. Amma artıq yoxdur, ölüb. Xeyr, öldürülüb — onu biz öldürdük.

Haqsızlıqlarımızla, ədalətsizliklərimizlə, qanunsuzluqlarımızla;

formalaşdırdığımız mühitlə, qurduğumuz cəmiyyətlə;

yuxarı-aşağı-yuxarı davranış tərzimizlə;

uyudan saxta dini nağıllarımızla, keyidən teleməkanımızla;

bayağılaşan milli-mənəvi dəyər tezislərimizlə;

artıq şəxsi maraqların xidmətçisinə çevrilmiş "qeyrət" təəssübkeşliyimizlə

və doğurduğumuz zülmətlə, aşıladığımız nifrətlə…

Onu öldürməyi bacardıq. İNSAN öldü – içimizdəki də, çölümüzdəki də!
sputnik.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.