Naşı həkimin süni mayalanma cəhdi ana olmaq istəyən qadına problem yaratdı - ŞİKAYƏT VAR
27-11-2015, 11:26
Quba sakini Aytər Cavadova İsmayıl qızı şikayət məktubu ilə müraciət edib. DİA.AZ xəbər verir ki, vətəndaş "Azertürkmed" Klinikasının ginekoloqu Mehriban Musayevadan narazılıq edib. Şikayətçi saglamxeber.az-a ünvanladığı məktubda ginekoloqun əməllərindən yazıb.
1977-ci il təvəllüdlü Cavadova Aytər 2009-cu ildə evlilik həyatına qədəm qoyub. İndiyədək evli cütlük övlad sahibi ola bilməyib. Müxtəlif həkimlərdə çoxsaylı müalicələr də heç bir səmərə verməyib. Nəhayət, evli cütlük övlad sahibi olmaq üçün Azertüktmed klinikasının baş həkimi Ersadıq Turana müraciət edib. Ersadıq Turan süni mayalanma əməliyyatını icra etmək üçün onları klinikanın həkimi, ginekoloq Mehriban Musayeva ilə tanış edib.
Mehriban Musayeva Aytər Cavadovanın övlad sahibi olması üçün müalicə tədbirlərinə başlayıb. A.Cavadovanın uşaqlığına embrion yerləşdirilib. Musayevlər ailəsi süni mayalanma proseduru üçün klinikaya əvvəlcə 5.500 manat ödəyiblər. Süni mayalanma prosedurundan sonra müalicə uğurlu olmayıb. Daha sonra ginekoloq xəstəyə və həyat yoldaşına bildirib ki, gələcək körpənin qalması üçün süni mayalanmadan sonra uşaqlıq yolunda yenidən əməliyyat etmək lazımdır.
Əlavə 1000 manat ödənilib və həmin əməliyyat icra edilib. Xəstə və ailəsi tibbi cəhətdən savadlı olmadıqlarına görə detallar barədə məlumat ala bilməyiblər. Lakin bu əməliyyatdan da sonra heç bir nəticə olmayıb. Onlara başa salınıb ki, müalicə effekt vermədi.
Xəstə və ailəsi ümidsiz halda ginekoloq Mehriban Musayeva ilə sağollaşıb evlərinə qayıdıblar. Lakin övlad sahibi olmaq üçün bir müddətdən sonra yenidən cəhd etməyə çalışıblar və başqa həkim axtarıblar. Başqa bir klinikada müayinə edildikcə məlum olub ki, xəstənin boruları hər iki tərəfdən əməliyyat zamanı bağlanıb.
Xəstənin ailəsi hesab edir ki, Azertürkmed klinikasında ginekoloq Mehriban Musayeva boruları bağlamazdan əvvəl onlara izahat verməyib və icazəsini almayıb. Xəstə bu məlumatı öyrəndikdən sonra yenidən Azertürkmed klinikasına üz tutub. Həkim Mehriban Musayeva onlara bildirib ki, boruların açılması üçün əməliyyat lazımdır və bunun üçün də ayrıca 1.500 manat pul ödəmək lazımdır.
Xəstənin ginekoloq Mehriban Musayevadan konkret şikayəti nədən ibarətdir?
Bu barədə yazılan müraciətdə hesab edilir ki, əvvəla klinikaya 6.500 manat pul ödənilsə də onlara yalnız 1.750 manatlıq qəbz verilib.
Bütün bunlarla əlaqədar xəstənin ailəsi Ombudsmana və Səhiyyə Nazirliyinə də 2015-ci ildə şikayət ərizəsiylə müraciət ediblər. Səhiyyə Nazirliyindən şikayətçilərə yalnız ödəniş barədə məlumat verilib.
Bildirilib ki, özəl müəssisələrdə xidmətlərlə bağlı ödənişlər xəstə ilə klinika arasında razılaşdırılır və Səhiyyə Nazirliyi buna heç bir müdaxilə edə bilməz. Lakin boruların bağlanmasının qanunsuzluğuna münasibət bildirilməyib.
İkinci şikayət isə bundan ibarətdir ki, həkim Mehriban Musayeva ananın uşaqlıq borularının hər ikisini əməliyyat edib bağlayarkən onlardan icazə almayıb. Hesab olunur ki, bu həkim tərəfindən dəhşətli bir səhv və qanunsuz bir əməldir. Eyni zamanda ödəniş qəbzi ilə bağlı da klinika tərəfindən saxtakarlıq olunub. Həkim Musayeva müxbirin suallarını cavablandırmaqdan imtina edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.