Mehdiyevin baş bəlası: "Cavid Qurbanovun gölün düz kənarında villası var"
21-04-2015, 11:04
Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən Bakı şəhər İcra Hakimiyyəti Yasamal rayonu, 593-cü məhəllə, General Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz tikinti işləri "Lake Residence” Məhdud Məsuliyyətli Cəmiyyətinə sərt qadağa tətbiq edib. Aydın olub ki, bu şirkət tikinti işlərinin aparılması üçün müvafiq icazə sənədi alınmadan işə başlayıb. Belə ki, həmin ərazidə mövcud olan gölün bir hissəsinin tikinti qırıntıları ilə doldurulması həyata keçirilib.
Məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz tikinti işləri aparan "Lake Residence” MMC-yə təkcə xəbərdarlıq olunmayıb, həm də digər cəza vasitələri işə salınıb:
"Eyni zamanda, rəhbərlik etdiyi rayonun ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyini nəzərə alaraq, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə töhmət verilib”.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov tərəfindən ona töhmət verilməsinə münasibət bildirib. İcra başçısı deyib ki, töhmətdən xəbəri yoxdur:
«Bilmirəm, mənə töhmət verilməsindən xəbərim yoxdur. Veribsə, düz edib. Mən hazırda həmin gölə tökülən torpağın yığışdırılması işi görülən ərazidəyəm. Həmin şirkət rəhbərliyi də buradadır. Ancaq mənə töhmət verilməsindən xəbərim yoxdur. Verilibsə də, bunu normal qəbul etmək lazımdır. Hacıbala müəllim mənim müdirimdir, onun mənə töhmət verməyə ixtiyarı var. Yəqin təqsirim var ki, mənə töhmət verir. Başqa nə deyim, indi də göl ərazisində aparılan işin başındayam”.
İcra başçısı "Lake Residence” MMC-nin qanunsuz tikinti işləri apardığına və gölü tikinti materialları qırıntıları ilə doldurduğuna görə cəzalandırılması məsələsinə də toxunub: "Tikinti işlərini saxlatmışıq, qanun çərçivəsində də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər görüləcək. O şirkətə görə də mənə söz gəldi. Mənim o şirkət rəhbərliyi ilə heç bir tanışlığım yoxdur”.
Vertikal.az xəbər verir ki, bu və ya digər məqamlarla bağlı «Reytinq»i məlumatlandıran mənbə deyib ki, Hacıbala Abutalıbovun təcili müdaxiləsi ilə ərazidəki vəziyyət kökündən dəyişib: «Söhbət dolaşırdı ki, gölün qurudulan ərazisində 40 mərtəbəli bina tikiləcək. Ancaq prezidentin tapşırığından sonra Bakı Şəhər İcra Hakimiyyəti nəinki ortada tikintini dayandırdı, hətta bütün texnikanı da ərazidən çıxardılar. Tikiliyə gedən yol təmizləndi, üstəlik asfalt örtüyünə qədər yuyuldu. Yaxın günlərdə orada təməli qoyulan tiklilərin də dağıdılacağı və ətrafının abadlaşdırılacağına da söz verilib».
Sözügedən ərazidə tikinti aparan şirkətin kimə məxsus olmasına gəlincə, müsahibimiz bununla bağlı dəqiq məlumatı olmadığını deyir: «O şirkətin kimə məxsus olması haqqında iki-üç nəfərin adı çəkilir. Aydındır ki Bakının iqlim şəraitini dəyişdirən gölün qurudularaq, yerində tikinti aparmaq gücü təsadüfi adam da ola bilməz. Ancaq o şirkətin kimə məxsus olduğunu konkret bilmədiyimdən adını çəkmək istəmirəm. Lakin faktdır ki, həmin şirkətə görə Yasamalın icra başçısı İbrahim Mehdiyevin vəzifədən getməsi də ciddiləşib. Çünki bu olay İbrahim Mehdiyevlə bağlı ilk deyil. Hacıbala Abutalıbov dəfələrlə bu icra başçısının qanunsuzluqlarına müdaxilə edərək, tədbirlər həyata keçirib. Ancaq o, bundan ibrət almayıb. Ona görə də gedişi labüdləşib. Hətta yaxın günlərdə icra başçısının fəaliyyətinin yoxlanılacağı haqda da ciddi informasiyalar var».
Mənbə deyir ki, o gölün ətrafında tanınmış məmurların villası da var: «Məsələn, «Dövət Dəmir Yolu» QSC-nin sədri, deputat Cavid Qurbanovun gölün düz kənarında villası var. Böyük rayonlardan birinin polis rəisinin restoran və idman zalı da bu gölün bir addımlığındadır. Hətta elə tikili var ki, sahibləri kanalzasiya sularını birbaşa gölə axıtmaqla, ekoloji fəlakət yaratmasını da vecinə almırlar...».