Abbas Abbasovun “çobanı”nın YAP üzvü olması saxta çıxdı - Reaksiya

28-04-2015, 11:14           
Abbas Abbasovun “çobanı”nın YAP üzvü olması saxta çıxdı - Reaksiya
“Yeni Müsavat”ın 25 aprel, 2015-ci il tarixli sayında “Abbas Abbasovun Daşkəsəndə sürüləri tapıldı” başlıqlı manşet yazısı dərc olunmuşdu.

Yazıda bildirilirdi ki, baş nazirin sabiq 1-ci müavininin minlərlə baş qoyun sürüsü var və həmin sürülər Daşkəsən rayonu ərazisindəki yaylaqlarda saxlanır. Özəl mənbələrdən redaksiyamıza daxil olmuş bu xəbəri dəqiqləşdirmək üçün Daşkəsən RİHBA-da Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinə sorğu ilə müraciət etmişdik.

Şöbənin müdir müavini Şahbaz Mehdiyev sorğumuza geniş şəkildə cavab yollayıb. Məktubun girişində bildirilir:

Daşkəsən rayonu ərazisində oliqarxlara məxsus heyvan sürülərinin saxlanması barədə sorğunuzla bağlı bildiririk ki, özünü fermer təsərrüfatı rəhbəri kimi qələmə verən Gəncə şəhər sakini Akif Rzayev baş nazirin sabiq birinci müavini Abbas Abbasovun çobanıdır. Respublikamıza qarşı məkrli niyyəti ilə ətrafındakı adamları özünün ideya aləti kimi istifadə edən Abbas Abbasov Daşkəsən rayonunda Akif Rzayevdən istifadə edir. Vətəndaş Akif Rzayev Gəncə şəhərində qeydiyyatdadır və orada yaşayır”.

Redaksiyamıza göndərilən sorğunun cavabında qeyd edilir ki, A.Rzayevin istifadəsində Daşkəsən rayonuna məxsus yay otlağından 375 ha torpaq sahəsi olmasına baxmayaraq, o, təsərrüfatının icarəsinə əlavə 300 hektar yay otlaq sahəsinin qanunsuz olaraq verilməsini tələb etməklə, şikayətlər edir:

“Əslində Abbas Abbasova məxsus fermer təsərrüfatının rəhbəri Akif Rzayevin şikayətində göstərilənlər dəfələrlə rayonun aidiyyəti qurumlarının və keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mütəxəssislərinin iştirakı ilə araşdırılmışdır. Akif Rzayev bildirir ki, bu sürülər Abbas Abbasovundur və ona heç kəs heç nə edə bilməz.

12 saylı Ərazi Vergilər Departamentinin Daşkəsən Rayon İcra Hakimiyyətinə ünvanlanmış 1412020182063000 saylı 01.12.2014-cü il tarixli və 151203002083100 nömrəli, 26.01.2015-ci il tarixli məktublarında qeyd edilmişdir ki, A.Rzayevin rəhbəri olduğu “Hacı-Tağı” kəndli fermer təsərrüfatının Dövlət Fondu yay otlağından istifadəyə görə 1058,89 manat icarə borcu vardır. Bağlanmış “Torpaq icarəsi müqaviləsi”nə əsasən göstərilən icarə haqqı üzrə vergi borcunun büdcəyə ödənilməsi tələbi ilə məhkəməyə iddia ərizələri ilə müraciət etmək üçün zəruri sənədlərin Ərazi Vergilər Departamentinə təqdim edilməsi tələb edilmişdir. A.Rzayevə xəbərdarlıq olunmuşdur ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 7-ci abzasına əsasən torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və icarə hüququna xitam verilir".

“Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən bütün bunların qarşısının alınması və yay otlaqlarının istifadəsində qayda-qanun yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin ”Yay və qış otlaq sahələrinin səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi" məqsədilə qəbul etdiyi yuxarıda adıçəkilən qərara uyğun tədbirlər həyata keçirərək yaylaq istifadəçilərinə əvvəllər verilmiş otlaq sahələrinin ölçülərinin faktiki yaylağa gətirilən davarların baş sayına uyğunlaşdırmaqla yay otlaq sahəsinə ehtiyacı olan digər hüquqi-fiziki şəxslərin də təlabatlarının təmin edilməsi istiqamətində işlər görür" - deyə, məktubda qeyd edilir.

