Müfəttişlik “Azimport”un əməllərini örtür? - İTTİHAM
26-11-2015, 12:04
24 iyunda qafqaznews.org saytı iş adamı Elşən Əliyevin müraciətini dərc eləmişdi. İş adamı bizə bildirirdi ki, “Azimport”la əldə olunmuş razılığa əsasən Dövlət Bayrağı Meydanı ətrafındakı binaların rənglənməsi ona tapşırılıb: “ Razılaşma şifahi olub. Rənglənmə işləri 3 ay müddətində başa çatmalı idi. Mən 540 nəfər fəhləni işə cəlb elədim. Biz işi vaxtında başa çatdırdıq”.
İşçilərlə əmək müqaviləsi bağlanmadığını bildirən iş adamı müxbirimizin “Onda əmək haqqı necə hesablanırdı?” sualına belə cavab verdi: “ “Azimport” söz verdi ki, işçilərə yüksək əmək haqqı veriləcək. Ancaq yarım ayda bir dəfə işçilərə 20 manat pul verirdilər. Biz işi vaxtında yerinə yetirsək də “Azimport” bizi aldatdı və dediyi əmək haqqını vermədi. Bu gün şirkətin bizə 360 min manat borcu var”.
Müxbirimizin “ Şirkət əmək haqqını verməməyi necə əsaslandırır..?” sualına iş adamının cavabı belə oldu: “Azimport” şirkətinin nümayəndəsi SOCAR-ı ittiham edir ki, dediyi məbləği verməyib”.
Məlumdur ki, Azərbvaycanda işçilərin hüquqlarının qorunması ilə Dövlət Əmək Müfəttişliyi məşğul olur. Biz qurumun rəis müavini Məhərrəm Maxarovdan məsələ ilə bağlı mövqeyini bildirməyi xahiş etdik. Maxarov bizə bildirdi ki, bu şirkətlə bağlı mənə heç nə məlum deyil: “ Mövcud qanunvericiliyə görə, işçilərlə əmək müqaviləsi bağlamayan sahibkar cinayət məsuliyyətinə cəlb olunur. Hazırda 540 nəfər işçidən söhbət gedir. Mən tapşırıq verəcəm məsələni araşdırsınlar. Əgər informasiya təsdiq olunsa, günahkarlar məsuliyyətə cəlb olunacaq”.
Biz Maxarovun vədindən sonra düşündük ki, problem həll olunub. Ancaq biz səhv etmişik…
Tia.az saytı 24 noyabrda yazır ki, Azimport-un aldatdığı 500 fəhlə dövlət başçısına müraciət edib. Fəhlələrin sözlərinə görə, onlar 8 aydır əmək haqqı almırlar. (tia.az).
Şirkətin adını deməyən əməkdaşı bizə bildirdi ki, bizim guya işçilərlə əmək müqaviləsi bağlamamağımız haqda məlumat düz deyil.
Ancaq Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Maxarov qafqaznews.org-a bildirdi ki, biz sizin o zamankı informasiyanı yoxladıq və informasiya öz tədiqini tapdı, ona görə də şirkəti cərimələdik.
Müxbirimizin “Axı, fəhlələr indiyədək əmək haqqı ala bilmir” fikrinə Maxarovun münasibəti belə oldu: “ Biz şirkəti əmək haqqı verməyə məcbur edə bilmərik. Onlar məhkəməyə müraciət etsinlər.
Mövzu ilə bağlı əmək hüququ üzrə mütəxəssis, vəkil Azər Quliyevin fikirlərini öyrəndik: “ Əmək müfəttişliyi məhkəməyədək şikayətə baxan orqandır. Mövcud qanunvericiliyə görə müfəttişlik şirkətdən işçilərin əmək haqlarını verməyi tələb edə bilər. Əks təqdirdə müfəttişlik şirkətdən məhkəməyə şikayət edə bilər. Eyni zamanda müqaviləsiz çalışan işçilərin sayı 10 nəfərdən çoxdursa, müfəttişlik prokurorluq orqanlarına şikayət edib cinayət işi qaldırmağı tələb edə bilər”.
Müxbirimizin “ Bəs onda Əmək Müfəttişliyi “Azimoprt”a qarşı niyə tədbir görmür?” sualına vəkilin cavabı belə oldu: “ Bu ilk dəfə deyil ki, əmək müfəttişliyi öz vəzifəsini yerinə yetirmir. Dəfələrlə müfəttişlik tədbir görmək əvəzinə fəhlələrə təklif edir ki, məhkəməyə müraciət edin”.