Cavid Qurbanov kəlbəcərlilərin qəzəbinə səbəb oldu - ŞOK FAKTLAR
19-10-2015, 16:35
123 saylı dairədən YAP-ın namizədi olan Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov kəlbəcərlilərin qəzəbinə səbəb olub.
teref.az AZXEBER.COM-a istinadən xəbər verir ki, artıq seçki təşviqatına start verən Cavid Qurbanov hər seçkidə olduğu kimi bu il də pulu işə salmağa başlayıb. Belə ki, başı Ziya Məmmədovla savaşa qarışan və seçkini tamamilə unudan C.Qurbanov seçki təşviqatını həyata keçirməsi üçün özünə həm mətbuatda, həm də kəlbəcərlilərin içindən muzdlu adamlar tutub.
Namizəd olduğu dairədə məskunlaşan kəlbəcərlilərin səsini qazanmaq üçün yataqxanalarda və Bakının müxtəlif yerlərində məskunlaşmış insanlara maddi dəstək göstərən C.Qurbanov ənənəvi seçki taktikasını bu il də davam etdirmək istəyir. Ancaq kəlbəcərlilərin Cavid Qurbanova olan nifrəti günü-gündən böyüməkdədir. Buna səbəb Dağlıq Qarabağda erməni qüvvələri tərəfindən saxlanılmış Azərbaycan vətəndaşları, əslən Kəlbəcərdən olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin müdafiəsində Cavid Qurbanovun kölgədə qalmasıdır.
Dilqəmlə Şahbazın çətin vəziyyətdə qalan ailələrinə heç bir dəstək göstərməyən amma özünü kəlbəcərlilərin dayağı kimi göstərməyə çalışan Cavid Qurbanov bu dəfə böyük təzyiqlə üzləşib. Bu məsələylə bağlı ağzını belə açmayan C.Qurbanovun soyuq münasibəti rayon camaatı tərəfindən qəzəblə qarşılanıb.
Bundan başqa C.Qurbanov seçkilərdə ona rəqib olan bir neçə namizədi də pulla ələ almağa nail olub. Namizədlərin siyahısına baxdıqda 123 saylı dairədən artıq namizədliyini geri götürənlərin də olduğu məlumdur. Belə ki, Cavid Qurbanov ən güclü rəqiblərindən olan Vüsalə Əsədovaya pul və vəzifə vədi verərək onu seçki marafonundan kənarlaşdırıb. Qeyd edək ki, Vüsalə Əsədova xəbər saytlarında, o cümlədən AZXEBER.COM xəbər portalında baş tutan virtual səsvermədə birinci yerdə idi. Bundan qorxuya düşən Qurbanov belə bir addım atıb.
Görünən odur ki, “ Azərbaycan Dəmir Yolları”nın şefi bu dəfə də seçkini gözdən salmaq üçün əlindən gələni etməyə davam edəcək.