Şahbaz Mehdiyevin sözlərinə görə, A.Rzayevin müraciətində rayon icra hakimiyyətinin və digər qurumların ünvanına işlətdiyi yalan və böhtan xarakterli, təhqiramiz, milli və mənəvi dəyərlərimizə uyğun olmayan, etikadan kənar ifadələr təəccüb, təəssüf və ikrah hissi doğurur:

“Çox təəccüblüdür ki, əvvəllər vətəndaş A.Rzayev dəfələrlə müxtəlif tədbirlərdəki çıxışlarında, yuxarı dövlət orqanlarına etdiyi müraciətlərində rayon rəhbərliyi barədə olduqca yüksək fikirlər ifadə edərək, yazaraq, rayon rəhbərliyini, onun özünün ifadəsi ilə desək, hətta ”peyğəmbər" adlandırmışdı".

Abbas Abbasovun “çobanı”nın YAP üzvü olması saxta çıxıb

Şahbaz Mehdiyev redaksiyamıza yolladığı məktubda maraqlı bir detal barədə də məlumat verir: “Akif Rzayev müxtəlif instansiyalara ünvanladığı ərizələrində özünün guya Daşkəsən rayonunda ictimaiyyətçi, rayonun ilk fermeri, YAP-ın fəal üzvlərindən olmasını qeyd etmiş, amma bir reallıqdır ki, o, Daşkəsən rayonunda YAP sıralarına qəbul olunmamış və qeydiyyatda durmur”.

Akif Rzayevin özü və oğulları hansı cinayətləri törədiblər?

Şahbaz Mehdiyevin daha sonra yazır: “A.Rzayev əvvəllər böhtan və qərəzli əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, dəfələrlə həbs olunmuş, el arasında mal-qara oğrusu adı ilə tanınmışdır. Onun cinayət əməlləri bitməyərək bu gün də davam edir. A.Rzayev azyaşlı qıza cinsi təcavüzə görə həbs edilib, həmçinin mal-qara, at oğurluğuna görə də məsuliyyətə cəlb olunub. O, 14 il türmədə yatıb. Deyilənə görə, həbsxanada olarkən dustaqları türmə nəzarətçilərinə satdığı üçün ağır formada cəzalandırılıb - onun kürəyinə satqınlığını bildirən damğa vurulub.

Özünü xalq arasında böyük hörmət sahibi, fəal ictimaiyyətçi kimi təqdim edən A.Rzayev vaxtilə müxtəlif vasitələrlə oğlunun törətdiyi cinayətləri ört-basdır edərək, oğlunun günahını başqa bir şəxsin üzərinə ataraq, atası sadə bir traktorçu olan Bayramov Elvin Nasim oğlunu həbs etdirmişdir. Onun oğlu Ceyhun Rzayev dəfələrlə cinayət əməllərinə görə həbsdə olmuş, hazırda onun qrup halında oğurluqda iştirakı ilə əlaqədar Cinayət Məcəlləsinin 172.2 maddəsi üzrə Gəncə Ağır Cinayətlər üzrə Məhkəməsində işə baxılır.

Onun digər oğlu Rzayev Seymur Akif oğlu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4, 221.1 maddələri ilə məhkəmə məsuliyyətinə cəlb olunmuşdur.
Vətəndaş A.Rzayevin əsassız, qanunazidd, böhtan xarakterli yazdığı ərizələr dəfələrlə araşdırılmış, müvafiq qanunvericilik aktlarının tələbləri ona ətraflı izah edilmiş, yuxarıda qeyd olunan əsassız yazışmalara son qoyulması tövsiyə edilmişdir.

