“Böyük Britaniyanın hərb tarixində ən miskin kapitulyasiya”

Dünən, 16:04           
“Böyük Britaniyanın hərb tarixində ən miskin kapitulyasiya”
Osmanlı sərkərdəsi Halil paşa Birinci Kut savaşı zamanı əsir aldığı Çarlz Taunsend və digər britaniyalı generallarla şəkil çəkdirir.
29 aprel, 1916-cı il, Birinci Kut savaşının başa çatdığı gündür. Osmanlılar Birinci dünya müharibəsində ən parlaq qələbələrindən birini qazanırlar, britaniyalılar isə ən ağır məğlubiyyətlərini yaşayırlar.
1914-cü ildə Birinci dünya müharibəsi başlayanda britaniyalılar İrandakı neft mədənlərini qorumaq üçün Abadan şəhəri (burada həm də neft emalı zavodu vardı) ətrafına qoşun çıxardılar. Get-gedə regiondakı qüvvələrini artırdılar və ilin sonunda Osmanlı dövlətinin də bəzi ərazilərini tutdular.
1915-ci ilin payızında isə Çarlz Taunsendin rəhbərlik etdiyi Britaniya qüvvələri Bağdad üzərinə irəliləməyə başladılar. Osmanlı komandanlığı regionda müdafiəni təşkil etmək üçün təcili 6-cı ordu yaratdılar və alman feldmarşal Kolmar fon der Qolts onun komandanı təyin edildi. İraq cəbhəsinin komandanı isə Nurettin paşa idi.
Noyabrda Ktesifon şəhəri yaxınlığında baş verən döyüşdə hər iki tərəf ağır itkilər verdi. Britaniyalılar Bağdada doğru hərəkəti dayandırıb kiçik Kut şəhərinə çəkildilər. Osmanlılar dekabrın 7-də şəhəri yaxınlaşaraq buradakı 45 minlik düşmən qüvvələrini mühasirəyə aldılar.
Bu zaman Nurettin paşa ilə fon der Qolts arasında fikir ayrılığı yaranır. Paşa hücuma keçib Kutu almağın tərəfdarı idi. Feldmarşal isə hücum zamanı ağır itkilər verməkdənsə, mühasirədəki düşmənin tükənib təslim olmasını gözləməyi təklif edirdi. Nurettin paşa razılaşmayıb hücum üçün cəhd etdi, amma itkilər doğrudan da ağır oldu. 1916-cı ilin yanvarında hərbi nazir Enver paşa özündən bir yaş kiçik əmisi Halil paşanı Nurettinin yerinə təyin etdi.
Britaniya komandanlığı mühasirəni yarmaq üçün Kut üzərinə əlavə qüvvələr göndərdi. Amma türklər yanvarda, martda və apreldə edilən bütün cəhdlərin qarşısını aldılar və mühasirənin yarılmasına imkan vermədilər.
Hərbi yolla istədiklərinə nail ola bilməyən ingilislər öz əsgərlərini satın almağa çalışdılar. Məşhur kəşfiyyatçı Tomas Lourensin də iştirak etdiyi danışıqlarda türklərə 2 milyon funt-sterlinq təklif edildi və vəd olundu ki, mühasirədəkilər azad olunsalar, daha savaşda iştirak etməyəcəklər. Amma Enver paşa nəinki təklifi rədd etdi, üstəlik, onu ictimailəşdirib ingilisləri aşağıladı.
Ərzağın tükənməsi, xəstəliklər və Osmanlı artilleriyası mühasirədəki britaniyalıların xeyli itki verməsinə səbəb oldu. Aprelin 29-da təslim olub əsir düşənlərin sayı 13 min nəfər idi. Bundan 10 gün əvvəl feldmarşal Qolts da yatalaqdan ölmüşdü.
Britaniya tarixçisi Yan Morrisin fikrincə Kut savaşının sonu “Böyük Britaniyanın hərb tarixində ən miskin kapitulyasiya” idi.
Yadigar Sadigli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.