Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddur

Dünən, 12:00           
Azərbaycan və Vyetnam arasında ənənəvi olaraq təhsil sahəsində sıx əlaqələr mövcuddur
Azərbaycan və Vyetnam arasında münasibətlər yarım əsrlik dostluq və qarşılıqlı hörmətə əsaslanıb, hər iki ölkə özünün milli maraqlarını müdafiə etmək və sənaye, ticarət və digər sahələrdə əməkdaşlığın genişlənməsinə çalışıb. Son dövrlərdə, bu əlaqələrdə yeni bir mərhələ başlayıb.
Azərbaycan-Vyetnam tərəfdaşlığının əsasında dövlət başçılarının qarşılıqlı səfərləri, rəsmi şəxslərin və biznes nümayəndələrinin görüşləri dayanır.
Münasibətlərin kökündə 1983-cü ildə o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Vyetnamda səfəri durur. Bu səfər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
2014-cü ildə Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olub, 2015-ci ildə isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Bu səfərlər iki dövlət arasında münasibətlərdə yeni səhifə açıb və onların gələcək inkişafına təkan verib. 2015-ci ildə Prezident Çıonq Tan Şanqın ölkəmizə səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirilib.
May ayının 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Respublikasına dövlət səfərinə gələcəkdir. Səfər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib. Ölkə başçısı öz müsahibəsində Azərbaycan və Vyetnam arasında əməkdaşlıq və ikitərəfli münasibətlərin vəziyyətinə mühüm yer ayırıb.
Müsahibəsində Vyetnam ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bundan sonrakı inkişafı üçün perspektivlər və potensial mövcudluğuna toxunun Prezident İlham Əliyev qeyd edib ki, “Hesab edirəm ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur”.
Qeyd edilib ki, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.
Həmçinin ənənəvi olaraq iki ölkə arasında təhsil sahəsində sıx əlaqələr mövcuddur. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Prezident İlham Əliyevin 2014-cü ildə Hanoya səfəri zamanı ölkə başçısının Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş olub, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə ediblər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edilib.
Ölkə başçısı müsahibəsində qeyd edib ki, “ Həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlmələrinə şad olacağıq. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər”.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.