Daşkəsən Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında keçirilən son müşavirələrdə torpaqlardan təyinatı üzrə daha səmərəli istifadə olunması barədə möhtərəm prezidentimizin tapşırığını əldə rəhbər tutaraq və bu sahə üzrə edilmiş iradları nəzərə alaraq, rayon ərazisində aidiyyəti üzrə müvafiq tədbirlər həyata keçirir və həmin tədbirlərin həyata keçirilməsini daim nəzarətdə saxlayır.

Bəzən qanunvericiliyə uyğun olaraq həyata keçirilən tədbirlər qanunsuz, müxtəlif yollarla uzun müddət torpaqlardan gəlir məqsədilə istifadə edən dələduz, fırıldaqçı Akif Rzayev kimi “işbazların” mənafelərinə toxunduğu üçün onlar mətbuat səhifələrinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin rəhbərliyi barədə şər, böhtan xarakterli, qərəzli müraciətlər edirlər ki, bunun da heç bir hüquqi əsası yoxdur".

Şahbaz Mehdiyev Akif Rzayevlə bağlı başqa məsələləri də yolladığı məktubda qeyd edib: “A.Rzayev qonşu rayonların fermerlərinin mal-qarasını, qoyun sürülərini öz adıyla rayon ərazisinə gətirir. Bunun üçün biz ondan arayış tələb edəndə bundan yayınır. O, qanunvericiliyə görə Daşkəsəndəki yaylaqlara gətirdiyi mal-qara haqda aşağıdakı sənədləri təqdim etməlidir:

Baytarlıq şəhadətnaməsi;

Mal-qara sahibinin istifadəyə dair icarə müqaviləsi;

Ayrılmış torpaq sahəsinin sxemi;

Rayona gətirilən mal-qara haqqında ərazinin icra nümayəndəliyi tərəfindən verilən arayış;
Şəxsiyyət vəsiqəsinin sürəti;

A.Rzayev tələb olunan bu sənədləri təqdim etmir. Qanuna əsasən, icarə müqaviləsi bağlamalıdır. İstifadə etdiyi torpağa görə dövlət rüsumu ödəməlidir. Bunların heç birini etmir, üstəlik şantajla, hədə-qorxuyla danışır".

Ş.Mehdiyev daha sonra qeyd edir: “Kənar rayonlardan Daşkəsənə gətirilən mal-qara yerli əhalinin fərdi təsərrüfatına ziyan vurur. Camaat bundan ziyan çəkir, nəticədə narazılıq yaranır və hətta kriminal hadisələr baş verir. Yerli əhalinin ümumi istifadəsində olan örüş sahələri kənar rayonlardan gətirilən sürülər tərəfindən məhv edilir. Daşkəsənin iqlim şəraiti çox sərtdir. İlin 8 ayı burda hava soyuq keçir. Havalar isinəndə də imkanlı şəxslər, şadlıq evlərinin sahibləri və onların arxasında dayananlar qoyun sürülərini, mal-qaralarını rayon ərazisinə gətirib yerli əhaliyə ziyan vururlar.” Şahbaz Mehdiyev bildirir ki, Nazirlər Kabinetinin qərarı ilə yerli icra hakimiyyəti bu məsələni qanuna uyğun şəkildə tənzimləyir. Bununla bağlı Daşkəsən Rayon İcra Hakimiyyəti bu yaxınlarda sərəncam verib. Həmin sərəncamdan irəli gələn tələblərə hansı fermer əməl etməsə, sürüləri yay otlaq sahələrinə buraxılmayacaq".
Ş.Mehdiyev bildirir ki, ətraf rayonlardakı qış yataqları öz həllini tapdığı halda Daşkəsənin yay otlaq sahəsi ətrafında problem hələ də tam həll olunmamış qalıb.

* * *
Gəncədəki mənbələrdən daxil olan məlumatda isə bildirilir ki, A.Rzayev parlament seçkilərində A.Abbasovun oğlu Aydın Abbasovun seçki kampaniyasına yaxından dəstək verib. Mənbə bildirir ki, o, seçicilərin Aydın Abbasova səs vermələri üçün onlara ət paylayıb, qoyun-quzu verib şirnikləndirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.