Qəribov niyə deputat seçilə bilmədi?
24-11-2015, 23:18
Kürdəmir bələdiyyəsinin sədri ilə bağlı bir-birindən ilginc faktlar ortalığa çıxıb
Rayonun sabiq millət vəkili Fərhad Qəribovun bazarındakı məlum hadisələri kim təşkil edib? Ölkədə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsinə və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət göstərilməkdədir. Bələdiyyələrə dövlət tərəfindən qayğı ildən-ilə artırılsa da, bu sahədə də bəzi problemlər mövcuddur. Qeyd edək ki, bələdiyyələrdə daha çox qeydə alınan nöqsanlar iclas protokollarının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması, ayrılması nəzərdə tutulan maliyyə vəsaitinin miqdarının qərarda göstərilməməsi, dövlət tərəfindən ayrılan dotasiyaların xərclənməsi ilə bağlı ayrıca qərarın qəbul edilməməsi, torpaq sahəsinin ayrılması ilə əlaqədar qanunda müəyyən edilmiş müvafiq rəylərin aktlarda göstərilməməsi, bələdiyyələrin müvafiq komissiyalarının təkliflərinin bələdiyyə iclaslarında müzakirə olunmaması, torpaq sahəsinin dəyəri ödənilmədən satılması barədə qərarın verilməsidir. Fəaliyyətində müxtəlif neqativ halların müşahidə edildiyi özünüidarə orqanlarından biri də Kürdəmir şəhər bələdiyyəsidir. Bələdiyyə sədri Nizami Qəribovun fəaliyyətindəki xoşagəlməz məqamlarla bağlı maraqlı məlumatlar daxil olub. Adının gizli qalmasını xahiş edən mənbənin sözlərinə görə, neçə illərdir bələdiyyə sədri işləyən Nizami Qəribov ötən müddət ərzində rayonun mərkəzi ərazilərinin abadlaşması, vətəndaşları narahat edən problemlərin aradan qaldırılması üçün heç bir iş görməyib: "Kürdəmir bələdiyyəsində mövcud olan nöqsanların yaranmasının əsas səbəbi bələdiyyə üzvlərinin öz məsuliyyətlərini dərindən dərk etməyərək bələdiyyənin işində fəallıq göstərməmələri, bələdiyyənin işinin qanunvericiliyə uyğun olaraq təşkil olunmasında öz təklif və mülahizələrini verməmələridir. Bələdiyyə tərəfindən ayrı-ayrı şəxslərə ev tikintisinə qanunsuz icazə verilməsi, torpaq verilməsi ilə bağlı qanunsuz qərarların qəbul olunmasına tez-tez rast gəlinir. Vətəndaşlar evlərinin və digər mülklərinin, həyətyanı sahələrinin sənədləşməsi, eləcə də ata-babalarından onlara qalmış evlərin, həmçinin bu vaxtadək heç bir sənədi olmayan, yəni mülkiyyət hüququ rəsmiləşdirilməyən torpaq və yaşayış sahələrinin hüquqi sənədlərinin qaydasına salınması zamanı ciddi əngəllərlə üzləşirlər. Bir neçə il öncə bələdiyyələrin sərəncamında olan torpaqların hərracla satılmasına qərar verilib. Bu, bələdiyyə sahəsindəki özbaşınalıqları azaltmağa xidmət etsə də, Kürdəmir Bələdiyyəsində hələ də bir sıra yollara baş vuraraq torpaq satışı həyata keçirilir. Bələdiyyənin yetkili şəxslərinə müraciət edən sadə vətəndaşlar torpaq almaq istədiklərini bildirdikdə onlara hərrac vaxtını gözləmələri məsləhət bilinir. Amma Nizami müəllimə "xod" tapa bilənlər hərracı gözləmədən torpaq sahibi ola bilərlər. Bələdiyyə yollarının saxlanması, dövlətin sosial proqramları ilə əhatə olunmayan aztəminatlı vətəndaşlara sosial yardımların göstərilməsi, qəbiristanlıqların saxlanması və yas mərasimlərinin təşkili ilə bağlı da çoxsaylı problemlər mövcuddur. Şəhər bələdiyyəsi bu məsələlərlə əlaqədar üzərinə düşən öhdəlikləri istənilən səviyyədə yerinə yetirə bilmir. Fiziki şəxslərdən yığılan torpaq, əmlak vergisi, torpaq satışından və icarədən əldə olunan vəsait hesabına bələdiyyənin büdcəsinə hər il külli miqdarda pul yığılır. Digər tərəfdən, Kürdəmir şəhər bələdiyyəsinə dövlət büdcəsindən də transfert olur. Lakin həmin vəsaitlərin hansı işlərə sərf olunması barədə yerli sakinlərə hesabat verilmir. Rayonun mərkəzindəki yolların bir hissəsi yaman gündədir. Sakinlər yolun təmir olunması barədə bir neçə dəfə şəxsən Nizami Qəribovun özünə müraciət ediblər. O isə bələdiyyənin büdcəsində vəsaitin olmadığını deyərək sakinləri əliboş yola salıb. Əslində, Kürdəmir bələdiyyəsinin büdcəsinə yığılan vəsaitlə rayonun mərkəzi yollarını ən yüksək səviyyədə təmir etmək olar". Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, bələdiyyə sədri builki parlament seçkilərində YAP-ın namizədi kimi iştirak edib: "Amma yerli camaat ona etimad göstərmədi, seçkilərdə dəstəkləmədi. Çünki kürdəmirlilər çəkdiklərini çəkiblər. Rayonda Nizami Qəribovun adı hallananda ağıla ilk öncə biznes əlaqələri gəlir. Bu adamın rayon ərazisində saysız-hesabsız obyektləri var. İcra başçısı Ceyhun Cəfərovla münasibətləri yaxşı olduğu üçün hər bildiyini edir". Araşdırmalar nəticəsində həmçinin bələdiyyə sədrinin rayonun keçmiş deputatı Fərhad Qəribovla qohum olması faktı da üzə çıxdı: "Onların babaları yaxın qohum olublar. Lakin keçmiş deputatla bələdiyyə sədrinin münasibətləri o qədər də yaxşı deyil. Deyilənə görə, bir müddət əvvəl sabiq deputata məxsus bazarda baş vermiş hadisələri də bələdiyyə sədri təşkil edibmiş". Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.
Conflict.az